1. Trablis-Şam. Trablis-Şam yörəsində yaşayan türkmən oymaqları arasında əhalisi seyrək olan bir bayındır oymağına təsadüf edilir. 25 vergi evindən ibarət olan bu oymaqdan başqa Xıns ül-əkrab ətrafında bayındır adlı 15 evlik bir oymaq da müşahidə olunur.
2. Hələb türkmənləri. Hələb türkmənləri arasındakı bayındırların sayı II Səlim dövründə vergi mükələfiyyətli 250 nəfər idi. Hüseyn Kətxudanın idarəsindəki bu oymağın kiçik bir qolu da eyni dövrdə Antəb bölgəsində yaşayırdı1.
3. Yeni-el. Yeni-eldəki bayındırlar Hələb türkmənləri arasında yaşayan bayındırların bir qoludur. Bu qol da özlüyündə iki qola ayrılmışdır. 125 nəfər vergi verən əhalisi olan birinci qol Bay Qoca adlı bir kəndxudanın buyruğunda, 111 nəfər vergi verən əhalisi olan ikinci qol isə Hələb türkmənlərinin başçısı Hüseyn Kətxudanın oğlu Savçının idarəsi altındadır2. Yeni-eldəki bayındırların 1688-ci ildə baraqlarla və digər bəzi oymaqlarla birlikdə Sivas əyalətinə tabe bir yerin tarlalarını öz heyvanlarına yedirdikləri və evlərini yandırdıqları xəbər verilir3. Bir az sonra onların Rüstəm Kətxuda oğlu Xalid bəyin rəhbərliyi altında 1101-ci ildə (1690) Avstriya səfərinə çağrıldıqları məlumdur4. Bir il sonra bayındırlara Rəqqa bölgəsinə yerləşmək əmr olunmuşdur5. Ancaq onlar çox keçmədən yerləşdikləri yerlərdən qaçsalar da,6 yaxalanıb təkrarən Rəqqaya göndərilmişlər. Bundan sonra Rəqqa bölgəsində qalan bayındırlar bəydili, cərid və digər boylarla birlikdə ərəb və kürd əşirətlərinə qarşı vuruşmuşlar.
Bayındırlar XIX əsrdə bəydili və baraqlar kimi Antəb bölgəsinə gələrək burada kəndlər salmış və yerləşmişlər. Hazırda onlar 5 obaya ayrılmışlar. Onlardan biri - keçmiş bəyləri Xalid bəyin adını almış xalidli obası Suriyadakı Çobanbəyli kəndində yaşayır. Bu bayındırlar babalarının Sivasdan Rəqqaya sürulmuş olduqlarını hələ də unutmamışlar1.