5
ƏL-BƏYAN
BİRİNCİ CİLD
Ayətullah Seyid Əbulqasim Xoi
6
MÜƏLLİFDƏN
Hələ kiçik yaşlarımdan Quran oxumağa və onun sirləri ilə tanış
olmağa yüksək maraq göstərirdim. Hər bir həqiqi müsəlman, hətta
hər bir həqiqətsevər insan Quranı oxuyub dərk etməyə və onun
dərin sirlərindən agah olmağa səy etməlidir. Çünki, Quran
bəşəriyyəti haqqa hidayət edən və onların xoşbəxt həyatını təmin
edən asimani kitabların ən sonuncusu və kamilidir. Quran hər şeyi
açıq-aşkar bəyan edən, hamı üçün xeyirli olan ilahi nur mənbəyidir.
Quran lüğət alimləri üçün ən böyük söz mənbəyi, qrammatika
alimləri üçün aşkar izahlar toplusu, fiqh alimləri üçün ən canlı
şahid, filosofların axtardığı maarif, xətiblər üçün fəsahətli bəyan
tərzləri, əxlaq alimləri üçün isə ən gözəl etik mənbə və dərslikdir.
Bir sözlə Quran, alimlərin bütün sahələrdə apardıqları
təhqiqatların tükənməz elm və bilik xəzinəsidir.
İctimai və siyasi elmlər, həyat və məişət qanunları, bəşəriyyətin
ictimai idarəetmə üsulları və s. Quranda hamının başa düşə biləcəyi
bir tərzdə bəyan edilmişdir. Bir çox dini elmlər məhz bu asimani
kitabdan bəhrələnmiş və zaman keçdikdcə vahid məktəb kimi
formalaşmağa başlamışdır. Quran, dünyaya hakim olan bir çox
qanunları kəşf etmiş və insanlar üçün sirr olaraq qalan bir çox
məsələlərin üzərindən zülmət pərdəsini qaldırmışdır.
Bu müqəddəs kitab, mövcud olan həqiqi din üçün əbədi möcüzə
və mükəmməl qanunlar məcmusudur. Bütün bunlar, mənim uşaq
ikən Qurana həvəs göstərməyimdə və onun sirləri ilə tanış
olmağımda çox təsirli olmuşdur. Mən, müntəzəm olaraq Quranın
açılmayan sirlərinə yol tapmağa səy edir və buna nail olduqda
özümdə Qurana qarşı oyanan yüksək rəğbətin daha da artdığını
hiss edirdim.
Beləliklə də, müxtəlif təfsir kitablarını araşdırır və orada,
haqqında söhbət açılan mövzulara diqqət yetirirdim. Mütaliə
zamanı Quranın nə qədər fəsahətli və hikmətli olmasının, Allah-
taalanın mütləq və tükənməz elminin və insanların onu dərk
etməkdə necə də aciz qaldıqlarının şahidi olurdum. Belə bir qənaətə
7
gəlirdim ki, insan özünü Allah-taalanın elm və qüdrəti qarşısında
nə qədər kiçik və aciz hesab etsədə də, o, təsəvvür etdiyindən daha
aciz və daha gücsüzdür. Quran təfsirini mütaliə etdikcə onun
əzəməti mənim nəzərimdə daha da ucalır, insanın bilik və məharəti
isə bir o qədər kiçilir və dəyərsizləşirdi.
Yazılmış təfsir kitablarını mütaliə edərkən belə bir qənaətə
gəldim ki, təfsir alimlərinin Quran ayələrindən əldə etdikləri cüzi
məlumatlar yalnız onun açılmayan sirlərinin bir hissəsini təşkil edir.
Onlar əldə etdikləri məlumatları bir yerə toplayaraq kitab halına
salmış və müxtəlif ünvanlar altında ona təfsir adını vermişlər. İlk
baxışda bu təfsirlər Quranın açılmayan sirlərinin hamısını aşkara
çıxarmalı və toxunulmayan mövzuları təfsir halında izah etməli
idilər. Amma bu qeyri-mümkündür. Çünki, insan kimi əql və şüur
baxımından naqis olan bir varlıq, elmi hər şeyi əhatə edən kamil bir
varlığı tamamilə dərk etməsi və onun ayələrini ətraflı şəkildə
yozması qeyri-mümkündür.
Amma necə olursa-olsun biz, bu yolda böyük zəhmətlər çəkən və
ömürlərinin sonunadək Quran ayələri ətrafında araşdırmalar
aparan təfsir alimlərinin gördükləri işləri qiymətləndirməli və
onları lazımınca dəyərləndirməliyik.
Çünki onlar, bu müvəfffəqiyyətə, qəlblərinə saçan Quran nuru ilə
nail olmuş və bu yolda əllərindən gələni əsirgəməmişlər.
Ümumiyyətlə, adi insanlardan Quranın mükəmməl və nöqsansız
təfsir yazmasını gözləmək düzgün təvəqqö deyildir.
Lakin, onlardan bəzilərinin böyük və bəlkə də bağışlanmaz bir
nöqsanı vardır. O da bəzi alimlərin Quranın əzəmət və
böyüklüyündən xəbərsiz olduqları halda, ayələrini öz ixtisaslarına
uyğun olaraq tərcümə etmələridir. Məsələn, dilçi alimlər Quranı
yalnız lüğət və qrammatik qanunlar əsasında, filosoflar fəlsəfi
qanun və terminlərə uyğun şəkildə və bəziləri də yeni elmi
üsullarla təfsir etməyə çalışmışlar. Onlar belə güman etmişlər ki,
Quran məhz bu nöqteyi-nəzərdən nazil olmuşdur. Bütün bunlarla
yanaşı, təfsir kitablarında bəzən başqa bir üslubla da qarşılaşırıq. O
da bəzi alimlərin Quranı öz şəxsi rəyləri və heç bir etibarı olmayan
şəxslərin söylədikləri rəvayətlərə əsaslanaraq təfsir yazmalarıdır.
8
Qeyd etmək lazımdır ki, mövcud təfsirlərin əksəriyyətində
müəyyən nöqsan və çatışmamazlıqlar vardır. Buna görə də hər bir
alim təfsirə başlamazdan qabaq öz şəxsi rəy və nəzərlərini kənara
qoymalı, Quranın həqiqi mənasına yol tapıb, ixtisar və yersiz
əlavələrə yol vermədən təfsir etməlidir. Başqa sözlə desək, Quran
müfəssirin şəxsi rəyi ilə deyil, Quranın öz zahiri ayələri ilə təfsir
olunmalıdır.
Sözün əsl mənasında həqiqi müfəssir o kəsdir ki, fəlsəfə
bəhslərindən agah, əxlaqi dəyərlərə yiyələnmiş və fiqhin
dərinliklərinə yol tapmış olsun. O, yaşadığı cəmiyyəti yaxşıca
tanımalı və orada baş verən prosesləri bir sosioloq kimi
araşdırmağa qadir olduqdan sonra Quranı təfsir etməlidir. Quranda
işarə olunan digər elmlərə gəldikdə də, bu üsuldan istifadə etməli
və Quranı həmin elmin tələbatını ödəyəcəyi qaydada təfsir
etməlidir. Bəli, hər bir müfəssir ilk növbədə Quranın bütün elm və
fəsillərindən agah olmalı, bu barədə lazım olan məlumatları əldə
etdikdən sonra Quranı təfsir etməyə başlamalıdır. Belə olduqda o,
neçə cilddən ibarət olan Quran təfsirinin elmi, əxlaqi, sosioloji, fiqhi
və s. ensiklopediyasını təlif edə bilər.
Bütün bunları nəzərə alaraq belə qərara gəldim ki, Quranın
bütün gözəlliklərini bəyan edə biləcək bir təfsir yazım. Bu
müqəddəs işdə Allah-taaladan mərhəmət və kömək etməsini, bütün
səhv və batil təfəkkürdən qorumasını diləyirəm.
* *
Bu təfsirdə qrammatik qanunlara və ədəbi mövzulara işarə
etməyəcək, əvəzində isə Quranın müxtəlif mənalarına toxunan
mövzular haqqında söhbət açacağıq. Çünki, Şeyx Tusi «Tibyan»da,
Təbərsi «Məcməul-bəyan»da, Zəməxşəri «Kəşşaf»da qrammatik və
ədəbi mövzular ətrafında geniş məlumatlar vermiş və nəzərə
çarpan bütün çətinlikləri qismən də olsa, aradan qaldırmışlar və biz
yalnız onların toxunmadıqları mövzulara işarə edəcək və müxtəsər
şəkildə təfsir edəcəyik. Burada, siz əziz oxucuların diqqətini bir
neçə məsələyə cəlb etmək istəyirəm:
a) İstinad etdiyimiz mövzular bunlardan ibarətdir:
Dostları ilə paylaş: |