MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ,
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
283
hallar üçün nəzərdə tutulan tədbirlər həyata keçirilməyə başladı. Terrorçuluqda
şübhəli bilinən müsəlman inanclı şəxslərin qeyri-müəyyən müddətə həbsdə
saxlanılması, istintaq zamanı onlara qarşı işgəncələrə yol verilməsi, yerli
müsəlmanların telefon danışıqlarının qeyri-qanuni dinlənilməsi və bu kimi başqa
əməliyyatların həyata keçirilməsini hüquq müdafiəçiləri tənqid etdi.
Hüquq
müdafiəçiləri bu əməliyyatları qərb cəmiyyətlərinin demokratik dəyərlərinə
zərbə kimi qələmə verməyə çalışır və bu cəmiyyətlərdə milliyyətçiliyin siyasi
mühitdə dəyərə çevrilməsi perspektivini vurğulayaraq multikulturalzmdən
rəsmi bir diskurs kimi imtina təmayüllərindən narahatlıqlarını bildirdilər. Bu
təmayüllərin əsasən mühacirlərə, “etnik anklavlar”a və, ümumiyyətlə isə, mədəni
müxtəlifliyə qarşı siyasətçilərdə gəlişən irqçi və ksenofobik münasibətlərdən
və dövlət maraqları ilə assosiasiya olunan etnik-mədəni kimliyin xələldar
ola biləcəyi əndişəsindən qaynaqlandığını da diqqətə çəkirlər. Əlbəttə, bu
müşahidələrlə razılaşmamaq olmur. Həm də ona görə ki, qərb toplumlarında
ortaya çıxan terror problemlərinin kökünü multikulturalizmdə görənlərin siyasi
məntiqi ilə bağlı qənaətlər artıq ayrı-ayrı müəlliflərin təhlillərindən xeyli kənara
çıxaraq ara-sıra dünya mediasında da səsləndirilir.
Multikulturalizmin dövlətin siyasi potensialının güclənməsində oynadığı
müsbət rolu diqqət çəkənlər isə bunun örnəklərini Kanada, Avstraliya, İsveçrə
və Azərbaycan kimi ölkələrin timsalında təqdim edirlər.
Bu barədə xüsusi
təhlilə varmadan öncə qeyd edək ki, multukulturalizmlə bağlı bütün fərqli
dəyərləndirmələrin fonunda multikultural təhlükəsizlik məsələsi yeni bir
paradiqma kimi artıq özünü təsdiq etməkdədir.
Multikultural təhlükəsizlik milli təhlükəsizlyin vacib komponenti
kimi anlaşılır və ona görə də aydındır ki, bu yeni paradiqma ölkə daxilində
multikulturalizm situasiyasını siyasi dayanıqlığın təminatçısı qismində nəzərdə
tutur. Başqa sözlə desək, dövlət çoxmədəniyyətlilik mühitinin özündə maraqlı
olduğu üçün bu mühitə qarşı yarana biləcək potensial təhdidləri milli təhlükəsizlik
əleyhinə yönəlik bir məzmunda qəbul edir. Bu
səbəbdən də multikultural
təhlükəsizliyi ilkin olaraq şərtləndirən prinsip vahid dövlətdə yaşayan müxtəlif
etnik, dini, sosial, siyasi, iqtisadi, nəsillərarası təbəqələşmələrin yaratdığı
multikultural durumun qorunub saxlanması və inkişaf etdirilməsidır. Əlbəttə,
bu situasiyanın əsas qaynağı etnik və dini müxtəliflik amili olduğundan diqqət
başlıca olaraq ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin
MULTİKULTURALİZMƏ GİRİŞ
284
edilməsinə yönəldilir və söhbət ilk növbədə bu maraqların vahid dövlət maraqları
ilə uzlaşdırılmasından gedir. Multikultural təhlükəsizliyin qeyd olunan prinsipi
kontekstində başlıca olaraq bir dövlət ərazisində tarixən məskunlaşmış müxtəlif
etnik icmaların hər birinin milli adət-ənənələrinin, dilinin, ümumiyyətlə,
milli kimliyinin qorunmasından danışmaq lazım gəlir. Yəni, multikultural
təhlükəsizlik paradiqması say tərkibindən asılı olmayaraq bütün etnik, irqi, dini
qruplara aid mədəniyyətlərin,
necə deyərlər, təhlükəsizliyini təmin edir.
Multikultural təhlükəsizliyin başqa bir prinsipi ölkədə mövcud olan
milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısının formalaşdırılması
ilə müəyyən edilir. Bu prinsipin həyata keçirilməsini Azərbaycanın timsalında
təqdim etmək mümkündür.
Azərbaycan müxtəlif xalqların dinc, dostluq, qardaşlıq şəraitində
yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü məkandır. Bu məkanı qədim Qafqaz
albanlarının bugünkü varisləri olan udilər, inqloylar, buduqlar, xınalıqlılar,
qrızlar, habelə yəhudilər, talışlar, ruslar, avarlar, ləzgilər, gürcülər, kürdlər, yaxın
keçmişdə almanlar və digər xalqlar və etnik qruplar öz ortaq vətənlərinə çevirə
biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla
eyni millətdən olan, ancaq bu separatçıların əsassız iddialarını qəbul etməyən
Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar.
Bir kənd qədər sakini
olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan
xınalıqlılar və ceklilər də Azərbaycana məxsusdur. Azərbaycanda yaşayan bütün
xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər
bir sahəsində – siyasətdə, iqtisadi sferada, təhsildə, mədəni-mənəvi müstəvidə,
bir sözlə, bütün sahələrdə görmək mümkündür. Ölkədə məskunlaşmış bütün
xalqların və etnik qrupların nümayəndələrinə dövlət tərəfindən bərabər, eyni
münasibətin göstərilməsi bu prinsipin əsasını təşkil edir.
Multikultural təhlükəsizliyin bir vacib prinsipi də ölkədə mövcud olan
etnik-mədəni müxtəlifliyin qorunmasına və inkişafına cəmiyyət tərəfindən
dəstək verilməsinin təmin edilməsindən formalaşır. Etnik-mədəni müxtəlifliyin
qorunmasına və inkişafına cəmiyyət tərəfindən göstərilən dəstəyin məzmununa
gəldikdə, ilk növbədə ölkədə yaşayan milli azlıqların ölkə daxilində özlərini
yaşadıqları cəmiyyətin tam hüquqlu üzvü hesab etmələri, burada bütün sahələrdə
fəal iştirak etmələridir.
Beləliklə, ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı
bir dövrdə
MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ,
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
285
multikultural təhlükəsizliyin təmin edilməsi çoxmədəniyyətli ölkə üçün böyük
praktiki əhəmiyyət kəsb edən bir məsələdir. Multikultural təhlükəsizliyin təmin
edilməsi həm titul xalqın, həm də milli azlıqların maraqlarına cavab verir.
Dostları ilə paylaş: