Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Multikulturalizm və gender



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə124/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   120   121   122   123   124   125   126   127   ...   175
1 Multikulturalizmə giriş 2019

8.4. Multikulturalizm və gender
 
Gender (latınca - 
genus
«cins») - bir insanın cəmiyyətdə davranışını 
müəyyən edən və bu davranışın necə qəbul edildiyinı göstərən bir məfhumdur. 
Bu elə bir davranış formasıdır ki, bir insanın digərləri ilə (dostlar, həmkarları, 
sinif yoldaşları, valideynlər, təsadüfi insanlar və s.) münasibətini müəyyən edir. 
Psixologiya və seksologiyada «gender» geniş mənada istifadə edilir və kişilərə 
(
maskulinizm
) və qadınlara (
feminizm
) aid xüsusiyyətlərin fərqini nəzərdə 
tutur. İctimai elmlərdə və xüsusilə feminizmdə «gender» daha dar mənada 
istifadə edilir və kişilərlə qadınların sosial təyinatlı rolunu, fəaliyyət sahəsini 
ifadə etməyi cinsi fərqlərdə deyil, cəmiyyətin ictimai quruluşunda görür. 
Gender tədqiqatlarında əsas yeri kişi və qadınların sosial bərabərsizliyi 
problemi tutur. Müasir ictimai elm 
cins 

gender
anlayışlarını fərqləndırir.
Cins (yəni, bioloji xüsusiyyətlər) qadın və kişilər arasında psixoloji və sosial 
fərqlərin təməli və əsas səbəbi hesab edilir. İnsanlar arasında bioloji fərqlərlə 
yanaşı sosial rol, fəaliyyət formaları, davranış və emosional xüsusiyyətləri
olmaqla digər fərqlər də var. Antropologlar, etnoqraflar və tarixçilər «tipik 
kişi» və ya «tipik qadın» anlayışlarının nisbiliyiini coxdan müəyyən etmişlər: 
bir cəmiyyətdə ancaq kişiyə aid olan davranış və ya xüsusiyyət başqa birində 
qadına aid edilə bilər. Dünyada qadınların və kişilərin sosial xüsusiyyətlərinin 
müxtəlifliyi onu göstərir ki, cinsi (bioloji) fərq müxtəlif cəmiyyətlərdə mövcud 
olan sosial rollardakı fərqlərin izahı ola bilməz. Beləliklə, cəmiyyətin bioliji 
cinsindən asılı olaraq insanlara aid etdiyi ictimai və mədəni normalar toplusunu 
özündə əks etdirən “gender” anlayışı yarandı. 
Qadın və kişilərin psixoloji xüsusiyyətləri, davranış nümunələri, fəaliyyət 
növləri, peşələrini bioloji cins deyil, sosial-mədəni normalar müəyyən edir. Bir 


MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ, 
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
289
insanın kişi və ya qadın olması onun bu və ya digər anatomik xüsusiyyətlərə 
malik olması yox, cəmiyyətin müəyyənləşdirdiyi bu və ya digər gender rolunu 
yerinə yetirməsidir. Gender cəmiyyətdə qadın və kişinin sosial modeli kimi 
yaradılıb. Gender cəmiyyətdə və onun institutlarında (ailə, siyasi quruluş, 
iqtisadiyyat, mədəniyyət, təhsil və s.) qadınların və kişilərin mövqeyini və 
rolunu müəyyənləşdirir. Gender sistemləri fərqli cəmiyyətlərdə fərqlidir, lakin 
hər bir cəmiyyətdə bu sistemlər assimmetrikdir və kişilər və bütün kişilərə aid 
olunanlar (xarakter əlamətləri, davranışlar, peşələr və s.) əsas və dominant, 
qadınlar və bütün qadına aid edilənlər isə ikinci dərəcəli və sosial cəhətdən tabe 
olunan sayılır.
Genderın mahiyyətinı qütbləşmək və müxalifət təşkil edir. Gender
sistemi insanların cinsindən asılı olaraq onlara aid edilən qeyri-bərabər mədəni 
qiymətləndirmələri və gözləntiləri əks etdirir. Sosial normalar zamanla 
dəyişir, amma gender bərabərsizliyi qalır. Beləliklə, gender sisteminın gender 
bərabərsizliyi əsasında qurulmuş sosial bir sistem olduğunu söyləmək olar. 
Gender sisteminin inkişafında və saxlanmasında insanların şüuru mühüm 
rol oynayır. İnsanlarda gender şüurunun formalaşması ictimai və mədəni 
stereotiplərin, normaların və qaydaların qorunması və yayılması hesabına baş 
verir. Bu normaların pozulmasına görə cəmiyyət insanları cəzalandırır. Məsələn, 
«kişi kimi qadın» və ya «kişidır, ancaq qadın kimi davranır» yarlıkları insanlar 
tərəfindən çox ağrılı qəbul edilir və yalnız stressə deyil, həm də müxtəlif növ 
ruhi xəstəliklərə gətirib çıxara bilir. 
İnsan doğulduğu andan gender sisteminin təsir obyektinə çevrilir: ənənəvi 
cəmiyyətlərdə körpənin cinsinə uyğun olaraq simvolik doğuş ritualları həyata 
keçirilir. Bir çox cəmiyyətlərdə müxtəlif doğum adətləri (paltarın və uşaq 
arabasının rəngi, oyuncaqların növü) də uşağın çinsinə görə müəyyənləşdirilir. 
Araşdırmalar göstərir ki, yeni doğulmuş oğlanları daha çox yedizdirir, lakin 
qızlara daha çox danışırlar. Tərbiyə prosesində ailə (valideynlər və qohumlar), 
təhsil sistemi (uşaq baxçaları, məktəb və universitetlər), ümumilikdə mədəniyyət 
(kitablar və KİV) gender normalarını uşaqların zehinlərinə daxil edir, müəyyən 
davranış qaydalarını formalaşdırır. Eyni zamanda “Əsı kişi kimdir?” və “ Əsl 
qadın necə olmalıdır” haqqında təsəvvür yaradırlar. Sonradan bu formalaşmış 
gender normaları müxtəlif ictimai və mədəniyyət mexanizmləri vasitəsilə 
dəstəklənir .


MULTİKULTURALİZMƏ GİRİŞ
290
Genderin sosial quruluş nəzəriyyəsi iki postulata əsaslanır: 
1. Gender sosiallaşmaq, əmək bölgüsü, gender rolları, ailə və media 
vasitəsilə qurulur; 
2. Gender fərdi şəxslər tərəfindən qurulur: Onların şüuru səviyyəsində 
(gender identifikasiyası), cəmiyyət tərəfindən müəyyən edilmiş normaların və 
rolların qəbul edilməsi və onlara uyğunlaşmaq (geyim, görünüş, davranış və s.). 
Bu nəzəriyyə gender bərabərliyi, gender ideologiyası, gender fərqliliyi 
və gender rolu anlayışlarından geniş istifadə edir. Gender eyniliyi bir şəxsin 
öz mədəniyyətlərində mövcud olan kişilik və qadınlıq təriflərini qəbul etdiyini 
bildirir. Gender ideologiyası gender fərqləri və gender təbəqələşməsinə sosial 
bəraət verən ideyalar sistemidir. Gender differensiasiyası kişilərlə qadınlar 
arasındakı bioloji fərqlərin sosial dəyər verən və sosial təsnifat vasitəsi olaraq 
istifadə edilən bir prosesdir.
Gender rolu müəyyən sosial təlimatların yerinə yetirilməsi, yəni nitq, 
davranış, geyim tərzi, jestlər və s. şəklində cinsə uyğun davranış kimi başa 
düşülür. Müasir gender nəzəriyyəsi qadınlarla kişilər arasında bu və ya 
digər bioloji, sosial və psixoloji fərqlərin olmasını inkar etmir. O, sadəcə 
olaraq, bu fərqlərin özünün deyil,onların sosiokultural qiymətləndirmə və
interpretasiya təfsiri kimi əhəmiyyət daşıdığını və bu fərqlərə əsaslanan 
bir güc sisteminin qurulmasını təsdiq edir. Gender tədqiqatlarının əsasını 
yalnız kişilərin və qadınların statusu, rolları və həyatlarınının bu və ya digər 
aspektləri arasındakı fərqı göstərmək deyil deyil, həm də cəmiyyətdə gender 
rolları və münasibətlər vasitəsilə təsdiqlənmiş güc və dominantlığın təhlili 
təşkil edir.
Gender konsepsiyası sosiologiya elmində XX əsrin 70-ci illərində 
Amerikada, 90-cı illərin əvvəllərindən isə Rusiyada tədqiqatçıların diqqətini 
çəkməyə başlamışdır. Gender konsepsiyası Amerika sosiologiyasında tədricən 
inkişaf etmiş və müxtəlif dövrlərdə aşağıdakı aspektlər sosioloqların diqqət 
mərkəzində olmşdur: 
- gender kişi və qadınların sosial rolu kimi;
- gender kişilərin və qadınların davranışlarına nəzarət sistemi kimi;
- gender xüsusi bir ictimai qurum ( sosial institut) kimi.
Bundan əlavə, amerikalı sosioloqların əksəriyyəti kişilərin və qadınların 
sosial vəziyyətlərini, onların sosial rollarını iki planqada - şaquli: güc, nüfuz, 


MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ, 
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
291
gəlir, sərvət və üfüqi: əmək bölgüsü və institusional təhlil (ailə, iqtisadiyyat, 
siyasət, təhsil) funksiyaları konteksində dəyərləndirirlər.
Bu gün gender məsələləri yalnız sosioloqların deyil, psixoloqların, 
antropologların və tarixçilərin də diqqətini cəlb edən fənlərarası tədqiqat 
sahəsidir. 
«Multikulturalizm» məfhumu XX əsrin 40-cı illərində ədəbiyyata daxil 
olsa da yalnız 60-cı illərdə aktual olmuşdur. Lakin onun əsas təhlili XX əsrin 
90-cı illərinə aiddir. Bu illər multikulturalizm siyasətinin nikbinliyə köklənən 
illəridir. Həmin dövrdə multikulturalizm siyasətinin demokratik çoxmədəniyyətli 
cəmiyyətlərdə uğurla həyata keçirilə biləcəyi heç bir şübhə yaratmırdı. 
Geniş mənada, həm də ideoloji səviyyədə multikulturalizm mədəniyyətlərin 
müxtəlifliyini və eynihüquqluluğunu tanıyan bir anlayışdır. Bəzən bu anlayışla 
hər hansı bir cəmiyyətin çoxmədəniyyətliliyini ifadə edirlər. Eyni zamanda 
multikulturalizm həm də siyasi bir doktrina və ondan irəli gələn konkret 
fəaliyyət siyasətdir. Bu siyasət isə mədəni müxtəlifliyin və cəmiyyətin konkret 
qruplarının mənafelərinin qorunmasna yönələn siyasət vasitələrini nəzərdə 
tutur. Məşhur Kanada filosofu Çarlz Teylor multikulturalizmi «tanınma və ya 
qəbul etmə siyasəti» adlandırdı. Multikulturalizmi həm də assimiliyaya qarşı
yönəlmiş və cəmiyyətin müxtəlifliyinin saxlanılmasını təqdir edən bir siyasət 
kimi dəyərləndirmək olar. Lakin multikulturalizmin müvəffəqiyyəti cəmiyyətdə 
iğtişaşların olmaması ilə təsdiqlənsə belə, iqtisadi cəhətdən əhəmiyyətli 
maliyyə investisiyaları tələb etdiyinə görə saxlanılması bahalı bir zövqdir . 
Bu isə multikulturalizmin tənqidçilərinin arqumentlərindən biridir. Xüsusilə 
2010-cu ildə Almaniya kansleri Angela Merkel, sonra isə İngiltərənin o vaxtkı 
baş naziri Devid Kamerun rəhbərlik etdikləri dövlətlərdə multikulturalizm 
siyasətinin uğursuzluğa düçar olduğunu qəbul etdikdən sonra. Kinorejissor Teo 
van Goghun öldürülməsindən sonra Hollandiyada bir neçə il multikulturalizmin 
gələcəyi haqqında çox mürəkkəb və pessimist müzakirələr gedirdi. Onu 2 
noyabr 2004-cü ildə Niderland və Morokko vətəndaşı olan və uzun müddət 
ailəsi ilə Hollandiyada yaşayan bir şəxs küçədə öldürmüşdü. Bir il sonra isə 
immiqrantların kütləvi iğtişaşları Fransada baş verdi. 
Multikulturalizm siyasəti ilk dəfə əhalinisinin əksəriyyəti Avropa 
mənşəli olan immiqrasiya ölkələri (Kanada, ABŞ, Avstraliya, Yeni Zelandiya) 
tərəfindən qəbul edilmişdir. 1971-ci ildən Kanadanın, 1973-cü ildən isə 


MULTİKULTURALİZMƏ GİRİŞ
292
Avstraliyanın rəsmi dövlət siyasətidır. Multikulturalizm siyasəti qəbul olunanda 
bu ölkələrdəki mədəni qrupların əksəriyyəti mono-etnik və mono-dini idi. Çünki 
əhalinin əksəriyyəti avropalı və xristian idi. Bu isə o demək idi ki, immiqrasiya 
ölkələrinin multikulturalizm modeli yalnız bir etnik və bir dini mənşəli qruplara 
aid idi. Əhalisinin əksəriyyətini Avropa xristianları təşkil edən müasir Avropa 
dövlətlərində isə immiqrantlarının əksəriyyəti qeyri-avropalı və qeyri-xristian 
mənşəlidirlər. Buna görə də multikulturalizmin Avropa modeli əsasən müxtəlif 
etnik və dini mənsubiyyət qruplarına aiddir. Görüldüyü kimi, immiqrasiya 
ölkələrində və Avropa ölkələrində multikulturalizm siyasətlərinin qəbulu
müxtəlif şəraitlərdə baş vermişdir. Nəticə olaraq, multikulturalizm Avropanın 
liberal dövlətlərində immiqrasiya ölkələrində olduğu kimi deyildir. 
Mədəniyyətlər arasında mədəni müxtəliflik və bərabərlik yaratmaq əvəzinə, 
multikulturalizmin Avropa modeli yeni problemlərin yaranmasına gətirib 
çıxardı. Bu problemlər, əsasən, immiqrantlarla avropalıların mədəniyyətləri 
arasında olan əhəmiyyətli fərqlərdən yaranırdı. Xüsusilə kəskin problemlər 
ən az qorunan mədəni azlıqların (migrant qadınlar, uşaqlar və s.) hüquqlqrının 
qorunmasında yaşanırdı. Qadınların hüquqları həm onların daxil olduğu mədəni 
qruplar, həm də bu azlıqlara sahib olan liberal dövlətlər daxilində pozulurdu. 
Nəticədə multikulturalizm siyasətinin Avropa modeli xüsusilə feminizm 
(S.Oukin) tərəfindən kəskin tənqid edilir.
«Feminizm» dedikdə, bir tərəfdən , cəmiyyətdə mövcud olan və cins 
prinsipinə əsaslanan «irqi, sinfi və cinsi hökmranlığın» ləğvinə, digər tərəfdən, 
qadınların hüquqlarının (siyasi, sosial və intellektual sahədə öz müqəddəratını 
təyin etmək) qorunmasına yönələn nəzəriyyə və siyasət nəzərdə tutulur. 
Avropa ölkələrində həyata keçirilən multikulturalizm siyasətinin tənqidi 
feminizm tərəfdarları tərəfindən bu siyasətin bir sıra nəzəri əsaslarının qəbul 
edilməməsindən irəli gəlirdi. Multikulturalizm nəzəriyyəçilərinə görə (U. 
Kimlika), mədəni azlıqların (yerli əhali və ya immiqrantlar olsun) özlərinin 
sosial, dini, iqtisadi və s. sahələrdə xüsusi həyat normalarına malik olan
«sosial mədəniyyətləri» var. Eyni zamanda mədəniyyət tərəfindən müəyyən 
edilmiş normalar həyatın həm ictimai, həm də özəl sahələrini əhatə edir. U. 
Kimlikinin sözlərinə görə, mədəniyyətə aid olmaq, ilk növbədə, özünə hörmətin, 
öz müqəddəratını inkişaf etdirmənin əsas amilidir. Mədəniyyətin itməsi, özünə 
hörmət və seçki azadlığının itirilməsi deməkdir. Buna görə, multikulturalizm 


MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ, 
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
293
tərəfdarları mədəni azlıqlara xüsusi qrup hüquqları və ya imtiyazlar verməyi 
zəruri hesab edirlər. Bu tədbir, bir tərəfdən, bu azlıqların təhlükə altına düşmüş 
mədəniyyətlərinin qorunmasına kömək edəcək, digər tərəfdən, mədəni azlıqlar 
və dominant mədəni əksəriyyət arasında bərabərliyi təmin edəcəkdir. 
Feminizm baxımından, qeyd olunan nəzəriyyə, gender bərabərsizliyi 
problemini, eləcə də mədəni azlıq qruplarına aid olan qadınların fərdi hüquqlarının 
problemini tamamilə görmür və ya görməzdən gəlir. Gender bərabərsizliyi 
bütün patriarxal mədəniyyətlərdə mövcuddur (bütün mədəniyyətlər bu və ya 
digər dərəcədə patriarxaldır). Yəni qadınlar tabe olan mövqeyə malikdirlər.
Bəzi mədəniyyətlərdə bu tendensiya özünü daha çox, digərlərində isə daha az 
biruzə verir. Bu daha çox patriarxal həyat tərzinin güclü olduğü mədəniyyətlərdə 
(məsələn, islam mədəniyyətlərində) və qadınların ərindən və ya ailəsindən asılı 
olduğu immigrant qruplarnda izlənilir. Qadınlar yalnız dar çərçivədə özlərinin
ailəsi ilə ünsiyyətdə olur və cəmiyyətdən təcrid olurlar. Bu, onların özəl həyat 
sahəsinə sıxışdırılmasına və nəticədə, şəxsi mövqeyindən və ictimai məkanda 
öz müqəddəratını təyin etmək hüququndan məhrum edilməsinə gətirib çıxarır. 
Nəticədə, qadınlar yalnız mədəni şəxsiyyət və icmanın simvolik daşıyıcıları 
yəni, «mədəniyyətin çoğaltıcıları replikatorları» hesab olunur. Müvafiq olaraq, 
qadınların tabe olması və onlara nəzarət həm şəxsi, həm də kollektiv səviyyədə 
mədəni şəxsiyyətin qorunub saxlanması və yayılmasını təmin edir. Yalnız bir 
mədəniyyət nümayəndəliyinin daşıyıcısı hesab edilən belə bir vəziyyətdə olan
qadın öz siyasi, sosial və intellektual müqəddəratını təyin etmək hüququndan 
məhrumdur. 
Multikulturalizm nəzəriyyələrinin bu gender laqeydliyi (gender 
bərabərsizliyi və qadınların öz müqəddəratını təyin etmək hüququ problemi) 
Avropanın liberal dövlətlərində multikulturalizmin siyasət kimi həyata 
keçirilməsində çətinliklərə gətirib çıxardı. Bəzi hallarda mədəni icmaların qrup 
hüquqlarının tanınması bu qrupun daxilindəki qadınların fərdi hüquqlarının 
pozulmasını nəzərdə tutur. Belə hallar qrupa verilən hüquqların qadınları açıq-
aşkar ayrı-seçkiliyinə (erkən nigah, qadın sünnəti, poliygamiya - islam qrupları 
daxilində Fransada rəsmən icazə verilmiş) gətirib çıxaran mədəni tətbiqlərlə 
bağlı olduqda baş verir. Eyni zamanda, bir tərəfdən, Avropanın liberal dövlətləri 
gender bərabərliyi və insan hüquqlarını əsas dəyərlər kimi təmsil edir, digər 
tərəfdən etnik azlıqlarda qadınlara qarşı olan ayrı-seçkiliyi mədəni praktikalar 


MULTİKULTURALİZMƏ GİRİŞ
294
hesab edirlər. Bununla da onlar dövlət səviyyəsində gender bərabərsizliyini 
dəstəkləyirlər.
Feminizm mövqeyindən danışan S.M. Oukin Avropa ölkələrindəki 
mövcud vəziyyətdə aşağıdakı həll yollarını görür. Birincisi, yalnız immiqrant 
qrupları və dominant icma arasında mövcud olan mədəni fərqlərə deyil, eyni 
zamanda «mədəni qruplar çərçivəsində mövcud gender bərabərsizliyinə» də 
diqqət yetirilməlidir. İkincisi, bu və ya digər mədəni təcrübələrin tanınmasına 
qrup hüquqlarının müzakirəsində mədəni cəmiyyətin bütün üzvlərinin «bərabər 
təmsilçilik» imkanını təmin etmək lazımdır. Əks təqdirdə cəmiyyətdə ən çox 
ayrı-seçkiliyə məruz qalan qadınların hüquqlarının pozulması davam edəcək. 
Beləliklə, Avropa milli dövlətləri kontekstində immiqrasiya ölkələrindən 
alınmış multikulturalizm siyasəti mədəni qruplar daxılındə qadın hüquqları 
problemini kəskinləşdirirək dövlət səviyyəsində gender bərabərsizliyi problemini 
daha da gücləndirir. Multikulturalizm tərəfdarları mədəniyyətlərin qorunmasına 
yardım edən və bununla da mədəni azlıqların mənafelərini qoruyan xüsusi qrup 
hüquqlarını tanımaq zərurəti barədə danışırlar. Feminizm mövqeyindən mədəni 
birliklərin qrup hüquqları bu birliklərin daxilində qadınların fərdi hüquqlarını 
pozur. Buna görə, multikulturalizm siyasətini qəbul edən Avropa liberal dövlətləri 
qrupların hüdudları arasında mədəniyyətlərin qorunması ilə bu qruplar daxilində 
qadınların fərdi hüquqları arasında münaqişəyə gətirib çıxaran çətin vəziyyətdə 
qalırlar. Bu münaqişəni yalnız mədəni qrupların rəsmi rəhbərlərinə deyil, bütün 
üzvlərinə səs vermək hüququ verməklə həll etmək olar. 
Qrup hüquqlarını müzakirə edərkən ən az qorunan mədəni qrupların 
üzvləri- gənc qadınların fikirləri nəzərə alınmalıdır. S.M.Oukinın fikrincə, yalnız 
bu şəkildə liberal dövlətlər gender bərabərliyi və multikulturalizm siyasəti 
arasında meydana çıxan ziddiyyətlərdən qaça bilər. 
Multikulturalizm və onunla əlaqəli siyasi alətlər daha çox etnik və 
dini müxtəlifliyə aiddir. Son illərdə bəzi nəzəriyyəçilər təkcə hüquqlar 
baxımından deyil, həm də digər əsaslarla uzun müddət ayrı-seçkiliyə məruz 
qalan qrupların qorunmasını təmin edən nümayəndəlik kimi bir modelindən 
danışmaqla multikulturalizmi genişləndirməyə çalışırlar. Burada söhbət irq 
və cinslə bağlı müxtəliflikdən gedir. Hətta demək olar ki, bütün inkişaf etmiş 
ölkələrdə ayrı-seçkiliyə qarşı siyasət kifayət qədər inkişaf etsə də, həqiqətən 
də bir çox yerlərdə qadınlar və qara dərili insanlar daha az mükafatlandırılır, 


MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ, 
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
295
aşağı təhsil və az gəlir əldə edirlər, daha çox işsizliyə və daha çox şiddətə 
məruz qalırlar. Onların fikirləri az dinlənilir və hələ də bəzi yerlərdə qeyri-
kamil və dəyərsiz sayılırlar. Bu tendensiya multikulturalizmin ayrı-seçkilik 
əleyhinə siyasətin bir hissəsi olub-olmadığınına dair siyasi və akademik 
müzakirələrə səbəb olur. 
Son illərdə multikulturalizm və gender mövzusunun yenidən 
aktuallaşması miqrasiya böhranı ilə birbaşa bağlıdır. Müxtəlif mədəniyyətlərə 
mənsub insanların Avropaya gəlməsinin nəticəsi nə olacaq? Müvəffəqiyyətli 
multikulturalizm modeli mümkündürmü? Multikulturalizm siyasətinin həyata 
keçirilməsinə nə təsir edə bilər və onun uğursuzluğuna səbəb nə idi? Burada 
nəzəriyyəçilər və analitiklər bir sıra mühüm şərtləri müəyyənləşdirirlər. Bu 
şərtlərdən birincisi dövlət sərhədlərinın vəziyyəti və onların qorunmasıdır.
Əgər əhali xaricdən təhlükə hiss etmirsə cəmiyyətin inteqrasiyası dövlətin 
daxili işidir. Bu halda inteqrasiyadan həqiqətən də cəmiyyətin birləşməsi kimi 
danışmaq olar. Qonşuluqda hərbi cəhətdən güclü bir dövlət varsa və bu dövlət 
əhəmiyyətli bir azlıq təşkil edən soydaşlarını qorumaq istəyirsə, onda tamamilə 
fərqli vəziyyət yaranır. Bundan başqa əgər sərhədi keçmək asandırsa və bu 
sərhədin o üzündə başqa bir seçim olmadığı təqdirdə, onu poza biləcək çox 
sayda insan varsa, vəziyyət yenə fərqlidir . 
Multikulturalizm siyasəti mədəniyyətlərin çox olduğu yerlərdə daha 
yaxşı işləyir. İkiicmalı dövlətlərdə, bütün miqrantların dünyanın yalnız bir 
bölgəsindən gəldiyi ölkələrdə multikulturalizm işləmir. Bu, demək olar ki, 
həmişə cəmiyyətin qütbləşməsinə və maraqların qarşıdurmasına gətirib çıxarır.
Bu halda vəziyyəti düzəldən faktor mədəniyyətlərin əsl müxtəlifliyidir. Bundan 
başqa çoxmədəniyyətli cəmiyyətlərdəki ən böyük risklərdən biri mədəniyyətlərə 
qoyulan məhdudiyyətdir. Bura həm coğrafi (məsələn, mühacirlərin Avropanın 
böyük şəhərlərində anklavlarda yaşaması), həm də dil, KİV və təhsil üçün 
yer olmaması kimi məhduduyyətlər aiddir. Aydındır ki, belə halların aradan 
qaldırılması həm səy, həm də xərc tələb edir.
Cəmiyyətin bütün üzvləri üçün məcburi olan insan hüquqlarının 
məcmusu haqqında razılaşma da multikulturalizm siyasətini əsasını təşkil edən 
amillərdəndir. Bu, həssas bir məsələdir, çünki ənənəvi mədəniyyətlərdə fərdin 
dəyərləri və hüquqlarına dair müxtəlif fikirlər var və onlar tez və asanlıqla 
dəyişdirilə bilməzlər. Ancaq əgər bir cəmiyyətdə oyunun qaydalarının hər 


MULTİKULTURALİZMƏ GİRİŞ
296
kəs üçün eyni olduğuna dair güclü bir inam yoxdursa, orada birliyin ən vacib 
şərtlərdən olan qarşılıqlı güvənlik prinsipi işləməyəcəkdir. 
Bu sadalananlar multikulturalizmin Avropada uğurlu siyasətə çevrilə 
bilməməsini izah edir. Lakın bu, heç də o demək deyil ki, multikulturalizmi inkar 
etmək lazımdır. Bunu etmək asan deyil, çünki multikulturalizm həm müsbət, 
həm də mənfi elementləri ilə hələ də mövcuddur. Avropanın dünyanın başqa 
dövlətlərinin bu sahədəki səhvlərini təkrarlamamaq üçün hələ də fürsəti var.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin