R A T İ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
PRESS-RELİZ
18 iyul 2011-ci il
Bakı, Azərbaycan
-
ELAN!
-
NAXÇIVANDA TƏZYİQƏ MƏRUZ QALAN JURNALİSTLƏR PROKURORLUĞA ŞİKAYƏT ETDİLƏR
-
ŞƏRUR RAYON İCRA HAKİMİYYƏTİ JURNALİTLƏRƏ TƏZYİQLƏ BAĞLI BƏYANAT YAYIB
-
ELMAR HÜSEYNOVUN DOĞUM GÜNÜ MƏZARI YAD EDİLMƏKLƏ QEYD EDİLDİ
-
BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ QEYRİ MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI
ELAN!
19 İYUL SAAT 14.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən təşkil olunan “Kür daşqınları ilə bağlı sərəncamdan ötən bir il; xərcləmələr, görülən işlər və mövcud problemlər” mövzusunda dəyirmi masa keçiriləcək.
Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.
NAXÇIVANDA TƏZYİQƏ MƏRUZ QALAN JURNALİSTLƏR PROKURORLUĞA ŞİKAYƏT ETDİLƏR
İyulun 18-də Şərurda təzyiqə məruz qalan jurnalitlər Naxçıvan Muxtar Respublikasi Prokurorluğuna şikayət veriblər. Bu barədə RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov məlumat verib. Onun sözlərinə görə əlavə olaraq Həkimeldostu Mehdiyev evinə olan basqınla bağlı prokurorluğa şikayət verib.
Habelə Həkimeldostu Mehdiyev bildirib ki, artıq o 3 gündür ki, qaranlıqda saxlanılıb. Yalnız onun “Avtoyuma” məntəqəsinə gələn elektrik xətləri deyil, evinə gələn elektrik xətləri kəsilməklə bərabər elektrik dirəklərini də çıxarıb aparıblar.
Xatırladaq ki, iyulun 15-də Şərur rayonunun Cəlil kəndində reportaj hazırlayan RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov və “Turan” İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibov Şərur Rayon Polis şöbəsinin əməkdaşlarının hücumuna məruz qalıblar. Jurnalistlər döyülüb, video kameraları, foto aparatları zorla əllərindən alınıb və çəkilişləri silinib. Konflikt Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar.
Belə ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektriki kəsdirib. İyulun 15-də məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Məsələni araşdırmaq üçün Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər.
ŞƏRUR RAYON İCRA HAKİMİYYƏTİ JURNALİSTLƏRƏ TƏZYİQLƏ BAĞLI BƏYANAT YAYIB
Naxçıvanda jurnalistlərin döyülməsi və təzyiqə məruz qalmaları ilə bağlı Şərur rayon İcra Hakimiyyəti özünə bərətverici və sözsüz ki, həqiqətə uyğun olmayan və jurnalist Həkimeldostu Mehdiyev barədə qarayaxma xarakterli bəyanat yayıb. Şərur rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, son günlər RATİ-nin internet səhifəsində və bəzi müxalif yönlü qəzetlərdə Şərur rayon Cəlilkənd sakini Həkimeldostu Mehdiyevə qarşı, guya ona jurnalist fəaliyyəti ilə bağlı təzyiqlər edilməsi, eləcə də, RATİ-nin və Turan İA-nin bölgə müxbirlərinin döyülüb təhqir olunması ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
“Bildiririk ki, 13 iyul 2011-ci il tarixdə aidiyyatı orqanların nümayəndələri elektrik enerjisindən istifadədə israfçılığın qarşısını almaq məqsədi ilə növbəti reyd keçirərkən Cəlilkənd sakini Mehdiyev Həkimeldostu Bayram oğlunun həyətində fəaliyyət göstərən “Avtoyuma” sexində elektrik enerjisindən sayğacdan kənar qanunsuz istifadə edilməsi aşkarlanmış və müvafiq qaydada sənədləşdirilmişdir. Belə ki, reyd zamanı H.Mehdiyevin sexində üçfazalı yuma aparatının, su nasosunun, işıqlanma vasitələrinin sayğacdan kənar, qaçaq olaraq çəkilmiş elektrik xəttinə qoşulduğu üzə çıxmışdır. Bu zaman Mehdiyev başqasına məxsus olan sayğacı təqdim etməklə komissiya üzvlərini aldatmağa çalışmışdır. Həyata keçirilmiş əlavə araşdırmalar zamanı H.Mehdiyevin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, Əmək Məcəlləsinin tələblərini pozduğu, sexin fəaliyyəti üçün aidiyyatı orqanlardan zəruri sənədləri və rəy almadığı məlum olmuşdur. H.Mehdiyev fakt qarşısında qaldığını gördükdən sonra özünün jurnalist olduğunu bildirmiş, yerli icra hakimiyyəti və dövlət orqanlarının nümayəndələrinə hədə-qorxu gəlmiş, onları şantaj etməyə başlamış və böhtanlar atmışdır. Böhtan və hədələrinin nəticə vermədiyini gördükdə isə müxtəlif informasiya vasitələrinə yalan məlumatlar vermiş və bu işdə havadarlarının imkanlarından istifadə etməyə çalışmışdır. Şərur rayon İcra Hakimiyyəti bir daha bildirir ki, sadalanan faktlar ictimayyətin və kənd sakinlərinin gözü qarşısında müəyyənləşdirilmiş və müvafiq qaydada sənədləşdirilmişdir. Özünü hüquq müdafiəçisi və jurnalist adlandıran bir şəxsin qanunlara əməl etməməsi və şər-böhtan ilə məşğul olması heç bir mənəviyyata sığmayan hərəkətdir. Şərur rayon İcra Hakimiyyəti bəyan edir ki, kimliyindən və tutduğu mövqeyindən asılı olmayaraq gələcəkdə də, belə hallara qarşı mübarizə aparılacaqdır”.
Xatırladaq ki, iyulun 15-də Şərur rayonunun Cəlil kəndində reportaj hazırlayan RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov və “Turan” İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibov Şərur Rayon Polis şöbəsinin əməkdaşlarının hücumuna məruz qalıblar. Jurnalistlər döyülüb, video kameraları, foto aparatları zorla əllərindən alınıb və çəkilişləri silinib. Konflikt Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar.
Belə ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektriki kəsdirib. İyulun 15-də məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Məsələni araşdırmaq üçün Elman Abbasov və İlqar Nəsibov da hadisə yerinə gediblər.
ELMAR HÜSEYNOVUN DOĞUM GÜNÜ MƏZARI YAD EDİLMƏKLƏ QEYD EDİLDİ
İyulun 17-də bir qrup media təmsilçisi “Monitor” jurnalının 2005-ci il, martın 2-də qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun doğum gününü məzarının yad edilməsi ilə qeyd etdi. Sağ olsaydı, Elmar Hüseynov 44 yaşını qeyd edərdi.
Anım mərasimində, “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu bildirdi ki, Elmar Hüseynov azad medianın rəmzidir: “Onun qətli kütləvi etiraz doğurdu. Bu etiraz indi də sıxılmış, boğulmuş şəkildə olsa da var. Onun davamçısı Eynulla Fətullayev bu gün aramızdadır. Elmar Hüseynovun qətlinin sifarişçiləri və icraçıları cəzalandırılmayana qədər etirazlar olacaq”.
Daha sonra “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Elmarın sonuncu doğum gününü Suraxanı rayonunda bir ümumi dostlarının həyətində qeyd etdiklərini xatıladı. E.Fətullayev bu yaxında Fransada səfərdə olarkən orada maraqlı bir təcrübə ilə rastlaşdığını dedi: “Fransada ”Sərhədsiz Reportyorlar" təşkilatında oldum. Burada Anna Politkovskayanın büstü qoyulmuşdu. Mən bildirdim ki, Elmarın da büstünü burada qoymaq olarmı? Onlar bu təklifi reallaşdıra biləcəklərini söylədilər ".
Daha sonra E.Fətullayev dedi ki, mərhum jurnalistin oğlu Norveçdə yaxşı təhsil alır: “Aslan Hüseynov Norveçdə ən yaxşı məktəblərin birində oxuyur. Bir gün görəcəyik hündür boylu bir oğlan əlində qərənfil Elmar Hüseynovun məzarı önünə ziyarətə gəlib”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə qeyd etdi ki, E.Hüseynovun qatilləri məlumdur: “Bu qətl siyasi məsələdir. Ona görə də qətlin açılması siyasi iradədən asılıdır”.
RATİ əməkdaşı İdrak Abbasov isə bildirdi ki, hökumət Elmarın qatillərinin və bu qətli icra edənlərin mühakiməsində maraqlı deyil: “Bu günlərdə Respublika Prokurorluğu ilə Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq “AzərRoss” şirkətinin prezidentinin qətlində adları hallanan iki nəfərin Gürcüstanda saxlanılaraq Bakıya gətirilməsi barədə məlumat yaydılar. Bəs niyə Elmarın qətlində adları hallandırılan Tahir Xubanov və Teymuraz Əliyevi tutub gətirmirlər?”
“Azadlıq” qəzetinin əməkdaşı Rövşən Hacıyev isə E.Hüseynovun anadan olmasının 45 illiyi ilə bağlı yazı müsabiqəsi elan olunmasını təklif etdi: “Hökmən deyil yazılar onun barəsində yazılmış olsun. Biz sadəcə gələn bu vaxta qədər mətbuatı izləməli və ən cəsarətli yazını mükafatlandıracaq bir müsabiqə keçirməliyik”.
BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ QEYRİ MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI
Bu gün (18 iyul) Səbail rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin istintaq zamanı zorakılığa məruz qalmağı barədə Respublika Prokurorluğuna qarşı iddiası üzrə məhkəmə hazırlıq iclası keçirilməli idi.
Prosesi müşahidə etmək üçün çoxsaylı media nümayəndələri, B. Hacıyevin hüquqlarını müdafiə komitəsinin üzvləri də məhkəmə qarşısına toplaşmışdılar. Lakin, prosesin başlanacağı vaxtdan 1 saatdan da çox vaxt keçməsinə baxmayaraq, məhkəmə tərəfindən media nümayəndələrinə bu barədə heç bir açıqlama verilməyib.
Baş tutmayan iclasdan təxminən saat yarım sonra gənc fəalın qardaşı Vüqar Hacıyev bununla bağlı 3 sayı Şüvəlan İstintaq Təcridxanası ilə əlaqə saxladıqlarını bildirdi:
“Bizə bildirdilər ki, Səbail rayon Məhkəməsindən Bəxtiyarın gətirilməsi ilə bağlı onlara məktub daxil olmasına baxmayaraq, buna səlahiyyətləri çatmır. Səbəb kimi onu göstərirlər ki, hazırda B. Hacıyev haqında məhkəmə hökmü qüvvəyə minib və hazırda onun müvafiq cəzaçəkmə müəssə göndərilməsi ilə məşğuldurlar. Amma onun məhkəməyə aparılmağı üçün Penitensiar Xidmətin Baş İdarəsinə müraciət etmək lazımdır”, - deyə qeyd edən V. Hacıyev bu səbəbdən də prosesin qeyri-müəyyən vaxta qədər təxirə salındığı bildirilib.
Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb. Fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.
Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib. 18 mart 2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.
Hüquq müdafiə təşkilatları hesab edirlər ki, 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)
Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86
tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19
24 saat aktiv olan qaynar xətt: (+ 99 450) 2828797
e-mail: irfs.az@gmail.com
web: www.irfs.az skype: irfs.az
Dostları ilə paylaş: |