İxtisas: RİM
Kurs: 3
Fənn: Psixalogiya
Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com
MÖVZU 22: İLK GƏNCLİK YAŞI DÖVRÜNÜN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
Gənclik insan həyatında uşaqlıq dövrünün başa çatması, insanın fiziki cəhətdən yetkinləşməsi, psixoloji cəhətdən özünəməxsus yüksək keyfiyyətlərin formalaşması dövrüdür. İnsanın yaşlılıq həyatı elə bu dövrdən başlanır. Gənclik yaşı dövrü 14-15 yaşdan 21 yaşa qədər olan dövrdür. İlkin gənclik 15-17 yaş, son gənclik yaşı isə 18-21 yaşı əhatə edir.
Gənclərin bir şəxsiyyət kimi formalaşmasında sosial-psixoloji amillər xüsusi yer tutur. Gənclərin davranışlarında təçəbbüskarlıq, prinsipiallıq, məsuliyyətlilik yüksəlir. Onların intellektual fəaliyyətində, qabiliyyətlərinin inkişafında əsasən irəliləyiş, sosial-psixoloji varlıq kimi formalaşma baş verir. Bu dövrdə həqiqi yaşlılığa real keçid özünü göstərir. Böyük məktəblilərin ünsiyyət fəaliyyətində onların daxil olduğu sinif və məktəb kollektivinin, valideynlərin rolu artır. Böyük məktəblilər bu kollektivlərin onlara verdikləri qiymətə və rəyə həsas yanaşır, öz fəaliyyətlərində onları nəzərə alırlar. Valideynlərlə ünsiyyət də istənilən nəticəni verir. Ailə tərbiyəsi düzgün təşkil edildikdə gənclər valideynlərlə ünsiyyətə can atırlar.
Bu dövrdə yaranan dostluq uzun ömürlü olur. İlk gənclik yaşının əvvəllərindən başlayaraq məktəblilərdə məhəbbət hissi özünü göstərir. Bu dövrdə gənclər özlərini, öz şəxsiyyətlərini yaxşı anlamağa başlayır, mənlik şüurları, özləri haqqında təsəvvürləri dəyişir, öz mənlərini dərk edirlər. Oğlan və qızlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni şəkildə qavramağa başlayırlar. Zahiri görkəmlərindəki kiçicik bir qüsur onları hədsiz dərəcədə narahat edir. Gənclər özlərini qiymətləndirərkən ayrı-ayrı hərəkətlərini təhlil edir, özləri haqqında müəyyən fikirlər yürüdürlər.
Böyük məktəblilərdə özünüqiymətləndirmə onların öz davranışlarını müstəqil olaraq təhlil etmək əsasında cərəyan edir. İlk gənclik dövründə iddia səviyyəsinin yüksəlməsi özünü qeyri-real yüksək qiymətləndirməyə gətirib çıxara bilir. Bu dövrdə böyük məktəblilər onlar üçün önəmli olan insanlar tərəfindən bəyənilmək və müəyyən qaydanı gözləmək tələbatının təsiri altında özlərini yaxşı aparmağa çalışırlar. Bunun əsasında gənclərdə getdikcə dərkolunmuş əxlaqi prinsiplər formalaşmağa başlayır. Əxlaqi anlayışlara öncəki münasibətləri dəyişir. Gənclər tamamilə real mövqeyə əsaslanır və insanların: valideynlərin, müəllimlərin, yoldaşlarının və dostların həqiqi hərəkətləri bundan asılı olaraq qiymətləndirilir. Bu prinsip daha aydın şəkildə gənclərin öz müəllim və valideynlərinə münasibətllərində özünü göstərir. Gənclər borc, şərəf, şəxsi qürur hissi, vicdan, təvazökarlıq kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk edirlər.
Bu dövrdə mücərrəd anlayışların miqdarı artır. Yeni fənlərin və bilik sahələrinin öyrənilməsi tələb olunur. Təlimin məzmununda olduğu kimi formasında da dəyişiklik baş verir. tədris prosesində müasir texniki vasitələrdən istifadəyə geniş yer verilir. Bütün bunları mənimsəmək gənclərdən yüksək hazırlıq, nəzəri təfəkkürün inkişafını, yaradıcılıq qabiliyyətlərinin formalaşmasını tələb edir. onlar təlimin necə önəmli olduğunu dərk edirlər və təlimə münasibət dəyişilir. Gənclərdə müxtəlif bilik sahələrinə seçici münasibət özünü göstərir. Təlim fəaliyyəti onların zehni inkişafına böyük təsir göstərir.
Təlim fəaliyyətinin özü gənclərin gələcək həyat planlarını həyata keçirmək vasitəsi olduğu üçün təlim motivləri də öz quruluşuna görə dəyişir.məsələlərin həllinə müstəqil, yaradıcı şəkildə yanaşma, qərafr qəbul etmək, mövcud variantları təhlil etmək və onları tənqidi-konstruktiv şəkildə anlamaq bacarığı gənclərin təlim fəaliyyətinin məzmununu təşkil edir. Bu dövrdə gəncin şəxsi özünütəyinində iştirak edən valideynlərinin nüfuzu artır.
İlk gənclik dövründə qavrayışın seçiciliyi və mənalılığında əsaslı dəyişiklik özünü göstərir. Gənclər onlar üçün daha önəmli materialları seçir və qavrayırlar. Nitqin və təfəkkürün inkişafı qavrayışın mənalılığını artırır.
Diqqət tam olaraq ixtiyari xarakter daşıyır. Gənclər diqqətlərini onlar üçün maraqlı olan obyektə yönəldərək onlar üzərində mərkəzləşirlər. Diqqətin davamlılığı artır, həcmi genişlənir. Gənclər diqqətlərini paylamaqda və keçirməkdə çətinlik çəkmirlər.
Bu dövrdə mənalı və məntiqi yaddasaxlama üstünlük təşkil edir.gənclər yaddasaxlamanın səmərəli yollarından istifadəyə geniş yer verirlər.
İlk gənclik dövründə təfəkkür özünün müstəqilliyi, tənqidiliyi, ardıcıllığı, nəzəri və mücərrəd xarakter daşıması ilə fərqlənir. Təfəkkürün proseslərindən və formalarından yerində və düzgün istifadə etmək imkanları artır. Bəzən ümumiləşdirmədə tələskənlik üzündən müəyyən qüsurlar özünü göstərir.
Təlim prosesində gənclərdə bərpaedici təxəyyüllə yanaşı yaradıcı təxəyyül də inkişaf edir və şagirdlərin yaradıcı fəaliyyətində özünü göstərir.
Gənclərdə maraq və tələbatlar, xüsusilə mənəvi tələbatlar inkişaf edir. onlar elmin, texnikanın, cəmiyyət və onun həyat tərzinin müxtəlif sahələri ilə maraqlanmaqla yanaşı, onlarda ünsiyyətə, incəsənətə, əxlaqi davranış normalarını həyata keçirməyə mənəvi tələbatlar formalaşır.
İlk gənclik dövrü dünyagörüşünün formalaşması üçün həlledici dövrdür. Bu dövrdə gənclərdə peşəyönümü və peşəseçməyə meyl yüksəlir. Gənclər öz maraq və imkanlarına uyğun peşələri seçməyə meyl edirlər. Lakin bəzən imkanları düzgün qiymətləndirə bilmədiklərinə görə bu sahədə düzgün olmayan istiqamət tuturlar.
Dostları ilə paylaş: |