İxtisas: RİM
Kurs: 3
Fənn: Psixalogiya
Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com
MÖVZU 20: KİÇİK MƏKTƏBLİLƏRİN PSİXİ İNKİŞAFI
Kiçik məktəb yaşı 6-10 yaşı əhatə edir. Bu dövrün başlıca xüsusiyyətləri- uşağın məktəbli olması, əsas fəaliyyətini təlim fəaliyyəti təşkil etməsindən ibarətdir. Bu dövrdə oyunlar təlimdən sonra ikinci yeri tutur. İnsanın bir çox psixi xüsusiyyətlərinin əsası elə bu dövrdə qoyulur.
Məktəbə daxil olan uşaq bir sıra problemlərlə qarşılaşır. O, artıq şagirdlər üçün nəzərdə tutulan qaydalara əməl etməli, həmişə eyni vaxtda zənglə sinfə girib sinifdən çıxmalı, bütün dərs müddətində sakit oturmalı, sinifdən çıxmaq və sinfə daxil olmaq üçün müəllimdən icazə almalı, onun bütün tələb və göstərişlərini yerinə yetirməli olur. Bunlarla yanaşı olaraq uşağın ünsiyyət sahəsi genişlənir, tamamilə yeni insanlarla: müəllimlər və həmyaşıdları ilə rastlaşır, onlarla birgə fəaliyyət zamanı ünsiyyətə girməli olur. Müəllim onun yeni nüfuz sahəsinə çevrilir. Bütün bunlara uşaqlar asanlıqla alışa bilmirlər. Burada uşağın məktəbə psixoloji hazırlığından çox şey asılı olur. Ona görə də məktəb həyatı uşaq üçün cansıxıcı olur, bu vəziyyətdən çıxmaqda çətinlik çəkir. Bu cür çətinliklərin aradan qaldırılması və uşağın öz həyat tərzi və münasibətlərində dəyişiklik etməsi işində müəllimlərin üzərinə ciddi vəzifələr ddüşür. Müəllimin qayğıkeş yanaşması bu prosesin asanlıqla keçməsinə səbəb olur. Məktəbdə məşğələ zamanı müəllim uşaqlara suallar verir, onları fikirləşməyə məcbur edir. Eyni iş ailədə də təkrar olunur. Valideyn uşaqdan ev tapşırıqlarını yerinə yetirməyi tələb edir. Bu cür gərgin zehni iş uşaqları asanlıqla yorur.
I-II sinif şagirdlərinin qavrayışları az fərqləndirici, səthi və kəskin emosionallığı ilə fərqlənir. I-II sinif şagirdləri cisim və hadisələrdə ən çox onlar üçün önəmli olan cəhətləri qavramağa meyilli olurlar. Bu zaman xarici, birbaşa olaraq nəzərə çarpan əlamətlərə görə qavramaya daha çox üstünlük verilir. Cisimlərin mahiyyətinin dərindən təhlili və dərk olunması uşaq üçün hələ çətindir. Üçüncü-dördüncü siniflərdə müşahidənin təsiri altında qavrayış prosesi məqsədəuyğun, planlı və xarakter daşımağa başlayır. Kiçik yaşlı məktəblilərdə təlim və tərbiyənin təsiri altında zaman və məkan qavrayışı inkişaf edir. Təlim və tərbiyənin təsiri altında və ümumi inkişaf prosesində kiçik məktəblilərdə zaman və məkan qavrayışının təkmilləşməsi baş verir.
Kiçik məktəblilərin diqqəti ilk gündən seçici xarakter daşımağa başlayır, uşaqların diqqəti onlar üçün daha çox önəmli olan cisim və hadisələrə yönəlir. Bu baxımdan birinci-ikinci sinif şagirdləri üçün müəllim onların diqqətini yönəltdiyi sahə önəmlilik daşıyır. Bu yaşda uşaqların diqqəti onlar üçün çox maraqsız, cansıxıcı görünən işlərdən asanlıqla yayınır. Kiçik məktəb yaşı dövründə qeyri-ixtiyari diqqət hələ nisbətən üstünlük təşkil etsə də ixtiyari diqqət əsaslı şəkildə inkişaf etməyə başlayır. Kiçik məktəb yaşının sonunda- IV sinifdə diqqətin həcmi və davamlılığı, keçirilməsi və mərkəzləşməsi demək olar ki, əsasən böyüklərdə olan səviyyəyə çatır.
Bu dövrdə mexaniki hafizə üstünlük təşkil edir, uşaqlar hər cür matnerialı əzbər öyrənə bilirlər, ona görə də əzbər öyrənməyə meyilli olurlar. Bunu müəyyən önəmi olsa da uşaqları quru əzbərçiliyə alışdırmaq olmaz. Şübhəsiz bəzi materialları, məsələn, vurma cədvəlini əzbərdən bilmək yaxşıdır. Çox vaxt birinci-ikinci sinif şagirdləri materialı hərfən yadda saxlamağa çalışırlar. Bu, həmin yaşda şagirdlərin oxuduqlarını və eşitdiklərini öz şözləri ilə ifadə edə bilməmələri ilə izah oluna bilər. Burada nitqin gərəkli səviyyədə inkişaf etməməsi və müəllimin şagirddən öyrəndiyini dəqiq və tam yada salmağı tələb etməsi də rol oynaya bilər. Birinci-ikinci sinif şagirdlərində birinci siqnal sistemi üstünlük təşkil etdiyinə görə əyani materialları daha yaxşı yadda saxlayırlar.Birinci-ikinci sinif şagirdlərindən fərqli olaraq üçüncü-dördüncü sinif şagirdləri elə yadda saxlamağa çalışırlar ki, sonradan onu öz sözləri ilə danışa bilsinlər. Nəticədə onlarda müqayisə və ümumiləşdirməyə əsaslanan məntiqi hafizə inkişaf edir. Uşaqlar ən çox parlaq, emosional təssürat yaradan materialı yaxşı yadda saxlamağa daha çox meylli olurlar. Sonakı siniflərdə, xüsusilə IV sinifdə bu hal əsasən aradan qalxmış olur.
Kiçik məktəb yaşı dövründə uşağın təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bərpaedici təxəyyül kiçik yaşlı məktəblinin fəaliyyətində həlledici rol oynamağa başlayır, təlim materialının mənimsəməsini asanlaşdırır. Kiçik məktəblilərin təxəyyülü emosional xarakter daşıyır. Kiçik məktəblin təxəyyülü müəyyən əyani vasitəyə istinad etmədikdə, o təsvir edilən hadisəni aydın təsəvvür edə bilmir.
İlk dövrlər əyani-əməli təfəkkür özünü göstərsə də əyani-obrazlı təfəkkürə keçid baş verir, sözlü məntiqi təfəkkürün inkişafı üçün uyğun şərait yaranır. Kiçik məktəb yaşının əvvəllərində hələ də ümumiləşdirmə və müqayisə zamanı zahiri əlamətlərə üstünlük verilir. Getdikcə önəmli əlamətlər üzrə ümumiləşdirmə və müqayisəyə meyl artır. Kiçik yaşlı məktəblilərdə mücərrədləşdirmə inkişaf edərək, onların idrak fəaliyyətində önəmli rol oynayır. I-II sinif şagirdləri idrak obyektlərinin mahiyyətini anlaya bilir, oradan müəyyən nəticə çıxarmağa, səhvləri, uyğunsuzluqları tapmağa, səbəblər barədə müəyyən fikirlər söyləməyə qabil olurlar. Bununla belə kiçik məktəb yaşlı uşaqların hamısı eyni dərəcədə müstəqil və tənqidi düşünə bilmirlər.
Kiçik məktəb yaşı dövründə nitqin bütün istiqamətləri üzrə inkişaf baş verməklə yanaşı məktəblilər ilk dəfə olaraq oxu vərdişlərinə və yazılı nitqə yiyələnməyə başlayırlar. Şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnmələrinin əsası elə bu dövrdən başlayır.
Məktəbə təzə gələn uşaqlar bəzi həyəcanlı anlar keçirməyə başlayırlar. Bütün bunlarla yanaşı olaraq mühitin, təlim və tərbiyənin təsiri altında uşaqlarda bir sıra müsbət hisslər yaranmağa başlayır. Təlimdə qazandığı ilk uğurlar uşağı sevindirir. Kiçik məktəb yaşlı uşaqlarda hisslər az davamlı və keçici olur. Onların hissləri asanlıqla bir-birini əvəz edir. Bu dövrdə uşaqlar öz hisslərini gizlətməkdə çətinlik çəkirlər. Kiçik məktəb yaşının zehni, əxlaqi və estetik hisslər də özünəməxsus şəkildə inkişaf edir. Uşaqda hər şeyi bilməyə, öyrənməyə həvəs, təlim zamanı rast gəldiyi çətinliyi aradan qaldırmağa inam, şübhə, işi icra edərkən özündən razı qalmaq, öz “kəşfləri” ilə fəxr etmək və s.kimi hallar baş verir.
Kiçik məktəb yaşı dövründə uşaqlarda iradənin inkişafı üçün geniş imkan yaranır. Bu dövrdə uşaq öz hərəkətlərini, fikir və arzularını qaydalara tabe etməli olur. Bu prosesdə maneələri aradan qaldırır. I-III-cü sinif şagirdlərində iradi cəhd göstərmək baçarığı hiss ediləcək dərəcədə artır. İxtiyari, iradi fəaliyyət inkişaf etməyə başalyır. Uşağı iradi cəhddə yönəldən motivlər kəskin şəkildə dəyişir. 9-10 yaşlı uşaqlar nəyə qadir olduqlarını öz həmyaşıdlarına göstərmək istəyirlər. Bu dövrdə hisslərin və iradənin inkişafı uşaqda xarakterin inkiişafına da əsaslı təsir göstərir. Kiçik məktəblilərdə təlim və tərbiyənin təsiri altında xarakterin intizamlılıq, dözümlülük, təkidlilik kimi iradi keyfiyyətləri formalaşır. Təlim və tərbiyənin təsiri altında kiçik məktəblilərdə xarakterin əməksevərlik, səliqəlilik, böyüklərə hörmət kimi əlamətləri formalaşır.
Kiçik məktəblilərdə xarakterin formalaşmasında təlim və tərbiyə ilə yanaşı onlarda təqlidə meyillilik də önəmli rol oynayır. Müəllimin qiymətləndirməsi və təlimdə əldə edilmiş uğurlu nəticələrin təsiri altında kiçik məktəblilərdə özünü qiymətləndirmə formalaşmağa başlayır. Özünüqiymətləndirmə ilə bağlı olaraq kiçik məktəblilərdə özünə, öz gücünə inam da formalaşır. Lakin təcrübə göstərir ki, təlimdəki çətinliklərdən, müəllimin və valideynlərin tənqidi qeydlərindən asılı olaraq kiçik məktəblilərdə öz gücünə inamsızlıq, furstrasiya vəziyyəti, təlimə marağın itməsi, “məktəb nevrozlarının” meydana gəlməsi halları da müşahidə olunur. Müəllimin bu cəhətləri nəzərə alması kiçik məktəblilərdə şəxsiyyətin uyğun əlamətlərinin formalaşmasında önəmli rol oynayır.
Dostları ilə paylaş: |