1.Xarici aləmin beyində inikasının fizioloji mexanizmini öyrənmək elmi psixologiyanınəsas vəzifələrinə daxildir. İ.M.Seçenovun göstərdiyi kimi yalnız beynin reflektor fəaliyyətinin hər üç hissəsindəki təsirləri, onların inikasını verən sinir proseslərinin və buna müvafiq cavab reaksiyalarının xüsusiyyətlərini bildikdə psixikanın tabe olduğu obyektiv qanunları müəyyən etmək olar.
2.Elmi psixologiyanın əsas vəzifələrindən biri mürtəce idealist psixologiyaya, həmçinin idealizmə, dinə yol olan vulqar materializmə istinad edən psixologiyaya qarşı kəskin mübarizə aparmaqdan, onların irəli sürdükləri mürtəce müddəaları müasir elmin nailiyyətlərinə əsasən ifşa etməkdən ibarətdir.
3.Müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyini qurmaqda insanların yüksək şüurluluğu çox böyük əhəmiyyətə malikdir. Bu cəhətdən Azərbaycan psixologiyasının qarşısında duran hərtərəfli inkişaf etmiş Azərbaycan vətəndaşı şüurunun təşəkkületmə yollarının, yeni şəraitdə şüurda yaranmış yeni əlamətlərin-vətənpərvərlik, millilik, türkçülük, əməksevərlik, yoldaşlıq və dostluq münasibətlərinin cəmiyyətin bütün üzvlərinə aşılanmasının, Azərbaycan vətəndaşının əmək və istirahətini səmərəli təşkil etməyin psixoloji məsələlərini öyrənməklə bərabər, hələ də bəzi adamların şüurundan köhnəlik qalıqları ilə mübarizədə yaxından iştirak etmək vəzifələri durur.
Psixologiyanın qarşısında duran bu vəzifələrin yerinə yetirilməsi üçün ölkəmizdə hər cür şərait və imkanlar mövcuddur.
Psixologiyanın təşəkkülü və inkişafı.
Psixoloji biliklər, hələ bizim eramızdan neçə min il əvvəl, qədim şərq ölkələrində təşəkkül etmişdir. onun inkişafı fəlsəfə və təbiətşünaslığın inkişafı ilə bağlı olmuşdur. Təsadüfi deyil ki, lap əvvəldən psixologiya elmi materializm və idealizmin mübarizəsi meydanı olmuşdur. Ruh haqqında problem psixologiyada kəskin ideya toqquşmasının mərkəzi problemi idi. Hətta orta əsrlərdə universitet tələbələri ilk mübarizədə professorun mövqeyini qiymətləndirmək istədikdə deyirdilər: “Bizə ruh haqqında danışın.”
Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) “Ruh haqqında” traktatında şərh olunmuşdur. Traktat psixologiya yox, “ruh haqqında” adlanır. Bu da təsadüfi deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə aid fənn hesab olunub. Avropa ədəbiyyatında mental (latın sözü olub “psixi olan” deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatologiya (“pnevma” yunan sözü olub “nəfəs, ruh” deməkdir) adlandırılmışdır. XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732-ci ildə “Emprik psixologiya” və 1734-cü ildə “Rasional psixologiya” kitabları nəşr olunandan sonra məlum olmuşdur.
Psixologiya elminin inkişafını tarixi planda nəzərdən keçirsək, şərti surətdə onun iki mərhələsini fərqləndirə bilərik: 1-ci mərhələ lap qədim zamanlardan başlayaraq XIX əsrin 70-80-cı illərinə qədər davam edir. 2-ci mərhələ isə (XIX əsrin 70-80-cı illərindən müasi dövrə qədər) psixologiyanın müstəqil elm kimi inkişaf mərhələsidir.
Psixologiya elmi öz tarixinin birinci mərhələsində fəlsəfənin bir sahəsi kimi inkişaf edirdi. Müxtəlif ictimai formasiyaları əhatə edən bu mərhələdə psixologiya elminin inkişafında təbiətşünaslıq elmləri də müəyyən rol oynamışdır. Lakin bununla belə birinci mərhələdə psixologiya elmi, hətta təbiətşünaslıqla bağlı ideyaları da fəlsəfi baxımdan mənalandırır və təhlil edirdi. Birinci mərhələdə onun əsas üsulu özünümüşahidə və müşahidədən ibarət idi. Psixologiya elmi əslində təsviri xarakter daşıyırdı. XIX əsrin ortalarında psixologiya elmi bir sıra nailiyyətlər əldə etdi. Onlardan ən başlıcası isə bundan ibarətdir ki, həmin dövrdən eksperimental üsullar tədricən psixologiya elminə nüfuz edirdi. 1879-cu ildə isə Leypsiq şəhərində Vilhelm Vundt məşhur eksperimental psixologiya laboratoriyasını yaratdı. Əslində Vundtun laboratoriyası psixologiya tarixində üçüncü laboratoriya idi. Lakin birinci iki laboratoriya diqqəti cəlb etməmiş və psixologiya elminin inkişafında əsaslı rol oynamamışdır. Vundtun laboratoriyası isə qısa müddət ərzində nəinki Almaniyada, həm də bütün dünyada psixologiya elminin inkişafına böyük təsir göstərdi. O bir növ dünya psixologiyasının Məkkəsinə çevrildi: psixoloqlar müxtəlif ölkələrdən Leypsiq şəhərinə axışıb gəlir, Vundtun laboratoriyası ilə tanış olur və öz ölkələrində onun timsalında eksperimental laboratoriyalara yaradırdılar. Bir qədərdən sonra Vundtun laboratoriyası əsasında dünyada ilk Eksperimental Psixologiya institutu təşkil olundu. Beləliklə, psxologiya eksperimental elmə çevrilməklə yanaşı, müstəqil bir elm kimi inkişaf etməyə başladı.
Rusiyada ilk eksperimental psxologiya laboratoriyası V.M.Bexterov tərəfindən 1886-cı ildə Kazan şəhərində təşkil olunmuşdur. Bundan sonra Rusiyanın müxtəlif şəhərlərində də belə laboratoriyalar fəaliyyətə başladı. 1912-ci ildə Moskva Universitetinin nəzdində Eksperimental Psixologiya institutu onun üçün xüsusi tikilmiş binada işə başladı. Özünün iş şəraitinə və avadanlığına görə Eksperimental Psixologiya institutu dünyada ən yaxşı institut hesab olunurdu.
Dostları ilə paylaş: |