Becərilmə texnologiyası. Birillik qaramuq əkinləri başlıca olaraq yemçilik növbəli
əkinlərində yerləşdirilir, tarla növbəli əkinlərində də yerləşdirmək mümkündür. Ondan örtük bitkisi
kimi çoxillik otlar səpilən ili, eləcə də kövşənlik və məşğullu herik bitkisi qismində istifadə edilir.
Ən yaxşı sələflər qaramuq üçün gübrə verilmiş payızlıq və yazlıq taxıllar, eləcə də başdan-
başa becərilən bitkilərdir. Onu xam və dincə qalmış torpaqlarda müvəffəqiyyətlə becərmək
mümkündür. Başdan-başa becərilən bitkilərdən sonra yalnız payız şumu, dənli taxıl bitkilərinin
əkinindən sonra isə kövşənlik üzlənir və payız şumu qaldırılır. Erkən yazda nəmlik itkisinin
qarşısını almaq üçün şum malalanır və kultivasiya çəkilir. Alaqlarla mübarizə məqsədilə malalama
ilə ikinci kultivasiya tətbiq olunur. Qaramuq üzvi və mineral gübrə verilməsinə yaxşı reaksiya
göstərir. Azot gübrəsinin verilməsi gübrə verilməyən əkinlərə nisbətən yaşıl kütlə məhsulunu 1,5-2
dəfə artırır. Fosfor və kalium gübrəsi əsas şum altına, azot isə yemləmə şəklində (biçindən sonra)
verilir.
Qaramuq həm təmiz halda, həm də birillik paxlalı bitkilərlə qarışıq becərilir. Onu faraş yazlıq
bitkilərlə eyni vaxtda səpirlər. Qaramuğu faraş səpdikdə qış-yaz ehtiyat nəmlikdən yaxşı istifadə
edir və quraqlıqdan az əziyyət çəkir.
Səpin başdan-başa cərgəvi aparılır. Quru ot və yaşıl yem məqsədilə becərdikdə hektara səpin
norması 25-30 kq, çoxillik otlarla örtük bitkisi kimi əlavə səpildikdə 10-15 kq-dır. Toxumun
basdırılma dərinliy 1,5-2 sm-ə bərabərdir.
Birillik qaramuq birillik paxlalı otlarla qarışıq əkinlərdə yaxşı nəticə verir. Bu zaman təmiz
əkinlərə nisbətən quru ot məhsulu hektardan 15-20 sentner artır, protein yığımı isə 1 sentnerə qədər
yüksəlir. Əkinlərə qulluq, alaqlara qarşı mübarizə və biçindən sonra azot gübrəsi ilə yemləmə
aparılmasıdır.
Yaşıl kütlənin ən yaxşı yığım müddəti sünbülləmə fazası və çiçəkləmənin əvvəlidir. Biçin
torpaq səthindən 6-8 sm yüksəkdən aparılır. Ot yaşıl halda heyvandarlıqda yem kimi, silos
məqsədilə və quru ot üçün istifadə olunur. O hektardan 5-6 sentnerə qədər toxum məhsulu verir.
Toxum məqsədi ilə onun təmiz səpinlərindən istifadə olunur. Yığım o vaxt aparılır ki, əsas
gövdədəki toxumlar tam yetişmə fazasına çatmış olsun.