(çınqıl qatı səthə yaxın) tez qızdığına görə səpin tez, ağır və gilli torpaqlarda isə nisbətən gec aparılmalıdır
Pambıqçılıqda tüklü çiyidlərlə cərgəvi, kvadrat-yuva, düzbucaqlı-yuva və yuva üsulunda
səpin aparılır. Cərgəvi səpin üsulunda çiyid arası kəsilmədən cərgəyə kvadrat-yuva və düzbucaqlı-
yuva üsulunda yalnız yuvalara, yuva üsulunda isə bir-birindən müəyyən qədər aralı yuvalara səpilir.
Ən sadə səpin üsulu cərgəvi üsuldur. Lakin bu üsulda həddindən çox çiyid sərf edilir və istənilən
sıxlığı almaq mümkün olmur. Kvadrat-yuva və ya düzbucaqlı-yuva üsulu ilə səpin aparılan
cərgələrdə və yuvalarda çiyidlər eyni miqdarda olmaqla bir-birindən 50-60 sm aralı yerləşir və
cərgəvi səpinə nisbətən aşağıdakı üstünlüklərə malikdir: çiyid sərfi 2 dəfə azalır; yuvaya bir neçə
ədəd çiyid düşdüyündən cücərərkən torpaq qatını asanlıqla qaldıra bilirlər; seyrəltmə asan olur və
maşınla iki istiqamətdə sahənin eninə və uzununa becərmə aparmaq mümkün olur.
Pambıqçılıqda cərgəarası 60 və 90 sm bitki arası məsafə isə 10-30 sm götürülür. Cərgəarası 60
sm olan əkinlərdə şırım açmaq mümkün olmur və ona görə pambığı şırımla düzgün suvarma
çətinləşir.
Pambıqçılıqda mexanikləşdirmə dərəcəsini artırmaq, hər hektara çəkiləcək xərci azaltmaq və
normal bitki sıxlığı yaratmaq üçün gencərgəli səpin üsulunun tətbiqi də səmərəlidir.
Adətən səpin norması torpaq-iqlim şəraitinə görə nizamlanır. Əgər soyuq havalarda torpağın
temperaturu çiyidin cücərməsini təmin etmirsə, çiyidin səpin norması 5-10% artırılmalı, torpaq
yaxşı isindikdə isə səpin norması 5-10% azaldılmalıdır. Səpin norması torpağın duzluluq
dərəcəsindən də asılıdır. Orta dərəcədə şoran torpaqlarda səpin üçün çiyidi çox, az şoran torpaqlarda
isə 10%-ə qədər az götürmək məsləhət görülür.
Son dövrlərdə tirəyə səpin üsulu tətbiq edilir. Bu vaxt 20-30 sm hündürlüyündə tirələr yaranır.
Həmin tirələrdə torpaq yaxşı qızır, məsamələr yaranır və nəmlik saxlanılır ki, bu da yaxşı çıxışların
alınmasını təmin edir.
324
Hər hektara səpin norması cərgəarası məsafədən, toxumun keyfiyyətindən asılı olaraq, 40-50
kq-dan 70-80 kq-a qədər dəyişir. Bitki sıxlığı hər hektarda 100-120 min olmalıdır. Toxumun
basdırılma dərinliyi 4-5 sm-dir.