Taşlıova:
Bu dünyada ağlım çatmaz
Dönüşündə bir hikmət var
Gecələri qaranlığın,
Yanrışında bir hikmət var.
Günay Yıldız:
Günəş çıxınca ulduzun
Sönüşündə bir hikmət var
Göydən damla damla yağ
Enişində bir hikmət var
Tanrıkulu:
Bülbüllərin bağçalara
Konuşanda bir hikmət var.
Dünya dayanmaz oxunda
Dönüşündə bir hikmət var.
Unutmamaq lazımdır ki, bu cümlələr bədahətən bir iki dəqiqə içərisində deyilmiş cümlələrdir. Sözlərin məntiqi ardıcıllığı, şeirin qafiyəsi uyğun olaraq istifadə edilməsi, eyni zamanda onların birinci bənindəki idea-mövzuya xidmət etmələri, həmçinin bədiilik və sənətkarlıq baxımından da lazım olan səviyyədə olması insanı heyran qoyur. Bu qəbildən olan deyişmələr, (kitabda idea-emosyonal baxımdan zəngin nümunələri görmək mümkündür) təsadüfi deyil ki, geniş dinləyici kütləsinin də dərin marağını çəkir, saatlarca onların diqqətini özündə saxlaya bilir. Əslində improvizasiya qabiliyyətinə əsaslanan bu ifa üsulu, eyni zamanda yaradıcı insan fikirinin əhəmiyyətli xüsusiyyətlərindən birinin sirrlərinin öyrənilməsi işində də müsbət rol oynaya bilər. Bu qəbildən olan bədii-estetik qayda-qanunlara, ifa proseslerinə, hətta sazın köklənməsi kimi xüsusiyyətlərə nə dərəcə də riayət etmələrini, bu ənənələri necə inkişaf etdirmələrini göstərməklə birlikdə, çağımızda belə xalq sənətkarlarının dünyagörüşünü, sosial-mədəni səviyyəsini, ictimai-ideoloji baxışlarını, həyatda ortaya çıxan mürəkkəb hadisələrdən nə səviyyədə baş çıxara bilmələrini də ifadə etmiş olur. Kitabda yer almış "lüğət" hissəsində müəllif aşıq yaradıcılığında istifadə edilən bir çox sözləri, deyimləri xalq dilindəki mənaları ilə birlikdə izah etməyə çalışır. Bu bölümdə eyni zamanda ümumiyyətlə aşıq yaradıcılığına xas olan bir çox sözlərin ortaq məna daşıdıqlarını da hiss etmiş oluruq. Hətta yazar müasir Türk aşıqlarının istifadə etdikləri bir çox söz və məsəllərin Türkcəyə çevirilmasini belə əhəmiyyətli sayır. Bizim üçün tamamilə aydın olan bu sözlərin (məsələn; “qabağında gul olar”, "ona-buna tay eylədin") Türk oxucuları və dinləyicisi üçün başa düşülməsini asanlaşdırmaqdan ötrü onların izahını da verir. Bu cür müqayisələr və anlayışların (zaman keçdikcə bunların bəziləri öz köhnə fonetik və məna xüsusiyyətlərini belə itirmişdir.) zənginliyinə dəlalət etməklə birlikdə aşıq yaradıcılığının əsrlərdən bəri yaranmış və ortaq dəyərlər halına gəlmiş bir çox sözlərin, terminlərin (eyni zamanda aşıqlar divanında səslənən musiqinin, daha doğrusu musiqi müşayiəti ilə əlaqədar nümunələrin də notaya köçürülməsini əhəmiyyətli edir. Ümumiyyətlə musiqinin aşıq yaradıcılığında tutduğu əhəmiyyətli yeri tək aşıq havaları, melodiyaları ilə məhdudlaşdırmaq doğru olmazdı. Aşıq ədəbiyyatında, xüsusilə də dastan yaradıcılığında musiqinin, onun insan mənəviyyatında xalqın sosial mədəni həyatında oynadığı əhəmiyyətli rolu hiss etmək çətinlik təşkil etmir. Məsələn, Dədə Qorqud, Koroğlu, Aşıq Qərib, Əsli və Kərəm, Tahir və Zöhrə kimi dastanlarda əsas qəhrəmanların saz çalıb oxuması, çox vaxt da musiqi vasitəsiylə öz daxili dünyasını, dərin duyğularını, istək-arzularını ifadə etməsi kimi hadisələr bir daha yuxarıda söylədiklərimizi sübut edir. Bəzən musiqi dastanlarımızda əbədilik, ölməzlik, ölümü belə yenəbilmə simvolu kimi də bir məna daşıya bilir. "Dədə Qorqud" dastanının bir çox variantlarında bu xüsusiyyəti hiss edə bilərik. Yəni "Dədə Qorqud"u əbədiləşdirən, ruhunu yaşadan, onun qopuzunun cismani ölümdən sonra belə səslənməsi, xalqını maarifləndirməsi, doğru yola çağırmasıdır. "Koroğlu" dastanında da qəhrəmanın ən mürəkkəb məqamlarda belə saza müraciət etməsi, bir xalq qəhrəmanı olmaqla birlikdə eyni zamanda bir xalq aşığı olması kimi bir həqiqətin də təsadüf olmadığını göstərir. Heç şübhəsiz əsasən xalqın qəhrəmanlıq və gözəllik ideallarının ifadəsi olan dastan, hər nə qədər onun tarixi həqiqətlərə təməllənməsi belə (Məlumdur ki, Koroğlunun tarixi bir şəxsiyyət olub olmaması kimi bir problem günümüzə qədər folklorşünas tədqiqatçıların diqqət mərkəzindən düşmür.) əslində xalqın azadlıq, müstəqillik uğrundakı istəkləri ilə birlikdə onun mənəvi-estetik ideallarını da ifadə edir. Yəni Koroğlu bir xalq qəhrəmanı olmaqla birlikdə gözəlliyi, yüksək mənəviyyatı və sənəti təmsil edən bir obraz kimi garşımızda canlanmagdadır. Məşhur rus bəstəkarı R. Qliyer özünün "Şahsənəm” operasında təxminən otuzdan çox Azərbaycan xalq mahnılarını yaradıcılıgla istifadə etmişdir. "Leyli və Məcnun”, “Şah İsmayıl" kimi onlarca digər dastanlarımızda xalq musiqi nümunələrinin yer aldığı həqiqətləri bir daha yuxarıda söylədiklərimiz fikirlər də sübut etməkdədir. Bu dastanların mətnləri, onların müxtəlif variantları və kompozisiya quruluşu ilə əlaqədar araşdırmaların gerçəkləşdirilməsi ilə birlkdə buradakı musiqinin yeri və mətnlə olan dialektik vəhdətinin də araşdırılmasına hal-hazırda böyük ehtiyac duyulmaqdadır. Unutmamaq lazımdır ki, aşıq ədəbiyyatı və musiqisi mənəvi-estetik xəzinəmiz olmaqla birlikdə, professional sənət, bu sırada professional (çoxsəsli) musiqi sənəti üçün də tükənməz bir yaradıcılıq qaynağıdır. Təsadüfi deyil ki, böyük sənətkarlar haqlı olaraq tez-tez bu qaynağa müraciət edir, bir daha onun sərhədsiz potensial-estetik imkanlarını ortaya çıxara bilirlər. M.İ.Qlinka, Üz.Hacıbəyli, R.Qlier, C.Hacıyev, Adnan Saygun (onun "Koroğlu" operasını unutmamaq lazımdır), F. Əmirov, A.Məlikov, A. Əlizadə ("Aşıqsayağı" əsərini bir daha xatırlatmaqda fayda var, aşıq terminlərinin9, deyimlərinin də mövcud olmasını göstərir) kimi bu cür qiymətli araşdırmaların heç şübhəsiz, aşıq sənətinin geniş potensial-estetik xüsusiyyətlərinin izahında, bu sırada eyni zamanda aşıq musiqisi, onun mətnlə olan əlaqəsi vəvəhdətini anlamağa, daha dərindən araştırmağa yönəlik imkanları təmin edə bilər. Unutmamaq lazımdır ki, bu cür aşıq divanlarında səsləndirilən havaların, melodiyaların musiqi dili, lad-məqam, intonasiya xüsusiyyətləri, ritm-mətn xüsusiyyətləri, heç şübhəsiz burada səsləndirilən mətn, şeir ilə də birbaşa əlaqəlidir. Burada bir daha (deyişmədə) iştirak edən aşığın poetik qabiliyyəti ilə birlikdə onun aşıq musiqisinə, onun bədii dilinə nə dərəcədə sahib olması, ondan necə istifadə edə bilmə qabiliyyətini də eşitmək mümkündür. Yəni mətnin sözlərini oxuyan aşıq musiqinin avazla oxunuşunu, detone edib-etməməsini də eşitmək imkanı doğurmuş olur. Bu xüsusiyyətlər də bir daha dasdanlarımızda və ya ümumiyyətlə aşıq yaradıcılığında aşıq havaları və melodiyalarının nota alınması zərurəti ilə birlikdə bu kimi bəstəkarlarımızın yaradıcılığında aşıq poetiki yaradıcılığı və musiqisinə olan yaradıcı münasibətin şahidi oluruq. Ozan-aşıq yaradıcılığının əhəmiyyətli bir yönü də onun tariximizi, məskunlaşdığımız əraziləri, xalqımızın azadlıq və müstəqillik uğrunda verdiyi mübarizələri əks etdirməsidir. Xatırladaq ki, bu mövzu ilə əlaqədar də maraqlı araşdırmalar aparılmışdır. Lakin bu dastanların, xüsusilə də tarixi dastanların Türk soylu xalqların digər dünya xalqlarının yaradıcılığı və xüsusilə də epos (dastan) yaradıcılığı ilə olan mədəni əlaqələri, bənzərlikləri baxımından da əhəmiyyətli qaynaq olması faktı hər keçən gün ortaya çıxarılmaqdadır. Təbii ki, dastanların, aşıq havalarının, atalar sözlərinin, mifoloji mətnlərin, bayatıların, nağılların və s. qarşılıqlı bir şəkildə araşdırılması üsulu bu baxımdan müasir mərhələdə xüsusilə aktuallıq qazanmaqdadır. Artıq bu istiqamətdə araşdırmalarda belə ozan-aşıq sənətinin, ümumiyyətlə Türk soylu xalqların tarixi, mədəni dəyərlərin, sərhədlərinin düşündüyümüzdən çox-çox geniş olması və onun eyni zamanda qədim bir keçmişə sahib olmasını isbatlaya bilməkdədir. Məsələn bu gün Türk dünyasında xüsusilə də aşıq yaradıcılığında intişar tapmış bayatılar Orta Şərq bölgəsində belə, daha doğrusu İraqda Kərkük türkləri arasında geniş bir şəkildə yayılması fikrini açıq bir şəkildə söyləyə bilərik. Uzun müddət İraqda işləmiş Prof. Dr. Qəzənfər Paşayevin araşdırmaları sayəsində İraqda yaşayan Kərkük Türkləri ilə bayatı yaradıcıları arasında o qədər də böyük fərqliliklərin olmadığı ortaya çıxarılmışdır10. Xatırladaq ki, yazarın müraciət etdiyi nümunələri asanlıqla Anadolu türklərinin mani yaradıcılığında da tapmaq mümkündür. Əlbəttə bu bənzərlikləri (dil, ifadə forması, inşa, ideya-məzmunu, tarixi hadisələr, müxtəlif ruh halları və s.) xalq yaradıcılığının digər sahələrində də tapmaq mümkündür. Bu baxımdan bir daha identik araşdırmaları xatırlatmaq lazımdır. Məsələn, folklorcu alim Prof. Dr.Əli Kafkasyalının İran-Türk aşıq mühiti ilə əlaqədar etdiyi araşdırmalarda bir daha bu sənətin İranda da təzahür etməsinin, onun ortaq və spesifik istiqamətlərinin ortaya çıxarılmasının professional və inandırıcı bir şəkildə oxuculara çatdırılmışdır11. Bu yolda ciddi addım atanlardan biri də Prof.Dr. İlqar İmamverdiyevdir. Onun İranda aşıq sənəti və musiqisinin geniş intişar tapması ilə əlaqədar araşdırmaları, aşıq sənətinin bu ölkənin bir çox bölgələrində də (xüsusilə də Azərbaycan türklərinin yaşadıqları yerlərdə) son dərəcə məşhur və sevilən bir sənət növü olduğunu sübut edir12. Bununla birlikdə ozan-aşıq sənətinin əskilərə təməllənən nümunələrinin burada da yer almış hadisə və rəvayətlərin dil, din, psixoloji xüsusiyyətlər, ümumiyyətlə estetik mədəni dəyərlər baxımından fərqli görünə bilən xalqların mifologiyaları, eposları, nağılları və s. ilə münasibətləri baxımından da bənzərliklərin olması faktı araşdırmalar nəticəsində ortaya çıxmış olur. Bu baxımdan "Kitabi-Dədə Qorqud" dastanı həm yerli, həm də xarici elm adamlarının diqqətini cəlb edir13. Bu dastanda Türk soylu xalqların tarixi keçmişi, sosial həyat tərzi, humanizm və ədalət naminə apardıqları mübarizələr, gözəllik və ülvülük haqqındakı təsəvvürləri, onların əxlaqi-etik prinsipləri, bu sırada bəşəri universal dəyərləri özündə ehtiva edən xalqın bu bədii şüur məhsulu hal-hazırda da öz dəyərini itirməmiş, bütün mədəni millətlərin dərin marağına səbəb olmaqdadır. "Dədə Qorqud dastanının" C. Lyuis tərəfindən İngilis dilinə tərcümə olunması, fikirimizi bir daha sübut edir. Yazar tercümədəki giriş hissəsində ingilis oxucusunu dastanın yaranma tarixi, Türk soylu xalqlar arasında onun yayğınlığının ictimai-tarixi səbəbləri, əsərin bədii dil xüsusiyyətləri, bədii-ifadə vasitələrinin spesifikliyi, eyni zamanda dünya ədəbiyyatı nümunələri ilə olan süjet bənzərlikləri və s. haqqında geniş məlumatlar verir. Məsələn müəllif "Basatın Təpəgözü Öldürməsi nağılı" (yeddinci nağıl) "Odisey" əsərinin doqquzuncu fəslində təsvir olunmuş siklop əhvalatları arasında bənzərliklər tapmağa çalışır. Yenə C. Lyuis burada yazır ki, Homer tərəfindən meydana gətirilmiş hekayənin "Kitabi-Dədə Qorquddan" necə bir yol tapmış olması çox maraqlıdır. O, konkret nümunələrə müraciət edir və yazır ki, "Homer hikayətinin xalq variantının naşirləri Meri və Ridl, eyni zamanda bu günlərə kimi Vilhelm Qrim də belə hesab edirlər ki, sikloplar haqqında olan əfsanələr öz başlanğıcını heç də "Odisey"dən almayıb və onların hamısında bir ümumi mənbəə vardır. Ehtimal ki, Homer bu mövzunu vaxtilə Kiçik Asiyanın qərbində ağızdan-ağıza söylənən hekayətlərdən almışdır. Təxminən iki min il ərzində söylənilən bu hekayətlər ilk dəfə Asiyanın şərqində Türk dilli xalqların nümayəndəsi "Kitabi-Dədə Qorqud" əsərinin naməlum müəllifi tərəfindən menimsenilmişdir14.Bu qəbildən olan bənzərliklərin mövcud olmasını digər alimlərimiz də vurğulamağa çalışırlar. Xüsusilə də əski Yunan ədəbiyyatı və mədəni bənzərlikləri son zamanlarda alimlərimizin diqqətini daha çox çəkir. Məsələn Prof. Dr. Mürsəl Həkimovun "Aşıq Sənətinin Poetikası"15 adlı monoqrafiyasında Qobustan qayaları üzərindəki petroqliflərdə qurban kəsmə mərasimləri ilə Yunanlıların Dionis tanrısının şərəfinə verilən qurban mərasimləri arasındakı bənzərliklə, eyni zamanda "Kosa-Kosa”, “Qaravəlli” kimi xalq mərasim teatrlarının zəhmət nəğmələri ilə Yunanlıların xalq teatrlarının, zəhmət nəğmələri arasındakı bənzərliklər "Dəli Dumrul" boyunun Evripidin "Alkesta" əsəri ilə olan bənzərlikləri ifadə edilməkdədir. Prof Dr. Əflatun Neimətzadənin sintetik sənət olaraq dram teatrı ilə əlaqədar yazılarında da teatr tarixi və oyunu ilə əlaqədar bir daha qədim xalq oyunlarımızın, onların ənənəvi janrlarının əski Yunan teatr tamaşaları ilə qarşılıqlı əlaqə diqqət mərkəzinə gətirilir. Bu baxımdan Kalmuk xalqının qəhrəmanlıq dastanı "Canqar"16 ilə dastanlarımız arasındakı bənzərlikləri (toponomik yer adları, adət-ənənələr, at kultu, döyüş alətləri, geyimlər, bayraqlar, əkinçilik mədəniyyəti, musiqi məclisləri, ortaq sözlər, bölümlərdəki, boylardakı ümumi məzmun və s.) saxlamaq mümkündür deyə düşünürük. Eyni sözləri Rusların məşhur "İqor polku (alay) haqqında Dasdan"ı haqqında da söyləmək mümkündür. Bu qəbildən olan analoji örnəklər heç də tək mövzu, ideya-məzmun, eyni zamanda yuxarıda zikr etdiyimiz digər ortaq fenomenlərlə kifayətlənmək fikrində deyilik. Bu yaxın və bəzən coğrafi baxımdan bir-birlərindən uzaqda yaşayan xalqların "səs mədəniyyəti" sahəsində də saysız-hesabsız bənzərliklər tapmaq mümkündür. Bu baxımdan tanınmış musiqi nəzəriyyəçisi və estetikçi Haluk Tarcanın prinsipyal xarakter daşıyan "Atəş Kültü" məqaləsinə müraciət edək. "Müasir musiqinin böyük bir hissəsi, mənşəyni, Orta Asiya və Avrasiyada məskunlaşmış millətlərin xalq mahnıları və onların ritmik özelliklərindən alır. Bu Asiya qaynağından Rus bəstəkarları də böyük ölçüdə faydalanmışlar: Rus operalarında daxili ariyaların çoxu, Kazax xalq musiqisindən alınmaqdadır. Borodinin "Knyaz İqor" operası, Çaykovskinin "Dama de Pique" (Qaratoxmaq gadın) operası və diğərlərini də örnək gətirmək mümkündür. Fransız tədqiqatçısı və yazarı Romen Rollanın yazdığı kimi Rus romantik musiqisinin qaynaqlarından biri Asiya Türk xalq musiqisidir. Sanıram bir dəfə daha yazmışdım, Çaykoskinin "Qu quşu gölü" baleti bir Qırğız nağılıdır. "Bu cür nümunələrin sayını artırmaq da mümkündür, lakin burada məqsəd bir dəfə daha Türk soylu xalqların mədəniyyət və qarşılıqlı təsir xəritəsinin nə qədər geniş olduğunu sərgiləməkdir. Zənn edirik ki, Türk soylu xalqların xalq yaradıcılığının xüsusilə də ozan-aşıq sənəti və ənənələrinin yaxın xalqların mənəvi-estetik mədəniyyətlərinin bir-biri ilə qarşılıqlı əlaqəsi, musiqi sənətinə olan inkar edilməz təsiri, bu mədəniyyətlərlə olan münasibətləri ilə bağlı problemlər onların ciddi tədqiqinə diqqət yetirilməsi də getdikcə daha böyük əhəmiyyət kəsb edir. Məsələn, bu baxımdan aşıq sənətinin Qafqaz və onun sərhədlərindən çox uzaqlardakı əks-sədasının, estetik-təsir gücünün böyük olduğunu göstərən lazımlı məlumatlar, konkret faktlar da az deyil. Azərbaycan musiqisinin Gürcüstanda, Ermənistanda, Dağıstanda, eyni zamanda Orta Asiya respublikalarında geniş bir ölçüdə yayılması, sevilməsi tez-tez səslənməsi və bəzən hətta ona mənsub nümunələrin öz mədəniyyətlərinə aid olmalarını, öz milli mədəniyyətlərinin məhsulu olaraq qəbul etmələrini göstərən hadisələrin də şahidi oluruq. Bəzi musiqi alətlərimizin, məsələn Sadıqcan tərəfindən mükəmməlləşdirilmiş və "Azərbaycan tarı"17 kimi qəbul görmüş bir alətin yuxarıda adı çəkilən bölgələrdə səsləndirilməsi, eyni zamanda Azərbaycan kamançasının, nağara, goşa nağara, dəf kimi zərb alətlərinin18 bu xalqların musiqi həyatında tutduğu yeri və əhəmiyyəti söylədiklərimizi isbatlamaqdadır. Xatırladaq ki, bu təsiri etiraf etməkdən çəkinməyən bir çox tədqiqatçı alimlərin fikirlərinə rast gələ bilərik. Qafqaz xalqları mədəniyyətləri əsnasında bu mövzunu araşdıran tanınmış folklorcu Zeynəlabidin Makasın nümayiş etdirdiyi bir çox nümunə bu baxımdan maraq doğurur. O, yazır ki: "Gürcü əsilli E.Tağaişvili, Çar dövründə Ahıska türklərinin yaşadıqları bölgəyə etdikləri səfər əsnasında bölgədə yaşayan gürcü və ermənilərlə etdikləri söhbətlərdə əlaqəli olaraq gündəliyində bu təəccüblü məlumatlara yer verir: "Bu bölgədə gürcü və erməni dilini səhvsiz danışan gürcü və erməniyə rast gələ bilmədik. Amma kiçikdən böyüyə hər kəs evlərində belə çox gözəl Tatarca (Türkçə) danışırdı. Hətta yol yoldaşım Gürcü əsilli Mark belə yol boyunca Türkçə mahnılar söylədi. Səbəbini soruşduqda Gürcü dilini bilmədiyini söylədi. Çiharuli kəndi olan Alantada hər kəs Türkçə danışırdı. Çiharula, Koteliya, Bavra, Hoqumo və Kartımı kəndlərində də vəziyyət bundan fərqli deyildi. Əsərin digər bir yerində yazar lazımlı sənədlərə həm Azəri-Türk alimlərinin, həm də xarici, bu sırada erməni, gürcü və s. elm adamlarının fikirlərinə əsaslanaraq haqlı olaraq yazır ki, on yeddinci əsrdən etibarən Azəri aşıq ədəbiyyatının təsir sahəsinə girən Erməni aşıqları bu sənəti mənimsəyib müxtəlif yerlərdə yarı rəsmi aşıq məktəbləri meydana gətirdilər19. Bu kimi gerçəkliklər bir daha tarixi, mənəvi-estetik dəyərlərimizə, həmçinin ozan aşıq sənətinə sahib çıxmağımızın, onun aktual, nəzəri məsələlərinin araşdırılmasına, təbliğinə yönəlmiş çoxyönlü fəaliyyətimizin daha geniş çapda aparılmasının nə qədər mühüm olmasını göstərir.
QAYNAQLAR:
Nazim Hidayətoğlu. Aşıq Qərib, Trabzon, 1999
Nazim İrfan Tanrıkulu. Aşıqlar Divanı. İstanbul, 2000
Bax.:Е.Елдарова. Музыкал6но-поетический терминологический словарь Азербайджанских ашуэов. Аз ЕА-нын няшрийаты, Бакы, 1968
Gəzənfər Paşayev. Bu sevda ölüncədi. Oskar, Bakı, 2001.
Kafkasyalı A. İran Türk aşıqları və milli kimlik. Erzurum, 2007.
İmamverdiyev İ. Azərbaycan və İran Türklərinin aşıq ifaçılıq sənətinin qarşılıqlı əlaqələri, “Nafta-press”, Bakı, 2008
Abdulla K., C.Lyuis, Vilhelm Grim, Laura Melikof-Sayar, Orhan Şaik Gökay və b
Bax: The Book of Dede Korkud. Translated, with an İntroduction and Notes, by Yeoffrey Lewis, Penguin Boks, 1974 : Азербайджан за рубежом. Elm, Baku, 1975, № 4, s.41
Mürsel Həkimov. Aşıq Sənətinin Poetikası. Seda neşriyyatı. Bakı, 2004
Babek Kurbanov. Kalmuklar ve Kahramanlık Destanı Cangar. Türkeli, 25 Haziran, 2,9, Temmuz 1997.
Abdulkasimov V. Azerbaycan Tarı. Ankara,1998
Quliyev O. Azərbaycan halq çalğı alətləri orkestri. İşıq, Bakı, 1980.
Zeynelabidin Makas.Türk dünyasından masallar. Kitabevi, İstanbul, 2000
Babek Gurbanov
THE HISTORICAL AUESTETICAL ASHUG MUSIC
Music is importasnt in turkic people’s life as the all kind of art in the historical prosses. Many kind of ozan-ashug songs proved the artistic-aesthetic value of song which are have come up today.
The many-colouredness of ashug art at the same time the wealth of the ashug-ozan art with maintenance is showed that ashug art has come a long historical way
Key words: turkish peoples, azerbaijan music, history, folk-lore
Бабек Курбанов
ИСТОРИЧЕСКАЯ ЭСТЕТИЧЕСКАЯ
АШЫГСКАЯ МУЗЫКА
В жизни туркских народов, музыка , как и другие виды искусства, в процессе исторического развития заняла особое место. Наша вера в истинность этих выражений растет, каждый, когда мы обращаемся к озано-ашыгскому искусству, дошедшего до нас через века. Дошедшие до наших дней озано-ашыгские мелодии, песни, и их высокая художественно-эстетическая ценность классических образцов доказывают это. Разнообразность поэтических и музыкальных жанров (видов) ашыгского искусства, одновременна идейное содержание с точки зрение темы, будучи очень богатым, несомненно показывает прохождение длинной исторической дороги.
Ключевые слова: туркские народы, азербайджанская музыка, история, фольклор
İslam SADIQ
AMEA Folklor İnstitutu
islam-sadiqli@rambler.ru
AŞIQ ŞƏMŞİR POEZİYASINDA
SƏMƏD VURĞUN OBRAZI
Özət: Azərbaycanın böyük xalq şairi Səməd Vurğun vətəni, eli-obası kimi, onun hər bir övladını da ürəkdən sevmiş, rastına çıxan istedadlı adamlara həmişə qayğı göstərmişdir. Səməd Vurğunla görüşdükdən sonra taleyi üzünə gülmüş bu cür adamlar çox olub. Onlardan biri də Aşıq Şəmşirdir.
Aşıq Şəmşir sazın-sözün böyük ustadıdır. Lakin açıq demək lazımdır ki, Səməd Vurğunla görüşənə qədər Aşıq Şəmşir yalnız Kəlbəcərdə və ona yaxın rayonlarda tanınmışdır. Yaxşı ki, Səməd Vurğunla görüş onun taleyinə yazılıbmış. Məmməd Aslan bu görüş haqqında yazır: “Səməd Vurğun böyük qayğı və xeyirxahlığı ilə Dədə Şəmşiri dərənin dibindən zirvəyə qaldırmışdı”. Sözsüz ki, Aşıq Şəmşirin məşhurlaşmasında Səməd Vurğunun xidmətini bundan gözəl ifadə etmək çətindir.
Aşıq Şəmşir Səməd Vurğunla görüşəndə onun yaşı 60-ı keçmişdi. Artıq sazın da, sözün də ustadı idi. Səməd Vurğunu da görməsə belə tanıyır, şeirlərini əzbər bilirdi. Bunu aşığın Səməd Vurğunla görüşərkən söylədiyi ilk şeirdən də aydın görmək olur. Səməd Vurğunla görüşdükdən sonra Aşıq Şəmşir şairi daha dərindən tanımış, onunla dostluq etmiş, düzüb-qoşduğu 20-yə qədər şeirdə və bir dastanda Səməd Vurğunun bütöv bir obrazını yaratmışdır. Məqalədə Aşıq Şəmşirin şeirlərində Səməd Vurğun obrazı hərtərəfli araşdırılmışdır.
Açar sözlər: Aşıq Şəmşir, Səməd Vurğun, şair, vətəndaş, dost, xarakter
Azərbaycanın böyük xalq şairi Səməd Vurğun vətəni, eli-obası kimi, onun hər bir övladını da ürəkdən sevmiş, rastına çıxan istedadlı adamlara həmişə qayğı göstərmişdir. Səməd Vurğunla görüşdükdən sonra taleyi üzünə gülmüş bu cür adamlar çox olub. Onlardan biri də Aşıq Şəmşirdir.
Aşıq Şəmşir sazın-sözün böyük ustadıdır. Lakin açıq demək lazımdır ki, Səməd Vurğunla görüşənə qədər Aşıq Şəmşir yalnız Kəlbəcərdə və ona yaxın rayonlarda tanınmışdır. Yaxşı ki, Səməd Vurğunla görüş onun taleyinə yazılıbmış. Məmməd Aslan bu görüş haqqında yazır: “Səməd Vurğun böyük qayğı və xeyirxahlığı ilə Dədə Şəmşiri dərənin dibindən zirvəyə qaldırmışdı” (1, s.26). Xalq şairi Osman Sarıvəlli isə Aşıq Şəmşir haqqında yazdığı yazılarından birində onu Səməd Vurğunun tapdığı planet adlandırmışdır. Sözsüz ki, Aşıq Şəmşirin məşhurlaşmasında Səməd Vurğunun xidmətini bunlardan gözəl ifadə etmək çətindir. Səməd Vurğun məşq otağından səhnəyə aparan yolu tanımayan çox istedadlı bir aktyorun əlindən tutub onu özü səhnəyə çıxartdı və tamaşaçı ilə görüşdürdü.
Aşıq Şəmşir Səməd Vurğunla görüşəndə onun yaşı 60-ı keçmişdi. Artıq sazın da, sözün də ustadı idi. Səməd Vurğunu da görməsə belə tanıyır, şeirlərini əzbər bilirdi. Bunu aşığın Səməd Vurğunla görüşərkən söylədiyi ilk şeirdən də aydın görmək olur. Səməd Vurğunla görüşdükdən sonra Aşıq Şəmşir şairi daha dərindən tanımış, onunla dostluq etmiş, düzüb-qoşduğu 20-yə qədər şeirdə və bir dastanda Səməd Vurğunun bütöv bir obrazını yaratmışdır. Bu şeirləri və dastanı oxuyanda Səməd Vurğunla görüşün Aşıq Şəmşirin həm həyatında, həm də yaradıcılığında necə dərin iz buraxdığını duymamaq, görməmək mümkün deyil.
Səməd Vurğunla görüşü Aşıq Şəmşirin yaradıcılığına iki yöndə təsir göstərmişdir:
-
Aşıq Şəmşir Səməd Vurğun haqqında istər şairin sağlığında, istərsə ölümündən sonra 20-yə qədər şeir qoşmuşdur;
-
Səməd Vurğunun özü və sözü Aşıq Şəmşirin digər şeirlərinə də təsir göstərmişdir.
Maraqlıdır ki, Aşıq Şəmşirin şeirlərində Səməd Vurğunun bütöv obrazı yaradılmışdır. Ona görə bütöv deyirəm ki, Aşıq Şəmşirin şeirlərində Səməd Vurğunun həm şair kimi böyüklüyü, həm vətəndaş kimi qüdrəti, dostluğa sədaqəti, xeyirxahlğığ, saflığı, milli xarakterinin bütün cizgiləri öz ifadəsini tapmışdır.
-
Şair Səməd Vurğun obrazı.
Səməd Vurğun şairdi, hər şeydən öncə, şair kimi tanınmış, şöhrət qazanmışdır. Aşıq Şəmşir də Səməd Vurğunla görüşənə qədər onun böyük şair olduğunu, xalqın onu necə sevdiyini, uşaqdan böyüyə hamının qəlbində isti yuva qurduğunu yaxşı bilirdi. Ona görə Səməd Vurğunun Kəlbəcərə gəlişindən duyğulanıb qoşduğu “Xoş gəlib” şeirində yazırdı:
Elimin, günümün böyük şairi
Gətirib dağlara səfa xoş gəlib.
Gözlərdik yolunu biz intizarla,
Eyləyib əhdinə vəfa, xoş gəlib. (2, s.31)
Şeirin sonrakı bəndlərində Aşıq Şəmşir Səməd Vurğunu sözün kamil ustadı, sərrafı adlandırır, şan-şöhrətin ona yaraşdığını dilə gətirir, Kəlbəcəri yada saldığından çox duyğulandığını yazır:
Minnətdarıq kamil söz ustadına,
Şan-şöhrət yaraşır onun adına.
Bizim Kəlbəcəri salıb yadına,
Çəkibsə bu yolda cəfa, xoş glib. (2,s.31)
Səməd Vurğunla deyişməsində Aşıq Şəmşir şairi şeirimizin mayakı adlandırır, yolunun onun sənət çırağı ilə işıqlandığını söyləyir:
Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni. (3,s.83)
Aşıq Şəmşir üçün Qoşqar dünyanın ən uca dağıdır və Səməd Vurğunun Qoşqarla yanaşı qoyulması onun bir şair kimi ən uca zirvədə durduğuna işarədir.
Səməd Vurğunun ölümünə qoşduğu bir şeirdə Aşıq Şəmşir onu Nizamiylə qoşa görür, dövrün Nizamisi adlandırır:
Dövrün Nizamisi edir əlvida,
Dünyanı təzədən səs tutub ağlar.
Ümidvar etdiyin qocaman aşıq
Kimin ətəyindən bəs tutub ağlar. (2,s.47)
Aşıq Şəmşir “Vurğunun” şeirində Səməd Vurğunun bir şair kimi böyüklüyünü ifadə etmək üçün onu “şeir xəzinəsində ləl hökmdarı” adlandırmışdır. Xəzinənin içində qiymətli, qiymətsiz çox şeylər saxlanır. Ancaq hər bir xəzinənin dəyəri onda saxlanan ləllə ölçülür. Aşıq Şəmşir də Səməd Vurğunu ona görə bütün xəzinənin yox, onda saxlanan ləlin hökmdarı adlandırmışdır ki, şairin yaradıcılığının ləldən ibarət olduğunu nəzərə çatdırsın:
Dərya fərasəti, söz sənətkarı,
Cavahir kəlməli, nitqi mirvarı.
Şeir xəzinəmin ləl hökmdarı,
Çox böyükdü səadəti Vurğunun. (2,s.33)
Aşıq Şəmşir Səməd Vurğunun coşub-çağlayan, daşıb-qaynayan çağlarını görmüş, onu şeir dəryası adlandırmışdır:
Şəmşirin dilində ustadın adı,
Bir şadlıq başladı, ellər oynadı.
O şeir dəryası daşdı-qaynadı,
Görüşünə min bir adası gəldi. (2,s.35)
Aşıq Şəmşir yuxarıda nümunə verdiyimiz bəndlərdə, həmçinin digər şeirlərində Səməd Vurğunun bir şair kimi əsl obrazını yaratmaq, onun qüdrətini, böyüklüyünü, bənzərsizliyini, ucalığını olduğu kimi ifadə etmək üçün “uca dağ”, “sənət çırağı”, “şeirin mayakı”, “kamil sərraf”, “”göz ustadı”, “qabil sənətkar”, “söz ustadı”, “böyük şair”, “şeirin şirin süxəndanı”, “təbimin piri”, “şeir dəryası”, “Nizami yurdunun yadigarı” kimi epitetlərdən böyük ustalıqla, yerli-yerində istifadə etmişdir.
-
Vətəndaş Səməd Vurğun obrazı.
Tanrı Səməd Vurğuna təkcə şairlik verməmişdir, onu hərtərəfli kamil yaratmışdır. Səməd Vurğun böyük şair olduğu qədər də böyük vətəndaş idi. Bəlkə də böyük vətəndaş olmasaydı, Səməd Vurğun çox cavan yaşında bu qədər şöhrətlənməzdi. O doğma Azərbaycanı canı qədər yox, canından daha artıq sevirdi. “Azərbaycan” şeiri düşünülüb yazılmamışdı, şairin sevgisindən yaranıb qəlbindən dodaqlarına, dodaqlarından qələminə süzülmüşdü. Səməd Vurğun Azərbaycana böyük məhəbbətlə ana deyirdi, özünü fəxrlə, qürurla onun övladı sayırdı. Bütün bunları Aşıq Şəmşir gözəl bilirdi və bir şeirində deyirdi:
O ana deyibdi Azərbaycana,
Cənnətə yol alıb süd verən ana.
Vətən torpağına oldu pərvana,
Xalq üçündü sədaqəti Vurğunun. (2,s.33)
Bəli, Səməd Vurğun vətənin pərvanəsiydi. Vətən də başdan-başa Səməd Vurğunun pərvanəsinə dönmüşdü. “Vurğun” ləqəbi bir qız sevgizindən yox, vətən, el-oba, yurd-yuva vurğunluğundan göyərmişdi. Səməd Vurğun uşaqdan böyüyə bütün insanları sevirdi. Onun bütün varlığı sevgiylə yoğrulmuşdu. Xalq da sevgiyə sevgiylə cavab verirdi. Azərbaycanda Səməd Vurğun qədər sevən və sevilən bir şair olmayıb və yoxdur. Söhbət vətən, el-oba, yurd sevgisindən, insanlara məhəbbətdən gedir. Səməd Vurğunun bu sevgisi onun vətəndaş kimi böyüklüyündən mayalanmışdır. Ustad Aşıq Şəmşir Səməd Vurğunun vətənə, xalqa, el-obaya, vətənin, xalqın, el-obanın da Səməd Vurğuna sonsuz məhəbbətini görmüş, duymuş, onu öz şeirlərində böyük ustalıqla ifadə etmişdir. Səməd Vurğun hara getsə böyük sevgiylə, isti məhəbbətlə, güllə, çiçəklə qarşılanmışdır. Ona görə Aşıq Şəmşir yazırdı:
Alqışladıq mahal ilə, el ilə,
Qarşıladıq çiçək ilə, gül ilə.
Saz ilə, söz ilə, şirin dil ilə
Şəmşir deyir bu sərrafa: xoş gəlib! (2,s.31)
Səməd Vurğunun qəlbindəki sevgiyə, məhəbbətə cavab olaraq Şəmşirin də ona qanı qaynamışdı. Aşıq elə ilk görüşdən Səməd Vurğunun qəlbindəki məhəbbəti doğru duymuşdu:
Mənə yol göstərdi təbimin piri,
Gördüm məhəbbətdi meyli, fikiri. (2,s.32)
Səməd Vurğun ellərin halına yanıb, ayaqyalına ayaqqabı verdi, başıaçığın başına papaq qoydu, zəncinin də dərdini çəkdi. Sevgisiylə, məhəbbətiylə hamının qəlbində həmişəlik solmayacaq bir bağ əkdi. Bunu da yenə Aşıq Şəmşir gördü, Aşıq Şəmşir duydu:
Solmaz həmişəlik-elə bağ əkdi,
Onun hər misrası bir gələcəkdi.
Qara zəncinin də dərdini çəkdi,
Dövlətindən var baratı Vurğunun. (2,s.34)
Bunun ardınca Aşıq Şəmşir bir sualın cavabını axtarır: görəsən Səməd Vurğunu bu qədər sevdirən nədir? Axı bu sevgi hər sənətkarın bəxtinə düşməyib. Xalqın sevgi, məhəbbət ocağından bircə çınqı götürən sənətkar xoşbəxtdir. Səməd Vurğun isə bu ocaqdan odlu-alovlu kösöyləri qoşa-qoşa götürüb. Aşıq Şəmşir də Səməd Vurğunun sinəsindəki bu odu-alovu çox görmüşdü. Ona görə bir şeirində deyirdi:
Adı cahan kimi qaldı əbədi,
Şəmşir ona az ha tərif demədi.
Bəs onu bu qədər sevdirən nədi?
Sadə qəlbi, pak sənəti Vurğunun! (2,s.34)
Səməd Vurğunla Aşıq Şəmşirin görüşlərini və sonrakı münasibətlərini diqqətlə izləyəndə qəribə bir mənzərənin şahidi oluruq. Səməd Vurğun Aşıq Şəmşirlə ilk dəfə görüşəndə yazdığı şeirin elə ilk misralarında əbədi ayrılığı duyduğunu gizlətməmişdir. Şairin “Aşıq Şəmşir, Dəlidağdan keçəndə Kəklikli daşlardan xəbər al məni” misralarının arxasında əbədi ayrılıq hisslərinin gizləndiyini duymaq o qədər də çətin deyil. Çünki Səməd Vurğun sonuncu bəndində bu hissini bir daha “Unutmaz bu oba, bu mahal məni” şəklində dilə gətirmişdir. Qəribədir ki, üstündən illər keçib, Səməd Vurğun dünyadan köçüb. İndi Aşıq Şəmşir şairi kəklikli daşlardan soruşmaq əvəzinə, bütün təbiət dilə gəlib aşıqdan Səməd Vurğunu soruşur:
Necə cavab verim, səni soruşur,
Suala çağırır lalalar məni.
Deyir, hayandadı şeirin ustadı?-
Dindirir al-əlvan talalar məni. (2,s.42)
Aşıq Şəmşirin poeziyasında Səməd Vurğunun çox dolğun bir vətəndaş obrazı yaradılmışdır və onu bütün cizgilərinə qədər görmək olur.
-
Dost Səməd Vurğun obrazı.
Səməd Vurğunla Aşıq Şəmşir arasında gözəl bir dostluq olmuşdur. Səməd Vurğun elə ilk görüşdən bir dost kimi Aşıq Şəmşirin qəlbində özünə əbədi yuva qurmuşdur. Hətta bu dostluq Şəmşir üçün qardaşlıqdan da əziz olmuşdur. Ona görə Aşıq Şəmşir Səməd Vurğunun ölümündən sonra ona yazdığı bir şeiri məhz “Qardaş” adlandırmışdır. Bu şeirin “Qardaş” adlanması qətiyyən təsadüfi deyil. Səməd Vurğunun ölümündən sonra Aşıq Şəmşir çox soyuq üzlərlə, yad baxışlarla qarşılaşmış, Səməd Vurğunun ona qardaş olduğunu daha yaxından hiss etmişdir. Səməd Vurğunun ölümü bütün Azərbaycanı sarsıtmışdır. Bir tərəfdən insanlar, bir tərəfdən də təbiət böyük şairə yas saxlayır. Böyük-kiçik bir-birindən Vurğunu soruşur. Dağlar Vurğun deyib haray çəkir. Bülbüllər inləyir, lalələr qan ağlayır. Buludlar qaralıb, havanın gözləri dolub. Bütün bunları görən Aşıq Şəmşir sinəsinə qardaş dağı çəkildiyini yaxşı duyur:
Sən ki, söz vermişdin bizim mahala,
Bizə gəlməliydin, gəldin zavala.
Firqətin Şəmşiri salıb nə hala,
Belə dağ çəkərmi qardaşa qardaş? (2,s.40)
Səməd Vurğunun nə sözündə, nə də işində saxtakarlıq olmayıb. Saxtakarlıq onun varlığına, ruhuna yaddır. O nə desə ürəkdən deyib, nə eləsə ürəkdən eləyib. Təəssüflər olsun ki, Səməd Vurğundan sonra hansı şairsə Aşıq Şəmşirin üzünə saxta baxıb, onunla saxta danışıb. Aşıq da bunu çox yaxşı duyub:
Aşıq qardaş, deyib özümə mənim,
Şəmşirəm, şahid ol sözümə mənim.
Qələm yurdçuların üzümə mənim
Yad kimi baxdılar, bilməyə nə var?! (4,s.125)
Aşıq Şəmşirin ürəyindən keçirmiş ki, o öləndə qəbrinin üstündə son sözü Səməd Vurğun söyləsin. Axı son sözü ən yaxın adam söyləyə bilər. Aşıq Şəmşir də Səməd Vurğunu özünə ən yaxın dost, qardaş bildiyinə görə deyirdi:
Hicranın atəşi yamandır, yaman,
Əyir qamətini, verməyir aman.
Şəmşiri torpağa tapşıran zaman
Son söz deyən Səməd Vurğun olaydı. (2,s.45)
IV. Şəmşir poeziyasında Səməd Vurğunun təsiri.
Aşıq Şəmşirin poeziyasında Səməd Vurğunun bütöv bir obrazı var. Bundan başqa, Aşıq Şəmşirin ayrı-ayrı şeirlərində Səməd Vurğun yaradıcılığından və şəxsiyyətindən bəhrələnmələrə, təsirlənmələrə də tez-tez rast gəlinir. Mövzusundan asılı olmayaraq Aşıq Şəmşirin qoşduğu şeirlərdə bir də görürsən ki, Səməd Vurğunun misraları gizlin-gizlin boy göstərir. Məsələn, Aşıq Şəmşirin “Şəmşir, sözlərinin bir hökmü vardı, İnsan gedərgidi, söz yadigardı” misralarını oxuyanda istər-istəməz yaddaşımızda Səməd Vurğunun “De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır”, “Cahanda hər hökmü bir zaman verir” və “Biz gəldi-gedərik, sən yaşa dünya” misraları oyanır.
Aşıq Şəmşirin “Hanı” divanisindən “Əhdi-peyman bağlamışdıq, verdiyin ilqar hanı?” (2,s.449) misrasını oxuyanda Səməd Vurğunun “Fələk möhür basdı düşmən deyənə, Bəs mənim verdiyin etibar hanı?” misrası yada düşür. Aşıq Şəmşirin “Danışaq” rədifli qoşması da Səməd Vurğunun eyni adlı və rədifli qoşması ilə yaxından səsləşir. Bu şeirlərdə həm də çox böyük ruh doğmalığı var.
Aşıq Şəmşirin şeirlərində Səməd Vurğun poeziyasından bəhrələnmələr və təsirlənmələr genişdir, çoxdur. Onların hamısını saymağa ehtiyac yoxdur. Aşığın Səməd Vurğuna bir böyük şair, bir qüdrətli vətəndaş və yaxın dost kimi sevgisi, məhəbbəti həm onun obrazını yaratmış, həm də Aşıq Şəmşirin şeirlərində bəhrələnmələr şəklində dərin iz buraxmışdır.
QAYNAQLAR:
-
Məmməd Aslan. Zirvədən zirvəyə səsləniş//Aşıq Şəmşir. O Kürün, Arazın Tərtəriyəm mən. Bakı. 2004. S. 19-27.
-
Aşıq Şəmşir. O Kürün, Arazın Tərtəriyəm mən. Bakı. 2004. 510 səh.
-
Aşıq Şəmşir. Seçilmiş əsərləri. Bakı. “Azərnəşr”. 1973. 416 səh.
-
Aşıq Şəmşir. Qoşmalar. Bakı. “Azərnəşr”. 1971. 160 səh.
Islam Sadıg
CHARACTER OF SAMAD VURGUN
IN THE POETRY OF ASHUG SHAMSHIR
Abstract: Great saz (Azerbaijani folk musical instrument like guitar)-word master Ashug Shamshir after meeting with Samad Vurgun fortune smiled at him, suddenly gained great fame. After this Ashug Shamshir was friends with Samad Vurgun, devoted him about 20 poem. In these poems were created perfect character of Samad Vurgun.
In the article was investigated Ashug Shamshir’s poem’s about Samad Vurgun, was given opinions about poet Samad Vurgun, citizen Samad Vurgun, friend Samad Vurgun characters.
Key words: Ashug Shamshir, Samad Vurgun, poet, citizen, friend, character.
Ислам Садыг
ОБРАЗ САМЕДА ВУРГУНА В ПОЭЗИИ
АШУГА ШАМШИРА
Резюме: После встречи с Самедом Вургуном судьба улыбнулась к лице великого мастера саза и слова Ашуга Шамшира. Ашуг Шамшир в дальнейшем дружил с Самедом Вургуном, посвятил ему около 20-ти стихов. В этих стихах он сотворил совершенный образ Самеда Вургуна.
В данной статье анализируются стихи Ашуга Шамшира о Самеде Вургуна, исследуется образ поэт Самеда Вургуна, гоажданин Самеда Вургуна, друг Самеда Вургуна.
Ключевые слова: Самед Вургун, Ашуг Шамшир, поэт, гражданин, друг, образ.
MÜNDƏRİCAT
Muxtar Kazımoğlu-İmanov. Ustad aşıq və tarixi
ənənə. (Ön söz əvəzi) 7
Adil Cəmil. Aşıq Şəmşir poeziyasında xalq
gülüşünün izləri 24
Afət Haşimi. Qaraçay-malkar epik söyləyiciləri:
jırçılar..................... 34
Ali Yaman. Geçmişten bugüne Kızlbaş-Aleviler’de
dedelik kurumu ve aşıklık (ozanlık) işlevi 43
Almaz Həsənqızı. Qopuz Azərbaycan mühacirət
folklorşünaslığında 76
Aqşin Ağkəmərli. Şəbüstərli Aşıq Qəşəm Cəfəri 89
Aynur Qəzənfərqızı. Aşıq Camal və onun
yardıcılığı 106
Aynurə Səfərova. Neftçala-Salyan aşıq mühiti: tarixi
və nümayəndələri........ 118
Aytac Abbasova. Aşıq Şəmşir və Kəlbəcər mühiti 133
Enver Uzun. Âşık Şemşir geleneğinde Âşık Hasan
İskenderi 148
Fəxrəddin Atayev. Göyçə aşıq mühitinin
formalaşması 160
Füzuli Bayat. Aşıqlıq sənətinin ötürülməsində
usta-şagird ənənəsinin funksional rolu 172
Həsən Cəmşidi ( Anar Binevli). Aşıq Bahar Amusi 186
İsmayıl Məmmədli. Aşıq Şəmşirin dil sənətkarlığı 192
Qalib Sayılov. Azərbaycan aşıq sənətində dini və
irfani görüşlər 207
Qumru Şəhriyar. Türk aşığı Dadaloğlu: həyatı
və yaradıcılığı 221
Leyla Kərimova. Aşıq sənəti Səməd Vurğun poeziyasının
milli koloriti kimi 232
Ləman Vaqifqızı (Süleymanova). Molla Cümənin
yaradıcılığında bayatı janrı 248
Məhəmməd Rəzzaqi. Zəngan aşıq mühiti 258
Nailə Əskər. Aşıq rəvayətlərində tarixi gerçəklik 280
Nəbi Kobotarian. Kültür taşıyıcı olan
âşıkların dili 274
Nigar Həsənova. Aşiq Şəmşir şeirlərinin dili
və üslubu 293
Руганият Мусаева. Особенности кумыкского
музыкального фольклора 305
Səbinə İsayeva. Aşıq Şəmşir yaradıcılığında təsəvvüf
ənənəsi ilə bağlı obrazlar 313
Şəhla Hüseynli. Aşıq dastanlarında formullar 334
Бакчиев Талантаали. Сказитель – душа и дух
народа 339
Yeganə İsmayılova. Uzun bir yolun yolçuları:
Dədə Qorqud... Aşıq Şəmşir 356
Zümrüd İbrahimqızı. “Aşıq Mədət və Bəhrinaz”
dastanı haqqında 363
Babək Qurbanov. Tarixi-estetik baxımdan
aşıq musiqisi 374
İslam Sadıq. Aşıq Şəmşir poeziyasında
Səməd Vurğun obrazı 395
Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda Beynəlxalq
Elmi Konfransın materialları. Bakı, 2013.
Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli
Kompyuterdə yığdılar:
Aynur Qəzənfərqızı
Ruhəngiz Əlihüseynova
Korrektoru:
Afət Həşimi
Kompyuter tərtibçisi və
texniki redaktoru:
Aygün Balayeva
Kağız formatı: 60/84 32/1
Mətbəə kağızı: 1
Həcmi: 408 səh.
Tirajı: 200
Kitab AMEA Folklor İnstitutunun Redaksiya-nəşriyyat bölməsində yığılmış, səhifələnmiş, “Nurlan” NPM-də hazır diapozitivlərdən ofset üsulu ilə çap olunmuşdur.
Dostları ilə paylaş: |