Yollar bağlı olduğundan altmış ədəd yüklü araba yığışıb Ağdamda qalmışdı. Bu vəziyyətdən təngə gələn kirəkeşlər və əşya sahibləri divana şikayət etdilər. Divan məmurları həmin adamları Şuşaya qədər müşayiət etmək və sağ-salamat oraya çatdırmaq üçün bir dəstə kazak ayırdılar. Camaat pul toplayaraq iki yüz manat kazakların böyüyünə verdilər ki, bunun yüzü sənindir, yüzünü isə kazaklara payla ki, bu arabaları əmin-amanlıqla şəhərə çatdırsınlar. Ağdamın pristavı da bu arabaların və əşyaların sağ-salamat şəhərə çatdırılacağına söz verdi. Xülasə, kazaklar qabaqda, 40-50 araba isə bir-birinin ardınca düzülüb şəhərə yola düşdülər. Hər iki tərəfi hündür olan dərəyə bənzər bir yerə çatarkən gördülər ki, hündür yerdə ermənilər səngər qurub dayanıblar. Kazakların böyüyü kazaklardan birini çağırıb ona nəsə deyib ermənilərin yanına göndərdi. Arabaçılar və əşya sahibləri şübhələnib, hərə bir gümana düşdü. Bir azdan kazak qayıtdı. Ermənilər isə hər tərəfdən qarışqa kimi qaynaşmağa başladılar. Onlar göyə və arabalara güllə ata-ata arabalara yaxınlaşırdılar. Vəziyyəti belə görən Qala əhlindən olan iki nəfər - Məşədi Dadaş və Ağa İsmayıl arabada olan tüfənglərini çıxardıb arabadan düşdülər və bir daşın dalına girərək ermənilərə atəş açmağa başladılar. Bu atəşi görən ermənilər irəli getməyə cürət etməyərək, geri çəkildilər. Arada bir fürsət yaranan kimi arabaçıların bir parası geri, Ağdama tərəf qaçdılar. İçi dolu on dörd araba isə kazaklarla ermənilərin arasında qaldı. Ermənilər tökülüb həmin arabalarda olan şeyləri qarət etməyə başladılar. Onlar arabalarda olan qəndi və başqa əşyaları kazaklarla bölüşdürdülər.
Qaçan adamlar araba və əşyalarla gəlib Ağdama çıxdılar. Müsəlmanlar əhvalatdan xəbərdar olan kimi xalq dəstə-dəstə yığışıb danışırdılar ki, oranın pristavı bazara gəldi. Həmin saat ermənilər tərəfindən yolda qarət edilmiş 14 arabanın və əşyaların sahibi qalalı Məşədi Səlim adlı birisi pristavın yaxasından tutub dedi ki, qarət edilmiş 14 arabanın və əşyaların qiyməti 40 min manat eləyir. Mənim pullarımı verməlisən. Pristav gördü ki, ölüm məqamıdır. Dedi məni öldürmə, bir kağız verərəm ki, mən sizə 40 min manat borcluyam. Cənab Cəfər bəy Vəzirzadə qol kağızı almağa razı olmadı. Çünki sonra divana deyər ki, məni öldürürdülər, canımın qorxusundan verdim.
Pristav sözlə birtəhər onların əlindən çıxa bildi. İki gündən sonra orada qalan arabaları geri gətirdilər. O günün sabahısı Xankəndinin yaxınlığında ermənilər tökülüşüb qalalı Məşədi Bəşir adlı bir oğlanın 200 qaramalını apardılar.
Həmin günlərdə Qaladan olan Cəmşid adlı bir nəfər Xocalının ətrafında yol kənarında bir dükan açmışdı. Bağlardan satmaq üçün Qalaya gətirilən bəzi əşyaları o, ucuz qiymətə alaraq burada açdığı dükanda başqa yerlərdən gələn ermənilərə satırdı. Cəmşid kişinin övrət-uşağı da özü ilə birlikdə bu dükanda qalırdı. Müsəlmanlar onu məzəmmət edərək nəsihət verirdilər ki, sən müsəlmansan, tutduğun iş şəriətdən uzaqdır, bu dava vaxtı gördüyün işdən əl çək, əks halda peşman olarsan. Cəmşid kişi heç kəsi eşitmədi və öz nəfsinə qarşı çıxa bilmədi. Çox keçmədi ermənilər tökülüb Cəmşid kişini və övrət-uşağını öldürdülər, gözəl bir qızını əsir götürdülər, dükanında olan malları isə qarət edərək dağıtdılar.
Əlavə: Yuxarıda göstərilən tarixdə qalalı Məlik Paşayev ermənilərlə birlikdə altmış min manatlıq misi apararkən müsəlmanlar tərəfindən tutulub Ağdama aparılmışdır.
Dostları ilə paylaş: |