AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
______________________________________________
QARABAĞ:
FOLKLOR DA BİR TARİXDİR
VI KİTAB
(Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış
folklor örnəkləri)
BAKI – 2013
“Qarabağ folklorunun toplanması,
sistemləşdirilməsi və araşdırılması” adlı layihə
əsasında çap olunur.
LAYİHƏNİN RƏHBƏRİ: fil.ü.e.d. Muxtar KAZIMOĞLU
(İMANOV)
TOPLAYIB,
TƏRTİB EDƏN: fil.ü.f.d. Ləman VAQİFQIZI
(SÜLEYMANOVA)
REDAKTOR: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ
NƏŞRİNƏ MƏSUL: fil.ü.f.d. Əziz ƏLƏKBƏRLİ
Qarabağ: folklor da bir tarixdir, VI kitab (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Zərdabi LTD” MMC, 2013.
folklorinstitutu.com
İSBN – 9-789952-810851
Q 4603000000 Qrifli nəşr
N-098-2013
© Folklor İnstitutu, 2013
TƏRTİBÇİDƏN
Biz Qarabağ folklorunun toplanmasına hələ “Şəki folklor mühiti” adlı dissertasiyamızı yazarkən başlamışdıq. O zaman Şəkidə məskunlaşmış qarabağlılardan da xeyli material toplayaraq araşdırmaya cəlb etmişdik. Sonralar, daha dəqiq desək, 2008-ci ildə bir təsadüf nəticəsində, Bakının Yeni Yasamal rayonunda məskunlaşan Cəbrayıl rayon sakinləri ilə görüşdük, Hacı Qaraman ocağının nümayəndələrindən və ziyarətçilərdən iki kaset folklor materialı toplaya bildik.
2012-ci ilin yayında Tərtər rayonuna, həmin ilin payızında isə Şamaxı rayonuna folklor ezamiyyələri zamanı da Tərtər və Kəlbəcər folkloruna aid xeyli material qeydə ala bildik. 2013-cü ildə Biləsuvar rayonunun Cəbrayıl qəsəbələrinə növbəti ezamiyyəmiz də uğurlu alındı. Biləsuvar rayonunda Cəbrayıl sakinlərinin məskunlaşdığı 11 qəsəbə var. Bu qəsəbələr bir-birinə yaxın ərazilərdə yerləşdiyi üçün toplama aparmaq daha asan oldu. Topladığımız materiallar bizdə Qarabağ folkloru haqqında müəyyən təsəvvür yaratdı.
Aldığımız təəssürata əsasən əvvəlcə Qarabağ folklor söyləyiciləri haqqında bir neçə söz demək istəyirik. Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ camaatı da olduqca istiqanlı, qonaqpərvərdir. Hansı qapıya getdiksə, ev sahiblərini gülərüz, xoşsifət gördük. Qarabağlı söyləyicilərimiz bəzi bölgələrimizdən olan folklor söyləyiciləri ilə müqayisədə daha komplekssiz, daha sərbəst danışırdılar. Bütün bunlarla yanaşı, bəzən gəlişimizin məqsədini yanlış anlayan, danışıqlarının televiziya və yaxud da radioya da veriləcəyindən ehtiyat edərək informasiya verməkdən çəkinən söyləyicilərlə də qarşılaşdıq. Hətta əvvəl bizi polislə hədələyən, gəlişimizin məqsədini anlayandan sonra bizə xeyli informasiya verən söyləyicilərə də təsadüf etdik. Elə söyləyicilər də olurdu ki, söylədikləri mətnlərin kitabda öz adlarından deyil, başqalarının adından getməsini istəyirdilər. Bunun da müxtəlif səbəbləri var idi. Ya mətndə işlətdikləri və özlərinin qeyri-etik saydıqları ifadələr və ya şəxsi həyatlarından gətirdikləri misallar (bu, daha çox etnoqrafik mətnlərdə olurdu), danışdıqları mətnlərdən kimlərinsə xəbər tutacağı qorxusu və s. onları buna vadar edirdi. Toplunun əvvəlki cildlərində də vurğulanan “söyləyici ilə bir neçə saatlıq, qaçaraq ünsiyyət onun bütün potensialını üzə çıxarmağa imkan vermir” fikrini burada xatırlatmaq istərdik. Söyləyici birdən-birə qarşısında yad adam görəndə çaşır, üstəlik danışdıqlarının yazılmasını biləndə bir az da həyəcanlanır, nitqi dolaşır, daha quru və rəsmi danışmağa başlayır və s. Bu da istər-istəməz ona bildiyi mətnləri xatırlamağa mane olur. Belə söyləyicilərlə bir-iki saat deyil, bəzən günlərlə söhbət aparmaq lazım gəlir. Bununla demək istəyirik ki, toplama işi bir neçə saatın, bir neçə günün deyil, günlərin, ayların məhsulu olduğu zaman daha uğurlu nəticələr əldə etmək mümkün olur. Fikrimizi daha aydın izah etmək üçün Şamaxı rayonunun Çuxuryurd qəsəbəsində (bu qəsəbədə Kəlbəcər rayonundan didərgin düşmüş həmvətənlərimiz məskunlaşıblar) Kəlbəcər rayonunun Əsrik kənd sakini, 1927-ci il təvəllüdlü Üreyqa Qaraş qızı Verdiyeva (Roza nənə) ilə söhbətimizi olduğu kimi veririk: “Bir yol yığılmışdıx dedığım bu qarının yanına. Belə 10-12 qızdı, gəlindi. Alax çəhmağa getmişdıx. Hamı yığılmışıx bi boş otağa. Qarı düşdü ortalığa:
Yeri, yeri, dam üsdə yeri,
Qızıl cam üsdə yeri.
Əyaxların ağrısa,
Çıx sinəm üsdə yeri.
Bizdən bir gülüş qopdu. Qarıdan nə sözdər çıxır. Biri də çıxdı birin oxudu:
Mən belə dosdu neynirəm?
Dost mənnən küsdü, neynirəm?
Özü xayın, qəlbi pisdi,
Mən belə dosdu neynirəm?”
Söyləyici yuxarıdakı bayatıları deyərkən qəfildən coşdu, əllərini sinəsi bərabərinə qaldırıb çırtıq çala-çala, avazla oxumağa başladı. Onun bu hərəkəti o qədər qəfil alındı ki, biz video-aparatı hazırlamağa belə macal tapmadıq. Xatırladaq ki, biz həmin qadınla beş gün ünsiyyətdə olmuşuq. Ən qəribəsi bu idi ki, söyləyici qadın əvvəlki üç gün ərzində çox utanmış, yalnız bizə isinişdikdən sonra danışmağa başlamışdı. Onu da xatırladaq ki, söyləyici ailə üzvlərinin yanında danışmaq istəməmiş, ikimiz tək qaldığımız vaxt suallara cavab vermişdi. Ailə üzvlərinin yanında danışmağa utanan, təkbətək qaldıqda isə xeyli mətn danışan söyləyicilərlə başqa bölgələrimizdə də qarşılaşmışıq. Biz iki gün ərzində Üreyqa Qaraş qızı Verdiyevadan 121 bayatı, bir tapmaca, bir oxşama, xeyli sayda aşıq şeiri, dastanlardan parçalar və bir neçə rəvayət mətni qeydə ala bildik. Üreyqa (Roza) nənə sonda söhbətimizdən razı qaldığını “Dolu ürəhlər boşaldı, a qızım, çox sağ ol”, – deyə bildirdi.
Folklor söyləyicisi ilə bir neçə gün ünsiyyətdə olmaq söyləyiciyə bildiyi mətnləri daha yaxşı xatırlamağa imkan verir. Söyləyici günlərlə mətn söyləməyə köklənir, hətta toplayıcı yanında olmayanda belə ona danışacağı mətnləri düşünür. Bəzən elə olur ki, yanına bir gündə ikinci dəfə qayıtdığımız söyləyici bütün günü fikirləşdiyini, danışdıqlarından başqa mətnləri də xatırladığını bizə sevinə-sevinə deyir, hətta əlində tutduğu kiçik kağız parçalarını göstərərək mətnlərdən nə isə, məsələn, bayatıların birinci misralarını, hansısa folklor obrazının adını və s. qeyd etdiyini bildirirdi. Hərdən də elə olurdu ki, ailə üzvləri söyləyiciyə mətnləri xatırlamağa kömək edir, “Ay nənə, bizə danışdığın filan nağılı niyə danışmırsan bəs?”, – deyə onu həvəsləndirirlər. Qarabağ folklor örnəklərini toplayarkən elə söyləyicilərlə də qarşılaşdıq ki, onlar özlərindən sonra sözləri xatirə qalsın deyə bildikləri mətnləri evdəkilərə yazdırmış, biz getdiyimiz zaman həmin dəftərləri göstərib: “Ay bala, dedim, ölüm-itim dünyasıdı, qoy yazdırım, mənnən də nəsə qalsın, dayna”, – deyərək yazdırdıqları vərəqləri, bəzən də dəftərləri bizə göstərirdilər. “Ay bala, nə yaxşı gəlib çıxdın, səni mana Allah göndərip. Elə dünən oturub gileylənmişdim ki, bir bu qədər şeyi özümnən qəbrə aparacam, bir yazan da yoxdu”, – deyə gəlişimizdən məmnunluğunu gizlətməyən söyləyicilərlə də qarşılaşırdıq. Qeyd edək ki, yazdırılan mətnlər arasında bayatılar üstünlük təşkil edirdi. Qəribə burası idi ki, bəzən söyləyicilər bir neçə il, hətta bir neçə ay bundan qabaq öz dillərindən yazıya alınmış mətnləri bizə söyləməkdə çətinlik çəkir, “Ay bala, huşum gedib ey”, “təzyiq, şəkər məndə ağıl qoyub ki” kimi cümlələr işlədirdilər. Amma evdəkilərin yazılmış mətnin birinci cümləsini oxumaları kifayət edirdi ki, söyləyici mətnin qalanını desin. Söyləyicilərdən mətn yazılmış vərəqləri, dəftərləri istədiyimiz zaman tərəddüd edir, bəzən də üzünü köçürüb qaytarmaq şərti ilə verə biləcəklərini deyir, hətta bunun üçün bizə vaxt da qoyurdular.
Mətnlər söylənərkən üzümüzdə məmnun ifadəni görən bəzi söyləyicilər: “Xoşuna gəlir, yoxsa yalannan belə eliyirsən? Eyy, hələ sən ağlaşmada durasan gennən, üzünü tutasan mana. Görərdin xalan nə füğan eliyir”, – deyərək daha da həvəslə danışırdılar.
Söyləyicilərə gəlişimizin məqsədini izah edərkən bəzən “Şirin danışım, yoxsa Vətənin dağılmasından?”, – deyə sual verirdilər. Demək olar ki, rastlaşdığımız əksər söyləyicilər “şirin danışmaqla” yanaşı, torpaqlarımızın işğalından da danışırdılar. Hansı janrda nümunə danışmaqlarından asılı olmayaraq, orada hökmən qaçqınlığa, yurd həsrətinə aid detallar olurdu. Danışılan nümunələrdə həm də ayrıca müharibə xatirələri vardır ki, bunların bir qismini kitaba daxil etmişik.
Bəzən ətrafdakıların “çox şey bilir” deyə nişan verdikləri söyləyicilər “Yox, ay bala, oğullarımın icazəsin almamış mən danışa bilmərəm”, “Axı mənim uşaxlarım da yazandılar, jurnalisdilər. Saa danışınca onnara danışaram ki, onnarın adınnan çap olunsun da”, – deyib folklor mətni danışmaqdan imtina edirdilər.
Qarabağda bayatı janrının aktivliyini nəzərə alaraq, həmin janrla bağlı bəzi qənaətlərimizi paylaşmağı məqsədəuyğun sayırıq. Söyləyicilər bayatılara Qarabağa aid toponimləri əlavə etməklə onları bir növ “özününküləşdirirdilər”. Onların bayatılara əlavə etdiyi söz və ifadələri mətndə olduğu kimi saxlamaq qərarına gəldik. Onu da qeyd edək ki, söyləyicilər bizim xahişimizdən sonra (bəzən heç soruşmadan da!) bayatıların söylənmə auditoriyaları barədə də məlumat verirdilər. Nəzərə alaq ki, vaxtilə Azərbaycan bayatılarının söylənildiyi kontekst haqqında məlumat verilmədiyi üçün bayatılarımız, sadəcə, harada və nə üçün söyləndiyi məlum olmayan dörd misralı şeir parçalarına çevrilmişdir. Bu da müasir dövrdə istər-istəməz bayatının funksiyasını anlamaqda çətinlik yaradır. Odur ki, söyləyici əlavələrini mətnin içərisində kursivlə verməyi məqsədəuyğun saydıq. Bunlar bayatının formasını pozsa da, mətnin təbiiliyini, canlılığını qoruyub saxlamağa xidmət edir:
Yeri, yeri, çisginim, yeri,
Dumanım, çisginim, yeri.
Yaxşı Soltannıda keçirdiyimiz günnərimiz getdi,
İndi yeri, pis günüm, yeri.
Aşıq, illər ayrısı,
Bülbül güllər ayrısı.
Ay Soltannıda qoyup gəldiyimiz qavırrar,
Bir günüüzə dözməzdim,
İndi oldum illər ayrısı.
Adətən, söyləyicinin mətnə əlavəsi özünü daha çox üçüncü misrada göstərir. Bu misra sərbəst misra olduğu üçün söyləyici əlavələrinə xüsusi imkan yaranır:
Mən aşığam, al mənnən,
Sarı mənnən, al mənnən.
Mən bu cana borşduyam, məni nahax yerə
gejihdirdin,
Gə bu canı al mənnən.
Arxalığın aldımışam,
Yaxalıx saldımışam.
Elə ellərimiz dağıldı, evlərimizdən oldux,
qaşqın düşdüh, adımıza qaşqın dedilər,
Onda ürəyimi aldımışam.
Bəzən söyləyici fikirlərini bu janrda ifadə etmək üçün qətiyyən formaya, ölçüyə fikir vermir, bayatıya istədiyi qədər söz və ifadə artırır. Burada söyləyicinin bayatı mətnini pis bilməsindən söhbət gedə bilməz, sadəcə, məqsəd duyğuların ifadəsidir, ona görə də hərdən məşhur bayatılarımız belə formasını dəyişir. Məsələn, aşağıda nümunə kimi verdiyimiz məşhur bayatının müasir formasına baxaq. Qeyd edək ki, hər iki variant Cəbrayıl rayonundan olan söyləyicilərin dilindən qeydə alınıb:
Aman fələh, dad fələh,
Heç olma gəl şad, fələh.
Bizə verdığın zəhərdən,
Bir özün də dad, fələh.
Fələh, fələh, dad, fələh,
Hurrey, fələh, şad fələh,
Bizim bu cahılları qırdın,
bizə köşkünnüh, qaşqınnıx qismət elədin,
Bizə pişirdiyin plovdan
Bircə sən də dad, fələh.
Bəzi hallarda söyləyici əlavələri bayatıda misraların sayının beşə, altıya çatmasına səbəb olur:
Qardaşı ölən qızdar bilir.
Göynən uçan üş qardaş.
Xançalı gümüş, qardaş.
Xeyrim-şərim olanda, ay qardaş,
Saçım sənə üzəngi,
Gəl qapımda düş, qardaş.
Qarabağdan toplanmış bayatıların kiçik bir qismi də cavab tələb edən bayatılardır. Müasir dövrdə belə bayatılara az rast gəlməyimiz həmin nümunələrin dəyərini bir az da artırır. Hiss olunur ki, bu bayatılar hansısa mərasimdə (aşağıdakı misallarda yasda) söylənmiş, mərasim özü unudulmuş, orada söylənmiş folklor mətnlərinin parçaları isə hələ də xalq arasında dolaşmaqdadır:
Əli bellilər, haray,
Şana tellilər, haray!
Balam ölüf, dəhnədən arxım üçüf,
Əli bellilər, haray!
Əli belli neynəsin,
Şana telli neynəsin?
Bir adam ki Allah-taaladan hebelə ola,
Ona əli belli neynəsin?
Və yaxud:
Ceyran, çölə bir də gəl!
Ördəh, gölə bir də gəl!
Nənən, dədən ağlamaxdan ölür, bala,
səni ant verrəm Allaha,
Bizim elə bir də gəl!
Sizin elə gəlmərəm,
Ceyran, çölə gəlmərəm,
Ördəh, gölə gəlmərəm!
Gəlmişəm qoşa dayılarımın yanına, gəlmişəm
xalamın yanına,
Ay nənə, tay sizin elə gəlmərəm!
Xatırladaq ki, biz bu bayatıları deyişmə formasında deyil, bir söyləyicinin ifasında qeydə alırdıq. Amma ehtimal etmək olar ki, bu bayatılar vaxtilə deyişmə formasında oxunmuşdur.
Bəzən söyləyicilər müasir dövrlə bağlı bayatılar da söyləyirdilər. Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovla bağlı deyilən bayatılar bu fikrin sübutudur.
Kitaba salınmış bayatıların bir səciyyəvi cəhəti də müəyyən hissəsinin Hacı Qaraman ocağının nümayəndələrinin dilindən deyilməsidir. Bu halla Cəbrayıl rayonunun Sirik kəndindən olan söyləyicilərin repertuarında rastlaşdıq.
Qarabağlılardan xeyli layla da qeydə almışıq. Bunların böyük əksəriyyəti məlum layla mətnləridir. Söyləyicilər laylaları daha çox şeir kimi deməyə meyilli idilər. Hərdənbir bizim xahişimizdən sonra laylaları avazla oxuyurdular. Cəbrayılın Sirik kənd sakini, təxminən 80 yaşlı Ayna Xıdır qızı Əhmədovanın söylədiyi mətnlər isə dini zikrlərin layla formasında ifadəsi idi. Biz də həmin mətnləri “Dini şeirlər” bölməsində deyil, “Laylalar” bölməsində verdik.
Bəzən söyləyicilərdən nəvələrinə nağıl danışıb-danışmadığını soruşanda, “Eh, ay bala, indi nağıla qulağ asan var? Bütün günü oturullar telvizorun qavağında” – deyə gileylənirdilər. Buna baxmayaraq, qarabağlılardan xeyli nağıl qeydə ala bildik.
Mifoloji mətnləri danışan bəzi söyləyicilər danışdıqları mətnə o qədər də inanmır, “hamsı əfsanə şeylərdi”, “əvvəllər olufdusa da, indi elə şeylər yoxdu” kimi ifadələr işlədir, bəzən də “guya”, “guya da” kimi şübhə bildirən sözlərdən istifadə edirdilər. Ancaq bu, mütləq hal deyil. Söyləyicilərin əksəriyyəti danışdıqlarını baş vermiş hadisələr kimi qəbul edir, onları məhz özlərinin, yaxınlarının, qonşularının, kənddə və yaxud da qonşu kənddə kimlərinsə başına gələn hadisələr kimi qələmə verirdilər.
Digər bölgələrimizdə olduğu kimi, qarabağlı söyləyicilərimiz də alqışları həvəslə söyləyir, qarğış deməkdən isə çəkinirdilər. Çəkinməyin səbəbi o idi ki, alqış və ya qarğış söyləməyi xahiş etdikdə onlar həmin sözlərin (alqış və qarğışların) bizə ünvanlanacağını zənn edirdilər. Buna baxmayaraq, müəyyən qədər alqış və qarğış nümunəsi qeydə ala bildik. Qarabağdan qeydə aldığımız alqış və qarğışların arasında “Kitabi-Dədə Qorqud”la səsləşən mətnlərin olduğunu da müşahidə etdik:
Axar sular həmməşə axsın.
Qoyun olanda deyirlər, dırnağı bərk olsun.
Mal olanda deyirlər, höörü qalın olsun.
Üzün ağ olsun,
Yediyin yağ olsun,
Mindiyin bir köhlən daylağ olsun,
Gəzdiyin yaylağ olsun!
Atının dalınca qulun səhməsin.
Yükün binə tutmasın.
Yükün kölgə salmasın.
Yükün yığılmasın və s.
Kitaba “Bazar sözləri” və “Xörək sözləri” adlı bölmələr də daxil etmişik ki, bunları ilk təcrübə saymaq olar. Bu tipli mətnlər xalq arasında geniş yayılsa da, nisbətən az toplanan materiallar qrupuna aiddir. Görünür, bu materialların az toplanması həmin mətnlərin ezamiyyələr zamanı qeydə almağın çətinliyi ilə bağlıdır. Çünki atalar sözlərində olduğu kimi, bu mətnləri də toplamaq digər mətnlərlə müqayisədə daha çox vaxt tələb edir. Digər bir tərəfdən bu janrlar hər kəs tərəfindən deyil, daha çox müəyyən peşə sahibləri tərəfindən söylənilir. Odur ki, bu nümunələri iş prosesində (məsələn, bazar sözlərini elə bazarda) qeydə almaq daha effektiv nəticə verir.
Qarabağlılardan xeyli tapmaca da topladıq. Bunların bir qismi də riyazi məsələ formasında qurulan tapmacalardır. Digər bölgələrimizdə olduğu kimi, bu ərazidə də elə tapmacalarla qarşılaşmaq mümkün idi ki, müxtəlif tapmacaların açması eyni əşyadır. Bəzən də eyni tapmacanı söyləyicilər müxtəlif cür cavablandırırdılar.
Qarabağ folklorunun ən maraqlı janrlarından biri də oyunlardır. Azərbaycanda mövcud olan əksər oyunlar, demək olar ki, Qarabağ bölgəsində də mövcuddur. Ancaq bəzən Qarabağda digər bölgələrdə rastlaşmadığımız oyunlarla da qarşılaşırıq. Onlardan biri – “Cəhribəyim” oyunu üzərində dayanmaq istəyirik. “Cəhribəyim” oyununun adını Tərtər rayonunda eşitsək də, haqqında heç bir məlumat ala bilməmişdik. Cəbrayıl rayonu sakinlərdən isə bu oyun barədə xeyli material toplaya bildik. “Cəhribəyim” oyunu bu rayonda XX əsrin təxminən 50-ci illərinədək aktiv şəkildə oynanılarmış. İndi isə “Cəhribəyim” yalnız bəzi söyləyicilərin hafizərində, o da sönük şəkildə yaşayır. Qeyd edək ki, “Cəhribəyim” oyunu ilə bağlı xatirələri daha çox Cəbrayıl rayonunun Nüzgar, Sirik, Böyük Mərcanlı kəndlərinin sakinlərindən toplamışıq. Bəzi söyləyicilər bu oyunun yalnız qadınlar tərəfindən oynanıldığını vurğuladılar, bəziləri isə uşaqlar tərəfindən də ifa olunduğunu qeyd etdilər. Nüzgarlı söyləyicinin isə dediyinə görə, “Cəhribəyim” oyunu oynanılan yerlərə uşaqları və kişiləri buraxmazmışlar. Onların verdikləri məlumata görə, “Cəhribəyim”i oynayan qadınlar çöməlib oturmuş vəziyyətdə, gedə-gedə oxuyarmışlar. Ətrafda dayanıb sadəcə, oyuna tamaşa etməklə kifayətlənənləri isə oyun iştirakçıları qucaqlarına alaraq kolluğa, qanqallığa atarmışlar və bu, həmin adamlar tərəfindən heç də narazılıqla qarşılanmazmış. Sirik kəndindən olan söyləyicilər isə oyunun ayaqüstə, “didişmə” formasında oynanıldığını deyirdilər. Bir qadın o tərəfdən, bir qadın isə bu tərəfdən oxuya-oxuya gələrmiş, bir-birinə yaxınlaşdıqda isə “didişərmişlər”. Sözlərindən qalan parçalar da oyunun hərbə-zorba xarakterli olduğunu sübut edir:
Təknə-tabax Cəhribəyim,
Palazqulax Cəhribəyim...
Halay qurax, Cəhribəyim,
Güzgü-darax Cəhribəyim,
Gəlin quraq Cəhribəyim,
Hu, Cəhribəyim, hu, Cəhribəyim.
Qarı küsər, payın kəsər, Cəhribəyim ...
Təəssüf ki, rastlaşdığımız heç bir söyləyici orada oxunan mahıların tam mətnini söyləyə bilmədi. Onlardan bəziləri həmin mahnılarda “hu, hu” nidasının bol olduğunu xüsusi qeyd edirdilər.
Söyləyicilər hətta həmin oyunu oynayan qadınlardan ikisinin – Sirik kənd sakinləri Mirvari və Qara Balaxanımın adını xüsusi qeyd etdilər. Həmin qadınlar bu oyunun ən gözəl ifaçıları hesab olunurmuşlar. Cəhribəyim oyununun necə yaranması ilə bağlı bir mətn də qeydə aldıq. Həmin mətndən aydın olur ki, ilk dəfə nahaq şərə düşmüş bir qadın şərdən qurtardıqdan sonra sevindiyindən yerdə çöməltmə oturaraq hoppana-hoppana bu oyunu oynamışdır. Bəzi söyləyicilər oyunun Axır çərşənbədə oynanıldığını, bəziləri isə həm adi günlərdə, həm Axır çərşənbədə, həm də iməciliklərdə oynanıldığını deyirdilər. Bəzən də müxtəlif sanamaların sözlərini (Usubbı, ay Usubbu və s.) də “Cəhribəyim”i oynayarkən oxunan sözlər kimi qələmə verirdilər.
Qarabağ folklorunun ən aktiv janrlarından biri də seyidlər, ocaqlarla bağlı söylənən rəvayətlərdir. Cinsindən, yaşından, təhsil səviyyəsindən asılı olmayaraq, demək olar ki, hər bir söyləyici bu janrda mətnlər danışa bilirdı. Tərtər rayonunda Bəyimağa, Seyid Yasin ağa, Seyid Yusif ağa və s. seyidlərlə bağlı rəvayətlər, Kəlbəcər rayonunda Seyid Usub ağa, Seyid Rza ağa, Şıx Həsən və b. adamlarla bağlı mətnlər, Cəbrayıl rayonunun sakinləri arasında isə Hacı Qaraman ocağı ilə bağlı rəvayətlər daha geniş yayılmışdır. Burada Hacı Qaraman ocağını xüsusilə qeyd etmək istəyirik. Cəbrayıl rayonunun, xüsusilə də Sirik kəndi və ətraf kəndlərin sakinləri Hacı Qaramanın və bu ocağın digər nümayəndələrinin adı çəkilən mətnləri daha həvəslə danışırdılar. Onlar arasında bu ocağa böyük məhəbbət və sonsuz inam müşahidə etdik. Həmin ocağın nümayəndələrindən danışanda “Onlara canım qurban, ay bala” – deyə ağlamsınan nə qədər söyləyici ilə rastlaşdıq.
Qarabağ lətifələri bir sıra xüsusiyyətlərinə görə maraq doğurur. Bu layihə əsasında çap olunmuş kitablara Azərbaycan folklorunun klassik lətifə qəhrəmanları Molla Nəsrəddin, Bəhlul Danəndə ilə bağlı xeyli lətifə salınmışdır. Eləcə də Qarabağ folklorunun yerli lətifə qəhrəmanları ilə bağlı lətifələr də bu kitablarda kifayət qədərdir. Bizim topladığımız materialların arasında da xeyli lətifə vardır. Qarabağ lətifələrində maraqlı cəhətlərə rast gəlmək mümkündür. Bu lətifələrdən birində iki süjet birləşib. Lətifədə göstərilir ki, Mollanın xəbərdarlığına məhəl qoymayan oğlan ağacdan yıxılır və Molladan əcəlinin çatıb-çatmadığını öyrənmək istəyir. Mollanın cavabından sonra əslində lətifə tamamlanmalı idi, ancaq buraya daha bir süjet – qəbirdə yatma əhvalatı salınaraq lətifə davam etdirilir. Qarabağ lətifələrində həm də klassik lətifə qəhrəmanlarının müasir lətifələrdə iştirakını müşahidə etdik. “Mollayla aşıq”, “Mollayla rəis” bu tipli lətifələrə misal ola bilər. Qarabağlılar arasında Şəki lətifələri də söylənilir. “Ha indi kto tam?” adlı lətifə dediyimiz fikrin sübutudur.
Eyni süjetin müxtəlif folklor janrlarında təzahürü Azərbaycan folklorunda özünü göstərən haldır. Bu hadisə ilə Qarabağ folklorunda da rastlaşdıq. Vaxtilə Şəkidən topladığımız “Aldanmış vəkil” adlı nağılın Qarabağ ərazisində lətifə variantını müşahidə etdik (“Hamıya dız, maa da dız?”). Bu kitabın “Nağıllar” bölməsinə salınmış “Korun nağılı” və “Lətifələr” bölməsində verilmiş “Molla Nəsrəddinin fırıldağı”mətnləri də eyni süjet əsasında qurulmuşdur.
Təbii ki, Qarabağ folkloru yalnız yuxarıda adlarını sadaladığımız janrlarla məhdudlaşmır. Orada Azərbaycan folkloruna aid bütün janrlarla, həm də onların ən orijinal nümunələri ilə qarşılaşmaq mümkündür.
Toplama zamanı bizə göstərdikləri köməyə görə Tərtər rayonunun Evoba kənd sakini Azad Talıb oğlu Orucova və ailəsinə, Kəlbəcər rayonunun Əsrik kənd sakini Ayaz Məlik oğlu Verdiyevə və ailəsinə, Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Kamil Məhəmməd oğlu Nəcəfova və ailəsinə, eləcə də Cəbrayıl rayonunun Şahvəlli kənd sakini Məhəmməd Əhməd oğlu Maqsudova və keçmiş tələbələrim Gülnar Akif qızı Həsənovaya, Eldəniz Kamil oğlu Nəcəfova dərin minnətdarlığımızı bildiririk.
Dostları ilə paylaş: |