N = QP/V Burda N – tədavül üçün zəruri olan pul kütləsinin miqdarı;
Q - dövr ərzində istehsal edilən məhsul, iş və xidmətlərin həcmi;
P - məhsul, iş və xidmətlərin bir vahidinin qiyməti;
V - pulun dövriyyə sürətidir.
Hazırkı şəraitdə qiymətlərin dövlət tənzimlənməsi ziddiyyətli məsələlərdən biridir. Bir tərəfdən dövlət orqanları daxili sosial vəziyyəti kəskinləşdirən və ölkənin xarici - iqtisadi əlaqələrində mənafeyinə mənfi təsir göstərən inflyasiya proseslərinin inkişafını cilovlamağa çalışırlar, digər tərəfdən isə inhisarların mənafeyinin ifadəçisi kimi onların maraqlarını müdafiə edirlər. Ümumən qiymətlərin dövlət tənzimlənməsi dövlətin qanunvericilik, inzibati və büdcə maliyyə tədbitlərinin köməyi ilə qiymətlərə təsir etmək cəhdidir. Bu yolla dövlət iqtisadi sistemin sabit inkişafına, başqa sözlə, qiymətlər vasitəsilə təkrar istehsalın dövri tərəddüdlərinin nizamlanmasına nail olmağa çalışır.
Konkret təsərrüfat quruluşundan asılı olaraq qiymətlər tənzimlənməsi mahiyyəti etibarı ilə böhrana qarşı və ya infilyasiyaya qarşı mübarizə xarakterli ola bilər.
Qiymətlərin tənzimlənməsi inhisarlaşma dərəcəsinin aşağı olduğu və milli inhisarların mənafelərinin bir-birinə zəif ziddiyət təşkil etdiyi sahələrdə daha geniş tətbiq olunur. Onlara əsasən kənd təsərrüfatı, elektroenergetika və emaledici sənayenin bəzi sahələri aid edilir.
1.2 Qiymətlərin əmələgəlməsi prosesində yaranma sferası və təsir mexanizmi nöqteyi-nəzərdən qiymətlərin tənzimlənməsinin aşağıdakı bir neçə formasını ayırmaq olar:
istehsal və tədavül sferasında dövlətin birbaşa iştirakı ilə qiymətlərin tənzimlənməsi;
əmtəə bazarlarının tələb və təklif balanslarına təsir etmək yolu ilə qiymətlərin tənzimlənməsi;
antiinhisar qanunvericiliyi ilə tənzimləmə;
gəlir siyasəti ilə;
pul tədavülü sferası vasitəsilə konyunkturanın tənzimlənməsi yolu ilə.
Qiymətlərin tənzimlənməsinin bir qayda olaraq 3 dərəcəsi fərqləndirilir ki, bu da qiymət növləri üzrə müəssisələrin müstəqilliklərinin məhdudlaşdırılması formasını özündə əks etdirir:
1. Dövlət tərəfindən qiymətlərin təsbit olunması. Bu zaman dövlət qiymətləri özü qoyur və 3 üsulla təsbit edir:
a) dövlət preyskurant qiymətlərini tətbiq etməklə;
b) sərbəst bazar qiymətlərinin “dondurulması” ilə;
c) inhisar qiymətlərini təsbit etməklə.
2. Dövlət tərəfindən qiymətlərin tənzimlənməsi. Burada dövlət müəssisənin özünün qiymətqoymasına uyğun olaraq onun üçün qayda müəyyən edir. Dünya təcrübəsində qiymətlərin tənzimlənməsinin aşağıdakı üsulları müvcuddur:
a) qiymətlərin sən hədd səviyyəsinin müəyyən edilməsi;
b) təsbit olunan preyskurant qiymətlərinə son hədd güzəştlərinin və ya əmsallarının müəyyən edilməsi;
c) pərakəndə satış qiyməti elementlərinin son hədd kəmiyyətinin müəyyən edilməsi;
d) birdəfəlik qiymət artımlarının sən hədd səviyyəsinin müəyyən edilməsi;
e) inhisar qiymətləri üzərində dövlət nəzarəti;
f) dövlət müəssisələri tərəfindən qiymət qoyulması yolu ilə bazar qiymətlərinin tənzimlənməsi.
3. Sərbəst (müqavilə) qiymətlərin qoyulması. Bu zaman dövlət ədalətsiz rəqabətə və bazarın inhisarlaşdırılmasına bir sıra qadağalar tətbiq etməklə bazarda “oyun qaydası”nı müəyyən edir. Həmin qadağalar aşağıdakılar ola bilr:
a) qiymətlərin üfiqi təsbit olunmasına qadağa;
b) qiymətlərin şaquli təsbit olunmasına qadağa;
c) qiymət ayrıseçkiliyinə qadağa;
d) dempinqə qadağa;
e) “ədalətsiz” qiymət reklamına qadağa.
1.3 Dövlətin qiymətin əmələgəlməsi prosesinə təsiri qiymətlərin tənzimlənməsinin birbaşa və ya inzibati və dolayı və ya iqtisadi metodlarının əlaqələndirilməsi əsasında reallaşır. Bu metodların ölkələr və ayrı-ayrı dövlətlər üzrə nisbətləri müxtəlifdir.
Qiymətlərin birbaşa tənzimlənməsi başlıca olaraq ictimai istifadə (istehlak) sahələrində (elektroenergetika, nəqliyyat, rabitə, su təchizatı və s.) tətbiq olunur.Bu sahələrdə qiymət və tariflər adətən inhisarlarla münasibətdə aşağı və ya yüksək mənfəət normaları əsasında müəyyən olunur.
Qiymətlərin dövlət tənzimlənməsi iqtisadiyyatın inkişafında respublikanın tələbatına, inhisarların marağına və onların dünya bazarında konkret mövqelərinə cavab verən yüksək inkişaf sürətinin və stuktur irəliləyişlərin stimullaşdırılması üçün tətbiq olunur.
Qiymətlərin tənzimlənməsinin dolayı metodları qiymətlərin özünə deyil qiymətlərin əmələgəlməsi ilə bağlı olan amillərə təsir dairəsində ortaya çıxır. Buna misal olaraq pul vəsaitlərinin emissiyası da daxil olmaqla, vergi, kredit və valyuta siyasətinin köməyilə məcmu tələbin tənzimlənməsini göstərmək olar. Belə tədbirlər nəticəsində bir çox sahələrdə istehlak və məşğulluqla bağlı məsələlər stimullaşdırılır ki, bu da öz növbəsində istehlak malları bazarına və əhalinin tədiyə qabiliyyətli tələbinin həcminə təsir göstərir.
İnkişaf etmiş ölkələrdə dövlət tənzimlənməsinin dolayı metodlarına dövlət tərfindən torpaq rentasının uçot dərəcələrinin, əmək haqqının (əgər qiymətlərin birbaşa tənzimlənməsi ilə əlaqədar deyilsə), eləcə də qiymətlərin əmələgəlməsinə təsir göstərən digər amillərin təmzimlənməsinə yönəldilmiş fəaliyyətlər də aid edilir.
Qiymətlərin əmələgəlməsinə təsirin dolayı metodları adətən konyunkturanın dəyişdirilməsinə, maliyyələşdirmə, valyuta və vergi əməliyyatları sahəsindəki vəziyyətin sabitləşməsinə, ümumilikdə isə tələb və təklif arasındakı nisbətin normalaşdırılmasına yönəldilmişdi. Həmin təsir vasitələrinə dövlət tədarükü, vergi sistemi, pul tədavülü və kredit sisteminin tənzimlənməsi, dövlət xərclərinin tənzimlənməsi, dövlətin əsaslı vəsait qoyuluşu, amortizasiya normalarının müəyyən edilməsi və s. aiddir. Bu vasitələrdən istifadə etməklə dövlət tələb və təklif arasında tarazlığın təmin edilməsinə çalışır ki, bununla da bütün iqtisadiyyat miqyasında qiymətlərin tədricən və bərabər səviyyədə artımı üçün şərait yaradılır.
Bir çox hallarda qiymətlər üzərində nəzarətin birbaşa metodları dolayı metodlarla təkcə qarşılıqlı əkslikdə deyil, həm də üzvi əlaqədə olurlar: antiinflyasiya siyasəti və qiymətəmələgəlmə prosesinə dolayı təsir üzrə onunla bağlı olan tədbirlər dövlətin birbaşa təsir metodları ilə tamamlanırlar. Dövlət istehsal xərclərinin ayrı-ayrı maddələrinə nəzarət etməklə, qiymətlərin tədqiq edilmiş səviyyədə saxlanılması yaxud “dondurulması”, qiymətlərin hərəkətinin müəyyən rejimlərinin tətbiq edilməsi vasitəsilə müəssisələrin məhsullarının qiymətləri üzrə qərarlarına müdaxilə edir.
Qiymətlərin tənzimlənməsi məsələsində mütləq qeyd edilməlidir ki, dövlətin qiymətlərə və ümumən iqtisadiyyata təsiri kortəbii bazar mexanizminin neqativ tərəfləri ilə obyektiv müəyyən olunur, o cümlədən iqtisadiyyatın tarazlığı və qiymətlərin sabitliyi cəmiyyətdə sosial və siyasi irəliləyişlərə gətirib çıxara bilən böhranlı hadisələr vasitəsilə təmin edilir. Bu kimi halların yumşaldılması yaxud aradan götürülməsi üçün dövlət tənzimlənməsi vasitələrindən istifadə edilir. Belə tənzimlənmənin nəticəsi iqtisadi dəyişikliklərin xarakter və səviyyəsindən asılıdır.
Qiymətlərin iqtisadi və ya dolayı tənzimlənməsi inkişaf etmiş ölkələrin təcrübəsində qiymətlərin tənzimlənməsinin əsas metodudur. Beləki, bu zaman bazar mexanizminin fəaliyyəti pozulmur, qiymətin iqtisadi əsaslandırılması və onların dünya bazar qiymətləri ilə əlaqəsi saxlanılır.
İqtisadi tənzimləmə, dəyişdirilməsi imkanları dövlət orqanlarının səlahiyyətlərinə aid olan iqtisadi vasitələrlə - vergi, maliyyə-kredit, büdcə, valyuta və gömrük siyasəti vasitəsilə həyata keçirilir.
Qiymətlərin inzibatı və ya birbaşa tənzimlənməsi konkret iqtisadi və sosial şəraitdə qanunların, hökumətin qəbul etdiyi qərarların əsasında xüsusi dövlət orqanları tərəfindən həyata keçirilir. Lakin bununla yanaşı qiymətləri inzibati metodlarla tənzimləyərkən bazarın qanunauyğunluqlarını nəzərə almaq lazımdır. Çünki bazar münasibətləri şəraitində qiymətlərin ən başlıca tənzimləyicisi bazar və rəqabətdir. Qiymətlərin dövlət tənzimlənməsi isə yalnız qiymətlərin bazar mexanizmi çərçivəsində tənzimlənməsini tamamlamaq məqsədi güdür. Ona görə də qiymətlərin dövlət tənzimlənməsinin müəyyən həddi olmalıdır.
İctimai-iqtisadi inkişafın müxtəlif mərhələlərində qiymətlərin tənzimlənməsinin fərqli və çoxsaylı metodları tətbiq edilmişdir. Müasir təsərrüfat mexanizminin tələblərinə uyğun olan tənzimləmə metodlarını aşağıdakılar təşkil edir:
- Qiymət səviyyəsinin qeydiyyatdan keçirilməsi yolu ilə nəzarətin təşkili. Bu işlə mərkəzi ststistika idarəsi, beynəlxalq təşkilatlar, nüfuzlu siyasi partiyaların tədqiqat mərkəzləri məşğul olur. Burada məqsəd əhalinin real gəlirlərinin orta illik dinamikasını izləmək, həmçinin qiymət artımının istehsal xərclərinə və milli rəqabətin davamlılığına təsirini aydınlaşdırmaqdır.
- Qiymətlərə dolayı təsir. Dövlət qiymətlərə xarici ticarətə gömrük və kəmiyyət məhdudiyyətini tətbiq etmək və ya ondan imtina etməklə, vergilərin planlaşdırılması ilə uçot dərəcələrinin dəyişdirilməsindən istifadə etməklə təsir edir.
- Qiymətlərin əmələgəlməsi prosesinə dövlət müdaxiləsi. Burada dövlət tərəfindən sanksiyalaşdırılmış dövriyyə xərclərinin artırılması, maya dəyərinə amortizasiya ödəmələrinin artırılması, digər fondlara ödəmələr nəzərdə tutulur. Nəticədə bütün sahələrdə yüksək xərclərin qiymətlərə təsiri özünü biruzə verir.
- Qiymətlərdə liderlik. Bu o sahələrdə müşahidə olunur ki, orada həm dövlət, həm də özəl müəssisələr olsun. Əgər dövlət müəssisələri çoxluq təşkil edirsə və bazara nəzarət edirsə, onda istehsala öz müəssisələrində qoyduğu qiymət məhdud bazarda lider qiymət sayılır. Bu qiymətlər bir sıra sahə üzrə bütövlükdə əmtəələrin qiymətini müəyyənləşdirirlər.
- Qiymətlərə dövlətin birbaşa təsiri. Bu dövlət büdcəsindən ayrılan subsidiyalar vasitəsilə reallaşır. Belə subsidiyalardan biri də müəyyən əmtəə və xidmətlərə qiymətlərin azaldılması və yaxud da dondurulması, yəni qiymət subsidiyalarıdır ki, onlar da istehsalçıya və ya istehlakçıya xüsusi ödəmələrin (dövlət dotasiyalarının) edilməsi yolu ilə qiymətlərin azaldılmasını nəzərdə tutur. Qiymətlərə dövlətin birbaşa təsirinin səmərəli vasitələrindən biri ƏDV-dir. Birbaşa dövlət müdaxiləsi aksizli əmtəələrə qiymətlərin müəyyənləşdirilməsində dövlət siyasətidir. Qiymətlərə dövlətin təsirinin xüsusi istiqaməti xarici ticarət qiymətləridir. Dövlət mal idxal və ixrac edənləri vergidən azad etməklə, bəzi hallarda isə onlara hətta ixracat subsidiyaları, güzəştli gömrük vergisi, güzəştli nəqliyyat tariflərinin verilməsi ilə təsir edir. Daxili bazarda idxal olunan əmtəələrə yüksək qiymət qoyulması və həmçinin yüksək gömrük vergisi ilə xarici rəqabətin məhdudlaşdırılması, daxili bazarda rəqabətin zəifləməsinə, təklifin məhdudlaşdırılmasına, idxal məhsullarının qiymətinin qiymətinin artmasına və nəticədə yerli istehsal məhsullarının da qiymət artımına gətirib çıxarır. Daxili qiymətlərə idxal məhdudiyyətinin təsirinin kəmiyyət səmərəsini yüksək dəqiqliklə müəyyən etmək zəruri hesab edilir.
- İqtisadiyyatın dövlət bölməsində istehsal edilən əmtəələrə təsbit olunmuş güzəştli qiymətlərin və xidmətlərə tariflərin müəyyən edilməsi. Bunlara misal kimi dövlət müəssisələrində hasil edilən xammalın qiymətini, elektrik enerjisinin qiymətini, dövlət bölməsində dəmiryol və poçt-teleqraf xidmət tariflərini göstərmək olar. Bu təsbit edilmiş qiymətlər və yaxud onların artması həddinin müəyyənləşməsi inzibati təsərrüfat tənzimlənməsinin tipik vasitəsidir. Əsasən bu tənzimlənmə az hallarda tətbiq edilir, bir qayda olaraq bazar iqtisadiyyatında uzunmüddətli, hətta ortamüddətli aspektində səmərəsiz olur və çox vaxt sosial gərginliyin zəiflədilməsi kimi xüsusi şəraitdə tətbiq edilir. Dövlət mülkiyyətinin bu obyektlərində rentabelliyin süni yolla azaldılması hesabına dövlət sektorunda dövriyyə xərclərinin azaldılması və milli rəqabətin güclənməsinə nail olunur.
- Qiymətlərin təsbit edilməsi və yaxud da onların artım hədlərinin müəyyən edilməsi formasında qiymətlər üzərində dövlət nəzarəti. Qiymət tənzimlənməsi nəzarət vasitəsi kimi sosial gərginliyin kəskinləşdiyi bir şəraitdə tətbiq edilir.