Qloballaşma dövründə Azərbaycan və insan hüquqları.
XXI yüzillik dünyaya qloballaşma əsri kimi daxil olmuşdur. Yaşadığımız hazırkı dövr dünya ölkələri üçün radikal sosial, iqtisadi, siyasi, mədəni və mənəvi dəyişikliklərlə səciyyələnir. Dövlətlər arasındakı sərhədlərin şəffaflaşması, müxtəlif xalqların bir-birinə inteqrasiya etməsi, ikitərəfli münasibətlərin genişlənməsi və dərinləşməsi müasir dövrümüzün xarakterik cəhətlərindəndir. Çağdaş dünyanın inkişafı prosesində indiki tarixi mərhələnin başlıca meyilləri qloballaşma və iqtisadi, mədəni inteqrasiyadır.
Müstəqil Azərbaycan Respublikası da ümumdünya inteqrasiya və qloballaşma cərəyanlarından kənarda qalmamışdır. Ötən əsrin axırlarında Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə getməyə, dünya ölkələrinə inteqrasiya olunmağa, qloballaşma prosesində fəal iştirak etməyə başladı. Lakin təəssüf ki, gənc müstəqil Azərbaycan dövlətinin istiqlalının elə ilk illərində ona “başçılıq” edən səriştəsiz rəhbərlərin “xidmətləri” sayəsində ölkəmizi bir dövlət kimi məhv olmaq təhlükəsi təhdid edirdi.
Daxili və xarici düşmənlərin birgə fəaliyyəti nəticəsində Azərbaycan Respublikası idarəolunmaz vəziyyətə düşmüş, respublikanın ayrı-ayrı hissələrə parçalanması məqsədilə separat hərəkatlar genişlənmiş, cəbhədə Azərbaycan əraziləri bir-birinin ardınca itirilməyə başlanmışdı. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gələrək ölkəni dünyanın siyasi xəritəsindən silinməkdən, bir dövlət olaraq parçalanmaqdan xilas etdi. Dövlətimizin bütün sahələrində əsaslı islahatlara qədəm qoyuldu və inkişafın əhəmiyyətli 94 faktorlarından biri - daxili ictimai-siyasi sabitlik bərqərar oldu.
Qloballaşma Azərbaycana xeyli uğurlar gətirə bilər. Neft- qaz və digər təbii sərvətlər baxımından zəngin olan ölkəmiz üçün bu prosesdə beynəlxalq layihələrə qoşulmaq,transmilli korporosiyalarla qarşılıqlı əməkdaşlıq etmək,ölkəyə kapital axınını sürətləndirmək, beynəlxalq turizm sisteminə qoşulmaq və ondan yararlanmaq və s. amillər ölkəmizin sosial-iqtisadi inkişafı üçün münasib imkanlar açır. Lakin qloballaşmanın gətirdiyi uğurların əksinin də baş verməsi mümkündür. Əgər bir proses lokallıqdan çıxırsa və yaxud qloballaşırsa onda onun xeyrinin və zərərinin miqyası da qlobal xarakter alır.
Necə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BDU-nun 90 illik yubiley mərasimindəki çıxışında bildirir: "Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə, belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır.