Əli Şamil Hüseyin oğlu,
Azərbaycan Ensiklopediyasının qrup rəhbəri,
Bakı — Azərbaycan.
1989-cu ildekabrın 5-də ilk nömrəsi işıq üzü görən “Azadlıq” qəzeti öz gəlişi ilə Azərbaycan mətbuatına, ictimai fikrinə bir yenilik gətirdi. Sovetlər Birliyinin yaratmış olduğu qəlibləri, qadağaları dağıtmağa başladı. Qəzet yalnız xalqı Azadlıq uğrunda mübarizəyə, totalitar rejimi aradan qaldırmağa səfərbər etmir, həm də öz oxucularına həqiqəti deməyə çalışırdı. Uzun illər Sovetlər Birliyində hakimiyyət orqanlarının təsirilə mətbuatın birtərəfli və saxta mövqeyinə alışmış oxucu “Azadlıq” qəzetinin səhifələrində birdən-birə sərbəst baxışlar gördü. Qəzetin texniki imkanları olduqca zəif idi. Dış informasiya qaynaqlarından yararlana bilmirdi. Özünün dış ölkələrdə nəinki müxbirləri yoxdu, heç istənilən şəhər və bölgə ilə əlaqə saxlamağa telefon, faks və s. imkanı da yox idi. Ona görə də Sovetlər Birliyinin informasiya qaynaqlarından yararlanmaq zorundaydı. Lakin qəzet bu informasiya qaynaqlarının məlumatlarını partiya, Sovet mətbuat orqanları kimi kor-koranə təkrarlamır, ona öz münasibətini bildirirdi.
Bunu biz qəzetin Kıbrısa həsr etdiyi ilk yazısında aydın görürük. Sovet mətbuatı Güney Kıbrıs Rum Cümhuriyyətinin Prezidenti Vasilionun Moskvaya gəlişini işıqlandırırdı. “Azadlıq” qəzeti də bu mövzuda əsas diqqəti Vasilionun Moskvada keçirdiyi mətbuat konfransına yönəldib1. Vasilion deyib: “Türklər Kipr əhalisinin 14 faizini təşkil etsə də, Türkiyə 1974-cü ildə Kiprin 40 faizini işğal edib. Türkiyə bu qanunsuz hərəkatına Kiprdə Türk azlığının mənafeyinin tapdanması ilə haqq qazandırır. Deməli, dünyanın hər hansı bir bölgəsində Türk azlığının mənafeyi tapdanarsa, Türkiyə müdaxilə etməlidir. Həmin məntiqlə Türkiyə Azərbaycan-erməni münaqişəsinə qarışmaq üçün özünə yol açmış olur.”2
Qəzet rəsmi qaynaqlardan aldığı xəbəri olduğu kimi verir. Amma ona “Kipr probleminin Azərbaycan-erməni münaqişəsi ilə bağlı olması haqqında nağıl”3 başlığı qoyur. Uğurlu tapılmış bu başlıq xəbərə əlavə şərh verməyə ehtiyac qoymur.
Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Rauf Denktaşın baş müşaviri, prof. dok. Əhməd Qazioğlunun Azərbaycana gəlişini rəsmi qəzetlər, radio və televiziya sükutla qarşılayır. Yenicə formalaşan milli yönlü mətbuat isə onun gəlişini gündəmə gətirir. “Azadlıq” qəzeti Əhməd Qazioğlunun şəklini səhifələrində yerləşdirməklə yanaşı, ondan alınmış kiçik müsahibəni də çap etmişdi.4
Prof. dok. Əhməd Qazioğlunun gəlişi Azərbaycanla Quzey Kıbrıs Türk Cümhuriyyəti arasında birbaşa əlaqələrin yaranmasına və genişlənməsinə səbəb oldu. Onun ardınca Azərbaycana gələn hökumət adamı Eşber Serakıncı olmuşdur. Quzey Kıbrıs Türk Cümhuriyyəti Eğitim, Kültür və Gənclik bakanı Eşber Serakıncı bir həftə Bakıda olmuş, “Azadlıq” qəzetinin müxbirinə müsahibə verərkən demişdi: “...Biz dünyanın 75 ölkəsi ilə əlaqə qurmuşuq və bu ölkələrin heç birində nə iş adamları, nə də dövlət adamları bizi görəndə qaçıb gizlənmir”.5
Qəzet müxbirinin: Demək səfərinizin heç bir səmərəsi olmayıb? - sualına isə Eşber Serakıncı: Azərbaycan Xalq Cəbhəsində görüşümüzdən gözəl təəssüratlar aldıq. Başlıcası isə Azərbaycanı gördük, tanıdıq - cavabını vermişdi.
“Heç bir iş yapa bilmədən” geri qayıdan Eğitim, Kültür və Gənclik bakanı Eşber Serakıncıdan aldığı müsahibəyə isə müxbir “Kiprdən qorxmağa dəyməz”6 başlığını qoymuşdur.
Bu həmin vaxtlar idi ki, Azərbaycan özgürlüyünü elan etməsindən 7 aydan çox keçməsinə baxmayaraq, hələ də hakimiyyətdə keçmiş kommunist nomenklaturası qalmışdı. Onlar da keçmişin acı təsirindən yaxa qurtara bilmir, Rusiya Federasiyasının dünya ölkələrinə münasibətinə oxşar siyasət yeridirdilər. Quzey Kıbrısda onlarla dini bir, dili bir insanlar yaşadığını, onların Azərbaycanın müstəqillik əldə etməsinə sevinmələrini, birbaşa əlaqə yaratmağa çalışmalarını bilsələr də, canlarındakı qorxu çıxmadığından susmağa üstünlük verirdilər.
“Azadlıq” qəzetində Quzey Kıbrıs Türk Cümhuriyyəti haqqında gedən ilk dolğun yazı “Kıbrıs danışıqların dördüncü mərhələsi qarşısında”7 adlanır. İlk dəfə idi ki, qəzet Kıbrısda olmuş əməkdaşının məqaləsini çap edirdi. İlk dəfə idi ki, qəzetin səhifələrində Quzey Kıbrıs Türk Cümhuriyyətinin adı olduğu kimi yazılırdı. İlk dəfə idi ki, qəzet oxucularına Kıbrıs problemini həm tarixi, həm də siyasi baxımdan belə geniş açıqlayırdı. Müəllif Kıbrıs məsələsinə adada baş verənlər kimi deyil, ümum Türk problemi kimi baxırdı.
Çox təəssüf ki, qəzet tutduğu bu xətti davam etdirə bilmədi. İki ay yarımdan sonra çap etdiyi məqalələrdə yenə də ölkənin adı rusdilli mənbələrdən alındığı kimi “Kipr” yazılmağa başladı. Qəzetin əməkdaşı Hüseynbala Səlimov hazırladığı materialda Azərbaycan Kıbrıs məsələsinə eyhamla yanaşaraq məqaləsinə “Azərbaycan, Ben Q’urion, Rauf Denktaş və bir də ...AXC”8 başlığı seçmişdi. Bu kiçik yazı aşağıdakı cümlə ilə tamamlanır: “...Və bu arada eşitdik ki, AXC-nin Şimali Kipr Türk Respublikasında nümayəndəliyi açılacaq. Amma təəssüf ki, bu xəbəri təsdiqləyən və ya inkar edən bir şey (AXC qərarı və ya başqa bir sənəd) öyrənə bilmədik”.
İlham Səfərlinin “Türkiyə siyasəti: xəyallar gerçəkləşir” məqaləsindəki “...Dördüncüsü, ölkə üçün prinsipial Kipr problemi növbəti dəfə gərginləşir...”9 cümləsindən sonra “Azadlıq” qəzeti səhifələrində üç ildən çox Kıbrıs mövzusuna rast gəlmirik. Bu da qəzetin mövqeyinin dəyişməsindən deyil, Azərbaycanda 1993-cü ilin 4 iyununda baş vermiş hökumət çevrilişindən irəli gəlir. Hökumət çevrilişindən sonra “Azadlıq” qəzetinə təzyiqlər artır, senzor nəzarəti güclənir. Qəzet bəzən günlərlə çap olunmur, bağlanmaq təhlükəsi ilə üzləşir. Lakin bütün zorluqlara baxmayaraq “Azadlıq” nəşrini nəinki davam etdirir, həm də Azərbaycanda ən oxunaqlı, ciddi siyasi qəzetə çevrildi.
Azərbaycanda cəmi iki aya yaxın baş nazir işləmiş Pənah Hüseynov 1993-cü il4 iyun çevrilişindən sonra gizlənmək zorunda qalır. Respublikadakı istər rəsmi, istərsə ayrı-ayrı partiya və təşkilat qəzetlərində Pənah Hüseynovun gah Quzey, gah da Güney Kıbrısda (məqalə müəlliflərinin Bəzilərinin yazılarından Kıbrıs haqqında aydın təsəvvürləri olmadığı görünür) yaşadığını, orada villası, mağazası, restoranı və s. olduğu yazılanda “Azadlıq” qəzeti bu məsələyə münasibət bildirmir. İki il sonra P.Hüseynov həbs ediləndə aydın olur ki, o, Bakıdan heç yerə getməyibmiş, yuxarıdakı faktlar isə uydurmadan başqa bir şey deyilmiş.
Rusiya Federasiyasının Kıbrıs adasındakı rum icmasına S-300 raketlərini satmağa təşəbbüs göstərməsi Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb oldu. “Azadlıq” qəzeti də bu yöndə səmərəli iş apardı. Kiçik xronikalar verməklə kifayətlənməyib, bu silah satışının doğura biləcəyi təhlükəni diqqət Mərkəzinə çəkmək üçün geniş təhlilli yazılar verməyə başlayıb. Bu yöndən çap olunmuş məqalələr sırasında hərbi mütəxəssis Azad İsazadənin və Eldar İsmayılzadənin məqalələri maraq doğurur. E.İsmayılzadə yazır: “...Kiprin yunan hissəsi Rusiyadan “yer-göy” tipli raketlərin alınması haqda bu ölkə ilə saziş imzalayıb. Sazişin təfərrüatı gizli saxlansa da, məlumdur ki, söhbət çoxmilyonluq sövdələşmədən gedir... Lakin Avropa Birliyinə daxil olmağa can atan Türkiyəni müəyyən hərəkətlərə təhrik etməklə yunanlar Türkiyə ətrafında siyasi mühitin gərginləşməsi və ictimai fikirdə bu ölkənin gözdən düşməsinə nail ola bilər...”10
Rusiya və Yunanıstan S-300 raketlərinin müdafiə qurğuları olduğunu təkrarlamaqla dünya ictimaiyyətini çaşdırmağa çalışır. Hərbi mütəxəssis Azad İsazadə isə S-300 raketlərinin texniki göstəricilərini açıqlayaraq onun həm də hücum silahı ola biləcəyini söyləyir.11
Qəzet S-300 raketlərinin satışı ilə bağlı məsələni daim diqqət Mərkəzində saxlamış, bu mövzuda çap etdiyi yazıların həcminin böyük və kiçikliyindən asılı olmayaraq hadisəyə beynəlxalq normalar çərçivəsindən yanaşmışdır. “Ankarada hərbi sərgi”12, “Kipr: qoşunlar olmayanda raketlər də olmayacaq”13, “Türkiyə embarqo ilə hədələyir”, “Kipr: S-300 raketləri üçün baza modernləşdiriləcək”15, “S-300-lər Kiprə yaxınlaşır”16 və başqa məqalələr bu qəbildəndir. S-300 raketlərinin satışının Azərbaycanın və onun müttəfiqlərinin strateji maraqlarına uyğun gəlmədiyi vurğulanır. Bu da təsadüfi deyil. Rusiya Azərbaycan ərazisinin 20 faizdən çoxunu işğal etmiş Ermənistana yardım etməklə, onu bu işə təhriklə kifayətlənmir, Türkiyənin düşmənlərinə də hər cür yardım etməklə onu gücdən salmağa çalışır.
“Azadlıq” qəzetində Kıbrıs mövzusunda ən çox yazan jurnalistlər İradə Ağayeva və Elxan Şahinoğludur. Qəzetdə imzasız və ya “Beynəlxalq həyat” və s. imzalarla çap olunan xəbər və təhlillərin əksəriyyətinin onlara məxsusluğunu asanca seçmək olur. İradə Ağayevanın “Türkiyə - Yunanıstan: qaranlıq tuneldə işartı”17, “Kipr problemi: manevr imkanları tükənib”18, “Kipr: vahid dövlət, yoxsa iki dövlətdən ibarət federasiya”19, “İ.Qaradayı Kiprdədir”20, “Klerides Türkləri qıcıqlandırmaqdan əl çəkmir”21, Elxan Şahinoğlunun “Dağlıq Qarabağ məsələsi ilə Kipr problemini qarışdırmaq olmaz”22, “Bir adadı, qərib ada...”23, “Məmurlarımız Quzey Kıbrısın yubileyinə qatılmadılar”24 məqalələri istər yüksək siyasi səviyyəsi ilə, istərsə də faktların zənginliyi ilə seçilir.
1997-ci ilin payızında Azərbaycanda Quzey Kıbrıs Türk Cümhuriyyətinin Ticarət Evinin açılması respublika mətbuatında Kıbrıs mövzusunu aktuallaşdırdı. Ticarət Evinin rəhbəri Ayfer Said Erkmen yalnız qəzetlərə müsahibələr verməklə kifayətlənmədi. Mədəni əlaqələrin inkişafı istiqamətində də xeyli iş gördü. 1998-ci ilin may ayında Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin yeddi müxbiri Quzey Kıbrıs Türk Cümhuriyyətinə yola döşdü. Bu dəstədə “Azadlıq” qəzetinin əməkdaşı Elxan Şahinoğlu da vardı. Səfərdən döndükdən sonra o, qəzetdə silsilə yazılar çap etdirdi.25 İlk dəfə “Azadlıq” qəzetinin birinci səhifəsində Rauf Denktaşın portreti verildi və qəzet bir səhifəsini bütövlükdə ondan alınmış müsahibəyə həsr etdi. Müsahibə aktual olduğu qədər də dolğun idi. Lakin E.Şahinoğlunun qəzetin iki nömrəsində verilmiş “Bir adadı, qərib ada...”26 başlıqlı səyahət oçerki təsviri xarakterli idi. Həmin günlərdə başqa qəzetlərdə çap olunmuş məqalələrə çox bənzəyir, “Azadlıq” qəzetinin keçmiş saylarında getmiş bir çox fikirləri təkrarlayırdı. Bu onu göstərirdi ki, jurnalist sərbəst olmamış, özü gəzib mövzu tapmamışdır. Onları bir turist qrupu kimi gəzdirmişlər. O da həmin gəzintidən aldığı təəssürat əsasında məqalə hazırlamışdır.
“Azadlıq” qəzeti Quzey Kıbrıs Türk Cümhuriyyətini tanıtmaq, təbliğ etmək, ictimai fikri formalaşdırmaqla yanaşı, bu işə laqeydliklə və ya qərəzli yanaşanları da tənqid etməkdən, onlara qarşı durmaqdan çəkinmir. Belələri istər Azərbaycan hökumətinin məmurları olsun, istər beynəlxalq təşkilatların nömayəndələri. Məsələn, 1998-ci il noyabrın 15-də Bakı Əyləncə Mərkəzində Quzey Kıbrıs Türk Cümhuriyyətinin 15-ci il dönümü münasibətilə toplantı keçirilmişdir. Dəvət edilsələr də, Azərbaycan rəsmilərindən toplantıya gələn olmamışdı.
“Azadlıq” qəzeti bu hadisəyə öz münasibətini belə bildirir: “...1990-cı ilin 20 yanvarında uzaq Bakıda törədilən qanlı hadisələrə biganə qalmadılar. Etiraz aksiyalarına Quzey Kıbrısda Rauf Denktaşdan tutmuş nazirlərədək hamı qoşuldu. Kıbrıslılar Azərbaycanlı qardaşlarını unutmadılar. Bizim dərdimiz onların dərdinə çevrildi. Bəs biz necə, onların hazırkı probleminə şərik ola bilirikmi?
...Görəsən, rəsmilərimiz nədən qorxublar? Bəlkə yunan müttəfiqimizlə iqtisadi əlaqələrimiz yüksələn xətlə inkişaf edib, xəbərimiz yoxdur? Elə həmin gün Quzey Kıbrısın başqa ölkələrdə keçirdiyi tədbirlərdə həmin ölkələrin rəsmiləri iştirak edib və bu hər ildə belə olur...”27
Haqlı və kəskin iraddır.
1998-ci ilmayın 24-də Bakıda T.İsmayılov adına Uşaq Sərgi Salonunda Uluslararası Qırmızı Xaç təşkilatı fotosərgi açır. İlk baxışda təqdirəlayiq və humanist bir işdir. Amma bu sərgidə də xristian dünyasına xas bir tərəfkeşlik olur. Sərgini təşkiledənlər, eləcə də buna yardımçı olan Azərbaycanlılar nədənsə incəliklərə fikir verməyirlər. Amma “Azadlıq” qəzetinin nəzərindən bu yayınmayır. Elə həmin günün səhərisi qəzet yazır: “...1974-cü il Kipr müharibəsilə bağlı fotolara da eyni səpgidə yanaşmaq olar. Yunanların əziyyətlərini əks etdirən fotoşəkillər var, Türklərin əzablarından isə bəhs edən bir şəkildə gözə dəymir, sanki bu qarşıdurmada əzab çəkən yalnız yunanlar olub.”28 Qəzet haqlı olaraq tələb edir ki, Gəncədə təkrarlanacaq sərgidə belə nöqsanlara yol verilməsin.
“Azadlıq” qəzetində Kıbrısla bağlı çap olunan məqalələri mövzusuna görə aşağıdakı kimi qruplaşdırmaq olar:
Dostları ilə paylaş: |