Ramiz ƏSKƏR.
Bakı, 1 sentyabr 2011-ci il.
SƏLCUQLU DÖVRÜ ƏDƏBİYYATINA
ÜMUMİ BAXIŞ
XI əsrdə Səlcuq ibn Dukakın nəvələri Toğrul bəyin (993-1063) və Çağrı bəyin (991-1061) qurduqları dövlət qısa müddət ərzində Mavəraünnəhr, İran, Azərbaycan, Qafqaz, İraq, Suriya, Anadolu və Ərəbistan yarımadasını ələ keçirərək Böyük Səlcuq imperiyasına çevrildi. Rəsmi tarixşünasliqda bu imperiyanın 1038-1157-ci illər arasında mövcud olduğu qəbul edilir. Əslində, Osmanlı imperiyasının təşəkkülünə qədər (1299) və hətta ondan xeyli sonra da keçmiş Böyük Səlcuq imperiyasının ərazilərində meydana gələn yeni dövlət qurumları idarəçilik, hüquq, hərbi və mədəni baxımdan səlcuqların varisi və davamıdır, ona görə də səlcuq dövrü sayılır.
Bu qurumlar arasında Anadoluda meydana çıxan Qaramanoğulları (1256-1483), İnançoğulları (1276-1368), Məntəşəoğulları (1280-1424), Gərmiyanoğulları (1300-1429), Saruxanoğulları (1302-1410), Aydınoğulları (1308-1426) və digər bəyliklər, habelə Azərbaycanda yaranan Ağqoyunlu (1378-1502) və Qaraqoyunlu (1378-1469) dövlətləri xüsusi yer tutur.
Bu dövrdə iqtisadiyyat, ticarət və sənətkarlıqla yanaşı elm, mədəniyyət və ədəbiyyat da inkişaf etmişdir. Məsələn, Ord. Prof. İsmail H. Uzunçarşılı həmin dövrdə təfsir, fiqh və hüquq, təsəvvüf, tarix və mənqibə, təbabət və gigiyena, əxlaq və siyasət, kəlam və fəlsəfə, lüğətçilik, dil və ədəbiyyat sahəsində qələmə alınmış 80 əsərin adını çəkmişdir1.
Təbii ki, səlcuqların sarayda işlətdikləri dil, xalqın və ordunun dili oğuz türkcəsi idi. Həmin dövrdə oğuzcanın daşıdığı özəlliklər haqqında «Divanü lüğаt-it-türk»də məlumаtlаr verilmişdir2. Prof. Dr. Əhməd B. Ercilasun bu dili əski oğuz türkcəsi adlandırır3. Onun firkincə, əski öğuz türkcəsi siyasi olaraq Anadolu səlcuqları, bəyliklər, Ağqoyunlu və Qaraqoyunlu dönəmlərini əhatə edir və XVI əsrdə yerini Osmanlı türkcəsinə verir. Bunu digər mütəxəssislər də təsdiq edirlər4.
Səlcuqlar dövründə savaşçı gazilər haqqında dini səciyyə daşıyan xeyli mənqibə-dastan yaranmışdır. Battal Qazinin və Danişmənd Qazinin din yolunda qəhrəmanlıqlarından bəhs edən «Battalnamə»5 və «Danişməndnamə»6 kimi dastanlar bunlara misal ola bilər. 1245-ci ildə İzzəddin Keykavusun əmriylə yazıya alınan bu dastanların ilkin versiyası bizə gəlib çatmamışdır.
Anadolu səlcuqları dönəmində ilk fаrsca-türkcə müləmmalara (bir beyti türkcə, digər beyti farsca) rast gəlinir. Bu qəbildən ilk müləmma XIII əsrdə Anadoluda yaşamış Şeyx Əvhədüddin Kirmaninin «Olısar» rədifli qəzəlidir. Bu türkcə-fаrsca müləmmanın dərvişlər tərəfindən müxtəlif məkanlarda oxunduğunu bilinir1. Mövlana Cəlaləddin Ruminin (ö. 1273) müləmmaları isə Orta Asiya yazı dilinin özəlliklərini daşıyır2. Məsələn, olğay, bolğay, kiçkinen, öpkine, öler men, bar, kop... Sultan Vələdin (ö. 1312) türkcə mənzumələrindəki dil sırf oğuzcadır. Yəni Mövlananın və onun oğlu Sultan Vələdin əsərlərindəki türk dili fоnеtik və mоrfоlоji özəllikləri baxımından fərqlidir. Bunun da səbəbi odur ki, «Mövlana Cəlaləddin Ruminin ailəsi Orta Asiya türkcəsi ilə danışırdı, bunun təbii nəticəsi olaraq mənzumələrində olğa/ bolğa ünsürlərini gen-bol işlətdiyi halda, oğlu Sultan Vələdin türkcə mənzumələrində bunlardan tək bir ünsür belə görmək mümkün deyildir»3.
Bəyliklər dönəmində yazılan «Behçət ül-hədaiq» və «Kitabi-fəraiz» kimi bəzi əsərlərdə qıpçaqca və oğuzca ünsürlərin qarışıq şəkildə olması üzündən bunlar «qarışıq dilli əsərlər» kimi səciyyələndirilmişdir4. Hətta Şəyyad Həmzənin bəzi şeirləri və Əlinin heca vəzni ilə yazdığı «Qisseyi-Yusif» adlı əsəri də bu çərçivədə dəyərləndirilmişdir5. Çünki səlcuqların Xorasandan Anadoluya axınlarından sоnrа monqolların basqısı аltında sürətlənən köçlər zamanı şifahi gələnəklərini sürdürən köçəri oğuzlarla yanaşı Orta Asiyadakı ədəbi dili bilən savadlı adamlar da Anadoluya gəlmişlər6. Anadoluya sonradan gələn bu adamların xitab etdikləri kütlənin dili ilə, yəni oğuz türkcəsi ilə yazdıqları mətnlərdə qıpçaq və ya Orta Asiya türkcəsinin özəlliklərini əks etdirən ifadə və ibarələr işlətmələri təbiidir.
Oğuz türkcəsinin yazı dili kimi inkişaf etməsində yerli bəylərin himayəsində əsərlər yazan sənətkarlar mühüm rol oynamışlar. 1277-ci ildə Qaramanlı Məhməd bəyin çarşıda, bazarda, divanda və dərgahda ancaq türkcə danışmağı əmr edərək türkcədən başqa dil bilməyən xalqın arzusunu dilə gətirmişdir. Bu proses türkcənin lehinə nəticələnmişdir. Konya, Qaraman və Qırşəhir çevrəsi ilk türkcə əsərlərin yazıldığı Anadolu şəhərləridir. Daha sonrakı dönəmdə bu coğrafiyada ədəbi yazı dili sürətlə inkişaf etməyə başlamışdır, ancaq türkçə ilk əsərin hansı olduğu hələ də mübahisəlidir. Azərbaycan alimlərinin fikrincə, türkcə ilk əsərləri XIII əsrdə İzzəddin Həsənolu yazmışdır1.
Anadolu səlcuq dövrünün ilk tanınmış şairi Sultan Vələddir (1235-1312). Onun «Divan», «İbtidanamə» (1291), «Rübabnamə» (1300) adlı əsərləri farsca olsa da, bunların arasında türkcə bəzi şeirləri də var2. XIV əsr şairi Gülşəhri «Məntiq üt-teyr» adlı əsərində türkcə yazılmış bir «Şeyx Sənan» hekayəsindən, İbn Yusif isə Şəyyad İsaya aid «Salsalnamə» adlı əsərdən söz açmışdır. Lakin bu əsərlər bu günə gəlib çatmamışdır.
Anadoluya Xarəzmdən gələn yəsəvi dərvişləri, Xorasandan köçən Qütbəddin Heydər dərvişləri söylədikləri türkcə şeirlərlə müridlərinə önçülük etmişlər. Təsəvvüfi mahiyyətli mənzumə və mənqibələrlə inkişafını dini zəmində davam etdirən oğuzca Anadoluda ən önəmli həmləsini 1240-1320-cı illər arasında yaşadığı təxmin edilən böyük sufi şair Yunus Əmrə ilə gerçəkləşdirmişdir. Onun həyatı barədə bizə yalnız mənqibəvi məlumatlar məlumdur. Əhməd B.Ərcilasunun fikrincə, o, Orta Anadoludandır1. Həm heca, həm də əruz vəznində təsəvvüfi şeirlər yazan Yunusun «Divan»ında 415 şeir toplanmışdır. Onun 1307/8-ci illərdə qələmə aldığı «Risalət ül-nəshiyyə» («Nəsihət risaləsi») məsnəvisi isə didaktik səciyyə daşıyır.
XIV əsrdə yaşayan şairlər arasında Şəyyad Həmzə, Xoca Dəhhani və Əhməd Fəqih ayrıca qeyd olunmalıdır. Bunlardan 1348-ci ildə hələ sağ olduğu təsbit edilən Şəyyad Həmzənin elm aləminə «Yusuf və Züleyxa» adlı poeması, «Dastani-Sultan Mahmud» adlı kiçik bir məsnəvisi və təzkirələrdə qorunmuş bir neçə şeiri məlumdur2.
Xoca Dəhhaninin son olaraq tapılan qəzəlini də saysaq, indilik səkkiz şeiri bilinir. Onun 1361-ci ildə həyatda olduğuna dair iddialar vardır3.
Əhməd Fəqih səlcuqlar dövrünün ən problemli şairidir. Hər şeydən əvvəl bu imza ilə yazmış beş şair var4. Bunların əsərləri bir-birinə qarışmışdır. Bizə ilk Əhməd Fəqihin iki əsəri məlumdur. Bunlardan birincisi «Çərxnamə» adlanır. 83 beytdən ibarət bu əsər «Came ün-nəzair» («Nəzirələr toplusu») adlı təzkirədə qorunmuşdur. Şairin ikinci əsəri «Kitabu övsafi-məsadic üş-şərifə», yəni Şamda, Qüdsdə, Məkkə və Mədinədəki məscidləri təsvir edən kiçik bir sayahət kitabıdır5.
Daha sonra XIV əsrin ən məşhur şairləri olaraq Gülşəhri və Aşıq Paşa gəlir. Gülşəhri 1301-ci ildə farsca yazdığı «Fələknamə» əsərini Qazan xana təqdim etmiş, 1317-ci ildə isə 4300 beytdən ibarət olan «Məntiq üt-teyr» («Quş dili») kitabını qələmə almışdır. Əslində, tanınmış şufi şair Fəridəddin Əttarın (ö. 1299) eyniadlı kitabının tərcüməsi, daha doğrusu, adaptasiyası olan bu əsərdə bir çox orijinal təmsillər və süjetlər də vardır1. Bundan başqa, Gülşəhrinin «Kəramati-Əxi Evrən» adlı kiçik bir məsnəvisi, fiqhə dair «Küduri» adlı mənzum bir əsəri və müxtəlif təzkirələrə səpələnmiş bir neçə şeiri qalmışdır. Gülşəhri ilə birlikdə oğuz ədəbiyyatında yeni bir sahə - tərcümə işi başlanmışdır ki, bu da türk ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Əvvəllər digər sufi şairlərin məşhur əsərlərini türk dilinə çevirmək dini bir zərurəti aradan qaldırmaq məqsədi daşıyırdısa, sonralar bu sırf ədəbi, estetik qayələri yerinə yetirmək üçün edilmişdir. Yəni Əttarın «Məntiq üt-teyr» və «Təzkirət ül-övliya» məsnəvisi, Əbu İshaq Saləbinin (ö. 1035) «Qisas ül-ənbiya»sı ilə bərabər Sədinin «Bustan»ı, habelə «Kəlilə və Dimnə», «Qabusnamə» kimi əsərlər də tərcümə olunmuşdur. Maraqlıdır ki, bu tərcümələr əksər hallarda ərəbcə və farsca bilməyən bəylərin sifarişi ilə həyata keçirilmişdir.
Aşıq Paşa (ö. 1332) «Fəqirnamə», «Vəsfi-hal», «Hekayə», «Kimya» adlı dörd məsnəvinin müəllifidir. Şairin məşhur «Qəribnamə» məsnəvisi isə türk dili və düşüncə tarixinin müstəsna əsərlərindəndir. 1330-cu ildə yazılan və təxminən 12 min beyt həcmində olan bu əsərdə verilən aşağıdakı misralar türk dilinin o dövrdəki durumunu təsbit edir1.
Dostları ilə paylaş: |