Heyvanları və bitkiləri mühafizə xidməti baytarlıq və aqronomiya idarələrinin bazası əsasında təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və heyvanların, kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə vasitələrindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı məhsulları emal edən müəssisələrdə bu xidmət həmçinin su mənbələrinin, taxıl, alaf və başqa kənd təsərrüfatı məhsullarının mühafizəsi üzrə tədbirlər görür. Heyvanları və bitkiləri mühafizə xidməti heyvandarlıq məhsullarının baytarlıq-sanitariya ekspertizasını təşkil edir, kənd təsərrüfatı müəssisələrində su mənbələrinin və ərzaq ehtiyatlarının vəziyyətinə nəzarət edir; tibb xidməti, habelə ərzaq və paltarla təchizat xidməti ilə birlikdə zəhərlənmiş məhsullardan istifadə olunması qaydalarını müəyyənləşdirir.
Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə rayonda yuxarıda göstərilənlərdən əlavə başqa xidmətlər də (kommunal-texniki xidmət - rayon kommunal təsərrüfatı kombinatı bazası əsasında; mühəndis xidməti - tikinti təşkilatlarının bazası əsasında; avtomobil nəqliyyatı xidməti - avtomobil təsərrüfatları, yol idarələri və digər təşkilatların bazası əsasında; maddi-texniki təchizat, energetika və b. xidmətlər) yaradıla bilər.
Əgər xidmət bir neçə idarənin bazası əsasında yaradılırsa, bu zaman həmin idarələrin rəhbərlərindən biri xidmətin rəisi, qalanları isə onun müavinləri təyin edilir. Rayon xidmətlərinin vəzifələri və fəaliyyəti əsasnamələrlə, təlimatlarla, habelə yuxarı xidmətlərin göstərişləri əsasında və rayonun xüsusiyyətləri nəzərə alınmaqla yuxarı idarə rəhbərləri tərəfindən müəyyən edilir.
Öz bazası əsasında rayon xidmətləri yaradılmış təşkilatların imkanlarından asılı olaraq burada komandalar, qruplar, briqadalar, habelə xüsusi məqsədli manqalar; tibb, mühəndis, ictimai asayişi mühafizə, rabitə, kommunal-texniki, avtomobil nəqliyyatı, heyvanları və bitkiləri mühafizə manqalları təşkil edə bilər. Bundan başqa, mülki miidafiə məqsədləri üçün (ştat üzrə mövcud strukturda) rayonun rabitə, səhiyyə idarələrindən, habelə maddi və texniki təchizat, ticarət və ictimai iaşə idarə və müəssisələrindən istifadə olunur. Rayonun və şəhərlərdən köçürülən müalicə-profilaktika və tibb idarələrinin bazası əsasında baza xəstəxanaları idarəsi, çeşidləmə-köçürmə hospitalları, baş və profil xəstəxanaları, ilk yardım dəstələri və epidemiya əleyhinə dəstələr yaradılır.
Mülki müdafiə rayon mərkəzindəki komanda məntəqəsindən idarə edilir. Bu məntəqəni rabitə vasitələri ilə, məntəqənin şəxsi heyətini isə nəqliyyat vasitələri və fərdi mühafizə vasitələri ilə təmin edirlər. Komanda məntəqəsində: rəhbər heyət, qərargahın və xidmətlərin şəxsi heyəti, köçürmə komissiyası və xidmət qrupu yerləşir.
Müəssisə direktorları, rəhbərləri mülki müdafiəyə cavabdeh şəxs sayılırlar. Onlara aşağıdakı vəzifələr həvalə olunur:
obyekt dəstələri yaratmaq, onları lazımi əmlakla təchiz etmək və bu dəstələrin döyüş hazırlığını təmin etmək;
əhaliyə FH-ın nəticələrindən mühafizə tədbirlərinin öyrədilməsini təşkil etmək;
mülki müdafiə dəstələri və əhali üçün xüsusi əmlak və fərdi mühafizə vasitələri əldə etmək, bunları toplayıb saxlamaq;
vəzifəli şəxslərə, dəstələrin şəxsi heyətinə və əhaliyə FH təhlükəsi haqqında vaxtında xəbər vermək;
əhalinin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik etmək;
profilaktika tədbirlərini, epidemiya, epizootiya və yanğın əleyhinə tədbirləri təşkil etmək;
şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edib yerləşdirmək;
əhalinin köçürülməsini təşkil etmək;
xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş binaları hazırlamaq;
dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşünü təşkil etmək;
kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatlarının, yemin və su mənbələrinin radioaktiv, kimyəvi maddələr, bakterioloji vasitələrlə yoluxmadan mühafizəsi üzrə tədbirləri yerinə yetirmək;
əkinlərin, su anbarlarının, meşələrin, otlaqların və başqa kənd təsərrüfatı sahələrinin zəhərlənməsini vaxtında aşkara çıxarmaq məqsədilə bu yerlərə nəzarəti təşkil etmək, habelə onların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək.
Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi təmin etmək və mülki müdafiə tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah (qərargahın heyətinə daxil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə) yaradılır.