«42. Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin!» Fironun yanına getdikdə Məni xatırlamaqda zəiflik göstərməyin. Çünki bu, onunla danışmağa, ona cavab verməyə, nəsihət etməyə və açıq-aşkar dəlilləri (hüccəti) çatdırmağa kömək edər.
Bu mənada başqa bir ayədə Uca Allah buyurur: «45. Ey iman gətirənlər! Bir dəstə ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox zikr edin ki, nicat tapasınız!» (əl-Ənfal: 45).
Allah təala buyurur: «43. Fironun yanına yollanın! O, həqiqətən, azğınlaşıb həddini aşmışdır. 44. Onunla yumşaq danışın! Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!» Bu, Uca Allahın yaratdıqlarına qarşı olan şəfqətindən, lütfkarlığından və mərhəmətindən irəli gəlir. Belə ki, o zaman yaradılanlar arasında ən pis məxluq Firon idi. O, kafir, inadkar və zalım idi. O zaman Uca Allah ən sevimli bəndəsini onun yanına göndərdi. Fironun etdiyi pisliklərə rəğmən yenə də Uca Allah öz sevimli bəndələrinə deyir və əmr edir ki, onu ən gözəl üslubla – mülayim və xoş rəftarla dəvət etsinlər. Ona xatırladan və halına acıyan davranışı göstərsinlər. Uca Allah bu mənada peyğəmbəri Muhəmmədə demişdir: «125. İnsanları hikmətlə, gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et! Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!» (ən-Nəhl: 125). Digər ayədə buyurur: «46. Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin!...» (əl-Ənkəbut: 46).
Həsən əl-Bəsri «44. Onunla yumşaq danışın.» – ayəsi haqqında deyir: "Danışmaq üçün izn istəyin və deyin ki, sənin Rəbbin var. Bir gün qayıdacağın bir həyat var. Sənin qarşında Cənnət və ya Cəhənnəm seçimi var".
Vahb ibn Munəbbih deyir: "Ona deyin ki, Mən qəzəb və nifrət etməkdən, bağışlamağa və rəhm etməyə daha yaxınam".
Yəzid ər-Riqaşi bu ayə haqqında deyir:
"Düşməninə belə sevgi göstərirsə, gör dostuna və istədiyinə necə sevgi göstərər!"
Dostları ilə paylaş: |