Birinci qonşu. Şükürlər olsun allaha. Yenə öz əlimin zəhməti ilə dolana bilirəm.
İkinci qonşu (hədə-qorxu ilə). Sən yenə başladın?
Birinci qonşu. Mən məgər artıq-əskik bir söz dedim?
İkinci qonşu. Sənin gördüyün işə mən əlimi bulaşdıra bilmərəm. Mənim kimi əsil-nəcabətli adam, gərək əl əməyi ilə dolanmasın. Bunu heç vaxt unutma!
Birinci qonşu (incik). Unutmaram. Ancaq daha səninlə heç vaxt nərd oynamayacağam.
İkinci qonşu. Pah! Qorxdum, ay aman! Sənlə nərd oynamadan da keçinərəm! (Susur.) Bəs bu tası qurtarmayaq?
Birinci qonşu.Yox. (Gurultu ilə nərdtaxtanı qapayır.) Birinci qonşunun arvadı, iki qızı ilə birgə gəlirlər. Onların pörtmüş üzlərindən, bir də əllərindəki boxçalardan hamamdan gəldikləri bilinir. İkinci qonşu nəzakətlə üzünü yana çevirib, onlara sarı baxmır. Birinci qonşu. Axır ki gəlib çıxdınız. Mənim də ürəyimə yüz cür qara-qura fikirlər gəlir, bayaqdan.
Arvad. Ay kişi, hamamda bizim başımıza nə gələsiydi ki?
Birinci qonşu. Çox şey ola bilər! İndi pis zamənədir... (Acıqla əlini yellədir).
Arvad. (bərkdən). Lap bu yaxında Müsavat hökuməti yıxılacaq.
Birinci qonşu (qorxa-qorxa yan-yörəsinə boylanır).Sən hardan bilirsən?