Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə



Yüklə 130,26 Kb.
tarix17.11.2018
ölçüsü130,26 Kb.
#83597

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI



 

“Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 2011-ci il mayın 1-dən fəaliyyətə başlaması üçün zəruri olan maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı tədbirlər görsün;

2.2. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formalaşdırılması və aparılması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə zəruri tədbirləri həyata keçirsin;

2.3. üç ay müddətində:

2.3.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3.2. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.4. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 2011-ci il mayın 1-dən fəaliyyətə başlamasını təmin etsin.

4. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin məlumat bazasının formalaşdırılması məqsədi ilə sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydə alınmış bütün hüquqi və fiziki şəxslər barədə qanunvericiliklə müəyyən olunmuş məlumatları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə real vaxt rejimində ötürülməsini və daim təzələnməsini təmin etsin.

5. Bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Əsasnamə 2011-ci il mayın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2011-ci il



            № 383

 


Azərbaycan Respublikası Prezidentinin

2011-ci il 15 fevral tarixli 383 nömrəli  Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 



 

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında

Əsasnamə

 

I. Ümumi müddəalar



 

1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir.

1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi dövlət informasiya ehtiyatıdır.

1.3. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir.

1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

1.5. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

1.6. Aşağıdakılar Reyestrdə qeydiyyata alınmır:

1.6.1. sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar;

1.6.2. dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar;

1.6.3. dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar.

1.7. Reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır.

1.8. Ədliyyə Nazirliyi Reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, tamlığını və mühafizəsini təmin edir.

 

II. Reyestrin aparılması prinsipləri

 

2.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.



2.2. Reyestr vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır.

2.3. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında, qarşılıqlı məlumat mübadiləsini təmin edən qeydiyyat informasiya sistemi vasitəsilə həyata keçirilir.

2.4. Qeydiyyat informasiya sistemi aşağıdakıları təmin etməlidir:

2.4.1. informasiyanın məlumat bazasına operativ daxil edilməsini, orada dəyişilməz, aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılmasını və emalını;

2.4.2. yoxlamanın Reyestrdə qeydiyyata alınmasını və bu barədə yoxlayıcı orqanların və sahibkarlıq subyektlərinin məlumatlandırılmasını;

2.4.3. Reyestrdəki məlumatların daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin qeydiyyatının aparılmasını;

2.4.4. digər aidiyyəti dövlət elektron informasiya ehtiyatlarına inteqrasiya olunmasını.

2.5. Reyestrə daxil edilən məlumatların itirilməsinin, təhrif edilməsinin və qanunsuz əldə olunmasının qarşısının alınması üçün onun müdafiə sistemi yaradılır.

2.6. Reyestrin qeydiyyat informasiya sisteminin yaradılması, idarə olunması, təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

2.7. Reyestrin qeydiyyat informasiya sistemində yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.

 

III. Reyestrin forması

 

3.1. Reyestrə yoxlayıcı orqanlar, sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər, habelə yoxlamalar barədə məlumatlar daxil edilir.



3.2. Yoxlayıcı orqanlar barədə məlumatlar qüvvədə olan qanunvericiliyə əsasən formalaşdırılır və həmin orqanların siyahısından və onların yoxlama səlahiyyətinə aid olan məsələlərdən ibarətdir.

3.3. Reyestrin sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən uçot məlumatları əsasında formalaşdırılır və aşağıdakılardan ibarətdir:

3.3.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (o cümlədən dəyişdirilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrələri);

3.3.2. hüquqi şəxsin (filial və nümayəndəliyin), xarici dövlətlərin hüquqi şəxslərinin filial və nümayəndəliklərinin adı, hüquqi ünvanı (təsərrüfat obyektləri olduqda onların ünvanı), əlaqə telefonları, elektron ünvanı (olduqda);

3.3.3. fərdi sahibkarın soyadı, adı, atasının adı, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan (təsərrüfat obyektləri olduqda onların ünvanı), əlaqə telefonları, elektron ünvanı (olduqda);

3.3.4. sahibkarlıq fəaliyyəti subyektinin qeydiyyata alınma tarixi, vergi ödəyicisi kimi qeydiyyata alınması, yenidən qeydiyyata alınması və qeydiyyatdan çıxarılması tarixləri;

3.3.5. sahibkarlıq fəaliyyəti subyektinin fəaliyyət göstərməsi, fəaliyyətinin dayandırılması, fəaliyyətinə xitam verilməsi barədə məlumat.

3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:

3.4.1. yoxlamanın kodu;

3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir);

3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı;

3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin adı;

3.4.6. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyekti barədə aparılan sonuncu yoxlama;

3.4.7. yoxlamanın hüquqi əsası və predmeti;

3.4.8. yoxlamanın aparılacağı faktiki ünvan;

3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.);

3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti;

3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə);

3.4.12. yoxlamanın keçirilib-keçirilməməsi (yoxlama keçirilmədikdə bunun səbəbləri göstərilməklə);

3.4.13. yoxlamanın nəticələri, o cümlədən yoxlama ilə qanun pozuntularının aşkar edilib-edilməməsi, yol verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar (məsuliyyətə cəlb olunmuş təqsirkar şəxslər, görülmüş məsuliyyət tədbirləri, materialların aidiyyəti üzrə göndərildiyi dövlət orqanları, materialların göndərilməsinə dair məktubların tarix və nömrələri).

3.5. Yoxlanılan sahibkarlıq subyektinin xüsusi qeydləri - onun yoxlama barədə qeydi, müraciəti, şikayəti və digər aidiyyəti məsələlər də Reyestrə daxil edilir.

 

IV. Reyestrin aparılması

 

4.1. Reyestr elektron formada aparılır.



4.2. Hər növbəti il üzrə yoxlamaların keçirilməsi barədə bu Əsasnamənin 3.4.2-ci, 3.4.5-3.4.11-ci bəndlərində nəzərdə tutulmuş məlumatları özündə əks etdirən, kağız üzərində və elektron formatda tərtib olunmuş illik yoxlama planı yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən imzalanmış məktubla hər ilin 1 noyabr tarixindən gec olmayaraq Ədliyyə Nazirliyinə təqdim edilir və ya onlayn rejimində göndərilir.

4.3. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2-ci, 3.4.5-3.4.11-ci bəndlərində nəzərdə tutulmuş məlumatlar, yoxlamadan ən azı 1 iş günü əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanaraq Ədliyyə Nazirliyinə təqdim edilməlidir və ya onlayn rejimində göndərilməlidir.

4.4. Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində qeydiyyata alınır.

4.5. Bir sahibkarlıq fəaliyyəti subyektində yoxlamanın keçirilməsi barədə bir neçə yoxlayıcı orqanın müraciəti əsasında Reyestrdə həmin yoxlayıcı orqanların iştirakı ilə birgə yoxlama qeydiyyata alına bilər.

4.6. Reyestrdə qeydiyyata alınmış yoxlama hər hansı səbəbdən aparılmadıqda yoxlayıcı orqan bu barədə səbəbləri göstərilməklə yoxlamanın aparılması nəzərdə tutulan tarixdən 5 iş günü keçənədək Ədliyyə Nazirliyini məlumatlandırmalıdır. Reyestrdə qeydiyyata alınmış yoxlama sahibkarlıq fəaliyyəti subyektindən asılı olmayan səbəblərdən aparılmadıqda, həmin yoxlama növbəti 1 il müddətində təkrar qeydiyyata alınmır.

4.7. Yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində bu Əsasnamənin 3.4.13-cü bəndində nəzərdə tutulmuş məlumatları Ədliyyə Nazirliyinə təqdim etməlidir və ya onlayn rejimində göndərməlidir.

4.8. Reyestrdə qeydiyyata alınan hər bir yoxlamaya xüsusi alqoritm əsasında vahid və təkrarlanmayan yoxlama kodu verilir.

4.9. Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə hər 3 aydan bir Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir (keçirilmiş yoxlamaların predmeti və əsasları, yoxlayıcı orqanlar və yoxlanılan sahibkarlıq subyektləri, yoxlamaların nəticələri, qəbul olunmuş qərarlar, yol verilən pozuntular, görülmüş tədbirlər, təhlillər, statistik və digər göstəricilər qeyd olunmaqla).

4.10. Reyestrdə sahibkarlıq fəaliyyəti subyektləri və onlarda keçirilmiş yoxlamalar barədə məlumat 10 il saxlanıldıqdan və ya sahibkarlıq fəaliyyəti subyektinin fəaliyyətinə xitam verildikdən sonra arxivləşdirilir, o şərtlə ki, zərurət yarandıqda, bu məlumat bərpa edilə bilsin.

 

V. Reyestrdən məlumatların verilməsi qaydası

 

5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 2 iş günü müddətində onlayn rejimində Reyestrdən çıxarış göndərilir. Reyestrdən çıxarışda aşağıdakı məlumatlar göstərilir:



5.1.1. yoxlamanın kodu;

5.1.2. yoxlayıcı orqanın adı;

5.1.3. yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

5.1.4. yoxlamanın aparılması müddəti (başlanılması və sona çatması tarixləri);

5.1.5. yoxlamanın predmeti və hüquqi əsası.

5.2. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

5.3. Yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektləri Reyestrin istifadəçiləridirlər.

5.4. Reyestrdə qeydiyyata alınmış yoxlamalar barədə məlumat qeydiyyat aparıldığı gün Ədliyyə Nazirliyi tərəfindən bu Əsasnamənin 5.5-ci və 5.6-cı bəndlərinin tələbləri nəzərə alınmaqla internet şəbəkəsində yerləşdirilir. [1]

5.5. Yoxlayıcı orqanlar yalnız özləri tərəfindən keçirilən yoxlamalarla bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər.

5.6. Sahibkarlıq fəaliyyəti subyektləri yalnız özləri ilə əlaqədar aparılmış yoxlamalarla bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər.

5.7. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Əsasnamənin 3.1-ci və 3.5-ci bəndlərində nəzərdə tutulmuş istənilən məsələ ilə bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər. Bu məqsədlə həmin məlumatlar Ədliyyə Nazirliyi tərəfindən Reyestrin internet şəbəkəsində yerləşdirilir.[2]

 

VI. Reyestrin maliyyələşdirilməsi

 

Reyestrin formalaşdırılması və aparılması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.



 

VII. Məsuliyyət

 

7.1. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.



7.2. Ədliyyə Nazirliyinin Reyestrin aparılmasını həyata keçirən vəzifəli şəxsləri Reyestrin və yoxlamaların qeydiyyatının aparılmasının, Reyestr məlumatlarının mühafizə və istifadə olunmasının bu Əsasnamənin tələbləri pozulmaqla həyata keçirilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə



 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:



1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. həmin Qanunun 1.1.12-ci maddəsinə uyğun olaraq, insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərərin müəyyən edilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.5. həmin Qanunun 6.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, yoxlayıcı orqanların səlahiyyətlərinin təkrarlanması hallarının aradan qaldırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.6. həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq, yoxlamaların təşkili və həyata keçirilməsi ilə bağlı yoxlayıcı orqanların qəbul etdiyi normativ hüquqi aktların ləğv edilməsi üçün müvafiq tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 18.1-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, iri, orta və kiçik sahibkar meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.8. həmin Qanunun 19.8-ci maddəsinə uyğun olaraq, yoxlama suallarının siyahısının formasını və tətbiqi qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.9. həmin Qanunun 21.4-cü maddəsinə uyğun olaraq, məhsulun tədqiqi (sınağı) barədə qərarın nümunəvi formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.10. həmin Qanunun 22.5-ci maddəsinə uyğun olaraq, məhsulun tədqiqi (sınağı) məqsədi ilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.11. həmin Qanunun 25.5-ci maddəsinə uyğun olaraq, tədqiq (sınaq) nəticələrinə dair protokolun formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.12. həmin Qanunun 26.5-ci maddəsinə uyğun olaraq, məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi qaydaları və müddətlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. həmin Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etsin;

1.3. həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq, hər bir yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarlarını bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulmuş siyahı qüvvəyə mindiyi gündən iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin qeydiyyat informasiya sisteminin təkmilləşdirilməsi üçün zəruri olan xərclərin maliyyələşdirilməsi məqsədi ilə zəruri tədbirləri bir ay müddətində həyata keçirsin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə:[1]

2.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlərin yoxlayıcı orqanlara izah edilməsi məqsədi ilə ildə ən azı iki dəfə müvafiq təlimlərin keçirilməsini təmin etsin;

2.2. həmin Qanundan irəli gələn məsələlərin sahibkarlara izah edilməsi məqsədi ilə həmin Qanun qüvvəyə mindiyi gündən bir il ərzində hər ay kütləvi informasiya vasitələrində müvafiq reklam çarxlarının və verilişlərin yayımını, məqalələrin dərc edilməsini və digər maarifləndirici tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Müəyyən edilsin ki:

4.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.12-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

4.2. həmin Qanunun 6.3-cü, 9.5-ci maddələrində, 18.1-ci maddəsinin üçüncü cümləsində, 19.8-ci, 21.4-cü, 22.5-ci, 25.5-ci və 26.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

4.3. həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü  maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;[2]

4.4. həmin Qanunun 27.1-ci və 27.4.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

5. Bu Fərmanın icrası ilə əlaqədar qəbul ediləcək normativ hüquqi və normativ xarakterli aktlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gündən tez olmayaraq qüvvəyə minəcəkdir.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 avqust 2013-cü il



№955

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI



 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun 1.1.12-ci maddəsinə uyğun olaraq qərara alıram:

“İnsan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər” dedikdə aşağıdakılar başa düşülür:

1. bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi, yaxud bir və ya bir neçə insanın ölümü, habelə yoluxucu xəstəliklərin yayılması, epidemiyaların yaranması təhlükəsi, yaxud belə halların baş verməsi;

2. ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsi, ekoloji tarazlığın pozulması təhlükəsi, yaxud belə halların baş verməsi;

3. dəyəri 50000 (əlli min) manat və ondan yuxarı olan dövlət əmlakının zədələnməsi və ya məhv edilməsi təhlükəsi, yaxud belə halların baş verməsi.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2014-cü il



   № 322

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI



 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.4-cü bənddə “5.5-5.7-ci” sözləri “5.5-ci və 5.6-cı” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 5.7-ci bənd əlavə edilsin:

“5.7. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Əsasnamənin 3.1-ci və 3.5-ci bəndlərində nəzərdə tutulmuş istənilən məsələ ilə bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər. Bu məqsədlə həmin məlumatlar Ədliyyə Nazirliyi tərəfindən Reyestrin internet şəbəkəsində yerləşdirilir.”.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,



Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 avqust 2015-ci il



                 № 581

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI



 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. bu Fərmanın müddəaları vergi yoxlamalarına şamil edilmir;

1.2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin birinci və ikinci cümlələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 3.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi nəzərdə tutulur.[1]

2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” təsdiq edilsin.

3. Bu Fərmanla təsdiq edilən Siyahıda nəzərdə tutulan yoxlamalara aşağıdakı məhdudiyyətlər müəyyən edilsin:

3.1. yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır;

3.2. bu Fərmanla təsdiq edilən Siyahının 1.4-1.6-cı bəndlərində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla, yoxlamalar Azərbaycan Respublikasının İqtisadiyyat və SənayeNazirliyinin razılığı ilə aparılır;

3.3. sahibkarın fəaliyyətinə tətbiq edilən istehsalın və ya malın satışının dayandırılması, habelə digər məhdudlaşdırıcı tədbirlər yalnız Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə tətbiq edilir.

4. Yoxlayıcı orqanlar tərəfindən yoxlamaların aparılması və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yoxlamaların aparılmasına razılıq verilməsi məsələləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinin tətbiqi qaydası və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 322 nömrəli Fərmanı nəzərə alınmaqla həll edilsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

5.1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin aparılma qaydasının təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin real vaxt rejimində tam inteqrasiyasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi sahibkarların Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırması barədə vergi orqanlarına müraciət etdiyi hər bir hal barədə dərhal Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyini məlumatlandırsın.

7. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:

7.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun və bu Fərmanın tətbiqi ilə əlaqədar sahibkarların Nazirliyin “Qaynar xətt”inə daxil olan müraciətlərinin operativ araşdırılmasını təmin etsin;

7.2. sahibkarların Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırmasına dair müraciətləri barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olmuş məlumatlar əsasında sahibkarlıq fəaliyyətinin dayandırılması səbəblərinin araşdırılması və həmin səbəblərin aradan qaldırılması üçün mümkün olan tədbirləri görsün və ya təkliflər versin;

7.3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərin pozulması hallarını aşkar etdikdə, bu barədə məlumatları Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim etsin;

7.4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun və bu Fərmanın tətbiqi nəticələri barədə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

8. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan və bu Fərmandan irəli gələn tələblərin pozulmasına dair məlumatların araşdırılmasını və aşkar olunmuş hüquq pozuntuları barədə müvafiq tədbirlərin görülməsini təmin etsin, bu barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat təqdim etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 oktyabr 2015-ci il



                 № 660

 

 



 

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR


 

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı

 

1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər:



1.1. dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması;

1.2. fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması;

1.3. təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması;

1.4. sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanılması;

1.5. kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlanılması;

1.6. radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması.

2. Bu Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır.[2]

 

 



Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 170-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI



 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 170-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 898; 2014, № 5, maddə 477) 4.3-cü bəndində “13.3-cü” sözlərindən sonra “, 13.4-cü” sözləri əlavə edilsin, “və 33.6-cı” sözləri “, 33.6-cı, 34.1-ci və 34.5-ci” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,



Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 mart 2016-cı il



     № 840
Yüklə 130,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin