Salam olsun İbrahimə



Yüklə 1,59 Mb.
səhifə32/49
tarix17.11.2018
ölçüsü1,59 Mb.
#84206
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

Kumeyl kanalı

Əli Nəsrullah


Kəşfiyyat komandirlərindən birini görüb soruşdum: "Necə yəni batalyonlar mühasirədədirlər?! İraqlılar irəli gəlməyiblər, uşaqlar da ikinci və üçüncü kanaldadırlar".

Komandir dedi: "Bizim kəşfiyyatda gördüyümüz üçüncü kanal bu kanal kimi deyildi. Düşmən bu kanalı və bir neçə kiçik kanalı son iki-üç gündə qazıb. Bu kanallar düz sərhədlə paralel düzəldilib, amma daha kiçikdir və maneələrlə doludur. Hücumçu batalyonlar atəş altında qalmamaq üçün kanala girdilər. Hava işıqlananda da tanklarla iki tərəfini bağladılar və kanalı atəşə tutdular”.

O, bir qədər dayanıb dedi: "Düşmən uşaqların önündə 16 növ maneə yaradıbmış. Maneələrin uzunluğu da 4 km.-ə yaxın imiş. Münafiqlər bu əməliyyatın bütün sirlərini düşmənə ötürübmüşlər".

Halım çox pis oldu, boğazımı qəhər tutdu.

– İndi nə etmək lazımdır?

– Əgər uşaqlar müqavimət göstərə bilsələr, əməliyyatın ikinci mərhələsini yerinə yetirib onları geri gətirəcəyik.

Bu əsnada qərargahın rabitəçisi dedi: "Mühasirədəki batalyonlardan xəbər var".

Hamı sakit qaldı.

– Deyir ki, qardaş Sabitniya qardaş Əfşurdə ilə əl görüşdü.

Bu qısa, kodlu xəbər Kumeyl batalyonunun komandirinin şəhid olması demək idi.

Günortadan sonra xəbər gəldi ki, batalyon komandirinin müavini Hacı Hüseyni də şəhadətə qovuşub, komandirin digər müavini Bonəkdar isə yaralıdır. Hamı narahat oldu.

***


Fevralın doqquzunda uşaqlar Fəkkəyə növbəti hücuma hazırlaşdılar. Qərargahdan gələn bir dostumu görüb soruşdum: "Vəziyyət necədir?"

– İndi Kumeyl batalyonunun rabitəçisi əlaqə saxladı. Hacı Himmət danışıb dedi ki, ratsiyanın şarjı bitmək üzrədir. Uşaqların çoxu şəhid olub. Bizim üçün dua edin, imama salamımızı çatdırın və deyin ki, biz son ana qədər müqavimət göstərdik.

Sınıq və narahat qəlblə dedim: "Bizim vəzifəmiz nədir? Biz nə etməliyik?"

– Allaha təvəkkül! Get hazırlaş, bu axşam əməliyyatın növbəti mərhələsi başlayır.

Qürub çağı idi. Ordunun artilleriyası çox diqqətlə düşmən istehkamlarına atəş açırdı.

Hənzələ batalyonu və digər bir neçə batalyon yola düşdü. Onlar Kumeyl kanalının yaxınlığına qədər irəlilədilər, hətta maneələri aşıb üçüncü kanala da çatdılar, amma düşmən atəşinin güclü olduğuna görə mühasirədəki uşaqların yalnız kiçik bir qismi gecənin qaranlığında kanaldan çıxıb geri qayıda bildi.

Bu hücum da uğursuz oldu. Biz sübh namazından öncə öz istehkamımıza qayıtdıq. Hənzələ batalyonunun əksər döyüşçüləri isə sərhəd kanallarda qaldılar. Bu hücumda uşaqların sərrast atəşi ilə düşmənin bir çox zirehli texnikası məhv edildi.

1983-cü ilin 10 fevralı idi. Hələ kanalın içindən seyrək atəş səsləri gəlirdi.

Bu onu göstərirdi ki, kanalın içindəki uşaqlar hələ müqavimət göstərirlər. Lakin dörd gündən sonra hansı imkanlarla müqavimət göstərdiklərini anlamaq olmurdu. Günbatan çağı əməliyyatın bitdiyi elan olundu, bütün şəxsi heyət geri qayıtdı.

Bir gün öncə kanaldan çıxan uşaqların birini gördüm. O deyirdi: "Bilmirsən nə vəziyyətdə idik; nə yemək vardı, nə su. Sursatımız çox az, kanalların ətrafı isə minalarla dolu idi. Biz hər neçə dəqiqədən bir güllə atırdıq ki, hələ sağ olduğumuzu bilsinlər. İraqlılar tez-tez mikrofonla elan edirdilər ki, təslim olun".

Günəşin qürub anları çox kədərli idi. Hündür bir yerə çıxıb durbinlə baxırdım. Kanalın ətrafında hələ pərakəndə partlayışlar görünürdü. Səmimi dostum İbrahim orada idi və mənim əlimdən heç bir iş gəlmirdi.

Həmin gecə bir qədər istirahət etdim və ertəsi gün yenidən mövqeyə qayıtdım.

İraqlılar 11 fevral gününə çox həssas idilər.1 Həmin gün onların atəşlərinin həcmi olduqca çoxaldı. Birinci istehkamlarımız da boşaldıldı və biz geri çəkildik.

Öz-özümə dedim: Bəlkə İraq tərəfi irəliləmək istəyir? Amma çətin! Çünki düzdükləri maneələr onların irəliləməsinə də imkan verməz.

Axşamüstü atəş azaldı. Durbini götürüb kanalın ətrafının nisbətən yaxşı göründüyü bir yerə çıxdım. Gördüklərim inanılmaz idi. Kanaldan qatı tüstü qalxırdı və tez-tez partlayış səsi gəlirdi.

Tez kəşfiyyatçı uşaqların yanına gedib dedim: "Düşmən kanalın işini bitirir". Onlar da durbinlə baxdılar. Gördükləri yalnız alov və tüstü idi.

Mən hələ ümidvar idim. Öz-özümə dedim: İbrahim bundan da ağır vəziyyətlərdən çıxıb. Lakin onun əməliyyatdan öncəki sözlərini xatırlayanda məyus oldum.

Qanlı qürub

Əli Nəsrullah


1983-cü ilin 11 fevral gününün günbatan çağı mənim üçün olduqca cansıxıcı keçdi.

Kəşfiyyat uşaqları səngərlərinə getdilər, mənsə hələ durbinlə baxırdım. Qüruba yaxın uzaqdan bir şeyin hərəkət etdiyini hiss etdim. Diqqətlə baxdım. Üç nəfərin bizə doğru qaçdığı aydın görünürdü. Yolda tez-tez yıxılıb-qalxırdılar. Yaralı və yorğun idilər. Kanaldan gəlirdilər.

Qışqırıb uşaqları çağırdım. Onlarla təpəyə çıxdıq. Uşaqlara dedim ki, atəş açmayın.

Qürubun qızartısında həmin üç nəfər nəhayət, bizim istehkamımıza çatdılar. Onlar çatan kimi qaçıb soruşdum: "Haradan gəlirsiniz?" Danışmağa taqətləri yox idi. Biri su istədi. Tez ona bir qumquma verdim.

Aclıqdan və zəiflikdən birinin bədəni əsirdi. Üçüncüsü isə başdan-ayağa qanın içində idi. Bir az özlərinə gələndən sonra dedilər: "Kumeyl batalyonundanıq".

Həyəcanla soruşdum: "Digər uşaqlar nə oldular?" Biri güclə başını qaldırıb dedi: "Bizdən başqa kiminsə sağ qaldığını düşünmürəm". Həyəcanlandım və yenidən təəccüblə soruşdum: "Bu beş gündə necə müqavimət göstərdiniz?"

Danışmağa taqətləri yox idi. Bir qədər dayandı, ağzı boşalandan sonra dedi: "Biz son iki gündə cəsədlərin arasında gizlənmişdik, amma bu beş gündə kanalı ayaqda saxlayan bir nəfər vardı".

Yenidən nəfəsini dərib yavaşca dedi: "Qəribə adam idi. Bir tərəfə minomyotla atəş açırdı, bir tərəfə pulemyotla. Çox güclü idi". O birisi sözünü kəsib dedi: "Bütün şəhidləri kanalın sonunda yan-yana düzmüşdü, yeməyi və suyu bölürdü, yaralılarla məşğul olurdu. O, yorğunluğun nə olduğunu bilmirdi".

– Məgər batalyon komandirləri və müavinləri şəhid olmadılar?! Bəs siz kimdən danışırsınız?

– Bir cavan oğlan idi, tanımırdım. Saçı qısa idi, əynində kürd şalvarı vardı.

O birisi dilləndi: "Birinci gün də boynuna ərəb çəfiyəsi dolamışdı. Qəşəng səsi də vardı. Rövzə oxuyub bizi ruhlandırırdı".

Ruhum bədənimdən çıxmaq üzrə idi. Boğazım qurudu. Bunlar İbrahimin xüsusiyyətləri idi.

Nigaran halda oturub əlini tutdum və təəccüblə dedim: "Ağa İbrahimi deyirsən, düzdür? İndi haradadır?"

– Hə, deyəsən qədim uşaqların bir-ikisi onu ağa İbrahim çağırırdı.

Yenidən ucadan soruşdum: "İndi haradadır?"

O birisi dilləndi: "Düşmənin atəş açdığı son ana qədər sağ idi. Bizə dedi ki, düşmən öz qüvvələrini geri çəkdi, yəqin raketlə vuracaq. Əgər halınız varsa, nə qədər ki sakitlikdir, qaçın". Özü yaralıların yanına getdi, bizsə geri qayıtdıq".

Başqa birisi dedi: "Mən gördüm, onu vurdular. İlk partlayışlarda yerə yıxıldı".

Bədənimin bütün taqəti çəkildi və gözlərimdən yaş axmağa başladı. Çiyinlərim dayanmadan tərpənirdi. Daha özümü ələ ala bilmədim, başımı torpağa qoyub ağlayırdım. İbrahimlə bağlı bütün xatirələrim gözlərim önündə canlandı; zorxana meydançasından Gilanqərbə qədər...

Kəskin barıt qoxusu ilə partlayış səsi bir-birinə qarışmışdı. İstehkamın yuxarısına qalxdım, kanala tərəf getmək istəyirdim. Uşaqların biri önümdə dayanıb dedi: "Nə edirsən?! Sənin getməyinlə İbrahim qayıtmayacaq ki. Gör necə atəş yağır!"

Həmin gecə hamımızı Fəkkədən geri çəkdilər. Bütün uşaqlar mənim günümdə idi. Çoxları dostlarını orada qoymuşdular. Biz Dokuhəyə girəndə Hacı Sadiq Ahəngəranın səsi gəlirdi:

Ey səfərdən qayıdanlar!

Hanı şəhidləriniz? Hanı şəhidləriniz?

Uşaqlar ucadan ağlamağa başladılar. İbrahimin şəhid olması və cəsədinin itkin düşməsi çox tez bir zamanda hər tərəfə yayıldı.

Oğlu ilə cəbhədə olan bir döyüşçü yanıma gəlib narahat halda dedi: "Hamımız İbrahimdən ötrü kədərliyik. Allaha and olsun, əgər oğlum şəhid olsaydı, bu qədər narahat olmazdım. Heç kim bilmir ki, İbrahim necə böyük insan idi”.

Ertəsi gün diviziyanın bütün uşaqlarına məzuniyyət verdilər və biz Tehrana getdik. İbrahimin şəhadət xəbərini verməyə heç kim cəsarət etmirdi. Bir neçə gündən sonra isə itkin düşməsi xəbəri hər yerə yayıldı.


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin