Ayrılıq Abbas Hadi
İbrahimin itkin düşməsindən bir ay ötdü. Onun dostlarının heç biri qəm-qüssədən ayrıla bilmirdi.
Harada bir yerə toplaşırdıqsa, İbrahimdən danışıb ağlayırdıq. Uşaqların birini görmək üçün xəstəxanaya getdim. Rza Qudini də orada idi. Məni görən kimi dərdi təzələndi və ucadan ağlamağa başladı. Sonra dedi: "Uşaqlar, İbrahimsiz bu dünya mənə yaşamaq yeri deyil. Əmin olun ki, mən də ilk əməliyyatda şəhid olacağam".
Uşaqların başqa biri dedi: "Biz İbrahimin kim olduğunu anlamadıq. O, Allahın xalis bəndəsi idi. Bizim aramıza gəldi, bir müddət onunla yaşadıq ki, “Allah bəndəsi” sözünün mənasını bilək".
Başqa biri dedi: "İbrahim sözün əsl mənasında bir pəhləvan idi; pəhləvan arif".
***
İbrahimin şəhadətindən beş ay ötdü. Anam hərdən soruşurdu ki, İbrahim nə üçün məzuniyyətə gəlmir. Biz də hər dəfə müxtəlif bəhanələrlə mövzunu dəyişdirirdik. Deyirdik ki, indi əməliyyat var, hələlik gələ bilmir - hər dəfə bir söz deyirdik.
Bir gün anam otaqda İbrahimin şəkli ilə üz-üzə oturub ağlayırdı. Yaxınlaşdım.
– Ana, nə olub?
– Mən İbrahimin ətrini hiss edirəm. İbrahim indi bu otaqda, buradadır...
Bir qədər sakitləşəndən sonra əlavə etdi: "Mən əminəm ki, İbrahim şəhid olub. O, son dəfə çox dəyişmişdi. Ona çox dedim ki, gəl, elçiliyə gedim, səni evləndirmək istəyirəm. O isə deyirdi: "Yox, ana, mən əminəm ki, qayıtmayacağam. İstəmirəm ki, evin küncündə ağlar bir göz məni gözləsin".
Bir neçə gündən sonra yenə İbrahimin şəklinin önündə dayanıb ağlayırdı. Biz axırda məcbur qalıb dayımızı çağırdıq ki, anama həqiqəti söyləsin.
Həmin gün anamın halı pisləşdi, ürək narahatlığı gücləndi və biz onu xəstəxanaya yerləşdirdik.
İllər sonra anamı Behişti-Zəhra (ə) məzarlığına aparanda daha çox 44-cü sıraya getmək istəyirdi. O, İbrahimin xatirəsi ilə naməlum şəhidlərin məzarı yanında otururdu. Ona ağlamaq olmazdı, amma orada ürəyini boşaldır və naməlum şəhidlərə ürək sözlərini deyirdi.
Axtarış Səid Qasimi və şəhidin bacısı
1990-cı ildə əsirlər azad olub vətənə qayıtdılar. Bəziləri hələ də İbrahimin qayıdışını gözləyirdilər. Onların arasında İbrahim Hadi adlı iki nəfər olsa da, bütün uşaqların ümidləri puça çıxdı.
Bir il sonra İbrahimin dostlarının bir neçəsi əməliyyat bölgələrinə baxmaq üçün Fəkkəyə yollandılar. Bu səfərdə qrup üzvləri bir neçə şəhidin cənazəsini tapıb Tehrana apardılar.
Bir neçə gündən sonra şəhidlərin ailələrinə baş çəkməyə getmişdik. Bir şəhidin anası mənə dedi: "Siz bilirsiniz mənim oğlum harada şəhid olub?"
– Bəli, biz birlikdə idik.
– İndi müharibə qurtarıb, siz onun cəsədini tapıb gətirə bilməzsiniz?
Bu ananın sözündən sonra çox fikrə getdik.
Ertəsi gün müharibə dövrünün bir neçə qayğıkeş komandiri ilə söhbət etdim. Qərara gəldik ki, dostlarımızın cəsədlərini axtarmağa gedək. Bir müddətdən sonra bir neçə nəfər toplaşıb Fəkkəyə yollandıq.
Yeni axtarışlardan sonra üç yüz şəhidin, o cümlədən həmin ananın oğlunun cəsədi tapıldı. Ondan sonra müxtəlif sərhəd bölgələrində axtarış aparmaq üçün Şəhidlərin axtarışı adlı komitə yaradıldı.
Çoxlu maneələrə baxmayaraq, məzlum şəhidlərimizə görə Fəkkədə axtarış işi genişləndi. Axtarış qrupunun İbrahimi tanıyan bir çox üzvləri deyirdilər: "Axtarış qrupunun banisi İbrahim Hadidir. O, əməliyyatlardan sonra şəhidlərinin cəsədlərini gətirməyə gedirdi".
Müharibədən beş il sonra nəhayət, Kumeyl kanalında işlər başlandı. Şəhidlərin cəsədləri bir-bir tapılırdı. Kanalın sonunda çoxlu şəhid cəsədi yan-yana düzülmüşdü. Onların cəsədlərini asanlıqla kanaldan çıxardıq, amma İbrahimdən əsər-əlamət yox idi.
Diviziyanın axtarış qrupunun başçısı Əli Mahmudvənd idi. O, Vəlfəcr-hazırlıq əməliyyatında beş gün Kumeyl kanalının içində düşmən mühasirəsində qalmışdı.
Əli həyatını İbrahimə borclu bilib deyirdi: "Fəkkə qürbətinin nə olduğunu heç kim bilmir. Bu kanallarda bizim nə qədər məzlum uşaqlarımız var. Fəkkə torpağı Kərbəla qürbətini yada salır”.
Bir gün axtarış zamanı bir şəhidin cəsədi tapıldı. Onun əşyalarının arasında bir qeyd dəftərçəsi vardı. İllər ötsə də, hələ oxumaq olurdu. Dəftərçənin son səhifəsində yazılmışdı: "Artıq beşinci gündür mühasirədəyik. Suyu və yeməyi bərabər paylara bölürük. Şəhidlər kanalın sonunda yan-yana düzülüb. Onlar daha susuz deyillər. Susuz dodaqlarına qurban, ey Fatimə oğlu!"
Uşaqlar bu dəftərçəni oxuyub çox təəssüfləndilər və yenə axtarışa davam etdilər.
Əksər şəhidlərin cəsədi tapılsa da, İbrahimdən xəbər yox idi. Bir müddətdən sonra İbrahimin dostlarından biri baxış üçün Fəkkəyə gəldi. O, xatirələrini danışandan sonra dedi: "İbrahimi çox da axtarmayın. O, adsız qalmaq istəyirdi, onu çətin tapasınız. İbrahim Fəkkədə qalıb ki, döyüş bölgələrinin ziyarətçilərinə günəş kimi işıq saçsın".
***
Doxsanıncı illərin sonlarında Fəkkədə yenidən axtarış başlandı. Kanallardan yenə şəhid cəsədləri tapıldı, amma əksərinin kimliyini müəyyən etmək mümkün olmadı.
Həmin axtarışlarda Əli Mahmudvənd və bir müddətdən sonra Məcid Pazuki şəhidlərin sırasına qoşuldular.
Naməlum şəhidlərin cəsədləri Axtarış komitəsinə verildi. Qərara alındı ki, bütün ölkəni gəzdirəndən sonra Fatimiyyə günlərində hər beş şəhidi İranın bir bölgəsində torpağa tapşırsınlar. Naməlum şəhid cəsədlərinin Tehranda dəfn olunacağı gecə İbrahimi yuxuda gördüm. Motosikletlə evimizin önündə dayandı və xüsusi sevinclə dedi: "Biz də qayıtdıq!" Bunu deyib mənə əl yelləməyə başladı.
Bir dəfə də şəhidlərin dəfn mərasimini yuxuda gördüm. Maşının üstündəki bir şəhid tabutu tərpəndi və İbrahim içindən çıxıb həmişəki kimi gülümsəməyə başladı.
Ertəsi gün qədirbilən xalq xüsusi coşqu ilə şəhidləri qarşılamağa getdi. Təntənəli bir dəfn mərasimi təşkil olundu, sonra da şəhidləri dəfn üçün müxtəlif şəhərlərə göndərdilər.
Məncə, İbrahim həzrət Fatimeyi-Zəhranın (ə) şəhadət günü naməlum şəhidlərlə qayıtdı.
Buna görə də, hansı naməlum şəhidin məzarı üstünə gedirəmsə, bu xalqın İbrahimini və ibrahimlərini xatırlayıb Fatihə oxuyuram.
Dostları ilə paylaş: |