Böyüklərin əhvalatları Əmir Məncər
Bir müddətdir din alimləri haqda kitablar oxuyuram. Bu böyük şəxsiyyətlərin bəzi hallarını eşitmək adama yaxşı təsir bağışlayır. Amma maraqlıdır ki, mən onların çoxunu əyani şəkildə göstərən bir insanla dost olmuşam.
Bizim evimiz İbrahimgilə yaxın idi. Onunla təxminən həmyaşıd idik. Analarımız qohum idilər və bu səbəbdən uşaqlıqdan get-gəlimiz olub.
İnqilab dövründə bu münasibətlər olduqca çoxaldı. Müqəddəs müdafiə zamanı isə vəzifəmə görə İbrahimlə çox yoldaş ola və ondan bəhrələnə bilmədim.
Mən bir çox şəhidlərlə dost olmuşam, müqəddəs müdafiə dövrünün bir çox komandirlərinin həyatını yaxından görmüşəm, bir müddət şəhid komandir Məhəmməd Bürucerdi ilə işləmişəm. Lakin əminliklə deyirəm ki, İbrahim başqa bir insan idi.
İnqilabdan sonra daxillərində də inqilab baş verən və dindar insanlara çevrilən çox adam görmüşəm. İbrahim isə inqilabdan öncə də çox mənəviyyatlı idi. O nəinki müstəhəb və məkruh əməllərə fikir verirdi, hətta pak və uca ruhu elə idi ki, cəmiyyətin bir çox yaxşıları da onunla müqayisə oluna bilməzdilər.
Mən bu ruhi paklığı hiss etməniz üçün bir misal çəkirəm. İnqilabdan öncə İbrahimlə bir yerə gedirdik. Xorasan meydanının yaxınlığında səki ilə sürətlə irəliləyirdik. Birdən sürətini azaltdı. Geri dönüb soruşdum: "Nə oldu? Məgər tələsmirdin?!"
Yavaşca gələ-gələ qarşısını göstərib dedi: "Bir qədər yavaş gedək, bu ağadan irəli keçməyək".
Bizdən irəlidə bir əlil yavaş-yavaş yeriyirdi.
- Onun yanından sürətlə keçsək, narahat olar.
– İbrahim can, bizim işimiz var, bu nə sözdür? Tez ol. Bu adamı keçmək istəmirsənsə, onda o biri küçə ilə gedək.
Qəbul etdi və yolumuzu yandakı küçədən davam etdirdik.
Hər dəfə bu haqda fikirləşəndə deyirəm ki, İbrahim güclü pəhləvan və yaxşı güləşçi idi, öz çəkisində ən yaxşı güləşçiləri otuz saniyə ərzində fəndə salırdı. Buna baxmayaraq, elə mehriban ürəyi vardı ki, ən xırda məsələlərə də diqqət edirdi.
İbrahimin heç vaxt şəxsi ləzzət ardınca düşdüyünü görmədim. Onun üçün “ləzzət” sözünün başqa bir mənası vardı. O, kimisə sevindirəndə özü daha çox ləzzət alırdı. Həzrət Əlinin (ə) gözəl hədisində deyildiyi kimi, "aşağı səviyyəli insanlar yeməkdən ləzzət alırlar, uca insanlar isə yedirtməkdən".
Əlinə pul düşən kimi başqalarına kömək etməyə çalışırdı. Özü ən aza qane olurdu, amma digərlərinə bacardığı qədər kömək edirdi.
Bizə yaxın məhəllələrin birində İzzət əmi adlı bir qocanın mağazası vardı. O, qədim pəhləvanlardan idi, mağazasına gedəndə bizə qədim zorxanalardan danışırdı.
İbrahim hər dəfə bir bəhanə ilə mağazasına gedib ondan ərzaq alırdı. Qocaya xeyir vermək üçün bizi də özü ilə aparırdı.
Bir müddətdən sonra İzzət əminin mağazası bağlandı. Harada olduğunu, yaşayıb-yaşamadığını bilmirdik. Düzünü deyim ki, mənə çox da mühüm deyildi. Nəhayət, bir gün motosikletlə Rey xiyabanı tərəfdən keçəndə İbrahim qışqırdı: "Əmir, dayan!"
Tez motosikleti saxladım.
İbrahim yerə hoppanıb səkiyə yaxınlaşdı, sonra sevincək mənə sarı dönüb dedi: "Gəl, İzzət əmi buradadır".
İzzət əmi yolun kənarında yerə bir tərəzi qoymuşdu və müəyyən pul qarşılığında insanların ağırlığını çəkirdi.
İbrahim yaxınlaşıb dedi: "Haradasan, pəhləvan? Mağazan nə üçün bağlıdır?"
İzzət əmi dərin ah çəkib dedi: "Ey ruzigar! Mağazanı əlimizdən aldılar. Adam daha kimə inansın?! Adamın öz oğlu atasının mağazasını əlindən alıb satır... Adam daha nə etsin?!”
Sonra əlavə etdi: "Bir müddət işsiz qaldım. Sonra tacirlərin biri bu tərəzini aldı ki, gəlirim olsun. Oğlumu görməmək üçün daha öz evimə getmirəm. Qızımın evi yaxınlıqdadır, orada qalıram".
İbrahim çox narahat oldu.
– Əmi, gəl səni evinə aparaq, indi hava qaralacaq.
Motosikletlə İzzət əmini qızının evinə apardıq. Qızının maddi durumu özündən də pis idi. Onlar otuzmetrlik bir evdə yaşayırdılar.
İbrahim işarə ilə məndən nə qədər pulumun olduğunu soruşdu. Mən yenicə maaş almışdım, 1700 tümən verdim. İnqilabın əvvəlində bu, olduqca böyük məbləğ idi. Pulu İzzət əminin cibinə qoydu, bu müddətdə ondan xəbərsiz qaldığına görə çox üzr istədi.
Yolda fikirləşirdim ki, İbrahim necə də fədakardır, dünyadan, dünya nemətlərindən necə asanlıqla keçir. Bir insanı sevindirmək onun üçün necə də əhəmiyyətlidir.
İbrahim bir müddətdən sonra mənim pulumu qaytardı və bununla da özünün biraylıq gəlirini qocaya bağışlamış oldu. Bir ay bazarda işləyib əziyyət çəkmək ona önəmli deyildi.
Onun işləri həzrət Əlinin (ə) bir gözəl kəlamını canlandırırdı. İmam öz vəfalı dostlarından olmuş Osman ibn Hüneyf haqda buyurub: "Keçmişdə Allah yolunda bir qardaşım vardı. O, mənim gözümdə böyük idi, çünki dünya onun gözündə kiçik idi..."
İbrahim bu kəlamın real nümunəsi idi. O, böyük insan idi, çünki dünya və dünya malı onun gözündə çox kiçik idi.
Dostları ilə paylaş: |