Şanlı nəsillərin yadigarı (Nigar Rəfibəyli)



Yüklə 22,18 Kb.
tarix10.01.2022
ölçüsü22,18 Kb.
#108451

Şanlı nəsillərin yadigarı (Nigar Rəfibəyli).

Giriş.


Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatının görkəmli, sevimli yaradıcılarından biri olmuşdur. Onun yaradıcılığında zərif məhəbbət lirikası, analıq, Vətən, təbiət mövzuları əsas yer tutur. Ana surətini Nigar Rəfibəyli poeziyasının baş qəhrəmanı hesab etmək olar. Analığın daxili məlahəti, Şərq özünəməxsusluğu, mərhəməti və fədakarlığı Nigar Rəfibəyli poeziyasında bədii ifadəsini tapmışdır. Nigar Rəfibəyli Antik dövr dramaturgiyasını, Avropa intibahını, Qədim Şərq mədəni irsini dərindən mütaliə edən nadir istedada malik kubar qadın ziyalılarımızdandır.

Həyat və yaradıcılığı.

Şairlər zamanın elçiləridir, əsrdən-əsrə uzanan bağlar, keçmiş tariximizi gələcəyə keçirən möhkəm bir körpüdür. Şairlər xalqın dilinin qəhrəmanlarıdır. Zamanı təyin etmək, zaman məlumatı, mahiyyəti şairin səsi ilə müəyyənləşir. Şairin sözü zamanın simasını ifadə edir. Zaman ədəbiyyatı, xüsusilə də poeziyanı çox yükləyir. Bu çətinlik Nigar xanım üçün ikiqat olmuşdur. Həm şair kimi, həm də Rəfibəyli olduğu uçün.

Ulu kökü Cavad xanla, dünya şöhrətli şərqşünas Mirzə Kazımbəylə qohumluğu olan Rəfibəylilər nəsli Gəncədə, bütün Zaqafqaziyada öz xeyirxahlığı, alicənablığı, maarifpərvərliyi ilə məşhur olmuş, milli mədəniyyətimizin inkişafı üçün nəcib xidmətlər göstərmişlər. Nigar xanımın babası Ələkbər bəy Rəfibəyli zamanında çox nüfuzlu şəxs olmuş, dövrü mətbuatda yazıları çap olunmuş, Gəncədə ilk dünyəvi məktəblərin yaradılmasında, Azərbaycan Müəllimlər İttifaqının, Müsəlman Xeyriyyə Cəmiyyətinin təşkilində və fəaliyyətində çox böyük xidmətləri olmuşdur. Gəncədə ilk teatr tamaşalarının göstərilməsinin təşəbbüskarçısı, Azərbaycanda ilk böyük siyasi partiya-Difai partiyasını Gəncədə yaradanlardan biri Ələkbər bəy olmuşdur.

Nigar xanımın atası Xudadat bəy Rusiyada oxumuş ilk ali tahsilli azərbaycanlı cərrah idi. 1903-cü ildən faciəli ölümü gününədək Gəncədə həkim işləmiş, Azərbaycan Demokratik Cümhuriyyətinin səhiyyə naziri və Gəncə qubernatoru kimi fəaliyyət göstərmişdir.1920-ci ildə Azərbaycan zorla şuralaşdırıldığı ilk günlərdə Gəncə üsyanının təşkilində ittiham olunaraq həbs edilmiş və güllələnmişdir.

Nigar xanımın anası Cavahir xanım Gəncənin ən möhtəşəm xanımlarından olmuş, Gəncə Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin üzvü kimi məktəbli qızların təhsilinə və maddi vəziyyətinə kömək göstərilməsi işində fəal iştirak etmiş, qadınlar arasında maarif və mədəniyyətin yayılmasına çalışmışdır.

Nigar xanım dünyaya gəlməmişdən onun taleyini, qədərini mənsub olduğu nəsil müəyyənləşdirmişdir. Hansı peşə seçilməsinə baxmayaraq o,Ələkbər bəyin nəvəsi, Xudadat bəyin qızı olaraq ailə ənənəsini yaşatmalı idi. 1920-ci illərə qədər Xudadat bəyin qızı olmaq şərəf idi. 20-ci illərdən sonra isə şərəfli olduğu qədər də təhlükəli idi. Bu nəsli məhv etmək üçün Rəfibəyliləri güllələyir, həbs edir, sürgünə göndərirdilər.

Nigar xanım Rəsul Rza ilə ailə həyatı quranda Rzayev soyadını qəbul edib, təhlükədən qurtara bilərdi. Ancaq o, soyadını bir can qorxusundan qurban vermədi. Nigar xanım Rəfibəyli olmağı ilə fəxr edirdi, hətta belə bir bənd yazmağa da cəsarət etmişdir.

Mən könül mülkünün tacidarıyam,

Xəyal dünyasının şah nigarıyam.

Vətən torpağında iftixar olan

Şanlı nəsillərin yadigarıyam.

Şair Vətən dedikdə şanlı nəsilləri məhv edən SSRİ yox, şanlı nəsilləri özünün iftixarı bilən Azərbaycanı nəzərdə tuturdu. Bu şeir parçası şanlı nəsillərin yadigarı olan azərbaycanlı bir xanımın, dahi bir şairin həyat yolunu açıqlayır.

Nigar Xudadat qızı Rəfibəyli Azərbaycan tarixinin çox mürəkkəb, keşməkeşli bir çağında-1913-cü il iyunun 29-da qədim Gəncə şəhərində anadan olmuşdur. Yaradıcılığa çox gənc yaşlarında başlamışdır. Hələ məktəbdə oxuduğu illərdə poeziya ilə maraqlanan Nigar xanım 12 yaşında ikən bir pyes yazmışdır. Bir türk ailəsinin mədəniyyətə qovuşmasından bəhs edən həmin pyes dəfələrlə Nigar xanımın oxuduğu məktəbdə tamaşaya qoyulmuşdur. 14 yaşında ikən ilk şeirini yazır. “Ana” adlanan bu şeiri anasına həsr etmişdir.

Nigar xanımın “Çadra” adlı ilk mətbu şeiri 1928-ci ildə Tiflisdə nəşr edilən “Dan ulduzu” jurnalında dərc edilmişdir. Darülmüəllimdə oxuyarkən Nigar xanım H.Cavid, A. Şaiq kimi böyük Azərbaycan şairlərindən dərs aldığı dövrdə poeziyaya sönməz həvəsi daha da güclənmişdir. Darülmüəllimini bitirdikdən sonra Nigar xanım təhsilini davam etdirmək üçün Moskvaya gedir. A.S.Bubnov adına Moskva Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat şöbəsinə daxil olur. 1936-cı ildə təhsilini başa vurur. Moskvada təhsil aldığı vaxtlarda Nigar xanımın satirik istedadını təsdiq edən bir hadisə baş vermişdir. 20 yaşı təzə tamam olmuş Nigar xanım SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.

1934-cü ildə “Şeirlər” adlı ilk kitabı nəşr olunur. Bu kitabda şairənin “Çadra”, “Tirendə”, “Vətən duyğuları”, “Şəfəq”, “Məktub”, “Ana”, “Çağrış”, “Hərb olmasa”, “İstirahət evində”, “Səriyyənin xatirəsi”, “Qadın” şeirləri, “Komsomolçu qızlar” poeması dərc olunmuşdur. Bu kitab Nigar xanımın sonrakı bütün kitablarına açılan yol idi.

Nigar xanımın “Məktublar” adlı şeirlər düzümü də var. Bu şeirlər lirik poeziyanın kamil nümunələridir. Beş il ərzində hasil olmuş şeirlərin ikinci adı “Səndən sənə”dir. Həmin şeirlər 30-cu illərdə xalq tarixinin keşməkeşli çağlarında, ictimai gerçəkliyin çox mürəkkəb bir dövründə başlayan, az qala yarım əsr davam edən bir məhəbbətin poetik salnaməsidir.

1931-ci ildə 18 yaşında Azərbaycan ədəbi gəncliyinin toplaşdığı “Maarif evində” Rəsul Rza ilə tanış olmuşdur. Bir qadın kimi Nigar xanım xoşbəxt olmuş, o, Rəsul Rzanı möhkəm və incə bir məhəbbətlə sevmişdir. Şeirlərində Rəsul Rzanı mənim ilhamım adlandırırdı. 1937-ci ildə qurduqları ailədə-mənəvi, estetik, poetik ocaqla ədəbiyyat xəzinəmizi zinətləndirən neçə-neçə misilsiz sənət nümunələri yarandı. Bu sənət ocağında Nigar xanımın “Zəfər nəğməsi”, “Anaların səsi”, “Yol xatirələri”, “Dənizin səsi gəlir”, “İşıqlı dünyam”, “Günəşdən gənclik istədim” kitabları ərsəyə gəlmişdir.

Klassik irsə və dünya ədəbiyyatına münasibət məsələsində Nigar xanımla Rəsul Rza arasında ümumilik olsa da, onların hər birinin öz şəxsi meyilləri, poetik səcdəgahları var idi. Rəsul Rza Sabiri yüksək tuturdusa, Nigar xanım üçün Füzuli yaradıcılığı ilham mənbəyi idi. Füzulini, Nazim Hikməti çox sevir, şeirlərini əzbər bilirdi.

Rejim bədii sözü ideoloji təbliğat vasitələrindən birinə çevirmişdir. Yaradıcı insanlara seçim imkanı vermirdi. Mövcud rejimin mövzularından kənara çıxanda sənətkarı ən ağır halda əzablı, işgəncəli ölüm, ən yüngül halda sürgün həyatı gözləyirdi. Yaşamaq üçün yazar insanların əksəriyyəti mövcud mövzularda əsərlər yazmaq məcburiyyətində qalırdılar. Bolşevik diktaturasının tüğyan elədiyi bir dövrdə Nigar xanım da sovet ədəbi normalarına əməl edirdi: partiya və dövlət xadimləri haqqında, tələb olunan ənənəvi mövzularda-inqilab, yeni həyat quruculuğu, komsomol mövzusunda əsərlər yazırdı. O, ətrafında baş verən hadisələri görürdü, təhdid və təqiblərdən qorunmaq üçün ləyaqətlə, simasını saxlamaqla deyiləni deyib yaşatmaq, yaratmaq istəyirdi.

Nigar xanımın mövzu dairəsi genişdir. Şairə dövrün, cəmiyyətin mühüm hadisələrinə biganə qalmamış, xalqı düşündürən əsas məsələlər haqqında şeirlər yazmışdır. Nigar xanım qadın-şairə olaraq həyata, bütün çətinliklərə, dünyaya öz münasibətini bildirmək yolu vardır. O, qələmə aldığı bütün mövzuları qadın-ana, qadın-vətəndaş zirvəsindən süzür, qadın-sənətkar gözü ilə işıqlandırırdı.

Şair “Çiçəklər” şeirində çiçəklərə duyduğu sevgini və onların özü üçün ifadə etdiyi mənanı izah edir. Şeirdə şairin çiçəklərlə bir dost kimi danışdığı, onlara duyğularını köçürdüyü, son baharın bir mövsüm kimi zikr edildiyi görünür. “Əlvida” başlıqlı şeirində doğulub böyüdüyü Vətənə vida etməyi izah edilir.

Şair “Qoca qız-Həris qapı” şeirində həyatını qazanc və sərvət eşqilə tükətmiş bir qadının təsvirini verir. Təbiəti, insanları sevməyən bir qadını var-dövlət hərisliyi əsir etmişdi.

“Dağ yolları” şeirində dağların rəngarəng açan çiçəklərindən, insanın ürəyini fərəhləndirən havasından, şirin sulu bulaqlarından bəhs edir. Şairə görə dağlardakı ən gözəl mövsüm yazdır. “Cəmilə” şeirində söhbət əlcəzairli ərəb qızı Cəmilə Buhiridən gedir. Cəmilə xalqının azadlığı, istiqlalı uğrunda silah götürüb yadelli işğalçılara qarşı mübarizəyə başlayır və ona görə də tutulub zindana salınmışdır. Şairə 22 yaşlı Cəmiləni günəşə boylanan bir çiçəyə bənzədir. Günəş azadlığın, istiqlaliyyətin timsalıdır. Çiçək günəşsiz yaşaya bilməyib daim ona can atdığı kimi, istiqlaliyyətləri əllərindən alınmış xalqlar da həmişə azadlıq uğrunda mübarizə aparırlar. Cəmilə də belə bir xalqın nümayəndəsidir. Cəmilə Vətənini sevdiyi üçün əziyyətlərə mətanətlə sinə gərir, dözür, çünki öz Vətənində qul olmaq daha dözülməzdir. Ona görə də şair Cəmiləni mübarizəsində möhkəm, ardıcıl olmağa çağırır.

“İt də darıxır” şeiri Qərb cəmiyyətinə məxsus bir lövhəni əks etdirir. Şeirdə başqalarının hesabına qudurğan həyat sürən, vaxtını boş-boş əyləncələrlə keçirən bir qadının surəti göstərilmişdir. İti maşında gəzdirən bu qadın mənasız həyatdan yorulmur, lakin belə həyat iti usandırır.

Vətən müharibəsi illərində digər qələm yoldaşları kimi Nigar xanım da müharibə mövzusunda şeirlərilə ardıcıl çıxış etmişdir. “Uğur olsun” şeirilə öz ərlərini, qardaşlarını cəbhəyə yola salan qızlarımızın, gəlinlərimizin mərd qəlbini, alicənab təbiətini nəğmə dili ilə tərənnüm etmişdir.

“İnsan kamil olsun gərək” şeirində izah edir ki, insanlar düçar olduqları xəstəliklərdən xilas olmağa çalışırlar, bəs nə üçün kindən, kobudluqdan, paxıllıqdan, yalandan, qərəzdən, mərdimazarlıqdan xilas ola bilmirlər. Niyə insanlar öz mənəvi mərəzlərindən yaxa qurtara bilmirlər. Bəlkə ona görə ki, insanlar özlərində belə xəstəlikləri görə bilmirlər.

Müharibədən sonra Nigar xanımın yaradıcılığında bütün ədəbiyyatımızda olduğu kimi sülh mövzusu ön plana keçmişdir. “Zəfər nəğməsi”, “Anaların səsi”, “İşıqlı dünyam”, “Dənizin səsi gəlir” kitablarındakı şeirləri içərisində sülhə həsr olunmuş şeirləri çoxluq təşkil edir. Bu mövzunu Nigar xanım geniş və hərtərəfli işləmişdir.

Nigar Rəfibəyli şeirlərində həyat həqiqətlərini, çətinlikləri tərənnüm etməklə yanaşı bir qadın-ana kimi hiss və duyğularını adətlərimizə uyğun şəkildə təsvir etmişdir. “Ana məhəbbəti”, “Dözə bilmirəm”, “Qızıma”, “Layla”, “Ana səsi” və s.şeirlərində qadın ülviyyəti, ana ucalığı, ailədə, cəmiyyətdə, dünya miqyasında sülhün, əmin-amanlığın daşıyıcısı kimi xüsusi ilhamla tərənnüm olmuşdur.

N.Rəfibəylinin yaradıcılığında uşaqlar üçün yazılmış əsərlər də az deyildir. “Qaçaq Nəbi”, “Kəndli və qurd”, “Balaca qəhrəman”, “Günəşin cavabı”, “Pərvanə”, “Məstanın balaları” kitabında uşaq dünyası üçün səviyyəli və maraqlı olan hadisələrdən sadə, səmimi bir tərzdə, mehriban, həlim bir ahənglə söhbət açılır.

Ömrü və poeziyası həzin bir nəğməyə bənzəyən Nigar xanımın şeirlərinə neçə-neçə nəğmələr yazılmışdır. Məşhur İtalyan bəstəkarı Franko Manino “Sevginin təntənəsi” kontatasında “Ayrılıq” şeirinə musiqi bəstələmişdir. Bu nəğmə 1981-ci ildə Moskvada 1-ci Beynəlxalq mahnı festivalında səslənmişdir. Klassik qoşma janrında yazdığı “Neyləyim” şeirinə Emin Sabitoğlu mahnı bəstələmiş və “Ala gözlüm” mahnısını yazmışdır. Operanı həddən çox sevən Nigar xanım Fransız yazarı Prospera Merimenin “Karmen” operasını Azərbaycan dilinə tərcümə etmişdir və bu əsəri Azərbaycanın məşhur sənətkarları 1945-ci ildə doğma dilimizdə ifa etmişdilər.

N.Rəfibəyli bir şair kimi ədəbiyyatımızın, poeziyamızın inkişafı üçün böyük səy göstərmiş, dünya ədəbi fikrinin ən gözəl incilərini: A.Dante, A.Mitskeviç, S.Petefi, P.Berns, A.P.Çexov, E.A.Voyniç, O.Qonçar, A.Axmatova, M.Svetayeva, A.S.Puşkin, M.Y.Lermontov, Ə.Nəvai, M.Gəncəvinin əsərlərini dilimizə tərcümə etmişdir.

N.Rəfibəyli onu yetirən, boya-başa çatdıran, ona ruh verən doğma yurdununun hər daşını, hər qarışını, onun gözəl əməksevər, səxavətli insanlarını vəsf etməkdən doymamış, ən kiçik müvəffəqiyyəti üçün ana torpağa borclu olduğunu etiraf etmişdir.

Unudulmaz şairimiz Nigar xanım 1981-ci il iyul ayının 9-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlərinə görə N.Rəfibəyli 1967-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, “Şərəf” nişanı ordeni ilə təltif edilmişdir. 1981-ci ildə isə “Xalq şairi” fəxri adına layiq görülmüşdür.

2013-cü il 4 mart tarixində Azərbaycan Respublikası Prezidenti İ.Əliyev Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam vermiş və dövlət səviyyəsində yubileyi keçirilmişdir.

Nigar xanım şeirimizin, ədəbiyyatımızın, mədəniyyətimizin sabahına inanmış, bir millət anası kimi, bir şairə kimi öz tövsiyyələrini vermişdir. Dünənmizdən bu günümüzə, bu günümüzdən də sabahımıza xoş müjdələr verən nadir şeir inciləri arasında Nigar xanımın əsərlərinin də özünəməxsus yeri vardır.

Xalqımız Rəfibəylilərin xatirəsini bu gün də əziz tutur. Bu nəslin münəvvər qızı-şair yadigarı Nigar xanıma ehtiram əlaməti olaraq Gəncədə abidə ucaldılması və küçələrindən birinin onun adı ilə adlandırması bunu bir daha təsdiq edir.

Yubiley tədbirləri.

Şair o zaman əbədiliyə çatmış olur ki, adı çəkilən zaman yaddaşın ekranından misralar, bəndlər, şeirlər keçməyə başlayır, şüura nəcib insani hisslərin hərarəti yayılır, varlığını ani də olsa, sənə unutdurub özününküləşdirə bilir. Onun poetik yaşantılarından hər kəsə məhrəm olan həzin, zərif duyğular nəğmə-nəğmə sədalanır, qəlbi, ruhu saflaşdırır, gözəlləşdirir, şeirləşdirir.

Nigar Rəfibəyli poeziyamızın elə sənətkarlarındandır ki, zaman və məkan hüdudlarını aşıb hər ürəklə baş-başa ola bilən ali insani duyğuları bədiiləşdirmiş, əxlaqi və estetik kamilliyi, idrakı sayəsində həqiqi sənət əsərləri hasilə yetirmişdir. Onun poeziyası zərif, həssas təbiətli lirik “mən”in yuksək mənəvi-əxlaqi keyfiyyətlərinə, incə bədii-estetik zövqünə görə cazibəlidir.

N.Rəfibəyli yarıməsirlik yaradıcılığı boyu ədəbiyyatımızın qabaqcıl nümunələri ilə bir sırada onun inkişafı, zənginləşməsi yolunda müntəzəm çalışmışdır. Onun şeirləri bədii üslubu, lirik “mən”i yüksək mənəvi kamillik, insanpərvərlik və zəriflik kimi keyfiyyətləri ilə milli poeziyada xüsusi yeri və mövqeyi olan bir yaradıcılıqdır.

Belə bir sənətkarın yeni nəslə tanıdılması əsas vəzifələrdən biridir. Bu işdə kitabxanalarda keçirilən tədbirlərin rolu böyükdür. Keçirilən maraqlı tədbirlərdən sırasında icmalları, söhbətləri, sərgiləri, ədəbi-bədii gecələri, dəyirmi masaları və viktorinaları göstərmək olar.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1.N.Rəfibəyli. “Seçilmiş əsərləri”. Bakı, “Şərq-Qərb”, 2004.

2.N.Rəfibəyli. “Məhəbbətim bölünmədi”. Bakı, “Şərq-Qərb”, 2013.

3.N.Rəfibəyli-100. “Şanlı nəsillərin yadigarı”. Bakı, “E.L.” NPŞ MMC, 2013.



4.Təqvim 2018.

Hazırladı: metodika biblioqrafiya şöbəsinin müdiri S.Nuriyeva, informasiya-resurs şöbəsinin müdiri Z.Nəcəfova və sistem inzibatçısı S.Əhmədova.
Yüklə 22,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin