İşgüzar sənədlərin elementləri.
İşgüzar sənədlərdə tədqiqat obyekti kimi çıxış edən elementlərə operativ vahidlər, yəni ayrı-ayrı qrafemlər, morfemlər, sözformalar, söz birləşmələri, cümlələr, abzaslar aiddir. Bu vahidlərin seçilib istifadə olunması zamanı əsas diqqət onların ərəb dilinin vahidlərinə və ya sırf işgüzar vahidlərə aid olmasına verilir.
Tədqiq olunan mətnlərin elementlərinin denotativ və konnotativ tərəfləri ayrıca mövzu təşkil edir. Denotasiya, məlum olduğu kimi, sözün əsas mənasıdır. Müəllif bu mənanı konkretləşdirdiyi zaman, öz sənədinin məntiq baxımından yalnız bir məna verməsinə çalışır. Bildiyimiz kimi, sözlər lüğətlərdə mənaya malik olmurlar, yalnız mətn daxilində onlar hansısa məna qazanırlar. Bununla yanaşı, mətni tərtib edərkən müəllif həmin dildə danışan xalqın milli və tarixi koloritini, adətlərini və psixologiyasını da nəzərə almalıdır [27,39].
Konnotasiya-denotasiyaya, yəni əsas mənaya nəzərən, ikinci dərəcəli, əlavə mənadır [41,56]. Onu iki böyük qrupa bölmək olar:
-dilin daxilində mövcud olanlar (yəni mətnin qrammatikasına və məntiqi strukturuna aid olan komponentlər);
-dildən xaricdə mövcud olanlar (praqmatikanın ayrı-ayrı sahələrinə aid olan komponentlər);
Konnotasiyanın təsnifi zamanı aydın olur ki, dilin daxilində mövcud olan komponentlər yalnız sintaktik konnotasiyadan ibarətdir. Müasir dilçilikdə sintaksisin 3 mərhələsini ayırırlar:
-mikrosintaksis (söz birləşmələrinin sintaksisi);
-mezosintaksis (cümlələrin sintaksisi);
-makrosintaksis (mətnin ayrı-ayrı hissələrinin sintaksisi).
Konnotasiyanın digər formaları isə dildən kənarda mövcud olanlara aiddirlər ki, bunları da fərdi, kollektiv və monoetnik olmaqla 3 yerə bölmək olar:
Fərdi səviyyə idionotasiyaya və ya fərdi konnotasiyaya uyğun gəlir. Sənədi tərtib edən öz peşəkarlığını saxlamaq məqsədilə, sənədin formasını kamilləşdirməyə çalışır. Sənədin tərtibçisi bütün ifadə vasitələrinin seçilməsi zamanı adekvatlığa nail olmağa can atır.
Evlekt və ya aksioloji konnotasiya ayrı-ayrı dil qruplarının-dialektlərin dil vahidləri ilə bağlıdır. O, həm dialektlərlə, həm də həmkarların sosial vəziyyətinə əsaslanan linqvistik xüsusiyyətləri ilə əlaqədardır. Beləliklə, aksioloji konnotasiyaların seçimi zamanı sənədi tərtib edənin peşəkar hazırlığı, iş sənədlərinin tematik sferası, tərtibçinin sosio-linqvistik normaları meydana çıxır.
Transnotasiya-kontrastiv konnotasiya. Tərtibçi işgüzar sənəddə müəyyən sayda alınma sözlərlə rastlaşır. Ərəb ölkələrində puristik meyllər olsa da, digər dillərlə (məsələn, fransız, fars, türk dilləri) müqayisədə bu problem çox da qabardılmamışdır. Burada ərəb leksikası ilə yanaşı, alınma sözlərdən də geniş istifadə olunur.
Dostları ilə paylaş: |