HƏKƏMIYYƏT MÜQAVILƏSININ QƏBUL ETDIRILMƏSI
Siffeyn müharibəsinin sonundakı həkəmiyyət hadisəsi islam tarixində misli görünməmiş bir məsələ hesab olunur. Əmirəl-möminin Əli (ə) qələbənin iki addımlığında idi, əgər onun nadan köməkçiləri müharibəni saxlamasaydılar, yaxud, heç olmazsa, ona maneçilik törətməsəydilər, o həzrət fitnənin kökünü kəsər, xəbis əməvi sülaləsinin sonradan səksən il davam edəcək hökumətinə son qoyar, nəticədə islam tarixini və müsəlmanların mədəniyyətini tamamilə dəyişdirərdi. Amma o, Əmr Asın hiyləgərliyi və özünün qoşunundakı nadan əsgərlərin çoxunun aldanması nəticəsində müharibəni qəti qələbəyə qədər davam etdirə bilmədi. Belə nadan "dostlar"ın vurduqları ziyan ağıllı düşmənin vurduğu xəsarətdən qat-qat artıq idi. Onlar Imam (ə)-a dörd məsələni qəbul etdirdilər ki, bunun zərəri əvvəlcə özlərinə, sonra isə digər müsəlmanlara dəydi:
1-Müharibəni dayandırıb Quranın və Peyğəmbər (s) sünnəsinin hakimliyini qəbul etmək.
2-Əbu Musanı (Imam (ə) tərəfindən) nümayəndə seçmək.
3-Həkəmiyyət müqaviləsinin mətnindən "Əmirəl-möminin" ləqəbini çıxartmaq.
4-Müqavilə imzalandıqdan sonra onu pozmağa dair israr etmək.
Yuxarıda birinci və ikinci bəndin qəbul etdirilməsi aydınlaşdı. Indi isə üçüncü və dördüncü bəndin necə qəbul etdirilməsini bəyan edirik. Quranların nizəyə keçirilməsindən sonra döyüşün toz-torpağı yatdı, mübahisələr dayandı və qərara alındı ki, hər iki tərəfin başçıları həkəmiyyət müqaviləsini tənzim etsinlər. Bir tərəfdə Imam (ə) öz tərəfdarları ilə, o biri tərəfdə də Müaviyə və onun "ayrılmış əqli" Əmr As öz mühafizəçiləri ilə dayandı. Müqavilənin yazılması üçün iki sarı vərəq hazırlandı. Vərəqlərin həm baş tərəfində, həm də axırında Imam (ə)-ın "Muhəmmədun Rəsulullah" yazılmış möhrü vurulmuşdu. Müqavilənin mətnini Əli (ə) deyir, o həzrətin katibi Übeydullah ibni Rafe də onu yazırdı. Imam (ə) öz sözlərini belə başladı:
"Bu, Əmirəl-möminin Əli və Əbu Süfyanın oğlu Müaviyə arasında olan bir müqavilədir, onların tabeçiləri onun əsasında Allah kitabının və onun Peyğəmbərinin qəzavət etməsini qəbul etmişlər."
Bu vaxt Müaviyə yerindən atıldı, dedi:–Bir nəfəri "Əmirəl-möminin" kimi qəbul edən, sonra isə onunla mübarizə edən şəxs axmaqdır!
Əmr As dərhal Imam (ə)-ın katibinə dedi:–Əlinin adını və atasının adını yaz. O, sizin əmirinizdir.
Imam (ə)-ın şücaətli sərkərdəsi Əhnəf o həzrətə dedi:–Məbada "Əmirəl-möminin" ləqəbini öz adının yanından pozsan! Əgər pozasan, bir daha geri qayıtmayacağından qorxuram. Bu sözü, hətta ölüm-dirimə gətirib çıxarsa belə, qəbul etmə!
Söz uzandı və günün bir hissəsi bu məsələnin müzakirəsi ilə keçdi. Imam (ə) öz adının yanından bu kəlmənin pozulmasına razı olmadı. Müaviyə ilə əvvəldən sirdaş olan və ilk günlərdən Imam (ə)-la dostluq pərdəsi altında onun əleyhinə işləyən Əşəs ibni Qeys israrla bu ləqəbin götürülməsinə çalışırdı. Bu çəkişmələrdə Imam (ə) "Hüdeybiyyə" sülhünün acı xatirələrini qeyd edib buyurdu: Hüdeybiyyədə Peyğəmbər (s)-in katibi mən idim. Bizim tərəfdə Rəsulullah, müşriklərin tərəfində isə Süheyl ibni Əmr dayanmışdı. Mən sülh müqavləsini bu şəkildə tənzim etdim: "Bu, Allahın Rəsulu Mühəmmədlə Süheyl ibni Əmr arasında olan sülh müqaviləsidir." Amma müşriklərin nümayəndəsi Peyğəmbərə dedi:–Mən "Rəsulullah" kəlməsi ola-ola onu heç vaxt imzalamaram. Mən sənin doğrudan da Allah Peyğəmbəri olduğunu bilsəydim, səninlə heç vaxt vuruşmazdım. Allahın peyğəmbəri olduğun halda səni təvafdan saxlasam, zülmkarlardan olaram. Yaz ki, "Mühəmməd ibni Əbdüllah", mən də qəbul edim." Bu vaxt Peyğəmbər (s) mənə buyurdu: "Əli, mən həm Allahın Peyğəmbəri, həm də Əbdüllahın oğluyam. "Rəsulullah" ləqəbini adımın yanından silməklə mənim risalətim aradan getməz." Bəli, o gün müşriklər Rəsulullah ləqəbini onun adının yanından pozmaq üçün mənə çox təzyiq göstərdilər. O gün Peyğəmbər müşriklər üçün sülhnamə yazmışdı, bu gün də mən onların (müşriklərin) övladları üçün yazıram. Mənim yolum elə Peyğəmbərin yoludur.
Əmr As qəzəblənib Əli (ə)-a dedi:–Sübhanəllah! Biz mömin olduğumuz halda bizi kafirlərə və müsəlmanların düşmənlərinə oxşatdın!
Imam (ə) buyurdu: Elə bir gün olmuşdurmu ki, sən kafirlərin himayəçisi və müsəlmanların düşməni olmayasan?! Sən elə səni doğan anana oxşayırsan!
Bu sözləri eşidən Əmr As məclisdən durub dedi:–Allaha and olsun, bundan sonra heç vaxt səninlə bir məclisdə oturmaram!
Imam (ə)-ın "dostlarının" Əmirəl-möminin ləqəbinin o həzrətin adının yanından silinməsi üçün təzyiq göstərmələri o həzrətin məzlumiyyətində yeni səhifələr açdı.209
Lakin bunun müqabilində Imam (ə)-ın sədaqətli dostlarından bir qrupu qılınclarını siyirmiş halda o həzrətin hüzuruna gəlib dedilər: Əmr ver, icra edək!
Osman ibni Hənif onlara nəsihət verib dedi:–Hüdeybiyyə sülhündə mən də var idim. Biz də Peyğəmbər (s)-in yolu ilə gedirik.210
Imam (ə) buyurdu: Hüdeybiyyədə Peyğəmbər (s) bu hadisəni mənə xəbər verib buyurmuşdu: "Belə bir gün sənin üçün də vardır; sən də məcburiyyət qarşısında qalaraq belə bir iş görəcəksən."
Dostları ilə paylaş: |