3-SÜFYAN IBNI OVFUN QARƏTÇILIYI
Süfyan ibni Ovf Ğamidi Müaviyənin tərəfindən məmuriyyət aldı ki, qorxmaz və silahlı bir ordu ilə Fərata tərəf hərəkət etsin, sonra Ənbarın yaxınlığında yerləşən Həytəyə tərəf irəliləsin, yolu üstündə müqavimət göstərənlərin mal-dövlətini qarət etsin. Amma əgər müqavimətlə qarşılaşmasa Ənbara, oradan da Mədainə getsin, sonra isə Şama qayıtsın, amma Kufəyə yaxın düşməsin. Sonra Müaviyə ona dedi:–Əgər Mədaini və Ənbarı qarət etsən, elə bil Kufəni qarət etmisən. Bu qarətçi yürüşlər Iraq əhalisini vəhşətə salacaq, bizim tərəfdarlarımızı sevindirəcək, bizimlə həmkarlıq etməkdən qorxanları bizə tərəf səsləyəcək. Yolun üstündə səninlə razılaşmayanların hamısını qılıncdan keçirt, kəndlərini dağıt, mal-dövlətlərini qənimət götür. Çünki, onlardan qənimət götürmək elə onları öldürmək kimidir. Belə bir iş ürəklərə od qoyacaqdır.
Süfyan deyir:–Mən Şam ordugahında idim. Müaviyə çıxış edərək camaatı mənimlə birlikdə hərəkət etməyə çağırdı. Çox keçmədi ki, altı min nəfər hərəkət etməyə hazır oldu. Sonra Fərata tərəf yola düşüb Həytə çatdıq. Əhali mənim gəlişimdən xəbər tutduqda qaçıb Fəratdan keçdilər. Mən də Fəratdan keçdim, amma heç kimlə qarşılaşmadım. Sonra Səndəvdaya çatdım. Oranın da əhalisi mənim qabağımdan qaçdılar. Ənbara tərəf hərəkət etməyi qərara aldım. Oranın əhalisindən iki cavanı əsir tutub soruşdum ki, Əlinin silahlı qüvvələri neçə nəfərdir. Dedilər ki, beş yüz nəfər idi, amma onların bəziləri Kufəyə getdi, indi bilmirik ki, onlardan neçəsi qalıb. Qalanlar təqribən iki yüz nəfər olar. Mən öz əsgərlərimi dəstələrə böldüm, növbə ilə Ənbara göndərdim ki, şəhərdə təkbətək döyüşə başlasınlar. Amma bu işin faydasız olduğunu gördükdə iki yüz nəfər piyada göndərib onları da süvarilərlə qüvvətləndirdim. Belə bir şəraitdə Imamın bütün qüvvələri dağılışdı, sərkərdələri də otuz nəfərlə birlikdə öldürüldü. Sonra Ənbarda olan hər şeyi qarət edib Şama qayıtdım. Müaviyənin yanına gəlib hadisələri nəql etdim. O dedi:–"Mən sənin barəndə elə bu cür düşünürdüm." Çox keçmədən iraqlıların içində qəribə vəhşət yarandı və onlar dəstə-dəstə Şama köçdülər.301
Süfyanın Ənbara gedərək oranın hakimi–Həssanı öldürməsi xəbəri Əli (ə)-a çatanda qəzəbli halda evdən çıxıb Nüxeylə ordugahına getdi, camaat da onun ardınca hərəkət etdilər. Imam (ə) uca bir yerdə dayandı, Allaha həmd-səna etdikdən, Peyğəmbərə salavat göndərdikdən sonra buyurdu: "Ey camaat, cihad cənnət qapılarından biridir, Allah onu Özünün xas dostlarının üzünə açmışdır; o, təqva libası, möhkəm zireh, güclü qalxandır. Hər kəs onu ixtiyarı üzündən tərk etsə, Allah ona zillət paltarı geydirər, axırda da xar olar; Allah Öz rəhmətini onun qəlbindən götürər, ağılsızlığa mübtəla olar... Mənə xəbər çatıb ki, Süfyan ibni Ovf Müaviyənin əmri ilə Ənbara yürüş etmiş, oranın hakimi Həssan ibni Həssan Bəkri öldürmüş, sərhədçiləri şəhərdən qovmuşdur; Süfyanın qoşunu müsəlmanların və zimmə əhlinin qadınlarına hücum etmiş, onların bilərziklərini, boyunbağılarını və sırğalarını qarət etmişdir. O arvadların da ağlamaqdan başqa bir silahları olmamışdır. Sonra onlar çoxlu qənimətlə Şama qayıtmışdır. Onlardan nə bir nəfər yaralanmış, nə də birindən qan tökülmüşdür. Əgər müsəlman bir şəxs bu hadisəni eşidəndə qəm-qüssədən ölsə, ona heç bir məzəmmət yoxdur, hətta elə ölümə də layiqdir. Çox qəribədir: onlar öz batil işlərində əlbirdirlər, siz isə özünüzün haqq və düz yolunuzda ixtilafdasınız. Sizin işiniz qəlbi öldürür, qəm-qüssə gətirir. Sifətləriniz eybəcər, qəlbləriniz qəmgin olsun! Yayda sizə cihad əmri verəndə deyirsiniz ki, hava istidir, havalar sərinləşənə qədər bizə möhlət ver; qışda da sizi cihada əmr edəndə deyirsiniz ki, hava soyuqdur, istilər düşənə qədər bizə möhlət ver. Soyuq və isti sadəcə bir bəhanədir, siz qılıncdan qorxursunuz! Ey kişilikdən bir əsər-əlamətləri olmayan kişilər! Sizin əqliniz uşaqların və təzə gəlin köçmüş qızların əqli qədərdir. Kaş mən sizi görməyəydim və tanımayaydım!..."302
Müaviyənin Iraq əhalisini vahiməyə salmaq üçün gördüyü işlər bu üç qaniçən qarətçini göndərməklə bitmirdi. O başqalarını da belə məmuriyyətlərə göndərirdi. Məsələn, o, Nöman ibni Bəşir Ənsarini vadar etmişdi ki, Fəratın qərb sahilində yerləşən Eynüt-təmr şəhərinə hücum etsin və oranı çapıb-talasın. Yəzid ibni Şəcərə Rəhavəriyə göstəriş vermişdi ki, Məkkəyə gedib camaatın var-yoxunu çapıb-talasın. Nəhayət bu hiylələr öz işini gördü: iraqlıların ürəyinə şiddətli qorxu və vəhşət düşdü.303
Əlbəttə, bu faciələr Nəhrəvan müharibəsindən sonra baş vermişdi. Xaricdən və daxildən göstərilən təzyiqlər Iraq əhalisini incidir, xüsusilə Imam (ə)-ın dostlarına ruhi əzab verirdi. Kaş belə qəmli-kədərli hadisələr bunlarla bitəydi, lakin başqa hadisələr də Əli (ə)-ın ruhunu incidir, qəlbini sıxırdı. Indi onları qeyd edirik.
Dostları ilə paylaş: |