Əbdüllah ibni Qəid nalə-fəğan edərək Kufəyə daxil oldu və Məhəmmədin işkəncə ilə və faciəli şəkildə şəhid edildiyini Əli (ə)-a xəbər verdi. Imam (ə) göstəriş verdi ki, onun sözlərini eşitmək üçün hamı bir yerə yığışsın. Sonra onlara buyurdu: "Bu, Məhəmmədin və sizin misirli qardaşlarınızın nalələridir. Allahın və sizin düşməniniz olan Əmr As onlara doğru getmiş, onlara hakim olmuşdur. Heç də güman etmirəm ki, azğınların batilə olan bağlılıqları, öz tağutlarına olan etimadları sizin haqqa olan bağlılığınızdan möhkəm olsun! Onlar Misrə hücum etməklə sanki sizin başınız üstünə hücum etmişlər. Tez olun, onların köməyinə tələsin! Ey Allah bəndələri, Misir xeyir-bərəkətdə Şamdan, oranın əhalisi də şamlılardan yaxşıdır. Misri əldən verirsiniz. Əgər Misir sizin ixtiyarınızda olsa, bu, sizin üçün izzət, düşmən üçün xarlıq olacaq. Tez olun, Cürə ordugahına yola düşün, sabah bir-birimizə çataq."
Günlər keçəndən və Iraq başçıları Imam (ə)-ın hüzuruna gedib-gələndən sonra, nəhayət, Malik ibni Kəb iki min nəfərlik bir qoşunla Misrə yola düşdü.315
Imam (ə) Ibni Abbasa bir məktub yazıb hadisələri belə şərh etdi: "Misir düşmənin əli ilə fəth olunmuş, Məhəmməd ibni Əbi Bəkr şəhadətə çatmışdır. (Allah ona rəhmət etsin!) Bu müsibəti Allahın hesabına qoyur və əcrini də Ondan istəyirəm. Bu, mehriban və çalışqan bir övladın, kəsici bir qılıncın, müqavimətli bir qüdrətin müsibətidir. Mən camaatı ona qoşulmağa təşviq etdim və onlara fərman verdim ki, bir hadisə baş verməmiş onun köməyinə getsinlər. Mən aşkarda da, gizlində də hamını ona tərəf hərəkət etməyə çağırıram. Bir dəstə meylsiz halda hazırlıqlarını elan etdilər, bəziləri də özlərini xəstəliyə vurdular, üçüncü bir qrup isə ona kömək etməkdən boyun qaçırtdılar. Allahdan istəyirəm ki, məni tezliklə bu camaatın əlindən qurtarsın."316
Məhəmmədin şəhadəti Əli (ə)-a çox ağır gəldi, o həzrət göz yaşı axıdaraq buyurdu: "O, mənim üçün övlad, övladlarım üçün qardaş idi. (Sonra buyurdu:) Mən onu çox istəyirdim,317 onu öz ağuşumda bəsləmişdim."318
Uzaqgörən adamlar Siffeyn müharibəsindən sonra tez-tez baş verən belə hadisələrdən Əli (ə)-ın hökumətinin nadan dostların əli ilə süqut edəcəyini irəlicədən görə bilərdilər. Bu zaman artıq Müaviyə Şama hakim olmuş, Əmr As Misri öz ixtiyarına keçirmişdi. Qarətçi dəstələr və qaniçənlər Müaviyənin göstərişi ilə mərkəzi hökuməti zəiflətmək, əmin-amanlığı tamamilə aradan aparmaq üçün müntəzəm surətdə ətraf yerlərə yürüş edirdilər. Amma görəsən Əli (ə) bu acınacaqlı şəraitdə nə kimi tədbirlər görür, fəsadın kökünü kəsmək üçün qəlbləri ölmüş iraqlılardan necə kömək almaq istəyirdi. Tarixdə qeyd olunur ki, Imam (ə) ömrünün axır günlərində atəşli bir nitq söyləyərək iraqlıların ölmüş qəlblərini yenidən diriltdi.
Dostları ilə paylaş: |