MƏHƏMMƏD IBNI ƏBU-BƏKRIN IMAM (ə)-A YAZDIĞI MƏKTUB
Imam (ə)-ın məktubu Məhəmməd ibni Əbi Bəkrə çatdıqda o belə bir cavab məktubu yazdı: "Əmirəl-mömininin məktubunu aldım, məzmunundan agah oldum. Heç kəs Əmirəl-mömininin düşmənlərinə qarşı məndən barışmaz, dostlarına qarşı isə məndən mehriban deyildir. Mən şəhərdən kənarda düşərgə salmışam. Bizimlə düşmənçilik edən və müharibə etmək istəyənlərdən başqa bütün camaata aman vermişəm. Hər bir halda mən Əmirəl-mömininə tabeyəm."314
ƏMR ASIN MISRƏ GÖNDƏRILMƏSI
Siffeyn müharibəsi sona çatdıqdan və xəvaricin vasitəsi ilə Əmirəl-möminin Əli (ə)-ın ordusunda ikitirəlik yaranandan sonra Müaviyə fürsəti qənimət saydı və Misri Imam (ə)-ın hakimiyyət dairəsindən çıxartmaq üçün Əmr Asın rəhbərliyi ilə oraya qoşun göndərməyə çalışdı. Bu işi həyata keçirmək üçün ordu sərkərdələrindən bir qrupunu, o cümlədən Əmr As, Həbib ibni Məsləmə, Busr ibni Ərtat, Zəhhak ibni Qeys və Əbdürrəhman ibni Xalidi, həmçinin Qüreyşdən qeyrilərini də məşvərət üçün çağırdı. Sonra üzünü məclisdəkilərə tutub dedi:–Bilirsinizmi sizi nə üçün çağırmışam?
Əmr As dərhal dedi:–Sən bizi Misri fəth etmək üçün dəvət etmisən, çünki, ora çox məhsuldar bir ölkədir, külli miqdarda vergisi vardır. Sənin və dostlarının izzəti oranın fəth edilməsindən asılıdır.
Müaviyə onun sözünü təsdiq edib xatırlatdı ki, Əmr Asla həmkarlığa başlayanda ona vədə vermişdi ki, əgər Əliyə qələbə çalsa, Misri ona bağışlayacaq. O məclisdə çoxlu müzakirələr edildi, axırda qərara alındı ki, Misir əhlisinə–istər dost olsun, istərsə də düşmən–çoxlu məktublar yazılsın, dostlara öz mövqelərində möhkəm dayanıb müqavimət göstərmək əmri verilsin, düşmənlər isə ya sülhə dəvət edilsin, ya da müharibə ilə təhdid edilsin.
Bu məqsədlə Müaviyə Əli (ə)-ın müxalifləri olan Məsləmə və Müaviyə Kindəyə bir məktub yazdı, sonra isə Əmr Ası böyük bir qoşunla Misrə göndərdi. Əmr As Misrin sərhədlərinə yaxınlaşanda Osmanın havadarları onun ətrafına yığışıb ona qoşuldular. Əmr As oradan Misrin valisinə belə bir məktub yazdı: "Mən səninlə vuruşmaq, qanını tökmək istəmirəm. Misir əhalisi hamılıqla sənin əleyhinədir, sənə itaət etdiklərinə görə peşmandırlar."
Əmr As bu məktubu Müaviyənin də Məhəmmədə yazdığı məktubla birlikdə ona göndərdi. Vali hər iki məktubu oxuyandan sonra Imam (ə)-a göndərdi, həmçinin bir məktub yazıb Şam ordusunun Misir sərhədlərinə doğru irəliləməsini o həzrətə xəbər verdi və xatırlatdı ki, əgər Misrin öz ixtiyarınızda qalmasını istəyirsinizsə, gərək mənə maddi və hərbi cəhətdən kömək edəsiniz.
Imam (ə) Məhəmmədə yazdığı cavabda onun müqavimət göstərməsini tövsiyə etdi. Məhəmməd ibni Əbi Bəkr sonra Əmr Asın və Müaviyənin məktublarına cavab yazdı və camaatı səfərbər edərək Əmr Asın qoşunu ilə qarşılaşmağa məcbur oldu. Kənanə ibni Bişrin sərkərdəlik etdiyi iki min nəfərlik qoşun ordunun ön cəbhəsini təşkil edirdi, özü isə iki min nəfərlə birlikdə onun arxasınca irəliləyirdi. Misir ordusunun ön cəbhəsi şamlılarla qarşılaşanda onların sıralarını darmadağın etdilər, lakin axırda hərbi qüvvələrin azlığına görə məğlub oldular. Kənanə öz dostları ilə birlikdə atdan düşüb təkbətək döyüşə başladı və bu ayəni oxuyan halda şəhadətə çatdı: "Heç bir insanın şənində deyildir ki, Allahın izni və müəyyən, sabit bir əcəl olmadan ölsün. Hər kəs dünya savabını istəsə, ondan həmin şəxsə əta edərik, hər kəs də axirət savabını istəsə, ondan həmin şəxsə əta edərik və şükür edənlərə əcr və savab verərik."
Dostları ilə paylaş: |