YOL SEÇMƏKDƏ AZADLIQ
Əbdüllah ibni Məsudun dostlarından bir dəstəsi Imam (ə)-ın hüzuruna gəlib dedilər: Biz sizinlə hərəkət edirik. Sizdən bir qədər aralıda düşərgə salacağıq ki, həm sizin, həm də müxaliflərinizin işlərinə nəzarət edək. Hər vaxt tərəflərdən birinin qanunsuz işlərə əl atdığını, yaxud öz həddini aşdığını görsək, onun əleyhinə vuruşacağıq.
Imam (ə)-ın həyat tərzi və hakimiyyət üslubu onları şübhəyə salacaq bir şəkildə deyildi, lakin casuslar onların qəlblərinə vəsvəsə toxumu səpmiş, əməlisaleh insanları Müaviyəyə qarşı vuruşub-vuruşmamaqda tərəddüdə salmışdı. Buna görə də Imam (ə) onlara buyurdu:–Əhsən sizlərə! Bu söz elə dini başa düşmək, həqiqəti öyrənmək, Peyğəmbər sünnəsindən agah olmaq deməkdir. Hər kəs bu işə razı olmasa, zülmkar və xaindir.71
Əbdüllah ibni Məsudun dostlarından başqa bir dəstəsi də gəlib Imam (ə)-a dedilər:–Biz sənin fəzilətlərini etiraf etməklə yanaşı, bu müharibənin qanuni olub-olmamasında şəkk edirik. Indi ki, düşmənlə müharibə edəcəyik, onda bizi uzaq bir yerə göndər, orada din düşmənləri ilə vuruşaq.
Imam (ə) bu cür bəhanələrdən narahat olmadan onların dörd yüz nəfərlik dəstəsini Rəbi ibni Xəsimin başçılığı ilə Reyə göndərdi ki, orada öz vəzifələrini yerinə yetirib Xorasan ətraflarında gedən islami cihada kömək etsinlər.72
Bunların özləri müəyyən səbəblərə görə cihadda iştirak etməyə meyl göstərmirdilər, bunun müqabilində Imam (ə) da onunla əlaqələrini kəsmiş Bahilə qəbiləsini bu cihadda iştirak etməyə qoymadı, onların maaşını verdi və əmr etdi ki, Deyləm məntəqəsinə getsinlər və öz müsəlman qardaşları ilə birlikdə sərhədləri qorusunlar.73
Dostları ilə paylaş: |