Şirvani Ədilli Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə


Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanında



Yüklə 70,26 Kb.
səhifə3/9
tarix10.01.2022
ölçüsü70,26 Kb.
#110236
növüYazı
1   2   3   4   5   6   7   8   9
Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanında (1936-37) da hadisələr əsasən tarixi faktlara istinadən cərəyan edir və Kərim xan Zəndin ölümünə qədərki dövrdən (1770-ci illərdən) başlayır. Əsərin baş qəhrəmanları Qarabağ xanı İbrahim xan və onun vəziri şair Molla Pənah Vaqifdir. Əsərin əvvəlində Qarabağ xanlığı Şiraz (fars bölgəsi) hökmdarı olan və digər xanlıqları özündən asılı vəziyyətə salaraq dağılmış imperatorluq ərazisində qismən mərkəzi hakimiyyət yaratmış Kərim xan Zəndə tabeçiliyi qəbul etmiş durumda olur. Əsərdə Qarabağ xanlığı tərəfindən Kərim xan Zənd düşmən kimi qəbul olunmur və ona tabeçilik qanuni və təbii sayılır. Onun ölümündən sonra isə mərkəzi hakimiyyət süquta uğrayır və xanlıqlar arasında nüfuz uğrunda müharibələr başlayır. Bu xanlıqlardan biri də Qacar xanlığı olur. Əsərin bu yerlərində Ağa Məhəmməd xan haqqında öz ərazilərini genişləndirmək istəyən bir xan kimi danışılır. Yəni o, nə dost, nə də düşmən kimi qiymətləndirilir. Bu dövrdə Rus imperiyasının Şimali Qafqaza göz dikməsi isə Qarabağ xanlığı tərəfindən qəti etirazla qarşılanır və Rusiya qatı bir düşmən kimi qəbul olunur. Tezliklə Gürcü knyazı İraklininn Rusiya himayəsinə keçməsi (1783-cü il müqaviləsi ilə), sonra isə Rusiyanın daha ağır şərtlərlə Qarabağ xanlığını tabe etmək istəməsi İbrahim xanı hədsiz qəzəbləndirir: (7, s. 563):

Mən dəfələrlə kömək vеrib, dardan qurtardığım İrakliyə tac gəlsin, pеşkəşlər gəlsin... Mənə də şərtsiz-şürurtsuz təbəəlik təklif оlunsun?! Mən bu günə qalmışam? Mən Pənah xanın оğlu, Ərğun xan övladı?.. Bütün Azərbaycan xanları mənim məsləhətimlə iş görsün, mən kafirə bоyun əyim, qul оlum? Fətəli qancıq, еlə düşmənçilik! Qalsın sənnən mənimki... Əbdilqədir qоduq da ayaq qaldırır. Bunlar hamısı о dönük İraklinin işidir. Yеdin İrəvandan və Gəncədən gələn tümənləri!..”

Lakin Rus-Osmanlı müharibəsinin (1787-91) başlanması Rusiyanın bir müddət Qafqazdan uzaqlaşmasına, yəni Qafqaz planının ertələnməsinə səbəb olur. Bir müddət sonra isə ərazilərini xeyli genişləndirmiş Ağa Məhəmməd xan quzey xanlıqlarından tabeçilik və bunun üçün girov tələb etdikdə Qarabağ Xanlığı bunu öncə qəbul etsə də sonra qəbul etmək istəmir. Əsərin bu yerlərində M.P.Vaqif Ağa Məhəmməd xan haqqında bu fikirləri deyir (7, s. 617):

...Nadir yеrişi yеrimək istəyir. Parçalanmış İran mülklərini bir yеrə yığıb, özünü, görünür, şah еlan еtmək istəyir. ...Xanlığın mənafеyini güdərək bir yеrə mеyl еtməliyik. ...Mən ki nicatımızı İran kеşməkеşində görənlərdən dеyiləm!”.

Bu vəziyyətdə Qarabağ xanlığı Osmanlı himayəsinə keçməyi daha üstün tutur və danışıqlar üçun Osmanlı dövlətinə elçi göndərilir. M.P.Vaqif göndəriləcək elçiyə bu sözləri deyir (7, s. 618):

Saniyən, Sultan həzrətlərinə məsələni ətraflı ərz еdəsən; dеyərsən ki, bizi iki оd arasından (əsərin adı olan “iki od arasında” ifadəsi bircə dəfə yalnız əsərin bu yerində işlədilir – Ş.Ə.) qurtaracaq yеganə çarə Оsmanlı himayəsidir. Tеzliklə əsgər göndərməsələr, Axta xan bizi həlak еdəcək və ümməti-islam qan dəryasında bоğulacaq”.

Lakin Osmanlı dövləti daha öncə Qacar şahı ilə Rusiyaya qarşı birgə mübarizə aparmaqda razılığa gəldiyindən Qarabağ xanlığının Qacara qarşı kömək almaq istəyini qəbul etmir. Əsərin bu yerindən başlayaraq Ağa Məhəmməd şah Qarabağ xanlığına bir düşmən obrazına çevrilir. Yəni indiyədək əsasən Zənd xanlığından asılılığı qəbul edərək yaşamış Qarabağ xanlığı indi Qacar xanından asılı yaşamağa razı olmur və onu düşmən kimi görür. Romanda təsvir olunan bu vəziyyət tarixi gerçəkliyi də əks etdirir. Lakin Qarabağ xanlığının bu ziddiyyətli mövqeyinin, yəni neçə illər fars xanlığından asılılığı qəbul etmiş olduğu halda öz soyundan olan türk-Qacar xanlığından asılılığı qəbul etməyib onu düşmən kimi görməsi, öncə Osmanlıya, sonra hətta xristian Rusiyaya meyl etməsinin səbəbi hələ də tarixçilər tərəfindən lazımınca araşdırılmamışdır. Fikrimizcə, Qarabağ və digər Quzey xanlıqlarının bu ziddiyyətli mövqeyinin əsas səbəbi Nadir şahdan sonra imperiya ərazisində vahid, daimi və güclü hakimiyyəti bərpa etmək cəhdlərinin bir neçə dəfə boşa çıxması və belə bir hakimiyyətin bir daha bərqərar olacağına inamın itməsi olmuşdur. Həmin xanlıqlar üçün Ağa Məhəmməd şah Qacar olduğundan daha zəif, Rusiya isə olduğundan daha güclü və hətta daha mülayim (daha yüngül şərtlərlə tabeçilik tələb edən) imperiya kimi görünmüşdür. Lakin tarixdən məlumdur ki, həmin xanlıqlar sonradan bu məsələdə hərtərəfli yanıldıqlarını özləri də anlamışdılar.

Əsərdə nəhayət Ağa Məhəmməd Şahın Qarabağa tarixdən məlum olan 1795-ci il yürüşü baş verir. Şuşanın 33 günlük mühasirəsindən sonra Qacar qoşunları Tiflisə yollanır. Burada böyük uğur qazanan şah Tehrana qayıdır. Bundan sonra İbrahim xan vəziri Vaqifin məsləhəti ilə yenə də müəyyən şərtlərlə Rusiyaya tabeçiliyi Ağa Məhəmməd Şaha tabeçilikdən üstün tutur. Belə ki, bu məsələ ilə bağlı İbrahim xanın çağırdığı müşavirədə Vaqif bu sözləri deyir (7, s. 637):

Axta xandan qurtarmaq üçün təkcə bir çarə var: Urus himayəsi”.

Xan Vaqifin təklifini qəbul edir və Vaqif rus imperatriçası Yekaterinaya məktub yazaraq müəyyən şərtlərlə rus himayəsini qəbul etdiklərini və rus qoşunlarının Qafqaza gəlməsini istədiklərini bildirir. Təklif qəbul olunur və qraf Zubovun komandanlığında rus qoşunları Qafqaza daxil olur. Lakin rusların əsl məqsədinin Qarabağ xanlığını ləğv еdib оrada Rusiyaya tabе bir еrməni əyaləti düzəltmək olduğu xan və vəzirinə bəlli olur. Bundan sonra xanlıq rəhbərliyi ruslara tabe olmamaq qərarına gəlir. Hətta Zubova sui-qəsd də hazırlayırlar. Lakin sui-qəsd baş tutmur və üstü açılır. Bundan sonra yenidən Vaqifin məsləhətiylə xanlıq tərəfindən Yekaterinanın yanına elçiər göndərilir və müəyyən şərtlərlə ona tabeçiliyi qəbul etməyə hazır olduqları bildirilir. Yekaterina təklifə müsbət cavab verir və hətta Vaqifə qiymətli əsa da hədiyyə edir. Lakin Yekaterinanın gözlənilmədən ölməsi rus qoşunlarının geri dönməsinə səbəb olur.

Bu hadisələrdən sonra – 1797-ci ildə Ağa Məhəmməd şahın Qarabağa ikinci yürüşü baş verir. Əsərdə bu yürüş tarixi reallıqlardan bir qədər fərqli təsvir olunur. Belə ki, burada İbrahim xanın öz dəstəsi ilə Qarabağı tərk etməsindən əvvəl şəhərin mühasirəyə alınması haqqında məlumat verilmir və xanın şəhəri tərk etdiyini eşidən Ağa Məhəmməd şahın müqavimətsiz şəhərə daxil olduğu deyilir. Bu və digər hadisələrin təsviri əsərdə əsasən “Qarabağnamə”lərə istinad edildiyini göstərir.

Romanda daha sonra Ağa Məhəmməd şahın Şuşada qətlinə qədərki hadisələr öz əksini tapır. Şuşaya daxil olan Ağa Məhəmməd şah arıq, cılız, 15 yaşlı uşağa oxşayan, tükü tökülmüş, üzü qırış, gözündən daim su axan bir adam kimi təsvir olunur. Həmçinin o, həddən artıq qəddar, zülmkar, amansız bir hökmdar kimi göstərilir. Hətta onun İbrahim xanın yaxın adamlarına hansı ağır və biabırçı işgəncələri verməsi də açıq təsvir olunur. Bu əsərdə də şahın qətlinin təsviri Ə.Haqverdiyevin pyesindəki səhnəyə oxşardır, yəni reallıqla götürüldükdə inandırıcı görünmür.

Müəllif Ağa Məhəmməd şahın qoşununda türklərin əsas yer tutduğunu əsərin bir yerində qeyd edir (7, s. 630):

...Оrada əlvan gеyimli, əlvan sifətli, əlvan dilli xalqlar vardı. Türklər, farslar, kürdlər, lоrilər, ərəblər... bir-birinə qarışmışdı. Yaşlılarla bərabər cavan uşaqlar da vardı. İran tоrpağında əli silah tutanların hamısını buraya tоplamışdılar....”.

Yəni müəllif Ağa Məhəmməd şahın bir türk sərkərdəsi, türk hökmdarı olduğunu dolayısı ilə göstərir, lakin onun düşmən yox, türk birliyinə xidmət edən, türk dövlətinin bütövlüyünü bərpa etmək istəyən bir hökmdar olduğu, tarixdən məlum olan elmli, müdrik, siyasətcil, dözümlü, iradəli, vətənpərvər cəhətləri vurğulanmır.

Əlbəttə, böyük yazıcı və ictimai-siyasi xadim Y.V.Çəmənzəminlinin türkçülüyə xidmət edən bir ziyalı olduğuna şübhəmiz yoxdur. Bu romanda Ağa Məhəmməd Şahın şəxsiyyətinin birtərəfli təqdimatı yəqin ki, əsərin məhz sovet dövrünün ideoloji məhdudiyyətləri şəraitində yazılması ilə əlaqədar olmuşdur. Hər halda “İki od arasında” romanında Ağa Məhəmməd şah S.Vurğunun “Vaqif” dramındakı kimi həqarətə məruz qalmamışdır.




Yüklə 70,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin