Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ



Yüklə 1,62 Mb.
səhifə3/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   2   3   4   5   6   7   8   9   ...   84
SOKRAT
ÖN SÖZ

Fəlsəfənin ilyazısında(tarixində) Sokratcan ünlü sayıla biləcək başqa bir kimsənin adını çəkmək olmur. Sokratın adı, bilgəliyin adaşı(sinonimi), düşüncə ərəni, yenilməz kimlik örnəyi kimi anılaraq, minillikləri adlamış, çağdaş günümüzəcən gəlib çıxmışdır. Sayı bilinməz ədəbiyyat, incəsənət örnəklərində Sokrat konusu başlıca yerlərdən birini tutmuş, Platondan başlamış bu günümüzəcən çoxlu yazarlar, onun kimliyini öz yazılarında yuxarı başa çıxarmış, başlıca olaraq öyünclərlə, təkəm-seyrək biriləri də qınaqlarla anmışlar.

Beləcə, Sokratın kimliyini araşdıran, onun fəlsəfə öyrətmələrini incələyən çoxlu qaynaqlar araya-ərsəyə gəlmişdir. Buna baxmayaraq, elə bu fəlsəfə ilyazısında, deyəsən Sokrat təki kimliyi sonacan anlaşılmaz qalan başqa birisini tapmaq da olmaz. Sokrat öz çağının gələnəklərinə uyaraq, öyrətmələrini yazıya almamışdır. Onun ömür yolunu da, fəlsəfə öyrətmələrini də, biz ancaq Sokratın çağdaşları olmuş öyrəncilərindən, arxadaşlarından (filosof Platon, ilyazıçı(tarixçi) Ksenofont), bununla yanaşı onu gözü götürməyən çağdaşlarından(komediyayazan Aristofan), bir az sonrakı yazarlardan (Aristotel), eləcə də çox sonrakı yazarlardan öyrənməli oluruq, onların da Sokrata baxışları bir yerlərdə gerçəkliyə, başqa yerlərdə öz anladıqlarına uyğun olmuşdur. Bütün bunlar isə Sokratı sonacan, gerçəkdən tanımaq üçün yetərli görünmür.

Dediyimiz təki, ötən çağlardan başlayaraq, Sokratı dəyərləndirməyə çalışan, biri-birindən seçilib ayrılan çoxlu baxışlar olmuşdur, onların arasında biri-birini büsbütün dananları da gözə çarpmaqdadır. Bu elə, Sokratın çağdaşlarının bir bölüyünün onu qorxunc bir tanrıtanımaz sayaraq, məhkəməyə sürükləyib, ona ölüm kəsməsindən, başqa bir bölüyünün isə bu suçlamaları qarayaxmalar sayaraq, Sokratı qatı tanrıqan(mömin) bir kimsə sanmasınadan da görünməkdədir. Elə bütün başqa çağlarda, lap bugünümüzdə də, Sokratı dəyərləndirməkdə bu sayaq, biri-birinə tərs gələn baxışlar qalmaqdadır. Biriləri üçün o, bütün çağların ən böyük filosoflarından biri olaraq qalır, başqaları üçün o, darıxdırıcı, bezikdirici ərdəmlik(mənəviyyat) öyrətmənidir, üçüncülər üçün o,–“Afinanın qul əməyinə arxalanan demokratiyasını dağıtmağa çalışan”, bu sayaq, dövlətə qarşı olan siyasətə qoşulduğu üçün öldürülən devirimçidir(inqilabçıdır), dördüncülər üçün isə–bütün çağlarda insanları, düzgün yaşamağa, ərdəmli olmağa, özgürlüyə çatmağa çağıra bilən, yönəldə bilən, böyük bir düşüncə öndəridir.

Ona görə də, əskidən qalmasına baxmayaraq, yeni görünən bu sorğu, yenə də gündəmdə qalmaqdadır: görəsən, istər Sokrat olsun, istərsə də əski çağların,–lap bugünkü günümüzün də–başqa böyük düşüncə ərənləri olsun, onların gerçək dəyərlərini, öz çağlarında, elə sonrakı çağlarda da, sonacan doğru-düzgün anlamaq olası bir işdirmi? Necə olsa da, onları dəyərləndirməyə çalışanların yozumlarının–yaşadıqları çağların ilyazısı-fəlsəfə bilimlərinin gəlişmələrinə uymasından başqa,–bu araşdırıcıların anlamaq bacarığından, dünyabaxışlarının genişliyindən-darlığından, hansı ideologiya, hansı siyasət axınına uymasından asılılığını da gözdən qaçırmaq olmaz. (Ola bilsin lap kimsə, bilimə(elmə), fəlsəfi baxışlara tərs gələn mifik-mistik inanclarına arxalanaraq da bu konunu araşdırsın.) Bu da kimsəyə gizlin deyil, ayrı-ayrı çağlarda, başqa-başqa yazarlar(lap ola bilsin bir yazar öz yaradıcılığının ayrı-ayrı dönəmlərində də), filosofları, onların öyrətmələrini, bütün fəlsəfə ilyazısını da, biri-birindən seçilib ayırd olunan baxışlarla yozmuşlar. İstənilən bu sayaq yozumlarda, ayrı-ayrı kimsələrin özümlü görüşləri də, o çağın oturuşmuş baxışları da, özünə qapanma deyilən durumdan sonacan qurtula bilmirsə, onda doğru olanı sonacan qavramaq(bizim durumda Sokratı olduğu kimi qavramaq) baş tutası bir iş sayıla bilərmi? Yoxsa, Sokrat üçün də, onun təki başqa çağların böyük düşüncə ərənləri üçün də yazılanlar, bunları yazanların bağlı olduqları siyasətlərə, fəlsəfələrə, inanclara, habelə bunun kimi başqa axınlara(cərəyanlara) uyğun olaraq yozulduğundan, onlara bel bağlamaq olmaz? Bir sözlə, bu sayaq araşdırmalarda doğruluq axtarmağa dəyərmi? Bu sayaq axtarışlarla doğruluğu tapmaq olarmı? Bu çoxsaylı araşdırmalardan, hansını doğru sanmalıyıq?

Sokratın yaşadığı o uzaq çağlarda, biri-biri ilə toqquşan düşüncələrin savaşı çox kəskin olmuş, bir yerlərdə bu söz döyüşləri qanlı olaylarla sonuclanmışdır. Örnək üçün, Doğruluğun(Həqiqətin) nə olması üzrə konularla bağlı, Sokratın çağdaşları olan sofistlərin öyrətdikləri, yunanların tanrılarla, dünyayla, yaşamla bağlı görüşlərini laxladıb yerindən oynadırdı; Bu baxışların yanlışlığını anlayan Sokrat isə, sofistlərə qarşı barışmaz bir savaşa atılmışdı. Bundan başqa, Sokrat doğanı(təbiəti) öyrənən, “fizik” adlanan filosofların araşdırmalarının, insanın işinə yarayacaq çevrədən qırağa çıxmasını da boş-boşuna çalışmalar sayırdı. Ancaq Sokratı suçlayıb ona ölüm kəsənlər, Sokratı “sofist” kimi də(Prataqor kimi tanrının varlığına danmaqda), “fizik” kimi də(Anaksaqor kimi tanrının işlərinə əl aparmaqda), qaralamaqdan çəkinməmişdilər.



O çağların Yunan toplumunun üzləşdiyi bu fəlsəfə-ideya savaşlarını doğru-düzgün anlamaq üçün də, burada Sokratın öyrətməsinin(təliminin) tutduğu yeri aydınlaşdırmaq, dəyərləndirmək üçün də, Sokratın yaşadığı dönəmdə əski Yunan toplumunun sosial-siyasi, ideya-ərdəmlik(mənəvi) durumunu gözdən keçirmədən dəyərli bir söz demək olası deyildir. Konunun bu sayaq qoyuluşu, mənim görmək istədiyim işin çevrəsini bilindirməkdədir. Yeri gəlmişkən deyim, mənim burada deyəcəklərimin söz dartışması konusu ola biləcəyini də danmıram, eləcə də Sokratla bağlı ortalıqda olan çalpaşıqları biryolluq çözə biləcəyimi düşünməkdən də uzağam. Yanlışlardan qaça bilmək üçün mən, Sokratın öyrətməsinin özətini aydınlaşdırmağa, onun eləyə bildiklərinin özlüyünü(mahiyyətini), öz bacarığıma uyğun olaraq, doğru-düzgün dəyərləndirməyə çalışmışam.


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin