24. Dibaçə
Dibaçə klassik şərq ədəbiyyatında divanlara, poemalara yazılmış müqəddimələrdən ibarətdir. Şərq şeiri poetikasının öyrənilməsində dibaçələrin müstəsna əhəmiyyəti vardır. Bütövlükdə şairin söz sənəti ilə bağlı nəzəri baxışlar məcmusunu əks etdirən dibaçələr həmçinin dövrün ədəbi-estetik prinsiplərini öyrənmək üçün əhəmiyyətli qaynaqlardandır. Dibaçələrdə şairlər bir tərəfdən divanın yazılma səbəbləri haqqında məlumat vermiş, digər tərəfdən divana daxil edilmiş poetik nümunələrin yaranmasına aydınlıq gətirmiş, bəzən isə fərdi yaradıcılıq üslubuna diqqəti yönəldərək öz əsərləri üzərində necə işləmələri ilə bağlı mülahizələr irəli sürmüşlər.
Azərbaycan ədəbiyyatında M. Füzulinin türk, ərəb və fars divanlarına yazdığı dibaçələr elmi dəyəri ilə diqqət çəkməkdədir. Öz elmi-nəzəri, ədəbi-estetik fikirləri ilə özünə, əsərlərinə, obrazlarına, poetik dünyasına işıq tutan Füzuli əslində yığcam, lakonik şəkildə Azərbaycan türk dilinin ilk poetikasını yazmışdır.
M. Füzulinin türkcə divanında qəsidələr, qəzəllər, müsəmmətlər, qitələr yer alır. Şair dibaçə hissəsində şeirdə üslubun necə işlənməsi gərəkdiyini, şeirin dəyərini, dönəmin şeir anlayışını göstərir.
M. Füzuli fars divanında özünün üç dildə yazdığını qeyd edir:
Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,
Onda min zövq artıran hər dürlü nemət düzmüşəm.
Süfrəmə hər bir qonaq gəlsə, xəcalət çəkmərəm,
Fərqi yox, ya türk gəlsin, ya ərəb, yaxud əcəm.
Kim gəlir gəlsin, aparsın hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm.
Azərbaycan ədəbi dilinin tarixindən məlumdur ki, Füzuli klassik şeir dilində fikir ardıcıllığını qüvvətli prinsipə çevirən, onlarca qəzəl, qəsidə, qitə və rübaisində müxtəlif motivlərin bağlanmasına incə tərzdə diqqət yetirən böyük sənətkardır. Bununla belə, o özündən əvvəlki ədəbi irsə, Şərq poetikasının zəngin və mürəkkəb qayda-qanunlarına sadiq qalmaq farsca divanının dibaçəsində özünün dediyi kimi, “əslinin səliqəsinə (yəni, türk şeir ənənəsinə) uyğun” yazmaq bacaran, sənətdə sələflərinin keçmədiyi, xələflərinin keçə bilmədiyi aşırımlardan addayan bir üstaddır. Onun zərif üslubu təkrarolunmazdır. Poeziyasındakı xariqüladə qüdrət və əzəməti bədii söz qarşısında qoyduğu misilsiz tələbkarlıq doğurmuşdur”.
Şeir zövqündən olmayan agah,
Əhli-nəzmi məzəmmət eyləməsin
Kəndi cəhlinə etiraf etsin,
Hər kəramətə sehr söyləməsin.
Yəni, şeir zövqündən agah olmayan adam şairləri məzəmmət eyləməsin, hər kəramətə - yeni sözə (bədii ixtiyara) sehr söyləməkdənsə, öz cahilliyini etiraf etsin.
M. Füzuli bu qəzəlin dibaçəsində yaşadığı ölkənin vəziyyətini təsvir edərkən yazır; “Doğulduğum və yaşadığım yer İraqi-Əcəmdir ki, sultanların kölgəsindən uzaq və sakinlərinin şüursuzluğu üzündən xərabə qalmış bir ölkədir. Bura elə bir bostandır ki, xuraman sərvləri səmum küləyinin qasırğalarıdır, açılmamış qönçələri məzlum şəhid qəbirlərinin qübbələridir. Bura bir zövq məclisidir ki, şərabı parçalanmış ciyərlərin qanı, nəğmələri avara qəriblərin nalələridir. Nə möhnət artıran səhrasında rahatlıq nəsimi əsmiş, nə də bəlalarla dolu çölündə tozları (dərd tozlarını) yatıra biləcək ümid buludu görünmüşdür. Belə bir əziyyət bağçasında könül qönçəsi necə açılar və can bülbülü nə oxuya bilər”.
Füzuli, açıq şəkildə оlmasa da, yeri gəldikcə, dövrünün cahil, xalqı və vətəni düşünməyən, оnun qeydinə qalmayan hakimlərinə qarşı çıxır, öz etirazlarını çоx zaman beytlərarası ifadə edərək оxucunu ayılmağa, zülmə, əsarətə nifrət bəsləməyə çağırır. Şairin pоeziyasındakı məhəbbət insanın mənəvi-cismani azadlıq tələblərilə üzvi surətdə bağlıdır. Füzuli məhəbbət aləmində, qəlb aləmində azadlıq tələb etdiyi kimi, yeri düşdükcə, cəmiyyətdə də azadlığın böyük nemət оlduğunu həsrətlə söyləyir:
Ey Füzuli, nə gözəldir sözü azadəliyin,
Hanı bir sərv bu aləmdə ki, vardır səməri.
Bu misralardakı bəşəri azadlıq həsrəti şairin bütün qəzəllərində azad məhəbbət, azad həyat meylinin qüvvətli оlduğundan dоğur.
Dostları ilə paylaş: |