Nəbinin bığları eşmə-eşmədi,
Papağı güllədən deşmə-deşmədi...[28, s.69] nəğməsində folklorşünas Muxtar Kazımoğlu “Qaçaq Nəbinin portret cizgilərindən biri bığlarının eşmə-eşmə olmasıdır” [83, s.112] fikri ilə əlaqələndirir. Bığ bahadırlıq əlamətidir. Koroğlunun bahadırlığını təsvir edən “Boyu uca, kürəkləri enli, süksünü kal süksünü kimi, boynunun əti kirdin-kirdin, bığları burulub keçirilib qulaqlarının dalına” [172] hissə buna misaldır. Aşıq Ələsgərin “Dəli Alı”, “Deyin”, “Kimi”, Xəyyam Mirzənin Qandallı Nağı ilə bağlı şeirləri, Aşıq Hüseyn Bozalqanlının Qaçaq Tanrıverdiyə, Aşıq Şenliyin Borçalı qaçaqlarına həsr olunmuş şeirlərinin üzərindən yüz ilə yaxın zaman keçməsinə baxmayaraq yenə öz parlaqlığını və təravətini eyni səviyyədə saxlayır və bəlkə də daha böyük dəyər kəsb edir. Bunun bir səbəbi isə aşıq şeirinin musiqi il müşayət olunmasıdır. Musiqi şeiri yaddaşda uzun müddət saxlaya bilir. Azərbaycan qəhrəmanlıq dastanları da məhz bu kontekstdə eyni müstəvidə dayanır. Şamanlar həyatın bütün sahələrinə nüfuz edirdisə, cəmiyyətin inkişafı ilə əlaqədar ozanlarda bu nüfuzetmə daralır. Azərbaycan qəhrəmanlıq dastanları “Kitabi-Dədə Qorqud”dan, “Qara Məlik”dən “Koroğlu”ya gələn zəngin bir mənbədir. Ona görə də təhlillər dar müstəvidə qədim türk dastan ənənəsindən yararlanan Azərbaycan qəhrəmanlıq dastanları (əsasən “Koroğlu” və “Dədə Qorqud”), geniş müstəvidə isə qədim türk bahadırlıq dastanları (“Bilqamış”, “Manas”, “Alp-Ər-Tonqa” və.s) səviyyəsində aparılmalıdır. Türk dünyasının “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm abidəsi bunları bütün tərəfləri ilə əks etdirmək və yaşatmaq missiyası baxımından əvəzsizdir.Dünya bədii düşüncəsinin bütün möhtəşəm abidələri, məsələn, Şərq xalqları müstəvisində “Şu”, “Bilqamıs”, “Manas”, “Alpamış”, “Koblandıbatır”, “Oğuz Kağan”, “Canqar”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və s., eləcə də Avropa xalqlarının “Kuxillin haqqında dastan”, “Sid haqqında dastan”, “Beovulf”, “Tristan və İzolda”, “Böyük Edda”, “Kiçik Edda” və s. şedevrlər birbaşa etnomədəni sistemin ifadəsidir. “Qandal Nağı”, “Qaçaq Molla Nur”, “Qaçaq Nəbi”, “Qara Tanrıverdi”, “Qaçaq Usuf”, “Qaçaq İsmayıl”, “Qaçaq Kərəm” və s kimi dastanlar da həmin müəyyənləşmiş ənənənin təbii prosesi olaraq xalqın etnik kökünü, milli mədəniyyətini, adət-ənənəsini, yaşam tərzini ifadə edir. Çünki dastançılıq özlüyündə mürəkkəb proses olub xalqın bədii-estetik, tarixi-mədəni, sosial-siyasi tutumunu yaşatmaq və ifadə etmək gücünü təmsil edir.
Qədim türk bahadırlıq dastanının qəhrəmanı Manas da yodaşlarına qarşı nümunəvi sərkərdədir. Hətta onun qırx igidinin adı dastanda Manas tərəfindən özünəməxsus şəkildə vəsf edilir. “Qırx igidin başı Qırqıt! Yeddi yeməyi birdən aşıran Bos Çokol ilə Çalbay! Yeldəgəy və sən Siraq! .... Mənim hiyəgər igidim Qutunay! Mənim gənc uşağım yayma Köküt! Yoldaşım Bauke! ... Ey siz, soylu ailələrin övladları – mənim əlbisəm, sən ey qəhrəman Bürküt, mənim suyum, sən ey qəhrəman Sasam!.. Sökülənləri hörən, qırılanları düzəldən, sən ey kəskin dili Acıbəy, Kenənin oğlu!.....” Bu epizodda Manasın bütün dostlarının adı sadalanır və qəhrəmanın onlara qarşı məhəbbəti, hörməti özünü göstərir. Ümumiyyətlə, türk xaqlarının şifahi düşüncəsində kosmik xronotop (məkan və zaman sistemi) özlüyündə qüsursuz qəhrəman tipləri az deyil. Qədim türk dastanının epik qəhrəmanları Manas, Bilqamış, Aydamak, Edigey və.s epik qəhrəman təsəvvürü formalaşdıraraq, özlərinə məxsus funksiyaların daşıyıcısına çevrilmişlər. Onlar “haqqın, ədalətin keşiyində durur, haqsızlıqla, ədalətsizliklə mübarizə aparır (1), kasıbların, gücsüzlərin, fağır və əlsiz, ayaqsızların arxasız, kimsəsiz və köməksizlərin haqlarının tapdalanmasına qarşı durur, onları bütün kənar təsirlərdən müdafiə edir” (2). [130, s.19]
Folklorşünas Füzuli Bayat hesab edir ki, sözlü kültürün ən geniş xəzinəsini yaradan dastanın uzun süjetli struktura sahib olması arxaik strukturlu dastanlardan klassik dastan qoluna qədər dəyişməyən bir qaydadır. Bu uzun süjet strukturlu janr bütün hallarda qəhrəmanın həyat bioqrafiyasının təqdimidir. Bu qəhrəman şəxsi özəlliklərindən, istək və arzularından azad olmuş, milli xarakteri tipikləşdirən, millətin simvolu olmuş bir personajdır. [27, s.255]
Koroğlu, Qaçaq Kərəm, Qaçaq Nəbi, Qandal Nağı, Səməd bəy, Mehralı bəy və s. qəhrəman obrazları da nəcib qəhrəmanın tipik nümunəsidir. Bunlar öz mahiyyəti və ehtiva elədiyi məzmunu ilə dünya epos ənənəsində mövcud qəhrəman tipləri ilə eyni müstəvidə qərarlaşırlar.
Qədim bahadırlıq dastanlarının bütün dinamik mənzərəsini özündə sərgiləyən bu nümunələr tarixilik və bədiilik kontekstində mövcud tarixi gerçəkliyin mahiyyətini ortaya qoyur. Siyasi mühitdə baş verənlərə etirazın, sosial narazılıqların son həddi kimi faktlaşan bu tip hadisələr tarixin müxtəlif dönəmlərində kifayət qədər özünü göstərir. Məmməd Füzuli “vay ol hakimə ki, eyləyə hökmündə xəta” söyləyirdi . [59, s.7]
Dostları ilə paylaş: |