Qəhrəmanın tarixi şəxsiyyət olması məsələsi:
Qaçaq dastanlarında tarixin bədiilik mənzərəsi epik qəhrəmanların fəaliyyəti və düşüncəsi timsalında reallığı sərgiləyir. Folklorşünaslar qədim dastan qəhrəmanlarının tarixi şəxsiyyət olması fikrini belə qətiyyətlə söyləyirlər. “Oğuz Kağan”ın qəhrəmanı Oğuz xan Fəzlullah Rəşidəddinə görə tarixi şəxsiyyətdir [116, s.12]. Eləcə də “Bilqamıs” dastanı ilə bağlı mülahizələr buna nümunədir. Təxminən 20-ci yüzilliyin 20-ci illərinə qədər Bilqamıs əfsanəvi qəhrəman kimi ədəbi-nəzəri fikirdə özünə geniş yer alırdı. Ancaq L.Vullinin apardığı arxeoloji qazıntılar zamanı tapılmış “Çar siyahısı” və digər qaynaqlar onun tarixi şəxsiyyət olduğunu təsdiqləmişdir [130, s.22], Manas isə 840-cı ildə yaşamış qırğızların Ajo adlı xanının prototipi [111, s.5]hesab edilir. Hətta bəzi elmi mülahizələrdə dastan qəhrəmanlarının da məhz həmin dövrlə bağlanması vurğulanır. Məsələn, elmi arenada “Kitabi Dədə Qorqud” dastanının “Qanlı qoca oğlu Qanturalı” boyunun qəhrəmanının prototipinin Ağqoyunlular sülaləsinin ilk hökmdarı Ələddin Turalı bəy olması fikri bunun göstəricisidir. [77, s.78]. Eləcə də “Qara Məlik” dastanı XII əsrin hadisələri ilə üst-üstə düşür və bu dastanda Məhəmməd Cahan Pəhləvanın, Nüsrəddin Əbubəkrin, Qızıl Arslanın adları çəkilir. Dastandakı Nüsrəddin obrazı isə tarixi şəxsiyyətdir. [125, s.37] Bu qəhrəmanlar özlüyündə tarixi şəxsiyyətlərdir və sonrakı mərhələdə dastan qəhrəmanına çevrilmiş, daha doğrusu dastanlaşmışlar. “Koroğlu” dastanında da eyni mənzərənin şahidi oluruq. Belə ki, “Koroğlu” dastanının qəhrəmanı Koroğlunun Cəlalilər hərəkatında iştirakı və göstərdiyi igidliklər bir çox tarixi mənbələrdə özünə yer almışdır. Bir sıra tarixçilərin qeydlərində Koroğlunun Kiçik Asiyadan tutmuş Türkmənistan və Şərqdə məşhur olması və türk sultanlarına qarşı üsyanlarda iştirak etməsi göstərilmişdir. [173] Qaçaq dastanlarının qəhrəmanlarının tarixi şəxsiyyətlər olması isə danılmazdır. Qaçaq dastanları müstəvisində məsələyə yanaşdıqda məsələnin mahiyyəti ondan ibarətdir ki, qaçaqlar XIX əsr Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrin faktı kimi dastanlaşmışlar. Qara Tanrıverdi, Qandal Nağı, Qaçaq İsaxan, Qaçaq Usuf, Qaçaq Nəbi, Qaçaq Kərəm də belə şəxsiyyətlərdəndir. Onlar artıq alplıq-ərənlik arxetipinin davamı olaraq bütün fəaliyyətləri ilə epikləşmiş qəhrəmanlardır. Bunlar bir isitqamətdə onu deməyə əsas verir ki, qəhrəmanlıq dastanlarındakı qəhrəman obrazları tarixdə prototipi olan şəxslərdir. Onlar ya öz adları, ya da başqa bir adla dastan qəhrəmanı olaraq əbədiləşmişlər. Xalq sevdiyi, rəğbət bəslədiyi qəhrəmanın simasında ideal qəhrəman obrazı yaratmışdır. Fikrimizcə, bu idel, epikləşmiş qəhrəman tarixi şəxsiyyət olsa belə, onun missiyası tarixi hadisələri əks etdirməkdən çox xalqın hadisələrə münasibətini təsvir edir. Folklorşünas İslam Sadıq qeyd edir ki, epik əsərləri yaradan xalqa yad olan, onun milli keyfiyyətlərinə uyğun gəlməyən motiv, süjet və obrazlar heç vaxt folklorlaşmır və yaddaşlarda yaşamır. Folklorda yalnız elə motiv, süjet və obrazlar poetikləşdirilir, əbədiləşdirilir və yaddaşlarda yaşayır ki, onlar həmin epik əsərləri yaradan xalqa doğma olur, onun ruhundan süzülüb gəlir [130, s.18]. Qəhrəmanlıq dastanlarında, eləcə də onun mühüm bir hissəsi olan qaçaq dastanlarında da belədir. Tarixi qəhrəmanlar öz prototipinin simasında folklorlaşır. Ola bilsin ki, dastan tarixi şəxsiyyətin fəaliyyətindən çox-çox sonralar qoşulsun, yaxud da, dastanda təsvir edilən qəhrəmanla tarixi şəxsiyyət tam olaraq üst-üstə düşməsin. Hər bir qəhrəman tarixi şəxsiyyət, hər bir hadisə tarixi hadisə ola bilməz. Yəni, xalq öz qəhrəmanını seçib, onu sevib, sonradan onu oğuznamələrdə, dastanlarda yaşadıb. Düzdür, biz Dəclə və Fərat çaylarında daşqınların olması məlumatını “Bilqamış” dastanından, Çəlalilər hərəktı ilə bağlı məlumatı “Koroğlu” dastanından alırıq. Çar Rusiyasının yerlərdə özbaşınalığı təfərrüatı ilə qaçaq dastanlarında təsvir edilir. Fikrimizcə qəhrəmanlıq dastanlarında bütün hadisələrdə tarix axtarmaq düzgün deyil. Amma qaçaq dastanları yaxın dövrün hadisəsi olduğu, hətta qəhrəmanların özləri sağ olarkən onların şücaəti dastanlara çevrildiyi, yaxın nəslin yaddaşında qəhrəmanlarla bağlı yüzlərlə şeirilər, rəvayətlər, hekayətlər, bayatılar yaşadığı üçün qaçaq dastanlarının tarixlə səsləşməsi daha yüksəkdir.
Folklorşünas alimlər qaçaq dastanları, “Qaçaq Nəbi” haqqında müxtəlif səpkili mülahizələr yürütmüş, dastanın mahiyyəti, ehtiva etdiyi informasiya yükü ilə bağlı gərəkli mülahizələr yürütmüşlər. Dövrün ictimai-siyasi mənzərəsi, etnik təsəvvürdə faktlaşan həyat reallıqları bütün parametrləri ilə xalqın hərəkata olan münasibətini aydınlaşdırır.
Sosialist ideologiyasına uyğunlaşdırılan bəzi epizodlar bir çox təhriflərə məruz qalmışdır. Bəhlul Behcətin əsərində deyilir: “Sisyan mahalının kəndlərindən olan Əliqulu adlı kənddə yaşayan böyük və çox dövlətli alverçi ermənilər Nəbinin tutuması və ya öldürülməindən ötrü çox canfəşanlıq edirdilər. Onlar çar hökuməti məmurlarına kömək göstərir, onlara pul, at verir və Qaçaq Nəbinin hərəkətindən xəbər öyrənib hökumətə çatdırırdılar.” [33, s.191]
Onun yaranması yolları haqqında müxtəlif fikirlər söylənilmişdir. Məsələn, Məhəmmədhüseyn Təhmasib burada üç xəttin aparıcılığını vurğulayır ki, bunlardan birincisi tarixi hadisələri və tarixi şəxsiyyətləri əks etdirmək yolu ilə yaranan dastanlardır. Burada tarixə, tarixi reallıqlara bağlanma daha çox müşahidə olunur. Əlbəttə ki, dastan tarixi hadisələri eynilə tarixdə olduğu kimi (arxiv sənədlərində və vəsiqələrdə) təsvir etmir, o, xalqın yaddaşındakı tarixi hadisələri bədii şəkildə əks etdirir. “Əslində dastan tarixi mübarizənin strukturunu deyil, ruhunu verir” [27, s.258] Çünki dastan konstruksiyası əhatəli və çoxşaxəli, geniş təsvir imkanları ilə seçilən janr tipidir. Bu janr tipi xalq tərəfindən hər bir dövrə uyğun olaraq məharətlə yaradılır. Bu səbəbdən qəhrəmanın hadisələrə münasibəti xalqın hadisələrə münasibətinin əksidir. Qəhrəmanlıq dastanlarında bu daha çox üst qatda görünür. Qaçaq dastanlarını yaradan aşıqlar olsa da, onlar xalq arasında gəzən nəğmə, rəvayət, hekayətlərə əsaslanmışlar. Nəzərə alsaq ki, qəhrəmanlıq dastanlarını yaratmaq mürəkkəb, məsuliyyətli və xeyli zaman tələb edən bir prosesdir, onda aydın olar ki, “Süni əhvalat, hansısa epizodu, əhvalatı artırmaq, bir qədər dəqiq desək quraşdırmalar burada keçmir. Hər hadisəyə, olana da dastan yaranmır.” [11, s.21]
Folklorun spesifikasında olan təbiilik Qaçaq Nəbi ilə bağlı örnəklərdə də eyni tiplidir. Yəni xalq öz qəhrəmanının göstərdiyi sücaətləri, ayrı-ayrı epizodları müxtəlif janr biçimlərində yaşatmaqla onlara olan münasibəti ifadə edir. Həmin olanlar isə dəyər kimi sosial sferada, söyləyici auditoriyasında bir yaşarlıq qazanır.
Qaçaq Nəbi Azərbaycan qaçaq hərəkatının simvolu kimi qəbul edilib. Baxmayaraq ki, ondan əvvəl də, ondan sonra da qaçaqlar mövcud idi. Nəbi indi də folklorşünasların, tarixçilərin diqqət mərkəzində olan qəhrəmandır. Onun sağlığında, ölümündən sonra və müasir dövrdə belə qəzet və jurnallarda kifayət qədər məqalələr dərc edilmişdir. Nəbi hərəkatının mahiyyəti, Nəbinin fəaliyyəti haqqında müxtəlif münasibətlər ortaya qoyulmuşdur. Mühacirətdə fəaliyyət göstərənlər onu inqlabçı, hakim dairəni təmsil edənlər quldur, xalqın fikrini ifadə edənlər isə xalq qəhrəmanı adlandırırdı. SMOMPK məcmuəsi və Naseri qəzetində sözügedən məqalə isə çox güman ki, sifarişlə yazılmışdır.
Dostları ilə paylaş: |