Süleyman Rüstəmin “Qaçaq Nəbi” pyesindən



Yüklə 36,53 Kb.
səhifə4/5
tarix31.12.2021
ölçüsü36,53 Kb.
#111220
1   2   3   4   5
kesik 3

Düşmənə havayı güllə atmayın, Amandı kəndlini bəyə qatmayın” [24, s.275]deyən Nəbi misrası isə bu fikrin davamıdır.

Həmçinin “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qara Məlik” kimi ənənədən gələn və daha əski çağlara bağlanan protürk model qaçaq dastanları müstəvisində yeni bir mahiyyətlə özünü göstərir.

Yuxarıda sadalanan ikili münasibətin nəzəri cəhətdən təhlilini davam etdirsək görərik ki, “qaçaqçılıq hərəkatına və bu hərəkatın qəhrəmanları olan qaçaqlara hər zaman ikili münasibət olmuşdur. 1) mövcud iqtidar və 2) xalq tərəfindən verilən qiymət” [31, s.19]. Amerika tarixçisi Erik Hobsbaum qaçaqlara münasibəti müsbətdir və onun fikrincə “İctimai əşkiyaların inqilabçı deyil, islahatçıdır. Hobsbauma görə ictimai əşkiyanın hədəfi istismarın ortadan qalxması deyil, ədalət ölçüsünün aşmaması və güclünün gücsüzü məqbul durumda əzməməsidir”. Fransız tarixçisi Fernand Braudelin də qaçaqlarla bağlı araşdırmaları olmuş, o da Hobsbaum kimi bu mövzuya romantik nöqteyi nəzərdən yanaşmışdır. Onun fikrincə qaçaqlar güclülərin diqqətini çəkmək arzusunda olmuşlar. Qaçaqçılıq hələ tarixin tam məlumat verə bilmədiyi, kasıb zümrənin himayədarı, yüksək təbəqənin həmişə diqqət mərkəzində olan insan qrupu kimi təhlil olunur, qaçaqçılığın səbəbinin yoxsulluq olduğu göstərilir. Braudelinin fikrincə, “qaçaqlar hər şeydən əvvəl siyasi və ictimai quruluşun qoruyucusu, xalqın intiqamçısıdır” [152, s.51]. Bu yanaşmaların əksi olaraq Fransız yazıçısı Andre Mauroisin düşünür ki, “əxlaqı sağlam olmayan və soyğunçuları ilə bacarmayan bir toplum – ruhunda yığılıb qalmış barbarlıq duyğusunun da təsiri ilə-soyğunçularına qarşı heyranlıq duyar”. [185] Yaxud da, Kamal Tahir hesab edir ki, “qaçaq qəhrəmanlar ənənəvi olaraq əzilən və haqsızlığa uğrayan bir xalq tərəfindən yaradılan xilaskar fiqurdur, təsəlli qaynağıdır”. [154, s.121]

Qaçaqların fəaliyyətinə qarşı fərqli münasibət (qaçaq, yoxsa quldur) mətbuatda da özünə yer almışdır. Belə ki, “Urmiya. Rus qaçağı olan Nəbi uzun müddət idi ki, sərhəddin hər iki tayında-İran və rus tərəfdə qaçaqçılıq ilə yerli əhaliyə ziyan vururdu. Müzəfərəddin Mirzə, Ruhna Fədah, şahzadə Eynəldövlə, Azərbaycan məmləkətinin bütün qaçaqçıları, onun əlindən qorxuya düşən bütün camaat onun tutulmasını tələb edirdilər. Urmiyadan aldığımız teleqrammaya görə 12 şəvalda adı çəkilən şəxs Lərni kəndində çoxdan bəri onun axtarışında olan İsmayıl xanın gülləsinə tuş gəlmişdir. Nəhayət ki, bir qədər qarşılıqlı atışmadan sonra o ayağından yaralanmış və nəticədə, hamının narahatlığına son qoyulmuş və Nəbinin şərindən qurtarmışlar. Bu xoş xəbərdən sonra hamı zatalilərinə dərindən minnətdardır və ona dualar edirlər.” [115, s.206] bildirən və Cənubi Azərbaycanda dərc edilən Naseri qəzetində hakim təbəqənin Nəbiyə qarşı olan mövqeyi aydın sezilir. Qaçaq hərəkatı və onun qəhrəmanlarına ikili münasibət hər zaman olmuş və bu təbiidir. Hakim təbəqənin quldur, oğru, soyğunçu adlandırdığı qaçaqlar kasıbların “ədalət bərpaçısı”, ümid yeri idi. Xalqın arzu və istəkləri qaçaqlar vasitəsi ilə həyata keçmiş, və kasıbların hər zaman ümid yeri olan qəhrəman obrazı olaraq qüsursuz təsvir edilmişlər. Həm də dastan spesifikasında duran məsələ xalq sevgisində olanların bir bütöv olaraq abidələşməsidir. “Kitabi-Dədə Qorqud” da, “Koroğlu” da, “Manas” da, “Alpamış” da, “Corabatır” da hamısı eyni düşüncənin hadisələridir. Hakim dairənin mənəm-mənəmlik iddiaları, zülmün, istibdadın əndazədən çıxması, qanunların deyil, maraqlar timsalında qərarların verilməməsi ədalətsizliyə gətirib çıxarmışdır və qaçaqlıq formasında etirazlara səbəb olmuşdur. Qaçaq dastanlarının yaranma və formalaşma modeli etnosun içindən gələnlərə uyğun nümunələrin yaranması prinsipindən qaynaqlanır. Bir məsələni də unutmayaq ki, “əgər xalq bir şəxsiyyət haqqında, onu tam müsbət qəhrəman kimi tərənnüm edən bədii ədəbiyyat nümunələri yaradırsa, deməli həmin insanlar cəmiyyət içərisindən çıxan və xalqın milli mentalitetinin ən yaxşı tərəflərinin daşıyıcısıdır” [177].

Qaçaq Kərəmin, Qaçaq Nəbinin, Qaçaq İsmayılın və s. onlarla qaçaqların ələ keçirilməsi üçün canişinlərin və yerli məmurların müxtəlif xəyanət vasitələrindən istifadə etməsi halları həmişə özünü göstərmişdir. Ancaq xalq onların mübarizəsinin məram və məqsədini, başlanma səbəbini, özbaşınalıqların həddini aşmasını gördüyü üçün bu təhriklərə imkan verməmiş, əksinə müxtəlif yollarla el qəhrəmanlarının mübarizəsinə yardım etmişlər. Daha doğrusu, müəyyənləşmiş qanunların (bunlar təbii bir nizamla əsaslanır) yasaq səviyyəsində əməl olunması və uca tutulmasıdır. “Qazfaq qaçaqları olduqca maraqlı və poetik tiplərdir. Təhqir olunmuş və əzabkeş xalq məşhur qaçaqları özünün müdafiəçisi hesab edir, onların şəninə dastanlar yaradır. Koroğlu, Sulikidze, hazırda yaşayan Kərəm belələrindəndir. Onlar mövcud qanunun ziddinə gedərək öz qayda-qanunlarını, qədim adət-ənənəyə söykənən vicdan kodekslərini yaratmışlar” [115, s.47-48]. Həmin prinsiplərin isə pozulmasında heç bir güzəşt nəzərə alınmamışdır.

Azərbaycan qəhrəmanlıq dastanlarında mifik hadisələrin, əsatiri görüşlərin özünə yer alması ayrı bir məsələdir və kökləri ilə daha əski, ilkin təsəvvürlərə bağlanır. Çünki “...klassik dastanlar fərqli zaman və düşüncənin-epik düşüncə dövrünün məhsulu olduğundan onlarda olan mifoloji dünyagörüşü bəzən itmiş, bəzən gizli qalıq şəkildə müasir zamana gəlib çatmışdır” [110, s.108]. Bu da təbiidir, çünki tarixi proses, söyləyici auditoriyası həmin nümunələrə tarixin, yaddaşın özünün izlərini qoymuşdur. “Kitabi Dədə Qorqud” da daxil olmaqla müxtəlif oğuznamələrin, “Koroğlu” eposunun, eləcə də kəndli hərəkatı ilə bağlı olan “Qandal Nağı”, “Qara Tanrıverdi”, “Səməd bəy”, “Qaçaq Yusif”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Qaçaq İsaxan” və s. qaçaq dastanlarının mövzusu qəhrəmanlıq olsa da, sonuncu, qaçaq hərəkatı ilə bağlı olan dastanlarda mifik obrazlar, hadisələr yox səviyyəsindədır. Mifik hadisələrin az və ya çox olması və yaxud da heç olmaması müasir qəhrəmanlıq dastanlarının ümumi mövzusunu köklü surətdə dəyişməmişdir. Çünki, qədim türk və Azərbaycan qəhrəmanlıq dastanlarında bahadırlıq, alplıq hissi həmişə öndə olmuşdur. Belə ki, yuxarıda adı çəkilən hər bir dastanda qəhrəmanların vətən sevgisi, döyüşdə göstərdiyi qəhrəmanlıqlar əks olunub. Bu dastanların mərkəzində öz xalqının mənafeyini müdafiyə edən qəhrəman obrazı durur.

Doğrudan da, dastan mətnlərində, eləcə də dastanların ayrı-ayrı epizodlarında qaçaqların Koroğlunu tez-tez xatırlatması qəhrəmanlığın yaşarlığı və ötürüşü üçün bir meyar funksiyasını yerinə yetirir. Məsələn, qaçaq dastanlarında Koroğlunun yada salınan nəsihətləri, qaçaqların qəhrəmanlığının Koroğlu qəhrəmanlığı ilə müqayisəsi buna nümunədir. Dostlarının onu yaralı görərək qəmləndiyini hiss edən Həcər onlara söyləyir: “– Görürsünüzmü, Коrоğlu igidə nə vəsiyyət еləyib? О dеyir кi, igid şərbət yеrinə öz qanını içməlidir.” [24, s.234]. Yaxud da, “mənə nə оlub кi, bu qədər qəmlisiniz? Ayıbdı, ayıbdı, özünüzü ələ alın! Hеç оlmasa, Коrоğlunun sözlərini yadınıza salın!...

Aşıq, sən mənim canım, Коrоğlunun о “Тalanmaq gərəк” sözünü оxu” [24, s.234]. Ayağından yaralanan Nəbi üzünü yoldaşlarına tutaraq “rəhmətliк Коrоğlu dеyib: igidin çarığının içi qanla dоlsa da, uf dеməməlidi, – dеyə gülümsündü” [24, s.381].

Məlum olduğu kimi, dastanlarda hər dövrün ictimai-siyasi, tarixi-mədəni, bədii-estetik təfəkkürünün ümumi mənzərəsi müxtəlif səviyyələrdə proyeksiyalaşır. Dastan tipinin mədəniyyət modeli olaraq funksional xarakteri bütünlükdə tarixi-mədəni prosesin ümumi dinamikasına bağlanır. “Qaçaq Nəbi” dastanının sərgilədiyi mahiyyət variant və dastançılıq səviyyəsində etnomədəni sistemlə əlaqələnir.

Bütün bunlar onu deməyə əsas verir ki, qaçaq dastanları etnosun ən əski çağlardan gələn təsəvvürlər ilə qovuşur. Aşıq-ozan bənzərliyi və aşıq obrazı bu qovuşmanın əsasını təşkil edir.

Ümumiyyətlə, Azərbaycan qəhrəmanlıq, eləcə də son dövrlərdə formalaşan qaçaq dastanlarının yaranma prosesində ciddi özünəməxsusluqlardan biri bu dastanların qəhrəmanın şəninə qoşulmuş nəğmə, hekayət və rəvayətlərdən yaranmasıdır.

Folklorşünas Füzuli Bayat haqlı olaraq qəhrəmanlıq dastanlarının xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yarandığını söyləyir [27, s.257].



Həqiqət və etiraf olunmalı məsələ bundan ibarətdir ki, həm qədim, həm də “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi” kimi dastanların yaranmasında nəğmələrin rolu xüsusidir. Folklorşünas Paşa Əfəndiyev hesab edir ki, Koroğlu düşmənlərinə qarşı mübarizə apararkən göstərdiyi igidliklər el içərisində əks-səda tapmış, xalq sənətkarları onun haqqında mahnılar, nəğmələr qoşmuşlar, sonra da məclislərdə onun qəhrəmanlığı haqqında əhvalat, xatirə, epizodlar söylənilmişdi. Beləliklə, əvvəlcə yaranmış nəzmə sonra nəsr də qoşulmuşdur. Yavaş-yavaş dastan formalaşıb ətə-qana dolmuşdur [45, s.19-20].


Yüklə 36,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin