Süleyman Rüstəmin “Qaçaq Nəbi” pyesindən:
Gedək, dostlar, gedək, hey axın-axın...
Düşməni Şuşaya qoymayaq yaxın!
Gedək könlümüzdə qalmasın bu kam,
Gedək dilimizdə vətən, intiqam! ( S.Rüstəm. Qaçaq Nəbi pyesi s. 422)
Bu qısa bənd qəhrəmanın cəsur və qorxmazlığı, vətənə olan məhəbbətinin təsviridir. Cümşüd bəyin dilindən söylənilən misralarda epik qəhrəmanın qarşı çıxdığı qüvvələr xalqda nifrət hissi oyadacaq dərəcədə güclü təsvirə malikdir.
“Kəs səsini köpək... Beyniniz kütdür,
Bu kəndistanki var, barsız söyütdür!
Söyürsən, döyürsən, qanmır ki, qanmır:
Özü öz halına yanmır ki, yanmır...
Toxumunuz kəsilsin gərək dünyadan!... (73, s. 306.)
Nəbinin ölümünə xalqın kədəri, qəhrəmanına olan hörməti Məmməd Rahimin “Qaçaq Nəbi” pyesində müəllifin dilindən söylənilir.
“Bir həqiqəti də sizə deyim mən,
Qoç Nəbi dünyadan köçdüyü gündən,
Fikirdən əriyib ölmüş Boz at da,
Belə hadisələr olur həyatdı...
Onlar indi yatır qara torpaqda.
Qoca da, cavan da, körpə uşaq da.
Anır iyidləri hissi hörmətlə,
Yurduma xas olan bir məhəbbətlə.
Nəbinin, Həcərin şöhrəti-şanı,
Çevrilib dastana gəzir dünyanı. (71, s.245.) Boz atın Nəbinin həlak olmasından sonra “əriyib ölməsi” faciənin xalq tərəfindən nə dərəcədə ağır qəbul olduğuna işarədir.
Cəlal Bərgüşadın “Boz atın belində” tarixi romanı isə şəxsən Nəbi və Həcəri görən insanların xatirələri əsasında yazılmış, hər bir əhvalatın əvvəlində həmin şəxsin adı, soyadı, yaşı və yaşadığı yer qeyd edilmişdir. Bu cür yanaşma oxucuda əsərdəki hadisələrin daha dəqiq olması haqqında fikir formalaşdırır. Müəllifin fikrincə “Qaçaq Nəbi 19-cu əsrin ikinci yarısında istismarçılara qarşı mübarizə aparmışdır. Buna görə də, yoxsul kəndlilərin qanını zəli kimi soran bəylər, xanlar, mülkədarlar, tacirlər, çar çinovnikləri, ruhanilər, naçalniklər Qaçaq Nəbinin adı gələndə zağ-zağ əsirdilər, çünki Qaçaq Nəbi yoxsul kəndliləri istismar edən bu tüfeylilərdən intiqam alırdı.” (27,3) Cəlal Bərgüşad bu fikri ilə demək olar ki, Nəbinin mübarizə apardığı bütün sinfi düşmənlərini sadalayır.
Süleyman Rüstəmin isə “Pəri çınqılı”, “Aynalı” povesti və “Qafqaz qartalı” romanı Qaçaq Nəbiyə həsr edilmişdir. Müəllif özü Qaçaq Nəbinin doğulduğu Zəngəzur mahalındandır. Onun “Aynalı” povesti əsasında isə “Atları yəhərləyin” filmi çəkilmişdir. Müəllif “Pəri çınqılı” adlı hekayəsində Nəbinin əlindən zara gələn Nikolay padşahın diliylə Nəbi hərəkatını 18-ci əsrin kəndli üsyanına rəhbərlik edən Yemelyan Puqaçovla müqayisə etmişdir.
“Bu Qaçaq Nəbi Qafqazda bizdən ötəri bir Puqaçov olmasınmı? – deyə padşah bığını gəmirirdi: - Bu azar bir də yenidən Rusiyaya yayılmasınmı?
Müəllif onu Yemelyan Puqaçovla müqayisə etməklə daha da irəliyə getmişdir.
Poqaçov feodal özbaşınalığına qarşı çıxsa da, onun hərəkatı daha geniş kütləni əhatə edən (təxminən 25 minə yaxın adam), ağır silahlanan (20-ə yaxın top) kəndli üsyan idi.
Yazıçı Əşir Bəşiroğlu da Nəbinin həmyerlisidir. Onun “Qoşa qartal” romanı Nəbi və Həcərə həsr edilib. “Əsərdəki qaçaqçılıq mövzusu “aşıq-məşuq iniltilərindən fərqlənən qəhrəmanlıq motivlərinin bədii ifadəsidir. Nəbi və Həcər – iki qəhrəmanı birləşdirən “bir yastığa baş qoymaq ehtiyacı” deyil, əsl məhəbbətdir. (39) Yazıçı adından da göründüyü kimi əsərində hər iki qəhrəmanın bir-birlərinə qarşı ülvi məhəbbətini daha ön plana çəkmişdi.
Göründüyü kimi, dastan variantlarının tipoloji sistemi epizod, hadisə, əhvalat fərqlilikləri ilə maraqlı təsəvvür formalaşdırır. Təfsilatlı təsvirlər, geniş izahatlar müqayisələrə ciddi əsas verir. Məsələn, Nəbinin döyüş taktikası, onun yoldaşlarının Nəbiyə qoşulması səbəbləri, Nəbinin kəndlərə yardım etməsi, qəbz paylaması, onu öldürtmək üçün bəylərin, naçalniklərin qurduğu planların boşa çıxması, Həcərin bir neçə dəfə həbsi kimi epizodlar geniş təsvir edilmişdir. Əhliman Axundov variantının həcmi geniş olduğundan döyüş səhnələri çoxdur və Nəbinin döyüş taktikası, onun çevikliyi, cəsurluğu epizodlarda öz təsdiqini tapır.
“Qaçaq Usuf” dastanına qəhrəmanın ölümünə həsr edilmiş “Yoxdur mənim bir imdadım, ağlaram” misrası ilə bitən qoşma Avtandil Ağbabalının fikrincə desək, “bu ifadə dastanın qəhrəmanlıq ruhu ilə uyuşmur, ...igid və sarsılmaz bir el qəhrəmanı düşmən qarşısında heç vaxt “ağlaram” deməzdi”. [8, s. 216] Qoşmada qəhrəmanı zəif, gücsüz duruma salan bu misra şeirin ilkin variantı olmuş və cilallanmamışdır.
Bütün bunları tarixi, bədii və sosial kontekstdə təhlili zəruri edir.
https://zengezur.com/index.php/mzhallr/220-khalzh-zh-hr-man-zha-azh-n-binin-m-bariz-si-tarikhd-elmi-d-biyyatda-v-folklorda (aç oxu)
Son zamanlar folklorşünas Almaz Həsənqızı da qaçaq qəhrəmanlara xüsusi həssaslıq göstərmiş, öz tədqiqat işində mühacirətdə fəaliyyət göstərən görkəmli şəxsiyyətlərin qaçaq qəhrəmanlarla bağlı məqalələrini tipoloji müstəvidə təhlil etmiş, dövrə, qəhrəmanlara münasibəti araşdırma faktına çevirmişdir. Onu da əlavə edək ki, həmin təhlillərdə “Qaçaq Nəbi” mühüm bir hissəni tutur. Mühacirətdə ona həsr edilən nəğmələrin məzmunu, özünəməxsusluq və fərqlilik xüsusiyyəti siyasi baxışların fərqidir.Xalqın bu qəhrəmanların sücaətinə, göstərdiyi igidliklərə qoşduğu folklor nümunələri müxtəlif illərdə folklorşünaslar tərəfindən də tədqiqata cəlb edilmişdir. “Xalqın qəhrəmanlıq, mübarizə tarixinin öyrənilməsi zamanından, məkanından asılı olmayaraq ən ümdə məsələlərdəndir. Bəlkə də birmənalı olaraq deməliyik ki, ən şərəfli və gərəkli işdir” [11, 18].
“Qaçaq Nəbi” dastanı da müxtəlif dövrlərdə tədqiqata cəlb edilmiş, folklorşünasların diqqətini çəkə bilmişdir. Bəzi folklorşünaslar “Qaçaq Nəbi” dastanını toplamış (Əliheydər Tahirov, Azad Nəbiyev və başqaları), bəzi tədqiqatçılar (Zülfüqar bəy Hacıbəyov, İsrafil Abbaslı, Füzuli Bayat və başqaları) dastanı geniş şəkildə təhlil etmişlər. Tarixi Bəhlul Behcət Qaçaq Nəbi hərəkatını yaradan səbəbləri tarixci gözü ilə köklü sürətdə araşdırmış, öz dəyərli əsərini arxiv sənədləri və Nəbi hərəkatının şahidlərinin danışdığı ilə zənginləşdirmişdir. “Qaçaq Nəbinin tarixi” adlı əsərin dəyəri də bundadır. Ali məktəblər üçün yazılmış Azərbaycan şifahi xalq ədəbiyyatı dərsliklərində də (Paşa Əfəndiyevin, Vaqif Vəliyevin, Azad Nəbiyevin, Şamxəli Məmmədovun dərslikləri nəzərdə tutulur) qaçaq dastanları mühüm bir hissəni təşkil edir. Azərbaycan qəhrəmanlıq dastanlarının qayəsində xalqı bəladan xilas edən qəhrəmanın göstərdiyi igidliklər dayanır, qısası bütün dövrlərdə qəhrəmanlar hər zaman xalqa qarşı çıxanlarla mübarizə aparır. Div, təpəgöz, canavar və s. şəklində nağıl konstruksiyasında təqdimdən, alplıq modelində müəyyənləşmiş sistemə qədər əhatəli olan bədii düşüncə xalq yaddaşının çox dərin qatlarından süzülüb gəlir. Qaçaq dastanları bu zənginliyin (istər əfsanə, rəvayət, nağıl olsun, istərsə də qəhrəmanlıq şərqisi, epos səviyyəsində) bütöv bir modelidir. “Qeyd edək ki, “Qaçaq Nəbi” dastanındakı müsbət qəhrəman surətlərini qabaqkı əsrlərdə yaranan dastanların qəhrəmanları ilə müqayisə etsək maraqlı fərqli cəhətlər görərik. Əgər “Dədə Qorqud”, “Koroğlu”, “Bilqamış”, “Manas” və başqa qədim dastanlarda igid, yenilməz surətlərin yaranmasında əsatiri ünsürlər, bəzən sehrli qüvvələr, ümumiyyətlə xalq fantaziyası əsas rol oynayırsa, “Qaçaq Nəbi” qəhrəmanlarında bu xüsusiyyət yoxdu, çünki onlar real-tarixi qəhrəmanlardır. Alp-ərənlər mifoloji qəhrəmanın simasında xilaskar hökmdar, dövlətin qurucusu, vətəni xilas etməyə can atan arxaikdir. Alpamış, Alp Ər Tonqa, Qazan Xan, Koroğlu alplıq-bahadırlıq simvoludurlar. Qeyd edək ki, alplıq təkcə igidlik, qorxmazlıq, cəsarətlik, fədakarlıq, qeyrəti, səbr simvolu deyil, həmçinin oğuz qəhrəman dəyərlərinin ölçü vahididir. Qaçaqlar isə tarixin müəyyən zaman kəsiyində yaşayan, haqsızlıqla mübariz aparan qəhrəmanlardır. Alpları qaçaqlarla birləşdirən bir neçə amil var. Hər iki qəhrəman tipləri döyüş meydanından, düşmən qabağından qaçmaz, cəsarət nümayiş etdirər, çətinliklərə sinə gərərlər. Qaçaq qəhrəmanlar da alplar kimi millətin ideal insan tipi olub, öz xalqının mənəvi dəyərlərini yaşatmışlar. Koroğlu Manas kimi haqsızlığa qarşı mübarizə aparan, vətəni göz bəbəyi kimi qoruyan, millətini əsarətdən xilas edən bahadırdır, alp-ərəndir. Nəbi isə bu ərənlərin davamçısıdır.
“Qaçaq Nəbi” dastanı ilə “Koroğlu” arasında olan bağlantıların (düşüncə, formul, qəhrəmanlıq təsəvvürü, sənətkar və qəhrəman statusu və s.) dinamikasını aydınlaşdırsaq görərik ki, qaçaq nəğmələri əsasən polifonik məzmunu etibarilə “Koroğlu” dastanını xatırladır. Dastanlarda qəhrəmanın vuruşmasını, səfərini xatırladan nəğmələrdə, şeirlərdə bənzərliklər vardır. “Qaçaq Nəbi” dastanı ənənə müstəvisində öz enerji qaynağını “Koroğlu”dan alır. “Qaçaq Nəbinin qəhrəman obraz kimi epikləşməsində XVII əsr milli improvizatorluq ənənələrindən istifadə olunduğu nəzərə çarpır. Məsələn, Koroğlu qəhrəmanlığını Qırat, Çənlibel, Misri qılınc tamamladığı kimi, Qaçaq Nəbi igidliyini də Boz at... “Aynalı tüfəng” və Zəngəzur dağları həmin epik vüsətə qaldırır” [132, s.110-111]. “Çənlibeldən səni deyib gəlmişəm, alma gözlü, qız birçəkli Qırat gəl” deyən Koroğlu ilə “Boz at səni sər tövlədə bağlaram, Qabağına yağlı quyruq doğraram”” təsəvvürü tarixin çox-çox dərinliklərinə üz tutur. Burada etnik səviyyənin işarələdiyi təsəvvür arxaik, mifik olandan tarixi olana qədər (günümüzə qədər olan təsəvvür) bir mədəni layı sərgiləyir. Folklorşünas Elçin Abbaslı yazır ki, Koroğlunun düşməni ram etməsi və əlavə olaraq bu hərəkətdən daha da qüvvətlənməsi və öz məziyyətini artırması ilə hər dəfə dastanın qolları yekunlaşır [6, s. 98]. Belə ki, Nəbi də bir qəhrəman kimi dastan boyu yüksələn xətlə inkişaf edir. Həm “Dədə Qorqud”, həm “Koroğlu”, həm də “Qaçaq Nəbi” dastanları xalqın maddi və mənəvi varlığının daşıyıcısıdır, onun azadlıq haqqında təsəvvürünün əksidir. Xalq epik yaddaşda yaşatdığı folklor və ya xəyali qəhrəmanı vasitəsi ilə təsəlli taparaq, arzu və istəklərinə nail olur. Koroğlunun davranışı qaçaqlar üçün bir örnəkdir. “Onlar davranışlarını və əməllərini Koroğlu modeli ilə ölçürlər” [132, s.112].
Dostları ilə paylaş: |