Demə divan, qəmü dərd əhlinə afət de onu,
Köyməkü şöleyi-qəm birlə qiyamət de onu.
Hansı qoşqusu eşq əhlinin canına od urmaz, hansı məzmunu hicran qoşununun cismini köydürməz, bəlkə külüni göyə sovurmaz?! Hansı misrası fəraq ciyər xununun bağır qanını damdırmaz, hansı sözü hicran biçarəsinin göz yaşı seli ilə səbr-qənaət qoşununu axdırmaz?! Nəzm-qoşqu iqlimində hansı gürganə-qala köç gətirəndə özünə qarşı eşik açılmadı?! Hansı ulu yurda qəlb-şeir qoşunu ilə çapovulluq edəndə onu basıb almadı?! Bu gün nəzm-qoşqu sütunlarının yer üzündə qəhrəman odur».
Maraqlıdır ki, Hüseyn Bayqara mükəmməl təhsil aldığı, Şərq poeziyası barədə dərin bilik sahibi olduğu halda əruzun yalnız rəməl bəhrinin müsəmmən formasından istifadə etmişdir. Bunu Zəhiərəddin Məhəmməd Babur da göstərir: “Şairliyi vardı. Bir divan da tərtib etmişdi. Şeirlərini türkcə söylərdi. Bəzi beytləri pis deyildir, ancaq divanı tamam bir vəzndədir”1.
Sam Mirzə Səfəvi də «Töhfeyi-Sami» adlı təzkirəsində Bayqaranın yaradıcılığı haqqnda məlumat vermiş, onun türkcə iki, farsca bir neçə beytini misal gətirmişdir.2
Şairin divanı ilk dəfə 1926-cı ildə Bakıda «Hüseyn Bayqara divanı» adı ilə çapdan çıxmışdır. I türkoloji qurultaya ərməğan olaraq nəşr olunan bu kitab İsmayıl Hikmətlə Bəkir Çobanzadənin yazdıqları qısa giriş məqaləsi ilə açılır. Burada Hüseyn Bayqaranın 127 qəzəli və üç mürəbbəsi yerləşdirilmişdir. Məşhur türkoloq A.N.Samoyloviç kitabın çıxması barədə məlumat verərək onun bəzi çatışmazlıqları olduğunu göstərmişdir3.
Sultan Hüseyn Bayqaranın bir neçə şeiri 1928-ci ildə Fitrət tərəfindən nəşr olunan «Özbək ədəbiyatı nümunələri»nə daxil edilmişdir. 1948-ci ildə çapdan buraxılan «Nəvainin zamandaşları» adlı kitabda da şairin bəzi şeirləri verilmişdir. 1968-ci ildə isə Bayqaranın əsərləri Daşkənddə nəşr edilmişdir4.
Görkəmli şair-hökmdarın ən mükəmməl divanı 2005-ci ildə Aşqabadda nəşr edilmişdir. Türkmənistan Elmlər Akademiyası Milli Əlyazmalar İnstitutunun direktoru, tanınmış ədəbiyyatşünas, bir çox klassik türkmən şairinin əsərlərini, o cümlədən Hüseyn Bayqaranın divanını çapa hazırlayan Prof. Dr. Annaqurban Aşurov kitaba “Qəzəli qoşa qanadlı” adlı iri bir məqalə də yazmış, şairin dövrünü, mühitini, həyatını, yaradıcılıq xüsusiyyətlərini dərindən təhlil etmişdir.1 Bizim kitab da həmin nəşr əsasında hazırlanmışdır.
Hüseyn Bayqaranın türkcə şeirleri Türkiyədə “Divan-ı Sultan Hüseyin Mirza Baykara” adıyla yayımlanmışdır. Şeirlerinin bir bölümü isə “Hüseyn-i Baykara Divanı'ndan Seçmeler” adı altında basılmışdır. Prof. Dr. İsmayıl Hikmət Ertaylan şairin Amasya kitabxanasında tapdığı və həmin əlyazmanın İstanbul Universitetində aşkar etdiyi surətini 1945-ci ildə «Hüseyin Baykara'nın Risalesi» adı ilə çap etdirmişdir.2
Sultan Hüseyn Bayqara barəsində ən məzmunlu məqalələrdən birini ünlu Azərbaycan alimi Həmid Araslı qələmə almışdır. O, «Hüseyn Bayqaranın risaləsi haqqında» adlı məqaləsində risalənin yazılma tarixini dəqiqləşdirmiş, əsərdə Nəvainin «Xəmsə»si haqqında bilgiyə və Caminin həyatda olması haqqında məlumatlara əsaslanaraq risalənin 1485-1492-ci illər arasında yazıldığı qənaətinə gəlmiş, məqalənin axırında isə bu əsərin özbəkcə tərcüməsini vermişdir3. Biz bu risalənin yalnız son qismini kitaba daxil etdik. Ona görə ki, kiçik həcmli bu əsərdə əvvəlcə Allaha həmd-səna edilir, onun bütün varlıqları yoxdan xəlq etdiyi və insan oğlunun bunun üçün yaradana şükr etməsinin vacibliyi vurğulanır, daha sonra Allahın bəzi adamlara nə üçün çox, bəzilərinə az şey əta etdiyi barədə xeyli danışılır, bu işdə ilahi bir hikmət olduğu qənaətinə varılır. Axırda isə Əlişir Nəvai və Cami haqqında söz açılır ki, risalənin əsil canı buradadır, məhz həmin qism də kitabdadır.
Bayqaranın bu kitabına 200 qəzəli, Nəvainin iki şeirinə təxmisi, bir müxəmməsi, altı rübaisi və altı qitəsi daxildir. Şairin əsərlərinin sayı, göründüyü kimi, azdır. Lakin nəzərə almaq lazımdır ki, o, ilk gənclik dövründə, 16 yaşında xidmətə başlamış, 68 illik ömrünün 52 ilini fəal siyasətin içində olmuş, 38 il böyük bir dövləti idarə etmişdir. Saysız-hesabsız müharibələr, səfərlər, yürüşlər, rəqiblərinin və öz övladlarının yaratdığı problemlər, üsyanlar, idarəçilik işləri, məşvərətlər, qəbullar, məclislər onun vaxtını tamamilə almışdır. Əgər Hüseyn Bayqara sultan deyil, Heratda Dövlətxana sarayının bütün nemətlərindən istifadə edən qayğısız bir şair olsaydı, onun bədii irsi bundan dəfələrlə artıq olardı.
Şairin əsərlərinin dili xeyli sadə və xəlqidir. Təxminən beş əsr bundan əvvəl yazılmasına baxmayaraq bəzi kəlmələr istisna olmaqla asanlıqla anlaşılır, özündən hətta bir-iki əsr sonra Orta Asiyanın istər türkməncə, istərsə də çağatayca yazmış şairlərinin dilindən daha sadədir. Bu, bir yandan şairin fərdi üslübü, digər tərəfdən isə bir hökmdar və sərkərdə kimi daim xalqın, qoşunun arasında olması ilə bağlıdır. Nəvai onun müxtəlif ləhcələrə dərindən vaqif olması faktını xüsusi vurğulayır. Əyanilik naminə, Bayqaranın “Burun” rədifli qəzəlinə baxaq. Burada müasir Azərbaycan oxucusu üçün arxaik olan iki söz (burun–əvvəl, ərməs–deyil), bizim klassik ədəbiyyatımızda da gen-bol işlənən və mənası geniş kütləyə məlum olmayan bir neçə ərəb-fars sözü vardır (xunab –qanlı su, yəni gözyaşı, fariq–arxayın, canafərin və afəriniş–hər ikisi: can bağışlayan, abi-heyvan–dirilik suyu, üşşaq–aşiqlər, bisaman–varı olmayan, kasıb, fəqir):
Dostları ilə paylaş: |