Həyat və fəaliyyəti
Süleyman Rəhimov Zəngəzur qəzasının (Qubadlı) Əyin kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Bir qədər mollaxana təhsili almış, sonra isə 1912-ci ildə Qubadlıda rus-tatar məktəbində oxumuşdur. Bu məktəbdə rus dili əsas təhsil dili sayılır və yaxşı tədris edilirdi. Balaca Süleyman təhsil müddətində bu dili az-çox mənimsəyə bilmişdi və bu, gələcəkdə onun proletar yazıçılarına qoşulmasına kömək oldu. Bu dil həm komsomol, həm də partiya işində irəli getmək üçün əsas vasitə idi.
Süleyman Rəhimovun bioqrafiyası proletar kadrları üçün çox səciyyəvi olan xətlə inkişaf etmişdir. Yazıçının 1920-ci ilə qədər olan həyatı haqqında məlumat azdır, 1920-ci ildə Sovet hakimiyyəti qurulan zaman o, Qubadlı İnqilab Komitəsində işləmişdir. Onun buraya təyinatında şübhəsiz ki, Bakı neft mədənlərində işləmiş Yuxarı Qarabağlı bolşeviklərin rolu olmuşdur, çünki Qubadlıda o zaman inqilabi hərəkat yox idi. Amma “Azrevkom”un Hərbi-dəniz işləri komissarı Çingiz İldırım əslən Qubadlıdan idi.
Ucqar dağ qəzalarındakı inqilab komitələri əsasən 11-ci Qızıl Ordunun əsgərlərindən, qismən də silahla yeni rejimi müdafiə etməyə çalışan könüllülərdən ibarət olurdu. Onlar Demokratik Cümhuriyyətin dövlət qurumlarını dağıdıb ləğv edir, çox zaman fəalları tutub qalan əhalini qorxutmaq üçün güllələyirdilər.
Yeni yaranmış rejim möhkəmlənən kimi xeyirxahları Süleymana təhsilini davam etdirməyi məsləhət gördülər. Onu xeyirxah himayə və bolşevik partiyasında yüksəliş gözləyirdi. 1921-ci ildə Süleyman yeni rejimin Şuşada açdığı qısa pedaqoji kurslarda təhsil aldı və nəticədə ibtidai sinif müəllimliyi ixtisasına yiyələndi.
1921-1925-ci illərdə Süleyman İndiki Zəngilan, Laçın, Qubadlının kəndlərində müəllimlik etdi, sonra isə məktəb direktoru oldu. O, hər il kənd müəllimləri üçün açılan ixtisasartırma kurslarında savadını artırır, paralel olaraq komsomol hərəkatına qoşulur, çalışdığı kəndlərdə komsomol özəkləri təşkil etməyə çalışırdı. Süleyman Rəhimov 1924-cü ildə bolşeviklərin partiyasına üzv olur və Qəza Maarif şöbəsinin müdiri vəzifəsinə irəli çəkilir. O zaman bolşevik hökuməti savadsızlığın ləğvi üçün kampaniya aparırdı. Müəllim çatışmırdı. Ona görə də Süleyman kursu bitirən kimi Qubadlıya məktəb müdiri təyin olunur. 1929-cu ildə Şuşa Pedaqoji Texnikumuna direktor təyin edilən yazıçı burada bədii ədəbiyyatla, yaradıcılıqla məşğul olmağa başlayır. Gələcək yazıçı 1928-ci ildə Bakıya göndərilir və Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almağa başlayır.
Bu illərdə Bakı ədəbi mühitində, mətbuatında əsas mübarizə bolşeviklərin müsavatçı milli ziyalıları ləğv etməsi uğrunda gedirdi. Süleyman bunu iştirak etdiyi hər yığıncaqda, hər mitinqdə görür, kənddən təzə çıxmasına baxmayaraq, bolşevik partiyasının cavan komsomolçulardan nə tələb etdiyini başa düşürdü. O dövrdə fəhlə mətbuatı müsavat tərəfdarlarının ifşasını işıqlandıran materiallarla dolu idi.
Dostları ilə paylaş: |