Yaradıcılığı.
Süleyman Rəhimov ədəbiyyatımızın azman fiqurlarından biridir. Yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. Onun yaradıcılığı Azərbaycan nəsrinin böyük bir inkişaf dövrü ilə sıx surətdə bağlıdır. S.Rəhimovun romanları milli nəsrimizdə bu janrın diqqətəlayiq hadisilərindən sayılır. Bu romanlar üçün epoxal hadisələri əhatə etmək, epiklik, realizm, psixologizm, xalq dili zənginlərindən sənətkarlıqla bəhrələnmək kimi gözəl xüsusiyyətlər səciyyəvidir.
Süleyman Rəhimov böyük bir irs qoyub getmişdir. Onun yaradıcılığının fəal dövrü Böyük Vətən Müharibəsindən sonraya, partiya işindən nisbətən uzaqlaşdığı dövrə təsadüf edir. O zamanlar partiya faktiki olaraq dövlət hakimiyyəti orqanı idi və orada işləməklə yaradıcılıq uyğun gəlmirdi, qələmə sarılmaq üçün az vaxt qalırdı.
Sosialist realizmi məcrasında yazan ən məhsuldar və tanınmış nasirlərdən biri Süleyman Rəhimovdur. O, dövrünün yazıçıları içərisində ən çox yazan yazıçı olmuş, sovet dövrü nəsrində epopeya janrının banisi sayılmışdı. Bəli, o, qocaman bir dağa bənzəyirdi. Elə bir dağa ki, zirvəsinə leysan yağırdı, dolu tökürdü, ətəklərində isə gölməçələr qaynaşırdı. Unudulmaz yazıçımızın əsərlərini bugünün gözü ilə oxuyanda bir daha əmin olursan ki, onun yaradıcılığının mərkəzində həmişə böyük problemlər dayanıb. Süleyman Rəhimovun dilinə də valeh olmamaq mümkün deyil. Xalq dilində nə qədər dürüst, rəngbərəng, ciddi, canlı yazmaq mümkünmüş?! Yaratdığı hər bir obrazın fərqli dili, danışığı var.
Yazıçının əsas əsəri “Şamo” romanı sayılır. Beş qalın cilddən ibarət “Şamo” epopeyasını o, 47 il ərzində yazmışdır. Bu əsər iki səbəbə görə ona əziz idi. Birincisi, burada onun yazıçı kimi yaxşı bildiyi və iştirak etdiyi vətəndaş müharibəsi mövzusu vardı. 1930-cu illərdə bu mövzu həm də millətlərin bolşevik partiyasının rəhbərliyi ilə milli azadlığa və sosialist tərəqqisi yoluna çıxmasını əks etdirən bir mövzu sayılırdı. Sovet yazıçılarının ilk nəslinə məxsus ədiblərin hamısı - Mixail Şoloxov, Aleksandr Fadeyev, Muxtar Auezov və başqaları bu mövzu ilə məşhur və hörmətli olmuşdular. Süleyman Rəhimov özünü onların sırasına aid edirdi. İkinci tərəfdən, inqilabçı fəhlə və kəndli surəti yaratmaq tələbi 30-cu illərdə proletar ədəbiyyatı nəzəriyyəsinin əsas tələbi idi. Ona görə demək olar ki, yazıçı bütün ömrü boyu bu romandan ayrılmamış, onun cildlərini dəfələrlə yenidən işləyib genişləndirmiş və bu romanın iri həcmi ilə fəxr etmişdir.
“Şamo”nun birinci variantı 1931-ci ildə üç min tirajla çap olundu. Bu əsər cəmi 118 səhifə idi. Romanın ikinci variantı doqquz il sonra, 1940-cı ildə 502 səhifə həcmində çapdan çıxdı. Yazıçıda mövzuya daha dərindən yanaşmaq qənaəti, görünür ümumittifaq ədəbi prosesi ilə yaxından tanışlıqdan sonra yaranmışdı. Böyük Vətən Müharibəsinə qədər vətəndaş müharibəsi və fəhlə-kəndli inqilabı mövzusu sovet ədəbiyyatında ən qiymətli sayılır, marksist və rəsmi ədəbi tənqid tərəfindən də yüksək qiymətləndirilirdi. Bunları görən yazıçı “Şamo” mövzusunu davam etdirib genişləndirməyə qərar verir.
Romanın ən mükəmməl variantı 1952-ci ildə “Azərnəşr”də çıxan birinci cildin variantı sayıla bilər. 562 səhifə həcmində olan bu variant 1931-ci və 1940-cı ildəki variantlarından fərqlənir və artıq yeni plan əsasında yaradıldığı hiss olunurdu.
Burada yazıçı 1931-ci il variantından ancaq müxtəsər plan kimi istifadə edir, oradakı epizodları genişləndirib epik təsvirlərə çevirməyə başlayır. Bu zaman o artıq sovet ədəbiyyatının bu mövzudakı ənənələrini də öyrənmişdi, hansı epizod və obrazlara, süjet budaqlarına üstünlük vermək lazım olduğunu daha yaxşı bilirdi.
1953-cü ildə “Şamo”nun mükəmməl variantının ikinci cildi görünməmiş epik həcmdə - 646 səhifə həcmində çap olundu. Lakin yazıçı bununla kifayətlənmədi. Əsəri əvvəldən axıradək yenidən işlədi. Nəticədə, 1955-ci ildə “Şamo”nun birinci cildi daha iri həcmdə - 748 səhifə həcmində çapdan çıxdı. 1956-cı ildə isə ikinci cildin yeni variantı “Azərnəşr”də 852 səhifə həcmində çapdan çıxdı. Bu, həcm rekordu idi.
Beləliklə, “Şamo” romanının birinci və ikinci cildləri 1959-cu ildə tamamlandı. Epopeyanın üçüncü cildi 1964-cü ildə yenə rekord həcmdə çap edildi: üçüncü cild 827 səhifə həcmində idi. Sonuncu cild isə bundan 24 il sonra - 1978-ci ildə 516 səhifə həcmində çap olundu. Yazıçı artıq qocalmışdı və onun 78 yaşı vardı. Dörd cildlik romanın ümumi səhifə həcmi 3000 səhifədən çox idi. Bəzi nəşrlərdə əsər beş cilddə çap edilir, amma bu şərtidir, romanı dörd cilddən ibarət saymaq lazımdır.
Təxminən sovetləşməyə qədər olan dövrü əhatə edən dörd cildlik əsərin əsas qəhrəmanı Şamo Zəngəzurda böyümüş tərəkəmə kəndlisinin oğludur. Əsərin əvvəlində o, avam, savadsız, dünyadan bixəbər bir çobandır. Sosialist realizminin əsas tələblərindən biri də məhz inqilabi-tarixi mövzuları qələmə alarkən kasıb, sadəlövh kəndlilərin dünyadan və inqilabdan başı çıxan mübariz bir bolşevikə çevrilməsini göstərmək idi. Şamo da məhz belə bir qəhrəmandır. O, əhalisi heyvandarlıqla məşğul olan dağ kəndindən çıxmışdır.
Tarixdən də məlumdur ki, məhz belə kəndlər sovetləşməyə, sonra isə kolxozların təşkilinə ən kəskin müqavimət göstərirdilər. Tərəkəmələr çölçü əhali idi, qədim adət-ənənə ilə yaşamağa vərdiş etmiş və tam əksəriyyəti də savadsız idi. Lakin bu dağ camaatı məğrur və döyüşkən idi. Kolxoz qurulan zaman məhz bu dağlarda geniş qaçaqçılıq hərəkatı olmuş, sovet orqanları onlara qarşı Böyük Vətən Müharibəsinə qədər mübarizə aparmalı olmuşlar. Lakin Zəngəzur və Qubadlı dağlarındakı bu hadisələr yazıçının nəsr əsərlərində çox epizodik yer tutur. Deyilənlərə əsasən belə bir ümumi nəticəyə gəlmək olar ki, yaradıcılıq taleyini Azərbaycan romanının inkişaf yolu ilə bağlayan S.Rəhimov məhz öz "Şamo"su ilə roman kimi mürəkkəb bədii struktura malik bir janrın zirvəsinə ucaldı.
Yazıçı “Şamo”nin ilk iki variantını çap etdirəndən sonra buraxdığı üçüncü kitab el qəhrəmanı Qaçaq Nəbiyə həsr olunmuş “Aynalı” povesti idi. 1942-ci ildə çıxan bu balaca kitabça cəmi 52 səhifə idi. Amma yazıçı qırxıncı illərdə Nəbi ilə bağlı şifahi və yazılı sənədləri toplayıb ayrıca kitabça şəklində dərc etdirmişdi.
Dostları ilə paylaş: |