Sumqayit regional məDƏNİYYƏT İdarəSİ qubadli rayon nümayəNDƏLİYİ



Yüklə 478,5 Kb.
səhifə8/20
tarix10.01.2022
ölçüsü478,5 Kb.
#108167
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
Qaçaq Nəbi Süleyman Rəhimovun özünün mənsub olduğu Zəngəzur dağlarının oğlu idi və yazıçı onun əfsanəvi igidliyini əbədiləşdirməyə çalışırdı. Əsərdə bir tərəfdən xalq fonu, o biri tərəfdən qaçaqlıq hərəkatı səhnələri, digər tərəfdən isə Qafqaz canişinliyinin dəftərxana həyatı əhatəli şəkildə qələmə alınır. Yazıçının Nəbinin igidliyinə münasibəti daha çox romantik boyalarla verilir və onun xalq kökləri ön plana çəkilir.

1930-cu illərin ortalarından tanınan partiya və ədəbiyyat funksionerinə çevrilən Süleyman Rəhimov öz diqqətini ən çox partiyanın tələb etdiyi inqilabi keçmişə yönəldirdi. Üç cilddən ibarət olan “Qafqaz qartalı” romanı da xalq qəhrəmanı Qaçaq Nəbiyə, onun hərəkatına həsr edilmişdir. Əsərdə inqilab ideologiyasının təsiri hiss olunur. Lakin bütövlükdə “Qafqaz qartalı” romanı yazıçının Nəbi haqqında bildiyi el süjetlərinin romantik sərbəstliyi ilə seçilir.

Nəbi çar müstəmləkə rejiminə qarşı mübarizə aparmış bir şəxsiyyət idi.

Lakin Süleyman Rəhimov öz əmisi Allahverdi kişinin dostu olmuş Qaçaq Nəbi barədə topladığı geniş materialı da sərbəst işləmiş, bu hərəkatda hakim siniflərə və istismara qarşı xalq qiyamı xüsusiyyətlərini qabartmağa çalışmışdır.

Əsərin bir çox yerlərində Nəbi inqilabçı marksist kimi danışır, bəzən bolşeviki xatırladır. Sovet vaxtında isə belə halları qüsur yox, məziyyət hesab edirdilər. O zamankı rəsmi tənqid hətta inqilabi mövzulu əsərlərdə Azərbaycan Demokratik Cümhuriyyətinə belə sinfi baxımdan yanaşmağı, xalqın qurduğu müstəqil dövləti istismarçı siniflərin sayaraq tənqid etməyi tələb edirdi.

Mövzu baxımından yazıçı sosialist realizmi cərəyanına məxsusdur. Onun əsas mövzusu sovet hakimiyyəti uğrunda inqilabi mübarizə və vətəndaş müharibəsinin təsviri ilə bağlıdır. Bu onun yaradıcılığının əsas mövzusudur. Süleyman Rəhimovun tərcümeyi-halı, keçdiyi məşəqqətli həyatı, ağlı-qaralı günləri onun “Ömür yolu xatıratında əks olunub.



Bu, XX əsrlə yaşıd olan bir sənətkarın ömür yoludur-qara, ehtiyaclı günlər də yazılıb onun səhifələrinə, mürəkkəb düyünləri də var bu ömrün..İşıqlı, parlaq günləri, ayları, illəri də... 

Bundan başqa, onun qadın azadlığı, mədəni inqilab və qadınların sosialist həyatına qoşulması mövzusunda əsərləri vardır. Bu, Cəfər Cabbarlıdan, mədəni inqilab hərəkatından gələn bir mövzu idi . Məhz “Almas”, “Yaşar “ pyeslərinin təsiri ilə sonralar Əbülhəsənin “Yoxuşlar”, Əli Vəliyevin “Qəhrəman”, Mehdi Hüseynin “Tərlan”, Mirzə İbrahimovun “Həyat” kimi əsərləri yaranmışdır. Süleyman Rəhimov da bu mövzudan yan keçə bilməmiş, bu barədə iki iri roman yazmışdır. İki kitablıq “Saçlı” romanını yazıçı müharibə illərində ərsəyə gətirmişdi. Romanın birinci kitabı 1944-cü ildə, ikinci kitabı isə 1949-cu ildə çapdan çıxmışdı. Romanlarının birinci nəşrini işləmək ənənəsi bu romanda da özünü büruzə verir. “Saçlı”nın birinci kitabı daha iri işlənmiş həcmdə 1948-ci ildə, ikinci cildi isə 1949-cu ildə çap olunmuşdur.

Süleyman Rəhimov özü mədəni inqilab dövrünün əsgərlərin­dən və fəal iştirakçılarından biri olmuşdur. Bu inqilabın əsas qərargahı yeni sovet məktəbləri idi.

Yazıçı isə bu məktəblərdə müəllim, məktəb direktoru, rayon maarif şöbəsinin müdiri, hətta Şuşa müəllimlər kursunun direktoru da olmuşdu. Bu fəaliyyətləri dövründə yığdığı materialları yazıçı əvvəlcə “Saçlı”da qələmə aldı.

Məsələn, “Saçlı” romanında sosialist realizmi üçün səciyyəvi süjet durur: kəndə müəllimliyə gedən Rüxsarə kəndi dəyişdirən bir qəhrəman kimi təqdim olunur. Halbuki, dağ kəndlərinin əhalisi çölçü idi və qadınlar orada heç zaman inqilabi-dəyişdirici qüvvə olmamışlar. Burada yazıçı sadəcə olaraq ictimai sifarişi icra etmişdi.

Folklor süjetləri əsasında yazdığı əsərlər də yazıçının yaradıcılığında mühüm yer tutur. Zəngəzurun yuxarı dağ kəndləri əhalisinin qədim və zəngin folkloru vardı. Bu folklorda həm türk, həm də kürd tərəkəmə əhalisinin nağıl və əfsanələri, mifik süjetləri qaynayıb qarışmışdı. Çox qədimlərdən burada yaşayan, amma yazılı ənənəsi olmayan bu əhali öz yaddaşını və tarixi təcrübəsini nəsildən-nəslə şifahi keçən süjetlər şəklinə salmışdı. Süleyman Rəhimov bu süjetləri bilir, sevir, yüksək dəyərləndirir və yaradıcılığa başladığı ilk dövrlərdən onlardan istifadə edirdi.

Amma bununla kifayətlənməyib 60-cı illərdə təzədən bu mövzuya qayıtdı və iki kitablıq “Ana abidəsi” romanı ilə mövzunu davam etdirdi. “Ana abidəsi”nin birinci kitabı 1967-ci ildə çapdan çıxdı.

Yazıçının yaradıcılığının mövzu baxımından maraqlı bir xətti də Zəngəzur folkloruna, xalq qəhrəmanlıq dastanlarına, el nağıl və əfsanələrinə həsr edilən əsərləridir. Bunlar əsasən 60-cı illərdən sonra yazılmışdır. Bunlara onun Qaçaq Nəbi və başqa xalq qəhrəmanları haqqında süjetlər əsasında yazdığı əsərləri - “Güzgügöl əfsanəsi”, “Kəsilməyən kişnərti”, “Məhtaban” kimi nağıl povestləri misal ola bilər.

Yaradıcılığının yetkin vaxtlarında yazıçı əsasən folklor süjetləri əsasında işlədiyi əsərlərini ortaya qoyurdu. 1981-ci ildə Süleyman Rəhimovun bu mövzuda iki kitabı işıq üzü gördü: biri uşaqlar üçün yazılmış “Bülbül əfsanəsi” kitabçası, o biri isə “Əfsanələr” adlı 160 səhifəlik kitab idi. Qocaman ədibin yaradıcılığına folklor süjetləri ilə yekun vurulması maraqlı bir fakt idi və dövrün ədəbi prosesində bu tendensiya digər yazıçılarda da var idi.

Müasir nəsrin inkişafı baxımından yanaşdıqda, yazıçının xalq ədəbiyyatı süjetləri əsasında yazdığı əsərləri onun yaradıcılığında həm həcm, həm də bədii sanbal baxımından ən qiymətli yeri tutur. Görünür, əlli ildən artıq yaradıcılıq yolu yazıçıda zamanın tələblərinə uyğun yaradıcılıq qənaətləri yaratmış və onu həmişəyaşar mövzulara əl atmağa sövq etmişdir.

Süleyman Rəhimovun əsərlərinin dördüncü mövzu sahəsi də satira və gülüşlə, Molla Nəsrəddin ənənələri ilə bağlıdır. Bu sıraya daxil olan “Uğundu” romanını yazıçı sovet bürokratlarına, kontorlara doluşan tamahkarların tənqidinə həsr etmişdir.

S. Rəhimovun realist psixoloji üslubda yazdığı nəsr əsərlərindən biri "Me"hman povestidir. Ədib onu 1944-cü ildə yazmışdır. Şamo, Ruxsarə, Tahir kimi təqdirəlayiq qəhrəmanlar cərgəsində bu povestin qəhrəmanı Mehman da qeyd olunmağa layiqdir. Hətta belə demək olar ki, Mehman ədibin yaratdığı müsbət qəhrəmanlar sırasında özünəməxsus, fərdiləşdirilmiş xüsusiyyətlərə malik bir insan portretidir və ədibin yaradıcılığında o, xüsusi bir yer tutur.

Povestdə yazıçı bölgə prokurorunun həyat və mübarizəsini təsvir edir, Başqa sözlə, qanunçuluq, qanunun aliliyi, hamının qanun qarşısında məsuliyyət və bərabərliyi bu povestin mövzusudur. Bu mövzu müəyyən dərəcədə "Saçlı" romanında yazıçını maraqlandırmışdır. Lakin povestdə o, əsas və aparıcı mövzu kimi qoyulub, bütün hadisələr həmin mövzu ətrafında mərkəzləşdirilibdir. Əsərin mövzusu onun ideyasını, burada təsvir olunan insanların xarakterini və simasını təyin edir. Qanunun aliliyi uğrunda mübarizə - povestin əsas ideyası kimi müəyyən edilə bilər. Qanunun aliliyini təmin etmək isə ədalətsizliyə qarşı mübarizə etmək, qeyri-insaniliyi, özbaşınalığı kəskin mühakimə etmək deməkdir.

Yazıçı bu ideyanı povestin əsas qəhrəmanı Mehmanın obrazında təcəssüm etdirmişdir. Mehman povestin baş qəhrəmamdır və əsərin ideyası, konflikti və bilavasilə onun mübarizəsi, hadisələrin inkişafında mövqeyi ilə bağlıdır. Mehman gənc hüquqşünasdır. Onun qarşısında iki yol vardır: bu yollardan biri Bakıda qalıb hüquq alimi kimi yetişməkdir. Onun müəllimi professor Məlikzadə də belə düşünür və hesab edir ki, Mehman kafedrada qalıb elmi işlə, hüququn nəzəriyyəsi ilə məşğul olsa daha yaxşıdır. Lakin Mehman özü belə düşünmür. O, həyat sınağından çıxmaq istəyir. İstəyir ki, ali məktəbdə qazandıqlarını həyata tətbiq etsin. Ədalətsizliyə qarşı tədqiqat vasitəsilə yox, prokuror kimi, təhqiqat vasitəsilə şəxsən mübarizə etsin. Ədibin də əsas qayəsi belədir. O, Mehmanın simasında namuslu bir ədliyyə işçisinin, təmiz və pak bir qanun müdafiəçisinin obrazını yaratmaq istəmişdir.

Süleyman Rəhimovun yazıçı kimi ən qüvvətli cəhəti onun əsərlərinin canlı, konkret həyat materialı, insan xarakterləri ilə zəngin olması, xalq dilini yaxşı bilməsi idi. Üç cildlik “Saçlı”, “Aynalı”, “Ana abidəsi”, “Uğundu” kimi iri həcmli əsərləri bunu əyani şəkildə sübut edir. Yazıçının əksər iri romanları onun yaxşı bildiyi kənd həyatı materialı əsasında qələmə alınmışdır.

Pəri çınqılı” hekayəsində xalq qəhrəmanı Qaçaq Nəbinin ayağı dəyən yerlərdən biri – Sarı baba dağının çınqıllı ətəyində baş vermiş bir əhvalat təsvir olunmuşdur.

Lakin Nəbi haqqında müstəqil epopeya olan üç kitablıq “Qafqaz qartalı” romanının birinci cildi 1971-ci, ikinci 1973-cü, üçüncü cildi isə 1975-ci ildə çapdan çıxdı. Süleyman Rəhimov bu əsərə bütün Zaqafqaziyanın siyasi həyatını əhatə edən geniş bir roman xarakteri verdi, burada yaşayan xalqların dostluğunu, bu dostluğun sinfi həmrəyliyə əsaslanmasını tərənnüm etdi.

"Məhtaban" povesti nəsrimizdə bu üslubun parlaq nümunələri sayılmağa layiq əsərlərdəndir.Yoxsul, lakin azadlıq ideyaları ilə çırpınan Məhtabanın mənəvi gözəlliyi, onun hər cür saray çəkişmələrindən yüksəkdə dayanan və azadlıq arzuları ilə döyünən qəlbi, fikir 12 və hissiəri ustalıqla qələmə alınmışdır. Öz taleyini qoca Məmalik xanla bağlayan Məhtabanın saf duyğuları yaşadığı mühitin dar çərçivəsinə sığınır.

Onun həyatını Məmalik xanın yaxın adamları zəhərləmək üçün yeganə övladının əmgəyinə riyakarlıqla iynə yeridib, faciəli ölümünə səbəb olurlar. Bu povestdə insanın yaşayıb-yaratmaq eşqi, məhəbbət hissləri, qoca Məmalikin həyat eşqi və Məhtabana olan saf duyğuları xüsusi hərarətlə, humanist mövqedən əks etdirilmişdir. S.Rəhimovun bütün yaradıcılığına xas olan saf, insanı ucaldan, qanadlandıran romantika bu povestin bütün ruhuna hopdurulmuşdur. Xalq həyatından və xalqa inamdan gələn bu romantik pafosu biz onun "Güzgü göl əfsanəsi"ndə də görürük. Maral əfsanəvi gözəlliyə malikdir. O, müqəddəs suda yuyunub, daranıb özünə məftun olur və istəyir ki, hamı onu tərifləsin. Onun yeganə həmdəmi həmişə şadlıq elçisi Qəcələdir. Qəcələ başa düşür ki, hədsiz tərif insanı yıxa bilər.

Çaqqal Maralın bu zəifliyindən istifadə edib onu boş, yağlı vədlərlə tərifləyir. O, guya Maral xanımın yolunda ölümə belə getməyə hazırdır. Buna görə onu ağızdolusu tərifləyib, Güzgü göldən uzaqlaşdırıb parçalamaq istəyəndə Qəcələ Çaqqalın gözünü deşir. Maral xəyanəti görüb, səhvini başa düşür. Yersiz tərifdən ancaq çaqqallar qazanır. Həm də gözəllik bitib-tükənməyən sərvət deyildir, onu qorumaq, qədrini bilmək, bəd nəzərlərdən hifz etmək lazımdır.
"Kəpəz" povestində isə S.Rəhimov yenə də xalqın gözəl adət-ənənəsinin, təbii gözəlliklərinin qorunması məsələsinə toxunmuşdur. Öz ailəsi ilə Kəpəz dağı ətəyində istirahət edən professor Ərşad Ərşadzadə xalqın varlığı ilə bağlı el havalarını, sazı, bayatıları, təbiət gözəlliklərini dərin məhəbbətlə sevir. O, oğlu Şahini də bu ruhda tərbiyə edir. Onun arvadı Cavahir xanım isə ərinin saza, el havalarına olan aludəçiliyini köhnəlik əlaməti kimi qiymətləndirir.

Professorun sazı xalçanın üstündən asması onu əsəbiləşdirir. Yazıçı obrazlı şəkildə belə bir fikri təlqin edir ki, insan təbiətin ecazkar gözəlliyindən zövq almalı, mənsub olduğu xalqın mütərəqqi və işıqlı adət-ənənələrini qorumalı, onlardan bəhrələnmişdir. S.Rəhimov hekayə janrında klassik nümunələr yaratmışdır. Ədib "Pəri çınqılı" (1959), "Gülən balıq" (1964), "Gülsabah" (1968) kimi kitablarında topladığı əsərlərində xalq yaradıcılığı motivlərinə əsaslanıb uşaq dünyasından rəngarəng, maraqlı lövhələr yaratmışdır. Onun folklordan istifadə edib yazdığı hekayələri müəllifin xalq yaradıcılığını mükəmməl bildiyini, canlı, həyati lövhələr yaratmaq, qüvvətli yumora və satirik qələmə malik olduğunu, yüksək istedadını, müdrikliyini, həyat və insanlar barədə zəngin təsəvvürünü bir daha nümayiş etdirir. S.Rəhimov nəsrin müxtəlif janrları arasındakı sərhədi çox gozəl bilir və hər janra uyğun həyat materialı seçir. Psixoloji dərinlik, surətin düşdüyü vəziyyətin, mühitin bədii təhlili onun nəsrini səciyyələndirir. Bu xüsusiyyət ədibin roman və povestlərində olduğu kimi, "Su ərizəsi", "Üzsüz qonaq" kimi hekayələrində də aydın görünür.




Yüklə 478,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin