ROMANLARININ BƏDİİ XÜSUSİYYƏTLƏRİ
Süleyman Rəhimovun devizi “çox yazmaq, yaxşı yazmaq” idi. O, öz ünvanına səslənən tənqidləri, xüsusilə əsərlərinin uzunluğu, dilinin ağırlığı barədə iradları qəbul etmirdi. O, bunu öz üslubu adlandırırdı və müəyyən mənada o, haqlı idi.
Uzun yaradıcılıq illəri ərzində yazıçı öz təfərrüatlı, sözlə yüklənmiş olan yaradıcılıq üslubunu formalaşdırmışdı. Bu üslub bir tərəfdən yazıçının yaxşı bildiyi canlı xalq dilinə, onun şifahi ləhcəsinə, o biri tərəfdən isə onun öz yaradıcı fantaziyasına söykənirdi. Böyük dövlət və partiya vəzifələrində işlədiyinə görə onun ərəb əlifbası ilə yazdığı əsərləri demək olar ki, redaktə edilmir və yazıldığı şəkildə çap edilirdi. Onun romanlarının uzun və iki-üç cilddən ibarət olmasının bir səbəbi də bu idi. Bu xüsusiyyəti ilə yazıçı özünü dünya ədəbiyyatında epopeyalar yazmış klassiklərə bənzədir və bununla fəxr edirdi. Lakin onun romanlarının çox uzun olmasına tənqidi yanaşanlar, bunu qüsur və uzunçuluq sayanlar da olmuşdur. Süleyman Rəhimov isə onun üslubunu tənqid edənlərə qarşı həmişə sərt mübarizə aparmış, öz üslubunu bədii bir hal kimi müdafiə etmişdir.
Süleyman Rəhimov həyatı yaxşı bilsə də, onun süjetlərində həmişə uzunluq müşahidə olunmuşdur. O, hadisələri bir-birinə bağlayıb iri əsərlər yazır, lakin bu əsərlərin kompozisiyası səliqəsiz və ağır olur, ikinci dərəcəli epizodlar romanların əsas xəttini ağırlaşdırırdı. Lakin buna baxmayaraq, Süleyman Rəhimovun yaradıcılığı 1930-1950-ci illərdə nəsrimizin inkişafında özünəməxsus yer tutur. O, ədəbiyyatı həyatdan gələn zəngin tiplər qalereyası ilə zənginləşdirmiş, kənd mövzusunun, bir sıra folklor süjetlərinin işlənməsində böyük xidmətlər göstərmişdir.
Dostları ilə paylaş: |