9)Elektron yazışmalar
Elektron cihazlar müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Özəl və işgüzar həyatımızda elektron kommunikasiya əvəzedilməz yer tutur. Artıq internet şəbəkəsi həyatımızda zərurət hesab olunur. Təbii ki, bu inkişaf biznes dövriyyəsindən də yan keçməyib. Elektron kommunikasiya vasitəsilə kommersiya münasibətləri də sürətlənib. Şirkətdaxili və şirkətxarici əlaqələrdə e-mail yazışmalar, elektron sənəd dövriyyəsi və video danışıqlar biznes ahənginin zəruri hissəsinə çevrilib.
Texnoloji inkişafın gətirdiyi yeniliklər bəzən hüquqi qeyri-müəyyənliklərə də səbəb olur və bunların həlli hüquqşünasların üzərinə düşür. Bunlardan biri elektron yazışmanın (sənədin) məhkəmədə sübut kimi qəbul edilməsi məsələsidir. Hüquqdan fərqli olaraq, biznes yenilikləri daha tez qəbul və tətbiq edir. Sonradan problemlər və mübahisələr yarandıqda hüquqşünaslara müraciət edilir, hüquqşünaslarda isə bəzi hallarda sadə cavab olmur.
Korporativ həyatda elektron yazışma əsas kommunikasiya alətidir. Əksər hallarda biznes danışıqları elektron poçt (bundan sonra mətndə e-mail) vasitəsilə aparılır, kontragentlə müzakirələr və razılaşmalar e-mail ilə həyata keçirilir. Sənədlər elektron formada göndərilir.
Bütün bu proseslər çərçivəsində mübahisələr istisna deyil və tərəflər məhkəməyə getdikdə bir sual ortaya çıxır – məhkəmə məsələ üzrə danışıqları əks etdirən elektron yazışmanı sübut kimi qəbul edəcəkmi?
Elektron yazışmanın (sənədlərin) sübut kimi istifadəsinin qarşısında duran əsas problemlərdən biri elektron sənədin (məktubun) konkret şəxs tərəfindən göndərildiyini/alındığını müəyyən etməkdən ibarətdir.
Hazırda bəzən məhkəmələr müəyyən dərəcədə konservativ mövqeyə üstünlük verir və tələb olunan formata sahib olmayan elektron yazışmanı (sənədi) sübut kimi işə əlavə etməkdən imtina edirlər. Bu da anlaşılandır.
Elektron yazışma ilə kontragentlər biznesin və əməkdaşlığın müxtəlif hüquqi və təşkilati məsələlərini müzakirə edirlər. Tərəflər e-mail ilə əqdlərin vacib şərtlərini müəyyənləşdirir, əlavə və dəyişikliklər haqqında razılaşırlar. Bir çox hallarda çeviklik və sürət baxımından çatdırılma, ödəniş və sair vacib şərtlər e-mail ilə razılaşdırılaraq dərhal icra mərhələsinə addım atılır. Əqdin ikitərəfli imza-möhürlə rəsmiləşdirilməsi sonra həyata keçirilir və ya ümumiyyətlə, unudulur.[1]
Kontragentlər bir-birinə qarşı etibarlı və vicdanlıdırlarsa, mümkün mənfi hallar tərəfləri çox da rahatsız etmir. Lakin vəziyyət və hallar dəyişir. Əksər hallarda tərəflərin münasibətlərinin keyfiyyəti məhz mübahisə əmələ gələndə müəyyən olunur.
Mübahisə məhkəməyə getdikdə haqlı tərəf öz mövqeyini tərəflər arasında mövcud olan elektron yazışma ilə sübut etməyə çalışacaq. Fəqət məhkəmə həmin sübutları qəbul edəcəkmi?
Elektron yazışmanın (sənədlərin) hüquqi qüvvəsi haqqında mövqe hüquqşünaslar arasında belə fərqlidir. Lakin elektron kommunikasiyanın biznes münasibətlərinə dərin nüfuz etdiyini nəzərə alaraq, məhkəmələr da daxil olmaqla hüquqi cəmiyyət elektron sənədlərlə bağlı problemlərə göz yuma və inkar edə bilməz.
Əslində mübahisə əmələ gələn anadək kontragentlər öz aralarında istifadə etdikləri elektron yazışmaya (sənədlərə) əsasən uğurla fəaliyyət göstərirdilər. Hüquq və öhdəliklər yaradan işlər və xidmətlər görürdülər. Mübahisə çıxdıqda isə tərəflərdən biri dərhal bir müddət əvvəl həqiqiliyini mübahisələndirmədiyi elektron yazışmaları və sənədləri mübahisələndirir, sübut kimi tanınmasına etiraz edir. Mülki dövriyyənin stabilliyini qorumaq məqsədilə və iştirakçıların vicdanlı hərəkət etməli olduğunu nəzərə alaraq, məhkəmələrin belə hallara xüsusi diqqət və şübhə ilə baxması vacibdir.
Mülki münasibətlərin iştirakçılarının vicdanlılıq öhdəliyinin özündə məntiqlilik, ardıcıllıq və sabitlik kimi amilləri əhatə etdiyini düşünürük. Hesab olunur ki, vicdanlı kontragent elektron yazışmanın (sənədlərin) mövcud əqd və münasibətlər çərçivəsində hüquqi qüvvəsinə və həqiqiliyinə dair mövqeyini əvvəlcədən aydın bildirməlidir. Elektron yazışma onu qane etmədikdə, öz hərəkətləri ilə önəmli razılaşmaları və faktları kağız yazışma formatına çıxarmalıdır.
Elektron yazışmanın (sənədin) məhkəmə mübahisələrində tam hüquqlu sübut kimi qiymətləndirilməsinin qarşısında duran ən önəmli amil onu göndərənin və alanın düzgün identifikasiya məsələsidir. Lakin, eyni zamanda hesab edirik mövcud normaların əhatəli tətbiqi və təfsiri yolu ilə qeyd olunan problemin həllini tapmaq mümkündür.
Digər önəmli sual: Elektron formada tərtib olunan və göndərilən yazışmanı (sənədi) məhkəməyə necə təqdim etmək lazımdır – çap edilmiş formatda (çıxarışını), yoxsa elektron formatda (CD və digər daşıyıcılar)?
Məhkəmə prosesində mübahisə edən tərəflər təqdim edilən elektron sənəd və yazışmanın həqiqiliyini inkar etmirsə, zənnimcə, məhkəmə rahatlıqla həmin sənədləri qəbul edib iş materiallarına əlavə edə bilər
Dostları ilə paylaş: |