5.Ulu öndər Heydər Əliyev rəhbərliyindən sonrakı inkişaf tarixi.
1969-cu ildə Azərbaycan hakimiyyətinə gəlmiş Ulu öndər Heydər Əliyev rəhbərliyinin ilk illərindən etibarən ölkə iqtisadiyyatının strateji əhəmiyyətə malik olan neft-kimya sənayesinin inkişafına xüsusi diqqət yetirirdi. Məhz respublika rəhbərinin təşəbbüsləri sayəsində 1970-80-ci illərdə Sumqayıtda kimya sənayesinin yenidən qurulması, yeni istehsalat sahələrinin, müəssisələrin yaradılması, daha səmərəli texnoloji qurğuların inşası, eyni zamanda, mövcud istehsalatların rekonstruksiyası, müasirləşdirilməsi və yeniləşdirilməsi işləri geniş vüsət almışdı.
Heydər Əliyev vaxtilə qeyd edirdi ki, kimya sənayesi respublika üçün mühüm əhəmiyyəti olan proqressiv bir sahədir, bu səbəbdən də yeni kimya müəssisələrinin inşa edilib mənimsənilməsində geridə qalmaq, hər hansı bir lənglik yolverilməzdir. Odur ki, məhz 70-ci illərin ortalarından başlayaraq Sumqayıtda kimya sənayesinin yenidən qurulması, yeni texnoloji istehsal müəssisələrinin yaradılması sahəsində işlər xeyli sürətləndirilmişdi.
Həmin dövrdə Sintetik kauçuk zavodunda da bir sıra yeni sex və istehsalatlar yaradıldı. 1969-cu ildə yüksək təzyiqli polietilen, 1971-ci ildə isə illik gücü 15 min ton olan butil-kauçuk sexləri istifadəyə verildi. 1976-cı ildə butandan butadien istehsal edən, 1977-ci ildə isə butadien-stirol lateksi qurğuları işə salındı.
Xüsusilə qeyd etmək lazımdır ki, butil-kauçuk sexinin işə salınması ilə zavod keçmiş SSRİ-də butil-kauçukun xüsusi marka¬larını istehsal edən ilk və yeganə müəssisə oldu. Məhz bunun nəticəsi olaraq həmin növ kauçukun xarisdən alınmasına birdəfəlik son qoyuldu. 1974-cü ildə yüksək markalı kauçuk istehsal edən sexin yeni¬dən qurulması, onun istehsal gücünün ildə 120 min tona çatdırılması ilə Bakı Şin zavodunu yerli xammalla təshiz etmək mümkün oldu və bunun nətisəsi kimi həmin zavodda SSRİ-də ilk dəfə olaraq minik və iri yük avtomobilləri, kənd təsərrüfatı maşınları üçün şin istehsalı xətti işə salındı. Şin zavodunun modernləşdirilməsi, şinlərin vulkanizasiyası və bərpası üzrə geniş işlər aparılaraq, yeni sexlər tikildi. Bu isə respublikanın iqtisadiyyatına olduqca müsbət təsir göstərdi. 1970-1980-ci illərdə Sintetik kauçuk zavodu və Kimya kombinatı tam gücü ilə işləmiş və keçmiş SSRİ-nin, demək olar ki, hər yerinə məhsul ixrac etmişdir.
Ötən əsrin 70-ci illərinin əvvəllərində əhalinin məişət tələbatını maksimum ödəmək üçün respublikada yeni kimya müəssisələrinin tikintisinə başlanıldı. Belə müəssisələrin ilki Sumqayıt yuyucu vasitələr (sonralar "Məişət kimyası" adlanırdı) zavodu idi.
Müəssisədə həyata keçirilən yeniliklər və əhəmiyyətli dəyişikliklər məhz Heydər Əliyevin təşəbbüs və tövsiyələrinin nəticəsi idi. 1971-ci ildə müəssisədə istehsal gücü 30 min ton olan yalnız bir istehsalat sahəsi var idisə, artıq 1978-ci ildə müasir texnologiya əsasında tikilmiş yeni sexin işə düşməsilə zavodun istehsal gücü 4 dəfə artırılaraq, ildə 120 min tona çatdırıldı. Müəssisədə yuyucu tozlarla yanaşı müxtəlif təmizləyici vasitələr də buraxılırdı.
Modernizasiya və texniki yüksəlişə doğru başlanan ümumrespublika tədbirləri Sumqayıt "Superfosfat" zavodunda da uğurla davam etdirilirdi. 1975-ci ildə müəssisədə texnoloji avadanlıqları xaricdən gətirilən, istehsal gücü ildə 450 min ton sulfat turşusu olan sex istismara verildi. Ölkənin kənd təsərrüfatının perspektiv inkişafı və tələbatı nəzərə alınaraq, 1980-1983-cü illərdə digər genişmiqyaslı tədbirlər həyata keçirildi və Zaqafqaziyada ilk dəfə olaraq məhz burada dənəvər superfosfat gübrələri istehsal edən, yüksək məhsuldarlıqlı yeni texnoloji kompleks işə salındı.
1957-ci ildə Bakı neftayırma zavodunun tərkibində təməli qoyulan - Sumqayıtda aşqar istehsal edən qurğu 1960-cı ildə ilk məhsulunu verib, 1966-cı ildə həmin qurğu əsasında müstəqil Sumqayıt Aşqarlar zavodu yaradılıb və BFK-1 aşqarı istehsal edən sex işə salınıb. Zavodda 1968-ci ildə formalin, 1970-ci ildə yeni yüksək effektli BFK aşqarı istehsalına başlanılıb, 1975-ci ildə isə BFK-1 aşraqı istehsalı əsasında respublikada buraxılan dizel sürtgü yağlarına əlavə edilən daha təkmil İXP-101 aşqarının buraxılışı təşkil olunub.
Görülmüş genişmiqyaslı işlərin, qısa müddətdə reallığa çevrilmiş layihə və ideyaların nəticəsi idi ki, artıq ötən əsrin 70-80-ci illərində Sumqayıt öz iqtisadi potensialına görə keçmiş Sovetlər İttifaqında güclü sənaye şəhəri kimi daha geniş tanınmağa başlamışdı. Onun istehsal etdiyi məhsullar SSRİ-nin və xarici ölkələrin 100-dən artıq şəhərinə ixrac olunurdu.
Heydər Əliyev neft-kimya sənayesinin texniki-istehsal bazasının ardıcıl olaraq gücləndirilməsi, onun əsaslı surətdə müasirləşdirilməsi və yeniləşdirilməsi proqramının reallaşdırılması, ölkənin kimya kompleksinin yeni keyfiyyət pilləsinə qaldırılması məqsədilə 70-ci illərin sonlarından başlayaraq, Sumqayıtda daha bir yeni və unikal texnoloji kompleksin - EP-300 qurğusunun inşasına nail olmağa çalışırdı. Kompleksdə Bakı neft emalı zavodlarının karbohidrogen xammalından etilen və propilen istehsal olunmalı idi.
Ümummilli liderin rəhbər qətiyyəti və prinsipiallığı sayəsində Azərbaycanda tikintisi üçün o zamankı Sovet rəhbərliyinin çətinliklə də olsa razılığının alındığı, müəssisənin istehsal gücünün artırılmasına və genişləndirilməsinə xidmət edən "EP-300" qurğusunun inşasına 1981-ci ildə başlanmış və bu unikal qurğu 1989-cu ildə istismara verilmişdi. O dövrdə Heydər Əliyev bu istehsalat kompleksinin əhəmiyyətini və perspektivliyini hamıdan çox düzgün qiymətləndirirdi. Yeni texnoloji kompleksin işə salınması ilə etilen, propilen, butilen-butadien fraksiyası, yüngül və ağır piroliz qətranı, propan kimi qiymətli kimyəvi məhsulların istehsalına başlanıldı.
"EP-300"-ün istismara verilməsi ilə fiziki cəhətdən köhnəlmiş EP-60 istehsalatdan çıxarıldı. Hazırda "Etilen-Polietilen" zavodu "EP-300" qurğusunun sayəsində dünya bazarında tələbatın xüsusilə böyük olduğu müxtəlif kimyəvi məhsullar istehsal edir. Bu kompleks həm də onunla qiymətli və daha münasib idi ki, onun üçün əsas xammal respublikanın neft emalı zavodlarının karbohidrogen məhsulları idi.
"EP-300" kompleksinin texnoloji davamı olaraq yüksək təzyiqli polietilen istehsalı üçün nəzərdə tutulan "Polimir-120" qurğusunun da xaricdən alınması və inşası məhz Ulu öndərin rəhbərliyi və dəstəyi ilə mümkün olmuşdu. Kimya sahəsində mütərəqqi texnologiyalar əsasında yaradılaraq, avadanlığı Almaniya və Çexoslovakiyadan gətirilmiş, illik istehsal gücü 120 min ton polietilen olan həmin qurğunun işə salınması respublikamızda polimer məhsulların - polimer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına da güclü təkan vermişdi. O da xüsusilə əhəmiyyətlidir ki, bu gün hər iki qurğu həm də respublikamızın bir çox kimya müəssisələri üçün əsas xammal tədarükcüsü rolunu oynayır. Qətiyyətlə demək olar ki, etilen və poletilen istehsalı üzrə yeni istehsalat komplekslərinin işə salınması həm neft-kimya sənayesi, həm də bütünlükdə respublikamız üçün mühüm bir tarixi hadisə idi.
1994-cü ildə "EP-300" və "Polimir-120" qurğularının əsasında yaradılmış "Etilen-Polietilen" zavodunun adı yeni bir müəssisə kimi Sumqayıtın sənaye xəritəsinə yazıldı.
Heydər Əliyev hələ 1976-cı ildə Azərbaycan sənayesinin həlli vacib problemlərindən biri kimi neft emalını, neft-kimya sənayesinin yenidən qurulmasını ön plana çəkərək, qarşıya qoyulmuş geniş məqsədlərə nail olmaq üçün nəzər-diqqəti Abşeronun və Xəzərin karbohidrogen ehtiyatlarından maksimum səmərə ilə istifadə etməyə, onların dərin emalına nail olmağa çağırırdı.
1993-cü ilin iyununda yenidən ölkə rəhbərliyinə qayıtdıqdan bir il sonra - artıq 1994-cü il sentyabrın 20-də Ulu öndərin dahiyanə təşəbbüsü ilə dünyanın bir çox ölkələrinin aparıcı neft şirkətləri ilə əsrin irimiqyaslı beynəlxalq neft sazişinin imzalanması müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı.
Dostları ilə paylaş: |