Elmi hövzənin inqilabın mərkəzi olması
Bu gün elmi hövzənin mərkəzliyi ilə qalib bir İslam inqilabı zəfər çalmış və quruluş yaratmışdır. Hövzə bu quruluşa yad deyil, hörmət, həqiqi təsir və gələcək baxımından mərkəzi nüvədir.
Qum Elm Hövzəsinin alim və tələbələrinin nümayəndələri ilə görüşdəki çıxışdan: 1989.
İnqilabın qeyri-adi əzəməti
Cənablar! Biz İran xalqı çox böyük inqilab etdik. Bu inqilab olduqca əzəmətlidir. Mən tam əminliklə sizə deyirəm ki, bizim əksərimiz çox şeyləri bilsək də, necə möhtəşəm hadisənin baş verdiyini hələ bilmirik. Bu inqilab qeyri-adi və möhtəşəm bir hadisədir. Bütün hegemon, zalım və cahil dünya bir tərəfə, bu inqilab bir tərəfə. Çox mühüm hadisə baş vermişdir və bu inqilab özündə dünyanın bütün zülm və küfr düşərgəsi ilə mübarizə gücünü hiss edir. Biz bu inqilabın içərisində olduğumuza görə onun nə qədər böyük və mühüm olduğunu anlamırıq.
Qum Elm Hövzəsinin alim və tələbələrinin nümayəndələri ilə görüşdəki çıxışdan: 1989.
İran inqilabı ilə İraq çevrilişinin müqayisəsi
Mən İran inqilabını İraq çevrilişi ilə müqayisə edirəm ki, siz İran İslam İnqliabının müstəmləkəçiliyə necə zərbə vurduğunu görəsiniz. 1958-ci ildə İraqda çevriliş baş verdi, Feysəli devirib yerinə Nuri Səidi gətirdilər. O zaman Böyük Britaniyanın Baş naziri İden xatirələrində yazırdı: “Mən həftəsonu bir adada istirahət edərkən İraqda çevriliş xəbərini aldım. Bu zaman beynimə çox böyük zərbə toxundu və birdən hiss etdim ki, dünya tərpənir” (Onun sözləri indi dəqiq yadımda deyil). İraq çevrilişi İngiltərə və müstəmləkəçilik üçün hədsiz dərəcədə əhəmiyyətli idi. Bu nigaranlıq çevrilişdən sonra nəşr olunan bütün yazılarda və xatirələrdə əks olunmuşdu və zərbənin böyüklüyü özünü göstərirdi. Sonradan bəzi müstəmləkəçi rejimlərin onda əlinin olduğu, bəzilərinin də sonradan ondan istifadə edib əllərində saxladıqları bəlli oldu. Siz indi də o çevrilişin təsirlərini görürsünüz. Təxminən 30 il ötdükdən sonra İraqın bügünkü töhfələri həmin çevrilişin, öz sözləri ilə desək, inqilabın təsirləridir.
Diqqət edin! Bir ölkədə adi bir çevriliş baş verdi. Yalnız İraqın İngiltərə müstəmləkəsi olduğuna və İngiltərənin İraqa hakim olub ondan istifadə etdiyinə görə onlar üçün bu qədər ağır idi. İndi siz o çevrilişi İslam inqilabı ilə müqayisə edin; ümumiyyətlə müqayisəolunmazdır. İslam inqilabı qəfildən Qərbin və kapitalizm dünyasının müstəmləkə quruluşunun bütün varlığını və dəyər sistemini şübhə altına saldı; yəni gələcəklərini bütünlüklə təhdid və naməlum etdi. Çünki bu inqilab İslama əsaslanırdı. Nəticə etibarilə harada müsəlman varsa, orada bu inqilabın potensialı mövcuddur. Sonra bunun nümunələrini bir-birinin ardınca Əfqanıstandan tutmuş İndoneziyaya, Malayziyaya, Misirə, Tunisə qədər hər yerdə və hətta dırnaqarası inqilabi sistemi olan ölkələrdə, misal üçün, Əlcəzairdə və Liviyada da gördülər. Müşahidə etdilər ki, həmin İslam oralarda baş qaldırmışdır, mübariz tələb edir və perspektiv müəyyənləşdirir.
Qum Elm Hövzəsinin tələbə və alimlərinin nümayəndələri ilə görüşdəki çıxışından: 1989.
Elm və dinin ayrılmasında şah rejimlərinin rolu
Belə bir parlaq keçmişə malik olan xalq bu ölkədə hakim olan zalım şah rejimi dövründə və hamısından pisi, son iki yüz, yaxud yüz əlli ildə, yəni Qacarlar dövrünün sonlarından, Pəhləvilər dövrünün axırına qədər elmi inkişaf baxımından bu qədər tənəzzülə uğradı. Onlar bunu etdilər. Bunun əsas səbəbi bizim ölkəmizdə dinin elmdən ayrılığı idi. Bizim ölkədə təbii elmlərin mütəxəssisləri, alim və tədqiqatçıları dindən ayrı qaldılar və nəticədə xalqlarına və ölkələrinə yaramadılar. Ən yaxşıları gedib əcnəbilərə fayda yetirdilər, bir qrupu da burada qalıb əcnəbilər üçün çalışdılar. Bu universitetlərdə dərs oxumuş ziyalılar Pəhləvi hökuməti boyu ən xəyanətkar şəkildə ölkəni idarə və bu xalqa xəyanət etdilər. Onlar bu universitetlərin məzunları idilər. Allah rəhm elədi və İslam inqilabı baş verdi. Bu cəmiyyətin müasir ziyalıları tərəfindən universitet təhsili alıb tədricən siyasi işlərdə çalışan nəsli o qədər köksüz və etiqadsız nəsil idi ki, iş başına gəlsəydi, Allah bilir bu xalqın və bu ölkənin başına nə oyun açardı. Bu xalqın var-yoxunu, olan-qalanını yandırıb məhv edəcəkdilər. Allaha şükür olsun ki, macal tapmadılar, İslam inqilabı baş verdi və hər şey bitdi.
Universitet mənsubları və elmi hövzə tələbələri ilə görüşdəki çıxışdan: 1989.
İnqilabın faydaları
Xoşbəxtlikdən, İslam inqilabı İslam düşmənlərinin, daha doğrusu din düşmənlərinin uzun illər boyu dünyada əyirdiklərinin hamısını pambıq edib məhsullarını yoxa çıxardı. Bu gün İranda baş verənlərin baş verməməsi üçün onlar milyardlar xərcləmişdilər. Siz görürsünüz ki, bu gün İranda qadınlar hicaba, iffətə, gənclər dinə meyl göstərirlər, quruluş Qurana əsaslanır; görürsünüz ki, Qum Elm Hövzəsinin alimləri döyüş cəbhələrində fəal iştirak edirlər, Qum Elm Hövzəsi hərbi təbliğat şöbəsi yaradır. Bu gün həmin qardaşların bəzisi burada iştirak edirlər. Siz görürsünüz ki, bizim universitetlərimizdə din, Allah və İslam maarifi tədris olunur, universitet rektorları, müəllimlər, Təhsil nazirləri dindardırlar. Bütün bunlar bizim düşmənlərimizin illər öncə plan cızıb İranda qarşısını almağa çalışdıqları məsələlərdir. Lakin inqilabın və İslamın sayəsində bunlar baş verdi. Bunların qədrini bilin və bunları qoruyun.
Universitet mənsubları və elmi hövzə tələbələri ilə görüşdəki çıxışdan: 1989.
Qum - inqilabın güclü təməli
Bir bina tikmək üçün əvvəlcə ona möhkəm təməllər qurmaq lazımdır. Bina nə qədər böyük, ağır və uzunömürlü olacaqsa, onun təməlləri də bir o qədər möhkəm, güclü və sarsılmaz olmalıdır. Əgər biz İran xalqının ümumi və təyinedici şəkildə 1977-ci ildən başlayıb qələbə çalan və indi də 11 ildir davam edən mübarizəsini uca və möhkəm bir binaya bənzətsək, bu möhkəm binanın güclü, sarsılmaz və uzunömürlü təməlləri Qumda işləndi. Siz qan və qiyam sözünü birinci növbədə ölkəyə və sonra bütün dünyaya yayan şəxslərsiniz.
Qum İslam üçün ilahi bir ehtiyat idi. Təxminən yetmiş il öncə Qum Elm Hövzəsi böyük insan və Allahın seçilmiş bəndələrindən olan mərhum Ayətullah Hairi tərəfindən yaradıldı və bütün elmsevərlərin mərkəzinə çevrildi. Bundan təxminən qırx il sonra Qumda İslam hərəkatı baş qaldırdı, o böyük insanın məktəbinin şagirdlərindən biri, tariximizin müstəsna şəxsiyyəti və mərhum rəhbərimiz olan İmam Xomeyni Qumda İslam mübarizəsini başlatdı.
Əgər tarixi gözlə baxsanız, Qum hövzəsinin çox tez və səmərəli bəhrə verdiyini görərsiniz. Yəni hövzənin əsasının qoyulduğu zamandan əməli meydana atıldığı vaxta qədər qırx il ötdü. Bu bir xalqın ömründə qısa zamandır. Bu hərəkatın başlanmasından bu günə qədər otuz ilə yaxın vaxt ötür və siz görün dünyada İslam, Quran və İslam dəyərləri hansı vəziyyətdədir.
Bu hövzəyə yer verən, ona kömək edən, onu öz evinə qəbul edən, tələbələri öz övladları və qardaşları kimi saxlayan, hərəkat başlayanda onun ilk əsgərlərinə, yəni hövzə tələbələrinə sığınacaq verən və hərəkatın zirvə çağında bu yola ilk qurbanları təqdim edən Qum əhalisi oldu. Ölkəmizin və inqilabımızın tarixində bunu unutmamalıyıq və unutmaq mümkün də deyil. Bunu indi qumlularla söhbət etdiyimizə görə demirik. Bu dəyərli və müqəddəs həqiqət aydın bir xətt kimi inqilabda qalmalı və onun tarixinə yazılmalıdır.
Bu həqiqətdən götürməli olduğumuz dərsə gəlincə isə, Qum əhalisi ilk gündən bu gözəl ağacı1 qəbul edib ona kömək etdiyi, onu müdafiə etdiyi, lazım olanda və zamanı çatanda böyük İslam cihadı yolunda ilk addımı atdığı və inqilabın qələbəsindən sonra – istər müharibədə, istər siyasi hadisələrdə, istər digər məsələlərdə həmişə ön sırada durduğu kimi, gələcəkdə də bu mövqeyi qorusun.
Qum əhalisinin 19 Dey (9 yanvar) qiyamının ildönümü münasibəti ilə bu şəhərin müxtəlif təbəqələri ilə görüşdəki çıxışdan: 1990.
İran xalqının iki yüz il təhqir olunması
Avtoritar rejimlərin bu ölkəyə əsrlərlə hakimiyyəti mövzusunu sonraya saxlayaq. Bizim ölkəmiz çox az dönəmlərdən başqa tarix boyu həmişə avtoritar, eqoist və qaniçən hakimlərin əlində qalmışdır. Həmçinin uzun despotizm dövründə xalqımızın başına gələnlərdən, İran xalqının təkəbbürlü avtoritarlar tərəfindən daim təhqir olunmasından danışmırıq. İslam hərəkatının meydana çıxmasına və güclənməsinə qədərki iki yüz il ərzində İran xalqı ona hakim olan xarici düşmənlərin zülmkar istismarı altında daim təhqir olundu və əzildi.
Dünyanın ozamankı hakim gücləri olan xaricilərin ayağı bu ölkəyə açılanda ölkəmizə siyasi müdaxilə başlandı. Əvvəlcə ingilislər gəldilər, sonra çar Rusiyası onlarla rəqabətə girdi. Uzun illər bizim ölkəmizdə daha çox nüfuz uğrunda bu iki güc arasında rəqabət getdi. Nəhayət mənfur Pəhləvi sülaləsinin iş başına gəlməsi ilə İranda ingilislərin hakimiyyəti tam gücləndi. 20-30 il ötəndən sonra isə amerikalılar meydana atılıb illərlə bizim ölkəmizə və xalqımıza hiyləgər, oğru və xəbis şəkildə hökmranlıq etdilər.
Bu iki yüz ildə İran xalqının istəyi nəzərə alınmadı, öz sərvətlərinə sahib olmadı, dünyanın elm və sənaye inkişafından kənarda qaldı, gələcəyə ümidi üzüldü. Əgər keçmişdə - müstəmləkə dövründən və əcnəbilərin müdaxiləsindən öncə iranlı və daxili hakimlər xalqa zülm və zorakılıq edirdilərsə, İranın müstəmləkəyə çevrilməsindən sonra həm yerli tiranların hökmranlığı davam etdi, həm mühakiməsiz edamlar vüsət aldı, həm bizim xalqımıza həddi-hüdudu olmayan hegemonluqlar, çoxlu təzyiqlər və əndazəsiz repressiyalar rəva görüldü, həm avtoritar şahlar əcnəbi güclər tərəfindən himayə olundular, onların gücü artdı, həm də ölkəmizin sərvəti onların hər ikisi - həm daxili hakimlər, həm də hegemon xaricilər tərəfindən qarət olundu.
İki əsrə yaxın bir müddət ərzində İran xalqının başına nələr gəlmədi?! Bu müddətdə hakimlər tərəfindən talanan geniş süfrədən istifadə etmək üçün İrana gəlmiş şərqşünasların kitablarını oxuyanda hər bir qeyrətli insan öz daxilində sıxıntı keçirir və xəcalər çəkir ki, belə əcnəbiləri xalqın həyatına, malına, canına və siyasi taleyinə hakim etdilər. İran xalqı kimi böyük, istedadlı və güclü bir xalqı zəncirləyib boyunduruq altında saxladılar.
Düzdür, müstəmləkəçilik bizim ölkəmizə birbaşa və açıq şəkildə gəlmədi, Hindistan və Əlcəzairdə olduğu kimi hökumət qurmadı. Lakin İranda müstəmləkəçiliyin hökmranlığına vasitə olan şahlar onların öz adamları kimi rəftar edirdilər. Xalqı daxildən yedilər, məhv etdilər. Bizim xalqımızda bu iki yüz ilin, xüsusən də İslam mədəniyyətinin, xalqın istedadının və siyasi arzularının müstəmləkəçi və müdaxiləçi güclər tərəfindən tamamən məsxərə olunduğu son bir neçə ilin qəzəbi qalaqlanmışdı.
Bizim xalqımız hərəkətə hazır idi. Onları yönəltmək üçün Böyük Rəhbər və düzgün bir təfəkkür gərəkirdi. Bu düzgün təfəkkür xalqın ruhuna hopmuş, iman və etiqad kökü olan İslam təfəkkürü idi. O Böyük Rəhbər və insan da Allahın bu xalqı, hətta bütün məzlumları, xüsusən də dövrümüzün müsəlmanlarını xilas etmək üçün seçdiyi böyük insan idi. Və nəhayət bu əzəmətli inqilab baş verdi.
Lahican və Robat Kərim şəhərlərinin din alimləri, vəzifəli şəxsləri və əhalisi, Tehran, Kerman və Mazandaran vilayətlərinin şagird, müəllim və Quran qiraətçiləri ilə görüşdəki çıxışdan: 1990.
Müstəmləkənin siyasi, iqtisadi və mədəni zəncirləri
Bizim əsas problemimiz bu idi ki, müstəmləkə tərəfindən onlarla zəncirlə bağlanmışdıq. Bu zəncirlər muzdur və etiqadsız bir rejimin siyasi, iqtisadi, mədəni və istibdad zəncirləri və bu xalqın özünə inamsızlığı idi. Müstəmləkə xalqın özünə inamını ondan almışdı, inqilab isə xalqın həyatını, fəallığını və inamını ona qaytardı.
Lahican və Robat Kərim şəhərlərinin din alimləri, vəzifəli şəxsləri və əhalisi, Tehran, Kerman və Mazandaran vilayətlərinin şagird, müəllim və Quran qiraətçiləri ilə görüşdəki çıxışdan: 1990.
22 Bəhmən - dini bayramların tərənnümü
22 Bəhmən bizim xalqımız üçün həqiqi bayramdır. 22 Bəhmən bizim xalqımız üçün fitr bayramı kimidir. Xalq həmin gün çətin bir orucluq dövründən - xalqımızın mənəvi və maddi qidalardan məhrum edildiyi dövrdən çıxdı. 22 Bəhmən qurban bayramı kimidir; çünki həmin gündə bizim xalqımız öz ismayıllarını qurban etdi. 22 Bəhmən Qədir-Xum bayramı kimidir; çünki həmin gün İran xalqına vilayət neməti verildi, ilahi nemətlər təkmil olundu.
Lahican və Robat Kərim şəhərlərinin din alimləri, vəzifəli şəxsləri və əhalisi, Tehran, Kerman və Mazandaran vilayətlərinin şagird, müəllim və Quran qiraətçiləri ilə görüşdəki çıxışdan: 1990.
İslam Respublikası - imamın əziz irsi
Mənim fikrimcə, əzəmətli və güclü İslam Respublikası əziz Peyğəmbərin (s) İslam irsindən sonra böyük bir şəxsiyyətin öz ümməti və qövmü üçün qoyduğu ən əziz irsdir. Bu quruluşun və ölkənin hər bir hərəkət və qərarı üçün bizim hər birimiz məsuliyyət daşıyırıq, bu yola qarşı öhdəliyimiz və vəzifəmiz var. Bu gün bizim bu məclislərə, müzakirələrə, belə səmimi əməkdaşlıqlara, bir-birimizdən istəməyə, bir-birimizlə danışmağa, bir- birimizdən gileylənməyə və bir-birimizlə dərdləşməyə ehtiyacımız var.
İran İslam İnqilabının qələbəsinin on birinci ildönümü ərəfəsində İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdəki çıxışdan: 1990.
İnqilabın böyük möcüzəsi: mənəviyyatın dirçəlişi
Yaxşısı budur ki, mən imamın əli ilə və Allah naminə qiyama inamla baş vermiş bu işin dəyəri haqda danışmayım. Çünki məsələ o qədər möhtəşəm və söz o qədər çoxdur ki, lazımınca danışmaq həqiqətən çətin məsələdir. Mən sizin kimi savadlı və məlumatlı qardaşlara bu qədər deyim ki, uzun illər idi dünya mənəviyyatdan və dindən uzaqlaşmaqda idi. Bir neçə əsr öncə dünyada bu hərəkət başlamışdı. Əlbəttə ki, bunun səbəbləri var, naməlum bir şey deyil. Son iki yüz ildə - yəni aydınlıq, humanizm, sənaye və elmi inkişafların zirvəyə yüksəldiyi 19 və 20-ci əsrlərdə dünya dinsizliyə və mənəviyyatdan uzaqlaşmağa sarı sürətlə hərəkət edirdi. Bu gedişin bir qədəri təbii və baş verənlərin nəticəsi idi. Bir qədəri isə düşünülmüş və proqramlı şəkildə həyata keçirilirdi.
Dünyanın bütün güc mərkəzləri bu nəticəyə gəldilər ki, dünyada dini məhv etməlidirlər. Bütünlüklə dinin adını yox, zahiri qorunsa da, onun həqiqi və əsl mahiyyətini məhv etmək istəyirdilər. Həqiqi dini inanc yox edilməli idi. Nə qədər pul xərcləndi, nə qədər insan xaincəsinə yox, inamla dini inancın məhvini bəşəriyyət üçün lazım bildi. Onlar dünyada, o cümlədən İslam dünyasında mənəviyyatı məhv etmək üçün kitab yazdılar, sənət əsərləri yaratdılar, təbliğat apardılar, güc işlətdilər, pul xərclədilər.
Mənəviyyat əleyhinə bütün bu işlərin görüldüyü belə bir dünyanın həssas nöqtəsində isə mənəviyyat və İslam devizli bir hökumət və quruluş yaranır. Bu, möcüzənin hamısı deyil, onun əvvəli, bu hökumətin yaranmasının və onun onillik fəaliyyətinin başlanğıcıdır. Biz bu müddətdə anbaan inkişaf etmişik. Əgər kimsə bizim bu on ildə bir an dayandığımızı düşünsə, səhvə yol vermişdir. Bu on ildə biz anbaan irəliləmiş və inkişaf etmişik. Bu on il ərzində bu dini quruluşun təkamül hərəkəti müxtəlif yollarla dünya düzənini qoruyan bu düyünlərin və bağların hamısın açmış, bütün bu vəziyyəti dəyişmişdir.
İran İslam İnqilabının qələbəsinin on birinci ildönümü ərəfəsində İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdəki çıxışdan: 1990.
Dostları ilə paylaş: |