The Eurasia Foundation



Yüklə 147,73 Kb.
səhifə7/7
tarix10.01.2022
ölçüsü147,73 Kb.
#102236
növüYazı
1   2   3   4   5   6   7
Xulio Kortasar
"Kiçik cənnət"
Hekayə
Tərcümə etdi: Aysel Yaqubqızı
Xoşbəxtliyin müxtəlif növləri var, buna təəccüblənmək lazım deyil ki, general Oranqunun idarə etdiyi ölkənin əhalisi qanlarına qızıl balıq yeridilən gündən xoşbəxtlik tapıblar.

Əslində, bu balıqlar qızıl deyil, sadəcə qızılı rəngdədirlər, amma bircə dəfə onların çırpınaraq necə parıldadıqlarını görmək kifayətdir ki, bu balıqları əldə etmək həvəsi yaransın. Bir gün bir təbiətçi tərəfindən tutulan balıqların əlverişli mühitdə tez bir zamanda çoxaldıqlarını görən hökümət, bunun yararlı olacağını dərhal başa düşdü. Mütəxəssislərə Z-8 kimi məlum olan qızıl balıq çox kiçik ölçülüdür. O dərəcədə kiçikdir ki, əgər biz toyuq və milçəyi müqayisə etsək, o zaman bu balıq növü milçək boyda olar. Ona görə də məmləkət sakinlərinin 18 yaşı tamam olanda balığı onların qanlarına yeritmək heç bir əziyyət tələb etmir; göstərilən yaş və prosedur qanun tərəfindən təyin olunub.

Beləcə, bütün gənc qızlar və oğlanlar xüsusi tibbi mərkəzə buraxılacaqları günü səbirsizliklə gözləyirlər; onlar ailələrinin müşayiəti ilə mərkəzə gedirlər. Orada onların qol damarına borucuq bərkidilir. Bu borucuq, damara 20 kiçik qızıl balıq buraxılan fizioloji məhlulla dolu şəffaf boruların bir hissəssidir. İltifat göstərilərək, gəncin ailəsinə icazə verilir ki, balıqlar biri-birinin ardınca hərəkətsiz, hürkək vəziyyətdə işartı ilə damara gedənə qədər, istədikləri qədər balıqların boruda oynaşmalarına baxsınlar. Yarım saat ərzində vətəndaş bütöv qızıl balıq komplekti qəbul edir. Sonra isə gənc əldə etdiyi bu xoşbəxtliyi bayram kimi qeyd etmək üçün mərkəzi tərk edir.

Əgər diqqət yetirsək, aydın olar ki, sakinlər reallıqla bilavasitə üz-üzə gəlib məyus olmaqdansa, öz təxəyyülləri sayəsində xoşbəxtlik əldə edirlər. Halbuki qızıl balıqları qana yeridildikdən sonra görmək mümkün deyil, amma hər biri bilir ki, onlar bütün damarlar və arteriyalar boyunca dolaşırlar və hər bir gəncə yuxu öncəsi gözlərini yumduğu zaman elə gəlir ki, göz qapaqlarında bu balaca balıqlar yaranır və yoxa çıxır, parıldayaraq üzdükləri çayların qırmızı fonundan seçilirlər. 20 qızıl balığın eyni anda çoxalmağı haqqında fikir xüsusi həyəcan verir. Buna görə sakinlər onları bədənlərinin hər yerində saysız və parıltılı kimi təsəvvür edirlər: balıqlar necə onların başında üzür, necə barmaqlarının ucuna qədər hərəkət edir, necə omba arteriyalarında, boyunduruq damarında yığılırlar və ya necə ustalıqla bədənin ən gizli yerlərinə soxulurlar. Ən çox sevinc verən isə balıqların periodik olaraq ürəkdən keçmələri idi. Çünki, orada, onların oymaşması və bir-biri ilə ünsiyyətə girməsinin rahat olmağı üçün sərt döngələr, göl və sıldırımlar var. Və əlbətdə ki, məhz bu böyük və səs-küylü portda qızıl balıqlar tanış olur, özlərinə partnyor seçir və talelərini ona bağlayırlar. Gənc oğlan və ya qız aşiq olanda onlar əmin olurlar ki, ürəklərində hansısa bir qızıl balıq öz yarını tapıb. Hətta, bəziləri qıdıq hisslərini qızıl balıqların münasib yerlərdə çütləşməsi ilə izah edirlər. Xaricdə olan əsas həyat ritmləri daxildəki ilə üst-üstə düşür. Məgər bu cür böyük harmoniya ilə ifadə olunan başqa xoşbəxlik varmı?

Bu gözəl mənzərəni yalnızca bir hadisə, qızıl balıqlardan birinin ölümü pozur. Onlar uzunömürlü olsalar da, elə bir gün gəlir ki, onlardan biri ölür və qan axınına düşən cəsəd arteriyadan venaya və ya venadan hər hansısa bir damara keçidi tıxayır. Ölkə sakinlərinə bunun əlamətləri çox yaxşı bəllidir. Ümumiyyətlə, əlamətlər sadədir: nəfəs almaq çətinləşir, bəzən isə baş da gicəllənir. Əgər bu baş verirsə, dərhal, inyeksiya üçün ampuladan istifadə edirlər – onları məhz bu hadisə üçün evdə saxlayırlar. Ampulanın tərkibində olan dərmanın təsiri ilə ölü balıq qısa bir müddətdə qana sovrulur və qandövranı yenə də normal vəziyyətə düşür. Qızıl balıqların tez çoxaldığı və ölülərin sayının artdığı nəzərə alınaraq, hər bir kəsə rəsmi olaraq ayda 3 ampula işlətmək icazəsi verilir.

General Oranqunun höküməti ampulanın qiymətini 20 dollar elan edib ki, bu da bir il ərzində bir neçə millyon gəlir gətirir. Əgər xarici müşahidəçilər buna ağır vergi kimi baxırsa, ölkə sakinləri bunu başqa cür qəbul edirlər. Çünki hər bir ampula onlara xoşbəxtlik bəxş edir. Xoşbəxtliyə görə pul vermək isə tam ədalətlidir. Söhbət dərmansız ailələrə gəldikdə, bu isə tez-tez olur, hökümət onlara ampulaları, son hesabda ikiqat qiymətə kredit yolu ilə əldə etmək imkanı verir. Bu isə tamamilə məntiqlidir. Əgər bu cür əlverişli şərtlərə baxmayaraq yenə də kimsə ampulasız qalsa, o, ampulanı böyük uğurla qara bazardan əldə edə bilər. Hökümət insanların ehtiyacını anlayaraq və onlara kömək etmək arzusu ilə qara bazarın, xalqın və bir neçə generalın xeyrinə çiçəklənməsinə icazə verir. Və nəhayət, hər bir kəsin qızıl balıqları olduğu halda kasıbçılıq heç bir məna daşımır. Və qızıl balıqlar bir-birinin ardınca yeni-yeni nəsillərə ötürüləcək, yenə də bayramlar keçiriləcək, yenə də rəqslər ediləcək və mahnılar oxunacaq!


Kortasar haqqında:


Argentinalı nasir Xulio Kortasar 26 avqust 1914-cü ildə Brüsseldə anadan olub. O, Argentinada boya-başa çatıb. Buenos-Ayresdəki pedoqoji kolleci bitirərək (1935) orta məktəbdə müəllim işləyib. 1951-ci ildə X.D. Peronun diktaturasından canını qurtarmaq məqsədi ilə Argentinanı tərk edib. Arabir Argentinanı ziyarət edib, amma daimi yaşayış yeri Paris şəhəri olub. YUNESKO-da tərcüməçi işləyib.
Onun ilk nəşri “İştirak etmə” (1938) adlı sonetlər kitabı olub. Onun sonrakı yaradıcılığında mühüm elementlər olan – reallıq və fantaziyanın qarşılıqlı əlaqəsi, mükəmməllin axtarışı, insan və kainat arasında harmoniyanın axtarışı kimi elementlər öz başlanğıcını bu kitabdan götürür.
Sonra, Minotavr haqqında mifin parafrazı olan “Krallar” (1949) adlı dramatik poeması işıq üzü görür.
Ədəbi şöhrət yazıçıya yalnız “Bestiariya” (1951) adlı hekayələr kitabı çap olunduqdan sonra gəlir. Bu kitabda insan və heyvanat aləmi arasındakı qarşılıqlı münasibətdən söhbət açılır.

“Oyunun sonu” (1956) məcmuəsi gündəlik həyatımızda yer tutan xırdalıqların simvolik mənalarını açır.


“Gizli silah” (1956) kitabındakı hekayələr həyatın durğunluğu və yaradıcılığın azadlığı kontrastı üzərində qurulub.
Özünün ilk “Uduşlar” (1960) romanında Kortasar, ənənəvi obraz olan – “axmaqlar gəmisi” obrazını yaradaraq, insanların daimi məmnuniyyətsizlik probleminə toxunur.
“Klass oyunu” (1963) tənqidçilər tərəfindən “ilk böyük Latın Amerika romanı” kimi qiymətləndirilir. Əsər elə qurulub ki, sankı bir neçə romanı özündə birləşdirir və oxucuya istədiyi variantı seçmək imkanı verir.
“62. Quraşdırma modeli” (1968) romanı “Klass oyunu”ndakı bir bölmə üzərində qurulub.
“Xronoplar və famlar haqqında hekayə” (1969) kitabında yazar diqqəti insan həyatındakı mənasız şərtiliyə yönəldir.
“Bütün alovlar – alovdur” (1973) məcmuəsində aparıcı mövzu müxtəlif zaman və məkan çərçivəsində müxtəlif ölkələrdə baş verənlərin oxşarlığının ön plana çəkilməsidir.
“Manuelin kitabı” (1973) siyasi məzmunludur.

Xulio Kortasar 12 fevral 1984-cü ildə Paris şəhərində dünyasını dəyişib.


E-mənbə / link: http://kultaz.com/2009/08/01/xulio-kortasar-kicik-cennet/




Yüklə 147,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin