Arterial təzyiqi əl tonometri ilə ölçmə bacarığı (Korotkov üsulu):
Vəsait: təzyiq ölçən alət (tonometr), stetoskop.
Xəstəyə üsul haqqında məlumat vermək (son 30 dəq ərzində xəstədən yemək yeyib yemədiyini, kəskin hərəkət edib etmədiyini, hərarətinin olub-olmadığını, həyəcanlı olub-olmadığını soruşmaq). Xəstə hərəkətdə olmuşsa ona 10-15 dəq. istirahət vermək (xəstənin vəziyyətini nəzərə alaraq).
1. Xəstəyə bir neçə dəqiqə rahat oturmaq imkanı vermək lazımdır.
2. Əlləri yumaq, 1-2 dəqiqəlik fasilə ilə arterial təzyiqi ən azı iki dəfə ölçmək.
3. Xəstənin qolunu qoltuq altına qədər açmaq (qol çevrəsində xarici təzyiq yaradan heç bir geyim olmamalıdır).
Normal köklüyü olan xəstələrdə standart manjetlərdən istifadə etmək (uzunluğu 12-13, eni - 35 sm); qolları kök olan şəxslərdə daha böyük ölçülü, qolları arıq olan şəxslərdə və uşaqlarda kiçik ölçülü manjetlərdən istifadə etmək lazımdır.
4. Xəstənin oturaq və ya uzanmış vəziyyətindən asılı olmayaraq manjeti ürək səviyyəsində saxlamaq.
5. Xəstənin qolunun biləkdən azca daxilə doğru bükülmüş vəziyyət almasını təmin etmək.
6. Təzyiq ölçən alətin manjetinin tam boş olduğunu yoxlamaq. (Şişirdilmiş manjetlə qol arasına 1-2 barmaq sərbəst keçməlidir).
7. Təzyiq ölçən alətin manjetini qolun yuxarı hissəsinə, dirsək çuxurundan 2,5-3 sm yuxarı bağlamaq.
8. Manometr göstəricisini 0 (sıfır) nöqtəsinə gətirmək.
9. Hava balonunu bağlamaq.
10.Dirsək çuxurunda bazu arteriyasının döyüntüsünü tapın (əlin 2, 3 və 4- cü barmaqları ilə).
11. Fonendoskopu qulağa taxmaq.
12. Fonendoskopu diafraqmasını bazu arteriyasının hiss edildiyi nahiyəyə qoymaq.
13. Təzyiq ölçən alətin manjetini arteriyada tonlar itənə qədər, nəbzin duyulmadığı səviyyədən 30 mm. c. süt. artıq şişirtmək. Arteriyada tonlar itənə qədər hava vurub, sonra klapanı açın və birinci vurğu zərbəsi hansı rəqəmin üzərinə düşürsə onu yadda saxlayın. Bu sistolik təzyiq göstəricisi hesab olunur.
14. Hava balonunu açaraq manjeti saniyədə 2 mm sürətlə boşaltmaq; Havanı o vaxta qədər buraxmağa davam edin ki, tamamilə zərbə vurğuları itmiş olsun. Sonuncu vurğunu da yadda saxlayın. Bu diastolik təzyiqdir. Beləliklə ilk ürək döyüntüsünün hiss edildiyi təzyiq - sistolik təzyiq, səslərin itdiyi andakı təzyiq isə - diastolik təzyiqdir. (Tonlar çox zəif olduqda, qolu bir neçə dəfə büküb açmaq, sonra təzyiqi yenidən ölçmək lazımdır).
15. Manjetin havasını tam buraxmaq, fonendsokopu və təzyiq ölçəni qoldan çıxarmaq.
16. Sistolik və diastolik təzyiq göstəricilərini dinamik müşahidə vərəqində qeyd etmək.
17. Xəstəyə nəticələr barədə məlumat vermək.
18. Təzyiq ölçən aləti yığışdırmaq, əlləri yumaq.
Əlavə: maksimal təzyiqlə minimal təzyiq arasındakı fərq nəbz təzyiqi adlanır və normada 30-40 mm.c. süt. bərabərdir.
Dostları ilə paylaş: |