QUM DƏNƏLƏRİ KAFİRLƏRİN GÖZÜNƏ GİRİR
Müharibələrin birində Həzrəti Peyğəmbər (s) bir ovuc torpaq götürüb kafirlərə tərəf ataraq buyurdu: «Şahətil vücuh».
Rəvayət edirlər ki, qum dənələri min nəfərə yaxın olan düşmənin hamısının gözlərinə daxil olub, onları narahat etdi. Düşmən bu ağrıya dözə bilməyib qaçmağa üz qoydu.
Allah-Təala buyurur: «Ya Peyğəmbərim! Düşmənin gözünə bir ovuc torpaq atdığın zaman, sən atmadın».3 Ayənin zahiri mənası bu məsələni Peyğəmbər (s) haqqında həm inkar, həm də isbat edir. Amma əsil mənasına baxanda burada heç bir ziddiyyət yoxdur. «Sən atmadın» bu işin həyata keçib, təsir etməsi mənasındadır. «Sən atdığın zaman» isə Peyğəmbərin (s) iradə etməsinə işarədir. Yəni Həzrəti Peyğəmbər (s) bir ovuc torpağı düşmən tərəfə atmaqda yalnız iradə edir. Amma torpağın atılması, düşmənin gözünə təsir etməsi və onların qaçmaqları, hamısı Allahın işidir.
Bəndədən baş verən şey yalnız iradədir. İşin baş verməsi və təsir göstərməsi isə Allahdandır. Bu məsələdə heç bir icbar yoxdur. Çünki bütün işlər bəndənin öz iradəsilə baş verir. Buna görə də insanın savab qazanması və ya əzaba düçar olması, elə həmin iradə üzündəndir. İşin həyata keçməsi və təsir göstərməsi isə iradəyə deyil, Allahın istəyinə bağlıdır.
Çünki çox müşahidə olunmuşdur ki, əksər məsələlərdə bütün səbəblərin hazır olmasına baxmayaraq, gözlənilən iş həyata keçməmişdir. Bəzi məsələlərdə də heç bir səbəb olmadığı bir halda, həmin məsələ gözlənilmədən həyata keçmişdir.
Bütün xeyir və kamallar hamısı Allahdandır. Hətta bəşərin sifət və əfalında da baş verən dəyişikliklər Ondandır. Birisi həkim olmaq istəyir. Tibb elmini öyrənməkdən ütrü ona düşüncə qabiliyyəti verən Allahdır. Elmi öyrənmək üçün iradə edən insandır. Amma onu insanın hafizəsində qoruyub saxlayan və mətləbləri bir-birindən düzgün ayırmaqda ona kömək edən Allahdır. Dərmanın təsir göstərməsi də Pərvərdigar tərəfindəndir. Sözün qısası hər bir hadisənin baş verməsi yalnız Allahdandır. Həmd və mülk Ona məxsusdur.
Hər bir kamal Ondan olduğu kimi, hər tərif də Onun üçündür. «Əlhəmdu lillah».
Məxluq kamala səbəb olduğu üçün onu tərif etmək də lazımdır. Elə buna görə də Allah-Təala buyurur: «Xeyirə səbəb olan hər bir şey, tərif olunmalıdır».1
Dostları ilə paylaş: |