"Alma-Ata yaxınlığında sak qəbrindən tapılmış runabənzər yazı, nəticə etibarilə, Yeddisu köçərilərinin danışdıqları qədim türk dilidir" (Амонжолов, 1971, с. 66).
İssık kurqandan tapılan və Orxon-Yenisey yazılarından daha qədim olan yazının əlifbası, yuxarıda qeyd edildiyi kimi, türk-run əlifbasının variantlarından biridir və İssık yazısı həmin əlfba ilə yazılmış yeganə epiqrafik abidə deyildir. Mu-rad Acinin yazdığına görə, Termez yaxınlığındakı Kara-Təpədə aparılan arxeoloji tədqiqatlar zamanı II-IV əsrlərə aid qədim bir buddist məbədi tapılmışdır. Həmin məbəddən tapılan qabların üzərində də eyni əlifba ilə qələmə alınmış yazılar aşkarlanmışdır. Eyni yazı növünə Əfqanıstan ərazisində fransız geoloqları da rastlamışlar (Аджи, 1998, .115).
Murad Acinin söylədiklərini İ.Dyakonov da (Фридрих, 1979, c. 224), B.Livşits də (Лившиц. 1976, c. 165-166, прим. 14; История Казахской ССР, 1977, с. 220) təsdiqləməkdədirlər. Fəqət bütün əsərlərində iskit və sakları irandilli kimi təqdim etməyə çalışan bu alimlər fakt qarşısında qaldıqlarından, yazıların dilinin türk dili olduğuna göz yummuş və onu sadəcə "İssık yazısı" adlandırmışlar. Məsələn İ.Dyakonov yazır:
"Lap bu yaxın zamanlarda Orta Asiyada və Əfqanıstanda ilk tapıldığı yerin – Alma-Atadan 50 km aralıdan tapılmış kurqanın (Qazaxıstan; kurqanın e.ə.VI-V əsrlərdən gec olmayan dövrə aid edilir) adı ilə şərti olaraq "İssık" adlandırılan heca və ya hərf yazısı tapılmışdır. Eyni yazıya Mərkəzi Əfqanıstandan tapılan e.ə. l əsrə aid trilinqvada da, kxaroştxi əlifbası ilə hind-prakrite dialektində və yunan əlifbasının bir növü ilə baktriya dilində qələmə alınmış yazılarla birlikdə rastlanmışdır. Eləcə də Cənubi Özbəkistan, Cənubi Tacikistan və Şimali Əfqanıstandan tapılan və I-VI əsrlərə aid edilən (?) qab qırıqları üzərində də eyni yazı nümunələri ilə rastlaşırıq. Bu yazının yaranma yeri, ehtimal ki, sovet Özbəkistanı və Tacikistanının cənub-şərq hissəsi və Əfqanıstan olmuş və çox güman ki, oradan köçəri saklar tərəfindən gətirilmişdir" (Фридрих, 1979, c. 224).
Bir sözlə, İ.Dyakonov təkzibedilməz fakt qarşısında qalmasına baxmayaraq, həmin yazının guya sakların kənardan əxz etdiklərini, yəni onların öz kəşfi olmadığını söyləyir, fəqət nədən həmin yazının ən qədim nümunəsinə məhz saklara aid kurqanda rast gəlindiyini izah etmir. Və bu onun yeganə ziddiyyətli fikri deyil. O bir yandan yazır ki, həmin yazı təqribən 1000 il işlənmişdir, bir qədər sonra isə onun guya birdəfəlik istifadə üçün kəşf edildiyini iddia edir. Daha sonra isə "İssık" yazısının başqa yazı növləri ilə, o cümlədən kxroştxi və brahmi əlifbaları ilə əlaqəsinin olmadığını söyləyir, o biri yandan isə onun qədim hind yazıları kxroştxi və ya brahmidən törəmiş ola biləcəyini iddia edir və dolayısı ilə həmin əlifbalar arasında müəyyən oxşarlığın olduğunu etiraf edir (Фридрих, 1979, c. 224), amma nədən "İssık" yazısını həmin yazılardan daha qədim dövrə aid olduğunu izah etmir.
Sakların Asiyanın ən uzaq nöqtələinə qədər gedib çıxdıqları barədə məlumata Pomponiy Melada (I əsr) rast gəlirik:
"Asiya şərqə doğru geniş sahil boyu uzanır. Onun şərqinə qədər olan məsafə Afrikanın ən cənub nöqtəsindən Avropanın ən şimal nöqtəsinə qədər olan və üstəgəl Ağ dənizin eninə bərabər məsafə qədər böyükdür...
Burada şərqdən başlayaraq ilk insanlar, görəcəyimiz kimi, hindlilər, serlər və iskitlərdir. Serlər Eoy dənizinin şərq sahillərinin tam ortasında, hindlilər və iskitlər isə onların ətrafında yaşayırlar. Sonunci iki xalq cöx geniş ərazilərdə yaşayırlarlar və onların əraziləri təkcə Eoy dənizinin sahilləri ilə yuyulmur. Hindlilərin ərazisi oradan cənuba, istidən yaşamağın mümkün olmadığı yerlərə və Hind dənizinə qədər uzanır. İskitlərin torpaqları isə şimala İskit dənizinə qədər uzanır və soyuqdan yaşamağın mümkün olmadığı ərazilərdən başqa Xəzər sahillərinədək əraziləri əhatə edir...
Buradan (yerin şimal sahillərindən yol Eoy dənizinə, yəni yerin şərqinə tərəf dönür. Bu yol İskit burnundan Kolida burnuna qədərdir. Amma ora öncə dözülməz soyuqlara, sonra isə oralarda yaşayanlarıın vəhşiliyi üzündən keçilməzdir. Daha sonra iskitlər: androfaqlar və saklar yaşayır. Onları vəhşi heyvanların yaşadığı ərazi ayırır və həmin ərazdə elə bu səbəbdən də yaşayış yoxdur" (Pomponil Melae, 1953, c. 176-237).
Bu sitatdan belə anlaşılır ki, Pomponiy Melanın təsvir etdiyi İskit dənizi Şimal Buzlu Okean, Eoy dənizi Sakit okean, Hind dənizi isə Hind okeanıdır. Müəllifin coğrafi bilikləri gerçəkdən də heyrətamizdir. Onun haqqında söz açdığı saklar isə belə məlum olur ki, bugünkü türkdilli saxa-yakutlar, onların yaşadıqları ərazi isə bugünkü Saxa-Yakutiya Respublikasının ərazisidir. Melanın yanlış olaraq, iskitlərə aid etdiyi, "androfaqlar" (adam yeyənlər) adlandırdığı, yəni hannibal olduqlarını bildirdiyi xalq isə, görünür, tunqusmancurdilli evenklərdir. Evenklər hazırda Evenkiya Respublikasında yaşayırlar və Xəzərin şimal sahillərindən yola çıxıb, Saxa-Yakutiyaya getmək istəyən şəxs mütləq Evenkiyadan keçməlidir. Evenklərin qədim dövrlərdə tanrılara insan qurban verdikləri məlumdur. Görünür, müəllif bunu nəzərdə tutmuşdur.
Deməli, saklar artıq ən azı Pomponiy Melanın yaşadığı dövrdə, yəni eramızın l əsrində hazırki Saxa-Yakutiya ərazisndə məskun idilər və bu əraziyə Ön Asiya və Qafqazdan, daha dəqiq desək, Azərbaycandan kütləvi köç etdikdən sonra qismən yerli xalqlarla qarışaraq, bugünkü saxa-yakut xalqını meydana gətirmişlər. Sözügedən xalqın etnogenezinin bu məqamına aydınlıq gətirmək baxımından Sibirdə yaşayan müxtəlif xalqların, o cümlədən saxa-yakutların müştərək abidəsi hesab edilən “Hosun rəvayətləri”nin böyük önəm daşıdığı hesab edilir. Fəqət toplanmış materialın pərakəndəliyi və yetərsizliyi bu işi bir qədər çətinləşdirir.
Bəri başdan qeyd edək ki, saxa-yakut mif, əfsanə və rəvayətlərinin müəyyən bir hissəsi hosunlar, yəni nəhəng ovçular barədəki epik dastanlar və bu dastanlara yaxınlığı ilə seçilən şəcərə rəvayətləri təşkil edir. İ.S.Qureviçin fikrincə, sözügedən folklor nümunələri Lena və Yenisey çayları hövzələrinin ən qədim əhalisinin etnik mənsubiyyətini öyrənmək baxımından böyük önəm daşıyır (Гуревич, 1977, с. 86). Alim özünün “Maralçılıqla məşğul olan şimal yakutlarının qəhrəmanlıq dastanları və Yenisey-Lena arası əhalinin etnik mənsubiyyəti məsələsi” adlı məqaləsində bildirir ki, hosun dastanlarının müqayisəli təhlili təkcə bu folklor nümunələrinin yayılma arealını müəyyən etməyə deyil, eyni zamanda həm də onlarda əks olunmuş bəzi gerçək tarixi hadisələri üzə çıxarmağa, eləcə də həmin əfsanə və rəvayətlərin yaranma tarixini müəyyən etməyə imkan verir (Гуревич, 1977, с. 86).
Məlumat üçün bildirək ki, hosunlarla bağlı dastan və rəvayətlər ilk dəfə 1905-ci ildə, Turuxan vilayətində V.N.Vasilyev tərəfindən qeydə alınmış və yazıya köçürülmüşdür (Василев, 1908, 1909). Daha sonra bu iş daha geniş həcmdə Q.V.Ksenefontov tərəfindən davam etdirilmişdir. Sonuncu onları nəşr də etdirmişdir (Ксенефонтов, 1937, с. 490-556). Bunlardan başqa soylar və boylar arası müharibələr barədə bəzi rəvayət və əfsanələr də qələmə alınmışdır ki, bu sahədə A.P.Okladnikovun əməyi xüsusi qiymətləndirilməlidir (Окладников. 1940, с. 73-109). A.P.Okladnikovla yanaşı B.O.Dolqix, A.A.Savin, E.D.Xristoforov və Q.U.Erqisin də əməyi hər cür təqdirə layiqdir (Исторические предания и рассказы якутов, 1960, с 195-111).
Dostları ilə paylaş: |